YeniYaz.Az şair, esseist, tərcüməçi Qismət Rüstəmovun müsahibəsini təqdim edir.
– İstəyirəm bu sualdan başlayım: mühitdə bitib-tükənməyən dil davasına münasibətin necədir? Dilin mətndə və onun taleyində rolu nə qədərdir?
– Bizdə dilə qarşı hədsiz mühafizəkar münasibət var. Dilin dəyişən dünyanın ritminə uyğunlaşması üçün onu qayda-qanunların komfort zonasında saxlamağın mənası yoxdur. Problem dildə yox, dilə münasibətdədir. Məsələn, indiki dünyada poeziyanın aparıcı meyllərindən biri multi-linqvistik metodla yazmaqdır. İndi şairlər bir neçə dilin sərhədində azad şəkildə gəzişirlər, biz isə hər şeyi folklordakı ilkin nümunəyə, ya da lüğətlərin, dərsliklərin qanunlarına həbs etmək istəyirik. Dilə maksimalist münasibət, təxminən, “dili düzəltsək, dünya düzələcək” fikri anaxronizmdir. Bu çox uzun bəhsdir, XVI əsr fransız akademiyasındakı dil mübahisələrindən tutmuş, XX əsrin əvvəllərində Karl Popper ilə Vyana çevrəsi arasındakı polemikalara, Vitgenşteynə qədər gedib çıxır. Bir dəfə imkan olar, geniş danışarıq. Dil dəniz kimidir, özü-özünü hamıdan yaxşı təmizləyir və tənzimləyir. Biz fəlsəfəyə, elmə yararlı, eləcə də yeni dövrü ifadə edən bədii dilə sahib olmaq üçün linqvistik cəsarəti dəstəkləməliyik.
Kanadalı-amerikalı məşhur bir psixoloq var – Stiven Pinker. Onun dil haqqında çox maraqlı, elmi-populyar üslubda yazılmış kitabları var. Həmin silsilədən kitablarından biri adı belədir: “Düşüncənin maddəsi: dil insan təbiətinə açılan pəncərə kimi.” Bu kitabda dilin əhəmiyyəti haqqında çox maraqlı bir fakt yazıb. Amerikada 11 sentyabrda hadisələrindən sonra qəribə bir məhkəmə baş tutur. Bu, Dünya Ticarət Mərkəzinin yerləşdiyi ərazinin kirayəçisi Larri Silversteynə çatacaq sığorta pulunun miqdarı ilə bağlıdır. Silversteynin əlindəki sığorta sənədlərində göstərilib ki, əgər Dünya Ticarət Mərkəzinin binalarından hər biri çöksə, hərəsinə görə ayrı təzminat alacaq. Məlumdur ki, Mərkəzin iki qülləsi olub, demək, məhkəmədə vəkillər “hadisə” sözünü müzakirəyə açırlar. Silversteynin vəkilləri iddia edirlər ki, biz bu “hadisə”ni fiziki olaraq qavrayırıq, yəni iki qüllə uçub, hərəsinə görə, 3 milyard yarım, yəni ümumən 7 milyard dollar təzminat verilməlidir. Sığorta şirkətinin vəkilləri isə iddia deyirlər ki, biz “hadisə” sözünü fiziki mənada yox, zehni mənada dərk edirik, yəni bircə terror aktı olub, 7 milyard yox, 3 milyard yarım dollar ödənməlidir. Kəsəsi, bir “hadisə” baş verib, yoxsa hadisələrdən söhbət gedir? Bircə cəm şəkilçisi 3 milyard yarım dollara bərabərdir. Çünki tərəflərin hər biri reallığı və onun ifadə edildiyi sözləri başqa cür dərk edir. Rakurs konteksti dəyişir: Abort hamiləliyi sonlandırmaqdır, yoxsa bir uşağı öldürməkdir? Səhiyyə məsələlərini dövlətin nəzarətinə buraxmaq vətəndaşların sağlamlığını düşünməkdir, yoxsa iqtidarın sahəsini genişləndirməkdir? Belə-belə işlər...
– Müəllif əsər yazarkən onun tərcüməsini düşünməlidirmi? Tərcümələr dilin koloritini özündə saxlaya bilir?
– Bunu düşünən müəlliflər var. Məsələn, Orxan Pamuk yazı prosesində əsərinin gələcək tərcüməsini də nəzərə alır. Məncə, Murakami də belə yazır. İndiki dünyada bu normaldır. Buna “eksport dil” deyə bilərik. İstənilən tərcümə xeyli dərəcədə şərhdir, şərh isə həmişə perspektivin şərtiliyidir. Dünya praktikasında son illərdə tərcüməylə bağlı əsas polemikalardan biri tərcüməçinin həmmüəllifliyi məsələsidir. Tərcüməçinin adı kitabların üz qabığında balaca, mikroskopik şriftlə yox, görünən ölçüdə olmalıdır, çünki tərcüməçi kitabın həmmüəlifi hesab edilir. Kitabın içində müəllifin bioqrafiyası ilə yanaşı tərcüməçinin də bioqrafiyası getməlidir. Bu, peşakar standartdır.
– Çağdaş ədəbiyyat hansı problemlərin həllini, hansı sualların cavabını axtarır?
– Buna konkret cavab vermək çətindir, repertuar genişdir. Ancaq birini deyim: süni intellektlə bağlı yeniliklərin sürətlə yeni mərhələyə qədəm qoyması qarşısında sənətin aqibəti necə olacaq? Artıq tərcümə proqramları orta səviyyəli qəzet məqalələrini demək olar ki, çox az itkiylə tərcümə edə bilir. Məsələn, Midjourney adlı proqram var, eyniadlı saytdan baxa bilərsiniz. Burada müvafiq xanaya rəsmini görmək istədiyimiz bir cümlə yazırıq və proqram qısa müddət ərzində həmin cümlənin detallarına əsasən bizə bir təsvir təqdim edir. Bu cür yeniliklər bəzi sənətçiləri həyəcanlandırsa, bir xeyli sənətçini tərəddüdə salıb: İnsanın yaratdığı sənət gələcəyin qeydiyyatında olacaqmı?
– Hazırda prestijli mükafatlar üçün hansı mövzular önəmlidir?
– Son illərdə dünyaca məşhur ədəbi mükafatların qısa və uzun siyahılarına düşən əsərlərin əksəriyyətini, qaliblərin demək olar ki, hamısını oxumuşam. Bu mətnlərin birmənalı şəkildə hamısının mövzusu indiki dünyanın politkorrektliyinə hesablanıb. Cəmi 50 səhifə oxuyan kimi başa düşürsən ki, müəllif üzünü yeni "sosrealist" qəlibə, qeyri-rəsmi nizamnaməyə tutub yazır. Ona görə də hələlik oxunduğu sürətlə unudulan kitablar bolluğu var, əsər isə yoxdur. Ancaq, məncə, azsaylı istisnalar da var, məsələn, Valeriya Luiselli. Onun “İtmiş uşaqlar arxivi” romanını xeyli cəhətinə görə oxumağa dəyər.
– Səncə, ustalıq, bədiilik yeni mövzulara uduzmur?
– Mövzu mətndən kənarda da ola bilər, məsələn, fikrində, ancaq sənətkarlıq həmişə yazı prosesinə aiddir.
– Bu il Ədəbiyyat üzrə Nobel mükafatını Anni Erno aldı. Onun yaradıcılığına bələdsənmi?
– Bir romanını oxumuşam: “İllər”. Son illərdə haqqında xeyli esse rastıma çıxıb, maraqla oxumuşam. “İllər” romanı Virciniya Vulfun eyniadlı romanı ilə intertekstual əlaqə üstündə yazılıb. Vulfun romanı bir ailənin 1880-ci ildən 1930-cu illərə qədərki tarixçəsindən bəhs edir, Arnonun romanı isə 1940-cı ildən, yəni İkinci Dünya Müharibə illərindən başlayır və müharibə sonrası Fransanın ictimai tarixi ilə müəllif şəxsi hekayəsinin sintezidir. Arnonun romanlarını hibrid avtobioqrafiya adlandırırlar, yəni şəxsi həyat hekayəsi ayrı-ayrı sosioloji hadisələrlə, qadınlarla bağlı araşdırmalarla iç-içə keçir, forma baxımından da ənənəvi düzxətli avtobioqrafiyalar kimi deyil, əsərin içində məktublar, qəzet məqalələri, fotolar və s. var. Onun haqqında yazılmış, bəyəndiyim bir neçə esse var, vaxt olan kimi tərcümə edəcəm.
– Yaradıcılıq və şəxsiyyət... Bunları bir-birindən ayırmaq lazımdır, yoxsa yox?
– Mən ayırmağın tərəfdarıyam. Bu mövzuya Lyosa bir essesində toxunub, tərcümə etmişəm, çap olunub. Orada fransız yazıçısı Selin haqqında deyir ki, siyasi seçiminə görə üz-üzə gəlsək, ona salam vermərəm, ancaq “Gecənin sonuna səyahət” kitabı XX əsrdə yazılmış ən yaxşı romanlardan biridir, bunu danmaq nadanlıqdır. Fikrimcə, bizdə bu polemikanın tarixçəsini bilən adam azdır, ona görə də tutuquşu kimi köhnə şeyləri təkrar edirlər. Bu mövzuda cild-cild kitablar yazılıb. Bir az açmağa çalışaq. “Dahi”, “böyük şəxsiyyət” kimi ifadələr romantizm dövründə ortaya çıxıb. Romantiklər öz həyatları haqqında əhvalatları mətn kimi “qurmağa” çox vaxt sərf ediblər, xeyli qəribə tip həmin dövrdə yaradılıb: Bayronik “şeytani” düha, melanxolik həssas adam, dönməz inqilabçı... və s. Verter kimi aşiq olmaq, Şelli kimi ölmək tipində qəliblər də həmin dövrün məhsuludur. Bu gün hər hansı tamaşaçının sevdiyi filmlərdəki xarakterləri çox vaxt aktyorun öz həyatıyla eyniləşdirmək refleksi də romantizm dövrünün qalığıdır. Filologiya tarixində bu mövzuyla bağlı çox yazılıb, ancaq ən xarakterik nümunə XIX əsr fransız tənqidçisi Sent-Bövlə bağlıdır. Sent-Böv deyirdi ki, müəllifin həyatı haqqında bildiklərimiz və onun şəxsiyyəti əsəri qiymətləndirmək üçün vacibdir. Bu pozisiyasına görə həyat tərzini və şəxsiyyətini bəyənmədiyi Bodler haqqında xala-xətrin 2-3 cümlə, ancaq bu gün adı heç yerdə olmayan “şəxsiyyətlər”lə bağlı palaz-palaz yazılar yazmışdı. Sent-Bövə qarşı ən məşhur reaksiya Marsel Prustun kitabıdır: “Sent-Bövə qarşı”. Prust modernist tənqidin başlanğıc mətnlərindən sayılan bu kitabında insanın əsərdə əriyib itməsindən bəhs edir, prinsipcə, “müəllifin ölümü” anlayışına yaxın mövqedən çıxış edir. Söhbət ondan gedir ki, bu mövzu pandoranın qutusudur, onu prioritet götürsək, dindarın ateisti, bir siyasi cəbhədən olanın digərini, heteroseksualın homoseksualı, millətçinin kosmopoliti, yəni bütün əks qütblərin bir-birini ittiham etməsinə, gözdən salmasına, görməzdən gəlməsinə faşizan zəmin yaratmış oluruq, Bodleri görməyən Sent-Böv kimi. Bu barədə Lotmandan, Yakobsondan, Ginzburqdan, Bartdan, təzəlikcə rəhmətə gedən Xavier Mariasacan o qədər yazılıb ki.
– Din, siyasət, ictimai mövzular bir romanın populyarlaşmasında önəmlidir. İndi siyasi və ya dini əsərlər cəmiyyətdə nə qədər səs-küy yarada bilir? Aktualdımı bu tipli əsərlər?
– Məqsəd yaxşı əsər yazmaq yox, məşhur olmaqdırsa, istənilən mövzunun tabu tərəfinə toxunub səs-küy yaratmaq olar.
– Müasir Azərbaycan ədəbiyyatında bəyəndiyin, təhlil, tənqid etmək istədiyin romanlar yazılırmı? Ümumiyyətlə, ədəbiyyatımızın bugünkü vəziyyətini necə qiymətləndirisən?
– Əli Əkbərin “Emiqrant”, Cavid Ramazanovun “Amanbənd”, Rəşad Səfərin “Keçilərin nəğmələri” kitablarından yazmaq istəyirəm. Yaxşı kitablar az-az da olsa, həmişə yazılır.
– Bilirəm, bundan çox danışılıb, amma günümüzün reallıqları ilə kitab industriyasının inkişaf mərhələlərini nədə görürsən?
– Müasir, dürüst kültür siyasətinin qurulmasında.
– Dünya poeziyasının keçdiyi yolda Azərbaycan şeiri hansı dayanacaqda qalıb?
– İndi bizdə daha çox türk poeziyasının təsiri hiss olunur, özü də yaxşı nümunələrinin yox, ortabab nümunələrinin təsiri. Dünya poeziyasının mərhələləri haqqında doğru-dürüst bircə kitab belə yoxdur. Ancaq azsaylı yaxşı istisnalar həmişə var.
– Yaradıcılığında nə yeniliklər var? Hansı kitab və ya kitablar üzərində işləyirsən?
– Tərcümələr edirəm, esselər kitabımı çapa hazırlayıram.
Rəvan Cavid
Kulis.az