“Smartfon məktubları”
silsiləsindən
25 Dec, 15:53
İndi haralardasan görən? Siz burdan köçəndən sonra o qədər şey dəyişib ki; yəqin heç çoxundan xəbərin yoxdur... Səndən sonra Elnurla Lalə də getdi, sonra Günelgil də köçdülər buralardan. Sonra yay qurtardı, havalar yavaş-yavaş soyumağa başladı, sentyabr gəldi, payız gəldi. Oktyabrda işdən çıxdım. Daha nə işləyə bilirdim, nə də o otaqda oturmağı bacarırdım. Hər gün günorta vaxtı əlim heç bir işə yatmayanda, oturduğum kreslonu sağa-sola fırlada-fırlada sənin o boş qalmış masana, bir vaxtlar sənin toxunduğun o əşyalara baxırdım. Bir dəfə necə oldusa, kompüterdə işlədiyim vaxt hardansa ağlıma gəldi ki, bəlkə, masanın üstündəki o qələmlərdə, ya da başqa əşyalarda sənin ətrin qala bilər. Günorta fasiləsində otaq boşalanda masanın üstündə başlatdığım o ümidsiz və zavallı axtarışımın axırlarına yaxın, doğrudan da, sənin ətrini mənə xatırladan nəsə tapdım. Tərk etdikləri torpağı minalayan əsgərlər kimi, elə bil ki, sən də o masanın üstündə o ətrin qoxusunu mənim ürəyimi partlatmaq üçün qoyub getmişdin. O ətri duyandan sonra yadıma nələr düşdü, bilirsənmi? Axşamlar işdən çıxanda dayanacağa qədər birlikdə getməklərimiz; işdən sonra axşam yeməyini bitirər-bitirməz, səndən məktub gətirən göyərçinmiş kimi az qala bağrıma basmaq istədiyim telefonu əlimə almaqlarım; bəzən gecəyarısına qədər çəkən və mənə həyatda hər şeydən şirin gələn yazışmaqlarımız; hələ sənə təzə-təzə vurulduğum vaxtlar həftəsonları Lalənin təşkil etdiyi görüşlərə həyəcanla gəlməklərim; həmişəki iş geyimindən fərqli olaraq o görüşlərə sənin daha gözəl paltarlar geyinməyin; çay içdiyimiz, ya da hansısa zarafata güldüyümüz ərəfədə fikrimi hər şeydən qopararaq bütün diqqətimlə sənin gülüşünə, fincanı dodaqlarına yaxınlaşdırmağına, qızlardan hansınasa nəsə deməyinə baxmaqlarım; bu görüşlərdən aylar sonra ilk dəfə səninlə işdənkənar bir yerdə görüşməyimiz; bir dəfə küləkli bir gündə səni metroyacan ötürdükdən sonra, metroya girməzdən əvvəl üzünü mənə tərəf çevirib sağollaşarkən küləyin üzünə dağıtdığı telləri əlinlə yığaraq şirin-şirin və mənalı-mənalı gülümsəməyin – bütün bunlar o ətri duyduqdan sonra təzədən gözlərim önündə canlanmağa başladı.
25 Dec, 16:51
Keçən dəfə aylar sonra yolum o köhnə iş yerimizdən düşdü. Bilirsən, nə gördüm? İşdən sonra həmişə yanından keçdiyimiz restoranı da, ətir mağazasını da, informatika kollecini də sökmüşdülər. Hər şey dəyişilmişdi. Amma o mənzərəni görmək mənə çox pis təsir bağışladı, çünki o restoranın da, o kollecin də, o mağazanın da qarşısında, hardasa bir yerdə səninlə mənim yanaşı dayanmış addımlarımızın izləri qalırdı. İndi isə o izləri də söküb yoxa çıxarmışdılar.
25 Dec, 17:18
Sən gedəndən sonra elə bil ki, payız da həmişəkindən daha uzun çəkir. Amma uzun çəksə də, bu ilin payızı axır ki, qurtardı. İndi qışdır. Bakıya neçə dəfə az-az qar yağdı, əridi. Bu dəqiqə pəncərəmizin qabağında oturub çölə baxıram. Külək elə güclü əsir ki, elə bil çiynini divara söykəyib var gücü ilə evimizi yerindən qoparmaq istəyir. Altı gün sonra Yeni il gəlir. Şəhərin hər tərəfində bər-bəzəklər, yolkalar var. Kaş indi hardansa xəbər tutardım ki, Bakıya qayıtmısan. Kaş şəhərdə Yeni il ab-havasının hiss olunduğu bu günlərdə bir vaxtlar gəzdiyimiz o küçələri, o parkları heç olmasa bircə dəfə yenə də səninlə gəzə bilərdim. Belə danışsam da, səninlə bağlı bütün ümidlərimi itirmişəm. Bəlkə, qocalıb əldən düşəcəyimiz günlərə qədər bir də heç vaxt buralara qayıtmayassan. Hə, bəlkə də, qayıtmayassan. Amma əminəm ki, günlərin hansısa bir günündə, dünyanın hansısa ölkəsində – bir küçədə, bir restoranda, ya da hansısa hava limanında təsadüfən yenə üz-üzə gələcəyik.
25 Dec, 23:57
Bir az əvvəl yağış başladı.
2019, iyul