YeniYaz.Az “Seçilmiş əsərlər” layihəsindən Fəridənin şeirlərini təqdim edir. Xatırladaq ki, layihədə istedadlı Azərbaycan şairləri özləri öz yaradıcılıqlarından 5 ən yaxşı şeiri seçirlər.
***
Nənəmin əlində xəlbir
buğda təmizləməkçün gözlədiyi külək kimi gəl –
sovur ayrılıqları buğda qabığı kimi.
Arx kənarlarında dərməyə qıymadığım bənövşələrin ətri ol,
dol burnuma
gəəəl! O nəfəsə ehtiyacım var...
Biz gözləməyi anamızdan öyrəndik!
Bayram axşamlarında cəbhədən gələcəkdi atam
gözləyə-gözləyə yuxuya daldıq... Gəlmədi!
Atamın gələ bilmədiyi günlərdən çıx gəl evə
müharibənin və mürgülü arzuların acığına!
Dərsə cavab vermək üçün havada bayraq oldu əllərim
laaap axırıncı partadan dur, gəl
lövhəyə çağırmayan müəllimin acığına
cavab ol suallarıma...
Gizlində oxuduğum kitabların səhifələrindən qopub düş,
gizlən şeirimin sətirlərində!
Sonra hardansa çıx, gəl
Lap elə bir qadının qollarından...
***
Dünyanın o biri ucuna sülhü qorumaqçün gedən əsgər,
xəritənin mən olan ucunu cırıb ataydın barı.
Uzaqlığı ölçə bilməyəndə az darıxır insan...
Yollarla dərdləşirik... deyir ki,
baş götürüb gedənlər qayıdır, amma
ürək götürüb gedənlərdən heç soraq yoxdu...
Ehtiyatla, əsəblə, qorxuyla toxunduğun
avtomat darağın olmaq varkən
mən burda bir pəncərəyə söykənib darıxıram.
elə üşüdür sənsizlik hərdən,
köçüb getmək istəyərdim olsa gerçək cəhənnəm...
Xəritəyə baxıram... rədd olsun bu boyda dünya
qollarının arası qədərcə yer qoru... qalanı çoxdu.
Sən orda mərmi alovlarında qızınırsan bəlkə də
mənsə üşüyürəm... birdən gələrsən
görərəm ki,
qolların yoxdu...
***
Yay gəlsə yelləncək asacağdıq
özünü asmasaydı həmin budaqdan uşaqlıq dostum...
Sonra... ağac da qurudu...
Mənsə elə bilirdim, ağaca fərqi yoxdu
budaqlarından asılan beşikdi, yoxsa adam!
Gedəcək yer də qalmadı
kibrit qutusundakı cırcırama kimiyəm indi.
Şehli bağayarpağı
heç arasındakı yaşıl qurbağaları da sevindirmir...
Kəsilmiş qadın saçları qədər sahibsizəm, olsun!
İndi mən
gələcəyin keçmişə uduzduqlarıyam.
İndi mən gələcəyin ən doğma uzağıyam...
Təkcə
uşaq salan qadınlar anlayar məni
onlar bilər necə olur boşluğu qucaqlayıb yatmaq,
ən arzuladığını içindən atmaq...
Qurbanıyçün darıxan qatil yalqızlığıdı mənimki.
Bir az da
yad dildən çevrilmiş şeir kimiyəm
yəni, əslində, bu deyiləm...
***
Torpaq - üstündə gəzənlərçün vətən,
altında yatanlarçun qəbristan.
Hasarladılar
bir damın altına yerləşəcək qədər kiçildi dünya.
Bir payız səhəri qonşunun bağından
heyva oğurlayıb həyətə döndüm
anam "çirkləndin" - dedi,
mən köynəyimi çıxardım...
Azadlığın nə olduğunu
nənəmin xınalı saçlarını hörüb
ucuna bağladığı rezinlərdən öyrəndim.
Oğlunu torpağa verən babamdan yol gözləməməyi...
Anamın gözündən yaş diyirləndi
və gördüm ki, dünyada saf şeylər hələ də var!
Şadlıq sarayının önündə ağ çiçəklərlə bəzədilmiş
köhnə "Pobeda" yalnızlığıdır mənimki...
Eynilə, Bakı-Qazax yolunun hansısa kilometrində unudulmuş,
kol-kos basmış əsgər məzarı...
İndi Pantomima Teatrının kassası önündə
soyuqdan titrəyən adam da mənəm.
Eh, teatr dərdində deyiləm, dostum, elan yapışdırmağa gəlmişəm;
"Bilən varsa , desin, mən kiməm, haralıyam?"
Və hələ də bilmirəm nə istəyirən:
Külək kimi əsib keçib getmək - bütün ayrılıqları sovurub aparmaq,
Ya elə insan kimi köçüb getmək - özünü hamıdan ayırıb aparmaq?!
Fikrimi bir elan çəkir bu arada:
"Masajist qadın axtarılır, əlləri olmasa da olar" ...
***
Boğulmamaq üçün yapışdığım saman çöpündən
uçuq təndirimizin qoxusunu almamışdım hələ
indi başımdan sürüşən yaylığımı düzəldən əllərim
sinəmin açığını gizlədirdi onda baxışlardan...
Ağacdan quş yuvasını endirmiş uşaq çaşqınlığıydı yaşamaq:
"Bununla neyniyim?"
Əcəb yol gedirdik səninlə də...
Heyif, heç yana çata bilmədik.
Kobudluğum qorxutdu səni...
Minanın incə telləri
ilişən neçə adamı tikə-tikə edib, bilirsən?!
Sonra yağış yağdı... Büzüşdüm çətirin altında
gizlətdim hamıdan bütün göy üzünü qucmaq istəyimi...
Bu şəkildə başqasan deyirlər mənə
bilirsən, ən çox bu şəkildə sevdim səni
başqa birisinə baxırmışam kimi...