Sonuncu nahar - Qısa Hekayə

Sonuncu nahar   - Qısa Hekayə

02 Dekabr 2024 10:51 91


İlqar Rəsul

− Bu gün nə yemək istəyirsən?
− Nə bilim. Nə hazırlaya bilərsən?
− Nə istəsən.
− Özün bir şey fikirləş də.
− Kotlet istəyirsən?
− Olsun kotlet.
− Onda qalx. Nahar vaxtıdır. Əl-üzünü yu, bir az gəzin, qızış. İndi hazırlayıb çağıracam səni.

Qalxıb əl-üzünü yudu. Ətəklərinə silinib nəfəsi ilə əllərini isitməyə başladı. Bir az da o tərəf-bu tərəfə gedib qayıtdı ki, bədəni qızışsın. Soyuq idi. Çox soyuq. Üşüyürdü. Xanımı çağırdı. Süfrəyə oturdular. Titrədirdi lap. Kotletin birini ortadan bölüb ağzına qoydu. Üz-gözünü turşutdu. Lap yemək çox isti olandakı kimi. Dünən də belə eləmişdi. Hər tikədən sonra üz-gözünü turşutmuşdu. Dünən dolma yemişdilər. Onda əhvalları nisbətən yaxşı idi. Pərtlikdən gülürdülər, zarafat da edirdilər. Amma bu gün yox. Bu gün pis idilər. Çox pis. Gizlətməyə çalışırdılar bir-birindən.

− Bəs salat niyə yoxdur? − başı əsə-əsə xanımından soruşdu.
− Olmaz, kotleti ye, bəsdir. Çox yesən, boğazın ağrıyar, düşündüm, − xanımı onun alnının soyuq tərini yaylığı ilə silərək cavab verdi.
− Heç olmasa, bir pomidor qoyardın süfrəyə.
− Yox, olmaz. Çox soyuqdur. İkinci kotleti də ye, bəsindir. Duzu necədir?
− Duzu yaxşıdır.
− Dünən dolmada çox eləmişdim deyə bu gün az səpdim duzu, − xanımı gülümsündü.
O da gülümsünməyə çalışaraq:
− Hə, belə yaxşıdır. Bəs kartof niyə yoxdur? Kotletin yanında kartof da qızardardın axı... − zorla dillənib, xanımına baxdı.
− Yox, kartof sabah.
− Sən deyən olsun. Bəlkə, bir az araq verəsən, yaman üşüyürəm.
− Araq az qalıb. Gecə içərik. Lap soyuq olanda.
− Hə, o da düzdür. Nə yaxşı ki, sən varsan.
− Sən də.
− Nə yaxşı ki, biz bir yerdəyik, − o, ciyər dolusu nəfəs alıb göyə baxdı.
− Hə. Nə yaxşı ki, birlikdə də olmayacağıq , − xanımı köks ötürüb, yerə baxdı....

Onu aldadırdı xanımı. Araq yox idi. Sonuncu yüz qramı dünən gecə bağrına basaraq qucaqlayıb yatırtmazdan əvvəl ona içirtmişdi ki, səhərə sağ çıxsın. Şüşədəki su idi. Qar suyu. Arağın yerinə doldurmuşdu ki, göstərib bu gün axşama qədər ümidləndirsin onu. Duz da yox idi. Gerçək duz yəni. Duz onların düşüncəsində idi...

Xanımı qalxıb onu da qaldırdı. Alnının tərini, ağzının qıraqlarının donmuş suyunu sildi yaylığının ucu ilə. Aparıb yatağa uzatdı. Özü də uzanıb arxadan onu qucaqladı ki, bir az isinsin. Amma artıq özü də titrəyirdi. Dili söz tutmurdu deyə danışmadı. Gözlərini yumub, getdikcə ritmi pozulmaqda olan nəfəsi ilə onun boynunu isitməyə çalışdı. Bir azdan hava qaralacaqdı...

Onlar işğalçılardan qaçanlardan idilər. Dağlara sığındıqlarının ikinci günü çovğunda səmti yanılıb camaatdan ayrı düşmüşdülər. Üçüncü gün uçurum uşaqlarını at qarışıq udmuşdu. İki gün idi yolu-rizi itirib, qarlı-çovğunlu dağ yalında çarəsiz qalmışdılar. Daha getməyə nə səmt, nə taqət, nə də ümid var idi. Qayanın altında qardan yuva kimi balaca daldalıq düzəltmişdilər, çovğundan gizlənə bilsinlər deyə. Şaxta kəsirdi onları. İki gün idi ac idilər. İki gün idi xanımı qardan ona cürbəcür yeməklər düzəldirdi...