İttiham
Həyat yoldaşıma
Söz verdiyim üçün yazıram, yoxsa çox incimişəm səndən. Zamanın bütün dərdlərin dərmanı olduğunu kim deyibsə, səhv edib, hər ötən ilin nişanəsi kimi alnıma yeni bir qırışı möhür vurub məni sənli günlərimdən daha çox uzaqlaşdırdıqca, daha çox qınayıram səni. Haqlıyammı, günahmı edirəm, bilmirəm. Niyə incimişəm? İkimizin əl-ələ, nəfəs-nəfəsə, ürək-ürəyə verib yaşamağa, güclü olmağa çalışdığımız dünyada məni tək qoyub getdin. Həmişəlik! O deyirlər ey, dönüb geri baxmadan. Bu yazıq mənim analıq yükümü də ağırlıqdan əyilmiş çiyinlərində necə daşıyacaq, demədən.
Heç olmasa tək bircə dəfə yuxuma belə girmədən!
Yox, o məni, bizi unuda bilməz deyə, hər yerdə cənnətindən ayrılıb bizə baş çəkməyə gəldiyini göstərən işarətlər axtarıram. Sürətini qəfil artıran küləyin balaca paraşütə bənzər sellofan torbanı boz çöllərdəki qurumuş kolların tikanlarından qoparıb gətirərək üzümə çırpmasını, yorulub eyvana qonan quşun boynunu əyib pəncərədən içəri casus kimi baxmasını, günəşin kölgələndiyi bapbalaca bulud parçasından qopub düşən tək yağış damlasını, üst mərtəbədəki körpənin gecənin bir aləmi ölüm səssizliyini pozan çığırtısını yaxınımızda olduğunun əlamətləri kimi yozuram. Özümə acığım tutur ki, yəqin gəlib, buralardadır, mən görə bilmirəm. Hər gecə xatirələrini oyadıb yuxuda səni görmək ümidiylə yatıram. Ancaq az qalır dördüncü ili yarılayaq, bircə dəfə də yuxuma gəlməmisən.
İndi, səncə, inciməyə haqqım var, yoxsa yoxdur?
Günlərimin necə keçdiyini, sənsizliyin mənə nələr yaşatdığını yazımmı? Eh, nə fərqi, onsuz da sən oxumayacaqsan, mən yenə təkliyimi bağrıma basıb təsəlli almağa çalışacam...
Ürəyim yalnız sənə deyə biləcəyim, demək istədiyim sözlərin divarları nəmdən uçub-tökülmüş arxivinə çevrilib. Üstündən zaman keçir, sözlər öz vacibliyini, mənasını itirir, ancaq yenə ata bilmirəm, eləcə üst-üstə qalaqlayıram. Sanki başqa biriylə bölüşsəm, hiss edib duyarsan, xətrinə dəyər.
Əvvəllər hər kiçik şeyi bəhanə edib sənə yazmaq, zəng etmək istəyirdim. Adın da, nömrən də telefonumda durur axı, hələ də silməyə ürəyim gəlmir. Mesajlardakı səsin itər deyə, vatsapın yeni versiyalarını yükləməyə qorxuram. Bilirsən, hərdən özümü inandırıram ki, nə vaxtsa telefonu əlimə alıb gələn yeni mesajlara baxmaq istəyəndə yenə sənin adınla qarşılaşacam. Sevincimdən təəccüblənə də bilməyəcəm. İnanılmaz soyuqqanlılıqla oxunmamış iki, üç, dörd, bəlkə də yüz, min mesajını açacam, yaxşı olduğumu biləndə gur çıxan, kədərimə titrəyən məlahətli, məlhəm səsini eşidəcəm. Məsləhət verəcəksən, yol göstərəcəksən mənə.
Ümidlərim közərəcək, çətinim asan olacaq!
Zarafat deyil, sən zərif qanadlarını vidalaşmaq üçün çırparaq ölümünə tələsən kəpənək kimi aramızdan uçub gedənə qədər ömrümüzün yarısından çoxunu birlikdə yaşamışdıq. İyirmi dörd il! Dalaşmışdıq da, bir-birimizdən incimişdik də, barışıb sarılmışdıq da. Ən əsası heç zaman azalmayan, bitib-tükənməyən, yaşadığımız yaxşı, ya pis heç nəyin müqəddəsliyinə, ülviliyinə təsir edə bilməyəcəyi böyük məhəbbətimizlə birgə olmuşuq, bütöv olmuşuq. Ona görə də baharın sevənləri qovuşmağa ruhlandırdığı gözəl günlərinin birində səninlə birlikdə öz yarımı, paramı da itirmişəm. Əmanətlərinə sahib çıxmaq, yarımçıq arzularını gerçəkləşdirmək məsuliyyətim olmasaydı, yəqin dayana bilməzdim – yarı canla yaşamaq olmur axı.
Sən biz daha az əzab çəkək deyə qəflətən həyatımızı qaraldan xəstəliyin çəkdirdiyi ağrılara mərdliklə dayandın, başının üstünü kəsdirən ölüm mələyinə meydan oxudun! Ancaq mən sənin qədər güclü və dözümlü deyiləm. Boynuma alıram, indi bir az da aciz və küsəyənəm. Sənsiz başqa necə olmalıydım ki? Yəqin özümü tənha hiss etməyimin tək səbəbi budur...
Evdə olduğum vaxtlarda televizorun səsini çox vermirəm ki, birdən gələn olar, qapı döyülər, eşitmərəm. Hərdən bayırın otaqdakı sakitliyi pozmaq üçün açıq pəncərədən özünü tələsik içəri salan taqqıltısı, nazik divarları yarıb keçən addım səsləri aldadır məni, elə bilirəm, kimsə gəlir.
Mən o kimsənin korluğunu, qonağı gələn qonşunun paxıllığını çəkəcək qədər tənhayam!
Razıyam, liftpulu, zibilpulu yığanlar olsun, lap elə ürəyimizi yumşaldıb pul qoparmaq üçün tökdükləri dillərə heç vaxt inanmadığım dilənçi, fırıldaqçı gəlsin. Təki bu lənətə gəlmiş qapı döyülsün! Görəsən kimdir, deyə həyacanlanım, üst-başımı nizama salıb, divanın qoltuğumun, ayağımın altına atdığım döşəkcələrini tələm-tələsik yerinə qoyub, qapıya yüyürüm, gözlükdən bloka baxım...
Səni narahat etmək istəməzdim, ancaq səndən gizlədə də bilmərəm. Gedişinlə yaxınların, qohumların ayağı kəsildi bizdən. Nə gələn var, nə gedən. Qınamıram heç kimi. Hərəsinin öz səbəbi, öz qayğısı var. Elə-belə deməyiblər ki, bir evin işığı o birinə düşməz.
Evimizin qaranlığına, soyuğuna, sənsizliyinə alışa bilmədikləri üçün gəlməyənləri başa düşürəm. Bəlkə, hələ ürəyimin dərinliyində haqq da qazandırıram hamısına. Niyə gəlsinlər? Gəlib əvvəlki xoşbəxt ailəmizi, sənin gülər üzünü, ən kasıb vaxtlarımızda da yox yerdən düzəlişdirib açdığın zəngin süfrəni, sevgini qatıb hazırladığın dadlı yeməkləri görməyəndən, tapmayandan, dadmayandan sonra, mən də onların yerinə olsam, gəlməzdim.
Neyləmək olar, od düşdüyü yeri yandıran kimi, sənsizliyin atəşi də ən çox məni yandırmalıdır. Bunu tanrı belə istəyib, mən də qəbul etmişəm, tənhalığımla barışıb xəyallarınla yaşamağa çalışıram.
Kaş biləydin necə yorulmuşam...
Hərdən şaqraq gülüşləri ilə problemlərinə meydan oxuyub həyata dördəlli tutunanlara, həyat enerjisi qayğılarını üstələyənlərə, xoşbəxt ola bilməyin ən adi səbəbini, bəhanəsini tapanlara həsəd aparıram. İnsanın ruhu nə qədər dinc olmalıdır ki, bu qara-qarğaşalı zamanda güclü, dözümlü qalmağı bacarsın. Sən mənim uşaqlığımı görməmişdin, evlərimiz aralı idi. Bir-birindən aralı evlərin uşaqlarının hərəsinin öz dünyası olur. Bax o balaca dünyamda səhərlər günəşi yuxusundan mən oyadar, axşamlar yatmağa yola salardım. Dayanmaq, dincəlmək bilmədən oynayırdım, qaçırdım, ağaclara, dağa-daşa dırmaşırdım. Oynadığım oyunlar, qaçdığım yollar, cığırlar, dırmaşdığım ağaclar, dağ-daş yorulurdu, ancaq mən yorulmurdum. Təbiətə meydan oxuyurdum balaca canımla. Bəs indi niyə belə olmuşam? Gücümü, dəyanətimi o illər alıb özündəmi saxlayıbmış, xəbərim yox imiş?
Yoxsa gedəndə sənmi apardın?!
Səni ittiham etdiyim üçün incimə, günahlandıracaq səndən və tanrıdan başqa kimsəm yoxdur. Mənim üçün müqəddəs olan ikiniz də yarı yolda qoymusunuz məni. Sən zərif qanadlarını vidalaşmaq üçün çırparaq ölümünə tələsən kəpənək kimi uçub getdin, tanrısa bu gedişinə icazə verdi.
Mən tək qaldım...
Təkcə mən qaldım!
Əslində, o qədər deyəcək sözüm var ki, ancaq çoxunu demirəm, deyə bilmirəm. Qoy ürəyimdə qalsın. Nə vaxtsa cənnətindən ayrılıb yuxuma gəlsən, söyləyəcəm. Hələlik, sağollaşıram. Ömür vəfa etsə, yəqin yenə yazacam. Sonda əmin ol ki, nə qədər incisəm də, səni yaşadığım qədər sevəcəm, sevdiyim qədər yaşadacam!
30.08.2023