Səfər Alışarlı
Sual konkret qoyuldu: niyə yazmırsınız?
30 illik müharibədə o cür qələbə qazanmışıq, xalqımız, ordumuz, əsgərimiz, şəhidimiz bədii obrazlar vasitəsilə də tarixə düşməli, orada daimi yaşamalıdırlar...
Müharibə və qələbə haqqında bədii həqiqətlərin, sənət nümunələrinin vacibliyi bunlara, deyəsən, indi çatıb. Çox güman ki, sual eyni saatda baxdığım iki tv kanalının efirindən heç də təsadüfən səsləndirilməyib. Əliqələmli qardaşlar dərhal Mirşahinə qarşı hücuma keçdi. Guya suallardan ibarət bu bəyanat onun və hansısa başqa bir tv əməkdaşının yaddaşından süzülüb ortaya çıxıb.
Təbiətin qanunudur, insan qocaldıqca sentimentallaşır, mücərrəd həqiqətlərə meyillənir və həyatın publisistik rəngləri, natural ölçüləri, standart məmnunluqları ona azlıq etməyə başlayır. Aristotel deyirdi ki, poeziya tarix elmindən daha vacibdir; tarix nəyin necə baş verdiyini göstərirsə, poeziya nəyin necə ola biləcəyini göstərir. Ona görə bu müraciətlərin nə vaxtsa mütləq səslənəcəyi şübhə doğurmurdu. Bunu yazıçılara “sifariş” də adlandırmaq olar. Bunda pis olan yalnız bir məqam var, onu qeyd edəcəyəm. “Kəlilə və Dimnə” kimi qədim söz və ibrət abidəsi, Nizaminin xəmsəsi, Firdovsinin “Şahnamə”si, Orxon-Yeniysey daş kitabələri, Rəşidəddinin “Tarixin cəmi”, eləcə də yaxın tarixli ədəbiyyatımızda sifarişlə yazılmış əsərlər çoxdur. Pis məqam ondan ibarətdir ki, bu sifariş jurnalistlərin dili ilə səsləndirilərək urvatsız bir formada cəmiyyətə, qələm adamına çatdırılır.
İnanmaq olar ki, bir azdan böyük məbləğlər də ayrılacaq və mədəniyyət sahəsində yerləşdirilmiş xüsusi təyinatlı qüvvələr məsələni ənənəvi şəkildə, uğurla həll edəcəklər. Yəni əsər də yazacaqlar, birinci, ikinci, üçüncü yerləri də tutacaqlar, təltif də edəcəklər və sair. Məmur mahnının sözlərini ləğv edə bilmir, amma onların yerini dəyişdirməyi bacarır. Ancaq yaxşı niyyətə tuşlanmış ox yenə də hədəfdən yan keçəcək. Çünki bu sevdanın əsas məsələsi istedaddır. Məmur istedadı sevmir, hətta ortada maddi marağı olanda ona nifrət edir desək də, yanılmarıq. Bu, tarix boyu belə olub. Haqqında sifarişlə dastanlar yazılan Nəsimini mənmi çarmıxa çəkmişəm? Tolstoy boyda dahini "hoydu-hoydu"ya salıb sənmi öldürmüsən? Cordano Brunonu tonqalda o yandırmayıbmı?
Müharibə yazıçı üçün çox münbit mövzudur. Hər yazıçı nəslinə onu yaşamaq, onu yazmaq qismət olmur. Bəhmənyara görə, insan bu dünyaya müharibə etmək üçün doğulur. Müharibə üçün səbəb havada, quruda, suda, hətta evin içində də həmişə var. Qədim türklər deyirdilər ki, kişinin işi müharibə etmək, qadının işi o müharibə üçün oğullar doğmaqdır. Tarixi məğlubiyyətlərimiz bizi bu məfkurədən daşınmağa, guya barbarlıqdan imtina etməyə gətirib çıxardı. Sonra kimlər tərəfindənsə onlara lazım olan lekallarla mədəniyyət-filan anlayışları əydirilərək ortaya atıldı və türk əsas işindən perikdirildi. Yəni əkinçiliyə keçdi. Babamız Çingiz xan adətən basdığı yad ellərin kişilərini ordusuna götürmür, əkinçilikdə saxlayırdı. Gördüyümüz kimi, son üç yüz ildə dava etməyi bizdən öyrənmiş, amma dava mədəniyyətini haqqa xidmət vasitəsi olaraq hələ də mənimsəyə bilməmiş başqa xalqların köləsinə çevrildik.
Gələk əsas məsələyə: müharibəmiz haqda əsəri kim yazacaq? Kimlər yazacaq? Nə vaxt yazacaq?
Belə götürəndə, az yazılmayıb axı! Hər gün kitablar təqdim olunur, qəhrəmanlar sadalanır, mükafatlar verilir, teatrlar bar-bar bağırır, Azərbaycan yazıçılarının Qarabağ mövzusunda yazdığı əsərlərin səsi-sədası İrandan, Turandan gəlir. Eləsə, yazıçılara xitabən narahatlıq dolu bu sual nə üçün qəflətdən peyda olur: niyə yazmırsınız? Niyə qələbəmizin təsvirini bədii həqiqətlər və obrazlar vasitəsilə zənginləşdirib dünyaya təqdim etmirsiniz? Bunu təkcə Mirşahinin, Mirqadirin narahatlığı adlandırmaq olarmı?
“Yazın” demək asandır. Bəziləri üçün yazmaq da asandır. Ancaq diqqətlə baxsaq, bizim müharibədən keçən milli qəhrəman örnəyimiz – sərkərdə, əsgər, döyüşçü, şəhid obrazları ədəbiyyatımız tərəfindən mənimsənilməyib. Bəzi hallarda nələrsə yazılsa belə, populyarlaşdırılmayıb, xalqa tanıdılmayıb.
Bunun iki yolu var: istedadlı müəllif əsər yazır və istedadlı rejissor istedadlı aktyorları toplayıb o əsəri kinoya çevirir. Dövlət bu işlərə dəstək verir.
Müsəlmansayağı başqa yollar özünü doğrultmayıb. Müasir incəsənətdə istedaddan keçməyən yol başqa heç yerdən keçə bilməz. Nobelə namizədlik, ingilis dilinə səhifəsi 5 manatdan tərcümə, Moskvada kitab, 50 faiz büdcə ilə çəkilən film, “Oskar”a adaylıq-filan istedadsızlığın ən bariz nümunələri kimi təqdim olunur indi bizim çabalarımızda.
Müharibə ədəbi təcəssüm üçün son dərəcə çətin mövzudur. Burada igidlik, vətən uğrunda özünüfəda kimi şablon qəhrəmanlıq duyğuları səmimi, insani hisləri basıb əzməməli, düşmənə nifrət, mərhəmətdən ucada durmamalıdır. Müharibə mövzusunda bizim klassikləşmiş obrazlarımıza baxaq. Tutaq ki, “Serjant İvanov adına körpələr evi”, “Buz heykəl” və sair bu tipli şeylər... Mirzə İbrahimovun guya avtomat tüfəng yaratmış “Pərvanə”si, Hüseyn Abbaszadə, Süleyman Vəliyev, İmran Qasımov kimi “frontovik”lərin bir sıra nəsr əsərləri. Bunlar eynitipli hərbi belletristika olaraq ciddi ideoloji səciyyə daşıdıqlarına görə ədəbi nöqteyi-nəzərdən dərhal köhnəlməyə və unudulmağa məhkum idi. Bizim ədəbiyyatda o müharibəyə bilavasitə səngərdən deyil, arxa cəbhənin ağır məişət qayğıları prizmasından baxaraq bədii nəsrin yüksək sənətkarlıq örnəyini yaradan və bununla da ədəbiyyatımızda zəmanəsinin qırmızı müharibə gopologiyasına son qoyan ilk yazıçımız Əkrəm Əylislidir. “Mənim nəğməkar bibim” trilogiyası ötən əsrin 50-ci illərinin sonundan üzübəri milli xarakterləri ümumbəşəri mənəvi dəyər səviyyəsində təqdim etdiyi və qəhrəmanların psixologiyasına məharətlə nüfuz etdiyi üçün bütün dünyada maraqla oxunur.
Müharibə mövzusu zəngin rus ədəbiyyatında daha böyük ənənələrə malikdir. Bununla belə, sxolastik “ura-patriotizm” və ideoloji təmayüllük də bizim ədəbiyyata onlardan gəlirdi. 1945-ci il 9 May qələbəsindən sonra rus nəsrinin ən böyük sənətkarlıq uğuru kimi ilk növbədə Emmanuel Kazakevçin adını çəkmək mümkündür. Onun “Ulduz”, “Çöldə iki nəfər” povestləri, eləcə də “Oderdə bahar” romanı İkinci Dünya müharibəsi haqqında bütün Avropada yazılmış ən gözəl əsərlər sırasında durmaqda davam edir. Mixail Şoloxov, Vasili Qrossman, Yuri Bondarev, Boris Polevoy, Qriqori Baklanov, İvan Stadnyuk, Aleksandr Ananyev, Ales Adamoviç, Yuri Naqibin, Viktor Astafyev, Vasil Bıkov və başqaları hələ Andrey Platonovun böyük ustalıqla inkişaf etdirdiyi realizm ənənələrini müharibə mövzusuna tətbiq edən nadir istedadlı qələm sahibləridir.
Sözü müharibə haqqında romanı kimlərin yazacağına gətirmək üçün bu ekskursları etməli oldum. Birini də xatırlayıb məsələni yekunlaşdıraq.
1934-cü ildə SSRİ Yazıçılar İttifaqı yaradıldıqdan sonra Mixail Bulqakov o birliyə üzvlükdən imtina etdi və onun Stalinlə məşhur telefon danışığından sonra Moskva yazıçılarının çoxunun qarnında qısqanclıq qurdları qaynaşmağa başladı. Onun “Trubinlərin günləri” pyesinə MXAT-da Stalin şəxsən 6 dəfə baxmışdı. “Ağ qvardiya”, “İt ürəyi” kimi əsərləri rusdilli məkanda əldən-ələ gəzirdi, “Master və Marqarita” hələ yazılma mərhələsində idi. Moskvalı yazıçıların Bulqakova qarşı çıxmağa cəsarəti çatmadı, onlar Ukrayna Yazıçılar İttifaqını qabağa verib Stalinə müraciəti imzalatdırdılar. Müraciətdə deyilirdi ki, Bulqakov antisovet yazıçıdır, əsərlərində ukrayn dilini lağa qoyur, ağ qvardiyaçıları vəsf edir, sovet reallıqlarına rişxənd edir və sair. Bulqakovun xoşbəxtliyindən, Stalin cəllad olsa da, ədəbi-bədii zövqü yüksək bir gensek idi. Yazıçılara belə cavab verdi ki, qoy onlar əvvəlcə Bulqakov kimi yazmağı öyrənsinlər, sonra danışarıq.
Prinsipcə bizim müharibəmizdə gizli məqamlar, tabu predmetləri elə də çox deyil. Varsa, onlar bədii əsər üçün böyük önəm daşımır. Müxtəlif mənbəli videoçəkilişlər müharibəni - qəhrəman Azərbaycan əsgərinin vətən sevgisini, onun fiziki, intellektual bacarığını, şücaətini və mərdliyini həmin günlərdə geniş əks etdirdi.
Yetərincə böyük qalib əsgər xatirələri videoformatda mövcuddur. 44 gün ərzində müharibənin gedişini gecə-gündüz izləyən, qələbə üçün əlindən gələn hər cür köməyi ordumuzdan əsirgəməyən, 3000 qəhrəman övladını şəhid verən Azərbaycan xalqı, əlbəttə, istedadlı xalqdır. Ümidlə demək olar ki, o romanlar, hekayələr, pyeslər, şeirlər, operalar, mahnılar və marşlar bu gün də, sabah da yalnız sənətkar ürəyinin çağırışı ilə yazılmağa davam edəcək. Təbii, onların içində yaxşısı da, pisi də, hətta mənasızı və ziyanlısı da olacaq. Müharibə terminologiyası ilə desək, heç kim və heç nə unudulmayacaq.