Suda-quruda yaşayan şair - Şərif Ağayar yazır...

Suda-quruda yaşayan şair   - Şərif Ağayar yazır...

12 Noyabr 2024 11:16 968


Şair Faiq Balabəylinin 60 illiyinə

– Alə, gopa basır, bilir ki, dənizə gediş-gəişimiz yoxdur!

Şəhər adamı ayıq olur, mən kənddən gələn saf uşaq, Faiq dənizlə bağlı nə danışır inanıram.

Bağ belə, bostan belə...

Gözəl xanımlar, yemək-içmək, macəra dolu dəniz səyahətləri...

Hər limnada bir sevgi...

Dəniz bir gözəl üzüdü,
Xaldı tənha adaları...
Dəniz xallı gözəl kimi,
Hey aldadır adamları...

Bu misralardan sonra adama necə inanmayasan?

Belə bir şeir yazan dəniz haqqında yalan danışarmı heç?

Bu bənddən sonra “Titanik” gəmisinin kapitanına inanmamışam – Faiqə oxşamadığına görə.

Gəmi batsa intihar-filan eləməz. Qəti şəkildə! Bir yol tapıb özünü də xilas edər, beş-altı adamı da. Bir də görərsən Yunus balığının boynunda limana yaxınlaşır. Ya da ilk xilasedici qayığı mavi sulara özü üçün endirir. Filmin məşhur gözəli Faiqə vurula, hadisələrin bütün gedişatı dəyişər.

O qədər həyatsevərdir!

Həm həyatı sevir, həm harmoniyanı.

Dava-dalaş onluq deyil.

Şeiri bir az diqqətlə oxuyasınız, içində səmimi bir etiraf da görərsiniz. Dəniz özü adamı aldadırmış sən demə. Dəniz aldadırsa, dənizlər oğlu niyə aldatmasın?

Şair yalanı həqiqətdən irəlidir.

Getmədiyimiz, tanımadığımız o yerlər haqqında əsib-sovurmasında ziyanlı heç nə yoxdur. Deyirlər, dənizçilərin hamısı belədr. Matroslar yalançıdır. Tarix özü şahiddir buna.

– Dediklərinə bir dəlil-sübut var? – deyirəm də, şəhər uşağı başqadır, bakılı dostumuz Rövşən Naziroğludur soruşan.

Sübut nə gəzir?

Bic-bic qımışır.

Cəmi-cümlətanı bircə dəfə məni özü ilə gəmiyə aparıb. Onu da sahilə – limana çəkilmiş gəmiyə. Sən demə, bizə danışdıqları nəinki dənizdə baş vermirmiş, heç Faiq özü dənizə çıxmırmış. Sahil gəmisiymiş onunku. Üzmürmüş. Bəlkə, heç üzə də bilmirmiş. Limanda dururmuş eləcə. Əbədiyyən təmirə dayanıbmış. Məşhur misalda deyildiyi kimi, gəmilərin ən təhlükəsizi!

Di gəl 20 yanvar hadisələri haqda maraqlı bir kitab yazıb: “Kəsilməyən həyəcan fiti”. Həmin vaxt dənizdə az qala rus imperiyasını deviriblərmiş. Mən o qanlı hadisələrdə Bakıda olmamışam, şahidlərin dediyinə görə dənizdən doğrudan da həyəcan fiti eşidilib. İndi hər söz düşəndə sinəmi qabağa verirəm, deyirəm, bax o fiti verən mənim dostumdur.

Elə ürəklə deyirəm, əvvəl özüm inanıram, sonra yanımdakılar.

Bəlkə də Faiqin gəmisini şeir yazmaq, film çəkmək üçün sahilə çəkiblər. Faiq də bilir, ona görə bizə nağıllar danışır. Dəniz nağılları. Gəmi nağılları. Birində dalğa bunu göyərtədən alıb aparır, dərhal da geri qaytarır. Qıymır şairə. Balıqlar padşahı onu yazdığı sevgi şeirlərinə bağışlayır. Ya da su pərisi qollarına alıb təzədən göyərtəyə qaldırır. Faiq ikincini arzulayardı. Onunku belə ehtiraslı səhnələrdir. Padşah-zad vecinə deyil. Dilinin altından baha biçilməyən ləl çıxarıb atsa, başqa söhbət. Ona da inanmaz. Romantika, romantika, daha bu qədər yox.

Şairlik də bir yerəcəndir!

Yaxşı şeirlər yazsa da, məncə, ədəbiyyat onun “ikinci iş yeri”dir. Mədəni desək, rasional məntiq adamıdır. Çıxarına baxar. Bəzi şairlər kimi gözünü yumub hərlənməz. Şəhər yeridir, bunun maşını var, binası var, lyuku var. Lap belə dənizi var! Yıxıldın, yıxıldın, şeir xilas eləyəsi deyil səni. Dalğalarla təkbətək qalanda hansı gəmidə işlədiyini soruşmur.

Kaş biləydim – özü üzə bilirmi barı?

Göyərtə əhvalatına sonuncu inanan mən olmuşam – 1998-ci ilin yaz aylarında...

Amma hər dəfə danışanda yenə inanıram. Torpağı sanı yaşasın, səsi də Fikrət Qocanınkı kimi bir az batıqdır. Adamı ovsunlayır. Bu səslə yalan danışmaq ayıbdır.

Elə Fikrət müəllim kimi də AYB sevdalısıdır. Seçən olsa, məmnuniyyətlə katib işləyər. Ancaq istəmir. Öz birliyinin nəinki katibi, sədridir. Həm də əbədi. Anar müəllimə meydan oxuyur. Beş-altı təşkilatda rəhbərdir və ya rəhbərlikdə təmsil olunur. Həyatın da hər üzünü görüb. Həbsxanadan belə. Yazıçıdır, jurnalistdir, matrosdur, bosmandır, kapitandır. Yaxşı ata, əvəzsiz baba, təəssübkeş dostdur. Dar günün adamıdır. Uzanan əli naümid qaytarmaz. Daha nə etsin yazıq? Mehdi əz-Zəman olub dünyanı xilas eləyəsi deyil ki?

Göz dəyməsin deyə arada xəstəlikdən-zaddan danışır. Düz eləyir. Yoxsa heç kim bu şux, cavan, enerjili adamın 60 yaşına inanmaz. İnansalar da, uzağın-yadın yox, elə öz yaxınlarının gözü dəyər ona. Hamı cavan qalmaq, uzun yaşamaq istəyir axı. Ömür də bir yarışdır. Qovhaqovdur. Bərayi-ehtiyat şəkərli diabetdən, mini infarktdan gözmuncuğu kimi asır üstünə.

Amma arada şübhəyə düşür adam. Ola bilər doğrudan da ağrısın, adını çəkdiyi xəstəliklərin hər ikisi yaxşı adamların xəstəliyidir!

Elə bilirsən, dayındır, əmindir, uzağı xalan oğludur. Ömrünə necə sızır, qanına, ruhuna necə qarışır, bilmirsən. Bir də görürsən ömrün hansısa döngəsində, həyatın hansısa dolayında qabaqlaşmısan. Şəhərin ən ucqar küncündə də olsan bir gün mütləq gəlib tapır səni, içinə bir ovuc işıq səpib gedir.

Hərdən əsib-coşub özünə şər deməyi də var. Söhbət maraqlı alınsın deyə... Dinləyənlərin ürəyinə yatsın deyə... Şair olduğuna bir də burda inanmışam!

Paxıllığını çəkən “n” qədər adam sayaram. Niyə də, niyə? Təsəvvür edin, “Köhnə İnturist”də yazıçı Azər Qismətin toyudur, bütün şair-şüəra bir stola yığışmışıq, bizə söz verdilər, stolumuzun adından Faiq çıxdı mikrofona. Yaxşı çıxış elədi. Axırda da bir şeir oxudu. Şeirə başlayan kimi kulturoloq (mən qulduroloq deyirəm) Aydın Xan o yandan qayıtdı ki, karıxacaq!

Dedik, alə, imkan ver bismillah eləsin.

Dedi, baxarsız, mütləq karıxacaq.

Faiq birinci bəndi dedi – karıxmadı, ikinci bəndi dedi – karıxmadı... Aydın həyəcanlandı... Faiq üçüncü bəndi də dedi və şeir xətasız-bəlasız sona çatdı. Aydın ayağa qalxdı, dedi, bu necə ola bilər, karıxmalı idi. Bu vaxt Faiqin səsi mikrofonda guruldadı:

– Şeirin bir bəndi yadımdan çıxdı, ona görə icazə verin birini də oxuyum.

Aydın yerindən qışqırdı:

– Oxuma, Faiq, yenə karıxacaqsan, bizi “çıkmaz sokağa” salma!

Toyun həyəcanından həmin gün zəlzələ baş verdi, hamımız bəyi qoyub qaçdıq, siyahıya yazılan da olmadı.

Faiqin ürəyinə toxunmaq olar? Allahıma-kitabıma yer-göy bir-birinə dəyər.

Sahilə çəkilmiş gəmisinə gedəndə bir sirrinin üstünü açdım. Yubileyi olduğu üçün yazmaq istəmirdim, amma yazacam. Həqiqət hər şeydən yuxarıdadır. Gəmidəki dostları elə hey mənə Faiqin qurudakı macəralarından suallar verirdilər. Sən demə, onlara da bizdən danışırmış.

Bağ belə, bostan belə...

Gözəl xanımlar, yemək-içmək, macəra dolu ədəbi mühit...

Hər şeir məclisində bir sevgi...

Oğluna toy eləyəndə də şübhələnmişdim, deyəsən iki toy elədi: birini dənizdəkilərə, birini qurudakılara...

Suyu da, qurunu da barmağına dolayıb bu suda-quruda yaşayan oğlan!

Fikir verin, qurudakı bir dostu, sudakı bir dostunu tanımır – onlar da buraları görməyib.

Sudakı dostları ilə qurudakı dostarı biri-birini tanısa, yığışıb Faiqi tutdurarlar.

Amma tez də bağışlayarlar.

Üzündə elə bir doğma təbəssüm var, dünən sənə güllə ata, bu gün qabağına çıxa, qeyri-iradi boynuna sarılarsan. İstəməyən şeytan tükü deyər, mən çox istəyirəm, Tanrı işığı deyirəm.

Əskik olmasın!