Müharibə cəsarətsiz adamların özlərini cəsarətli göstərmək üçün müdafiə etdiyi, cəsarətli adamların isə sülh arzularının puç olduğu bir anlayışdır.
Stalinin bir ayağı o birisindən qısa olduğuna görə onu orduda xidmətə aparmamışdılar.
O, SSRİ-nin başına keçən kimi qışda Finlandiyaya hücum əmri verir, 340 mindən çox insan həlak olur.
340 min insan Stalinin özünü cəsarətli göstərmək istəyinin qurbanı oldu.
Halbuki adam necə qorxaq idisə, güzgünün qarşısında özü özünə deyirdi ki, İosif, sən yalan danışırsan.
Hücum edənlər hər zaman qorxaq olur.
Bir də Atatürk nümunəsi var.
Müttəfiq Antanta ölkələrinə Anadoluda qalib gəldiyi halda kürsüyə çıxıb deyir:
“Yurdda sülh, cahanda sülh!”.
O Atatürk ki Yunanıstana qalib gələndə ayağının altına məğlub ölkənin bayrağını sərirlər, əyilib bayrağı yerdən götürür və deyir:
“Bayraq bir millətin şərəfidir. Heç kimin şərəfini alçaltmaq olmaz! Düşmənin belə”.
Öz vətənini müdafiə etmək həmişə haqlı və cəsarətli görünməkdir.
İşğalçılıq, başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini inşa etmək arzusu ancaq və ancaq qorxularını özünə belə etiraf etmək istəməyən qorxaqların işidir.
Azərbaycan döyüşçüsü 44 günlük müharibədə ona görə məğrur, ona görə cəsarətli və ona görə qüdrətli idi ki, o, yarımçıq qalmış uşaqlığının ata evini qaytarmağa gedirdi.
Təsəvvür edin, hər gün xəyalında getdiyin yerə, ata evinə, top oynadığın küçələrə bir dəfə ayağınla getmək şansın olur.
Özü də bilə-bilə ki, atdığın hər addım təkcə uşaqlığında top oynadığın küçələrə getmir.
Bu yolun üstündə həm də ölüm var.
Bu addımlar haqlı idi.
Ona görə də Azərbaycanın nə qədər oğulları ölümün üstünə qorxmadan getdilər.
O gün bir erməni hərbçisinin müsahibəsinə qulaq asdım.
Adı yazılmasaydı, nə üzündən, nə də gözlərindən, mən onun erməni olduğunu bilməzdim.
Danışa-danışa gördüm ki, o da ölümdən qorxmayıb.
Ən dəhşətli insan faciəsi isə onda başlayır ki, qorxaqların müharibə çağırışlarına uyur, onlara aldanır, alət olursan.
Danışan erməni hərbçisi qolunun birini itirəndən sonra təzədən döyüşə qayıdıb.
Mərmi o biri qolunu da aparıb.
Tale elə gətirib ki, o, həyatını yox, qollarını itirib.
Tez-tez danışırlar ki, Azərbaycan əsgəri əyninə erməni hərbi forması geyinib əks tərəfə kəşfiyyata keçib.
Yaxud bir Ermənistan əsgəri əyninə Azərbaycan hərbi forması geyinib kəşfiyyat məqsədi ilə bizim tərəfə keçib.
Mənə maraqlıdır, biz necə fərqli bir millətik ki, bir-birimizi üzdən tanımırıq?
Dünyada başqa bir millətin nümayəndəsi varmı ki, o, əyninə Azərbaycan hərbi forması geyinsin və sən onun üzünə baxanda azərbaycanlı olub-olmadığını bilməyəsən?
Yaxınlarda bir erməni qadının şəklini onun səhifəsindən götürüb öz səhifəmdə paylaşıb yazdım ki, xalam vəfat etdi.
Hamı dedi, Allah rəhmət eləsin, ruhu şad olsun.
Biri də yazmadı ki, bu qadın ermənidir axı, necə sənin xalan olur?
Cəmi bircə nəfər yazmışdı ki, Allah o biri dünyasını versin, amma xalanın burnu erməni burnuna oxşayır.
Hə, bircə burnumuzda fərq var.
Guya Azərbaycanda yekəburun qızlar yoxdur?
O qədərdir.
Yeri gəlməmişkən, yekəburun qızları unutmaq çətin olur.
Başıma gəlib.
Hər yerini unudursan, bircə burnu yadından çıxmır.
Hər dəfə öpüşəndə mane olurdu deyə burnunu tez-tez xatırlayırsan.
Qolları kəsilmiş erməni hərbçisi Azərbaycan ordusu haqqında elə danışdı ki, elə bil bizim adamdır.
Əlbəttə, bizim adam deyil.
Ancaq ədalətli danışır deyə sən onu öz adamın hesab edirsən.
Deyir, Azərbaycan ordusu çox güclü idi.
Biz çox istədik ki, qalib gələk, amma bacarmadıq.
Bizim insanlar tez-tez deyir ki, ermənilər qorxaqdır.
Düşməni bu cür qiymətləndirmək doğru deyil.
Ermənilər qorxaqdırsa, bəs biz 44 gün kiminlə döyüşmüşük?
Üç min şəhidi kimlə döyüşdə qurban vermişik?
44 günlük müharibədə iştirak etmiş bir qazimiz danışır ki, döyüşdə bir erməni tutduq.
Silahı alnına dirədik ki, Qarabağ Azərbaycandır desin.
Demədi.
Dəfələrlə məcbur elədik, xeyri olmadı.
Axırda məlum məsələ baş verdi.
Əlbəttə, bir şapalaqla İmişliyə salam göndərənlər onlarda da var, bizdə də.
Axı insandırlar.
Qorxu qədər təbii bir hiss varmı?
Ədəbiyyat təkcə şəhidin vətən sevgisini yox, həm də fərarinin həyat sevgisini anlamaq sənətidir.
Xalqlar bir-birinə heç vaxt düşmən ola bilməz.
Bizi düşmən edən hər ikimizi silahlandıran qorxaqların cəsarətli olmaq xəyallarıdır.
Qonşu uşaqlar məhəllədə bir-biri ilə dalaşanda hər valideyn öz övladını müdafiə etməsə, məsələ yerindəcə həll olunar.
Və ya davanın səbəbindən asılı olmayaraq hər valideyn öz övladını deyil, qonşunun uşağını müdafiə etsə, dərhal sülh yaranar.
Əgər istəsən, eləcə də buna ağlın və zəkan imkan versə, o uşaqları barışdırmaq, dost etmək su içimi kimi bir şeydir.
Çünki uşaqlar da təbiətdir, onların davası küləyin ağacın budaqlarını və ya çiçəyin ləçəklərini bir-birinə toxundurması kimidir.
Uşaqların davasını ancaq böyüklər böyüdə bilər.
Bəs görəsən, bunu insanlara necə anladaq?
Uzunmüddətli atəşkəs dövründə bir-biri ilə səsləri eşidiləcək qədər yaxın səngərdə dayanmış Ermənistan əsgəri Azərbaycan əsgərindən siqaret istəyir.
Bizim əsgər səngərdən başını çıxarmadan qarşı tərəfə bir qutu siqaret tolazlayır.
Bunun qumbara olduğunu zənn edən erməni torpağa sinir.
Başını yuxarı qaldıranda isə səngərdən xeyli kənara düşmüş siqareti götürməyə əvvəlcə ürək eləmir.
Bunu tələ hesab etsə də, yerindən çıxıb sürünə-sürünə siqaretə tərəf gedir.
Hər an atəş açıla biləcəyini düşünür deyə torpağa bərk-bərk sarılır.
Otlardan yapışa-yapışa özünü irəli çəkir.
Siqareti götürüb geri qayıdanda isə gözlərinə inana bilmir və yaşadığına əmin olmaq üçün bir neçə dəfə qollarını çimdikləyir.
Bir müddət sonra Azərbaycan əsgərinin siqareti qurtarır.
O da eyni qayda ilə düşmənindən siqaret istəyir.
Ərk edir.
Axı özü o tərəfə siqaret vermişdi.
Qafqazlıların xasiyyətidir, nəsə veribsə, mütləq o da səndən nəsə almalıdır.
Bu dəfə erməni səngərdən qarşı tərəfə siqaret tolazlayır.
Xeyli aralı düşən siqareti Azərbaycan əsgəri götürüb-götürməməkdə nə qədər tərəddüd etsə də, siqaret ona hava və su kimi lazımdır.
Hətta ölsə belə o tüstündən bir qullab ciyərlərinə çəkib sonra gözlərini yumaq istəyir.
Otların arası ilə sürünə-sürünə siqareti götürüb geri qayıdanda Azərbaycan əsgəri də heç bir atəş açılmadığını görür.
Növbəti dəfə bir-birinə siqaret tolazlayanda onu götürməyə sürünə-sürünə yox, artıq iməkləyə-iməkləyə gedirdilər.
Aralarında yaranmış inam onları torpaqdan bir qarış yuxarı qaldırmışdı.
Hər siqaret alverindən sonra bellərini bir az da dikəldirdilər.
Lap axırda bir-birini postuna ayaq üstə gedib-gəlir, söhbət edirdilər.
Adicə bir siqaret illərlə düşmən edilmiş iki xalq, dövlət və onun əsgəri arasında barışıq rüşeyminə çevrilmişdi və uzunmüddətli atəşkəs buna zəmin yaratmışdı.
Yağışdan sonra dağlarda öz-özünə bitən otlar, çiçəklər kimi atəşkəs dövründə də insan özü özünü doğur, özü özünü yaradır və özü özünü boya-başa çatdırır.
Öz-özünə yaranmış sülhə valeh olmamaq mümkün deyil.
Uşaqların davasını ancaq böyüklər böyüdə bildiyi kimi, bir-birinə siqaret alıb verə-verə sürünməkdən iməkləməyə, iməkləməkdən yeriməyə, yeriməkdən həmsöhbət olmağa və bir-birinə can atmağa başlayan əsgərlərin ayrılmasını və düşmən olmasını da ancaq böyüklər istəyə bilər.
Siqaretdən başlayan barışıq rüşeymlərinin get-gedə inkişaf etməsindən, onun daha geniş əraziyə yayılmasından narahat olan böyüklər həmişə süni gərginlik yaradır, atəşkəs pozulur, atışmalar başlayır.
Hər iki tərəfdən ölən və yaralananlar olur və xalqların bir-birinə hiddət və nifrətini ocaq altındakı köz kimi yenidən alovlandırırlar.
Ancaq nə qədər alovlandırsalar da, o toz-dumanın, odun-atəşin içərisində bir-birinə siqaret verən əsgərlər gülləni bir-birindən qəsdən yayındırır.
Çünki onların içində həqiqətən bir-birini öldürmək istəyi olsaydı, səngərin iki metrliyində silahlar işə düşərdi.
Onlar özləri üz-üzə gələndə, təkbətək qalanda bir-birini öldürmür, əksinə yaradırlar.
Tez-tez sosial şəbəkələrdə erməni profillərinə baxıram.
Bizim şəhidlərin şəklini paylaşıb ələ salırlar.
Çoxlu layk, gülüş və ürəklərin içində 15-20 üzgün smayliki olur.
Bizim şəhidlərin ölümünə üzülən ermənilər məni çox təsirləndirir.
Məsələyə ermənilər baş kəsəndir, ermənilər vəhşidir kontekstində yanaşsaq və övladlarımızı bu düşüncə ilə yetişdirsək, hələ çox qanlar axacaq.
Guya Azərbaycanda baş kəsən yoxdur?
Azərbaycanda öz arvadının, qızının başını kəsən və ya kəsməyə hazır olan o qədər cani var.
Ermənilər də, biz də bədbəxt xalqıq.
Təsəvvür edin, dolmanın üstündə dalaşırıq.
O deyir, dolma bizim yeməkdir, bu deyir, bizimdir.
Dolma davası aparan xalqlar dünya mədəniyyətinə hansı böyük töhfəni verə bilər?
Əti çək maşına, içinə düyü, göyərti qat, duz, istiot vur, kələmi də pörtlət, əti doldur kələmin arasına, qazana yığmamışdan qabaq dibi yanmasın deyə altına bir boşqab, üstünə də bir boşqab qoy, bişsin, sən də ye, o da yesin.
Daha bir-birinizi niyə yeyirsiniz?
Bu düşmənçilik bizim hər ikimizi sivil dünyadan təcrid edib.
Bizim başımız burda bir-birimizin qulağını kəsməyə qarışıb, ispanlar Ayda futbol meydançası tikirlər.
Hollandlar dənizi qurudub öz ərazilərini çoxaldırlar.
Allahın Səudiyyəsi səhranı cənnətə çevirir, yaşıl şəhərlər tikir.
Mən sosial şəbəkələrdə tez-tez erməni profillərinə girir, bir-bir onların şəkillərinə baxıram.
Ermənilər açıq havada stol qoyub çörək yeyirlər.
Yaşlı bir qadın ərinin pencəyini kürəyinə atıb.
Deyəsən, orda da külək əsir.
Kişinin biri guya arvadını çox istəyir, qolunu boynuna necə salıbsa, yazıq qadının az qala canı çıxsın.
Balaca bir uşaq qırmızı kauçuk aftafanın lüləyini ağzına soxub oynayır.
Eynən bizim atasının oyuncaq almağa pulu olmayan kənd uşaqları kimi.
İlahi, necə xoşbəxt və şirin bir uşaqdır.
Tanış duyğudur deyə bilirəm, o uşaq böyüyüb yoxsul, həyatdan küsmüş və canından bezmiş bir gənc olacaq.
Nisiyə böyümüş uşağın 18 yaşı tamam olan kimi qapını döyəcəklər ki, sənin vətənə borcun var.
Belə bir psixologiya və travmalarla böyümüş gənc vətən, torpaq, ərazi bütövlüyü uğrunda yox, bəlkə də elə özündən, həyatdan, taleyindən qisas almaq üçün və ya məcburiyyət qarşısında silaha sarılıb müharibəyə gedir.
Bir gün də qapını qara xəbər döyür.
Ermənistan bayrağına bürünmüş tabutun heç qapağını açmağa, ataya son dəfə balasının üzünü görməyə imkan belə vermirlər.
Tabut qapıda bir-iki kruq vurub əbədiyyən yoxa çıxır.
Atasının isə aftafanı qucaqlayıb hönkür-hönkür ağlamaqdan başqa heç bir çarəsi qalmır.
Sonra erməni tələbələrin şəkillərinə baxdım.
Yerevan Dövlət Universitetində oxuyurlar.
Məzun günləridir.
Yığışıb şəkil çəkdiriblər.
Bir oğlan arxada qızın başına buynuz işarəsi tutub.
Hiss elədim ki, çoxu kasıb yaşayır.
Varlı uşaqları ilə kasıb uşaqları aydın seçilir.
Tələbə gənclərin heç birinin üzündən vətən sevgisi-zad yoxdur.
Hamısı həyata bağlı, həyat eşqi ilə alışıb-yanır.
Çünki onların vətəni arzularını çin edəcək vətən deyil, onları həyat adlı eşqdən boşandırmaq üçündür.
Allah bilir, qızın başına buynuz tutan oğlanın atası haradansa borc pul tapıb övladını əsgərlikdən saxlatmaq haqqında düşünür.
Bir şəkil vardı.
Erməni qadın həyətdə cücələrə dən verirdi.
Əri də bir az aralıda yer qazırdı.
Yəqin toyuqlara hin düzəldirdi.
Mənim hissiyyatım çox güclüdür, əminəm ki, o yer qazan kişi bank kreditlərinin əlindən boğaza yığılıb.
Yaman fikirlidir.
Şəklə baxan kimi bilirsən ki, torpaq uğrunda döyüşmək, ölmək bunlardan min ağac uzaq hissdir.
Yüz faiz axşam evlərində söz düşəndə Rusiyanı söyürlər ki, niyə imkan vermirsən Allahın verdiyi bir qırıq ömrü adam kimi yaşayaq?
Gözümüzün qabağında böyüyən uşaqların hamısını aparıb verirsən güllənin qabağına, bu cavanların günahı nədir axı?
Təbii, qabağıma sarsaq ermənilər də çıxdı.
Birinin profilinə girdim, dayanmadan yazılar paylaşırdı.
Harada işlədiyinə baxanda gördüm yazılarını paylaşdığı saytın rəhbəridir.
Yəqin, Ermənistanın Fövqəladə Hallar Nazirliyindən maliyyələşir.
Bütün günü orada Azərbaycanı, azərbaycanlıları söyür, bayrağımızı təhqir edir.
Altından da özü kimi sarsaq ermənilər rəy yazır, dəstəkləyir.
Sayt rəhbəri olan həmin erməni iki yaşlı Zəhranın şəkillərini də paylaşmışdı.
Zəhranı rusun verdiyi silahla öldürmüşdülər.
Dillərini başa düşmürdüm, amma çox güman şəklinin üstünə iyrənc şeylər yazmışdı.
Zəhranın toppuş əlləri, kök ayaqları hələ ölməmişdi, yaşayırdı.
Zəhranın şəklinə çoxlu layk gəlmişdi.
Baxdım ki, həmin şəklə də nə qədər erməni üzüntü smayliki qoyub, kədərlənib.
Bəlkə, Zəhranın ölümünə kədərlənən və şəhidlərimizin şəklinə üzgün smayliki qoyan 15-20 erməniyə ümid kimi baxaq.
Ümiddən sonra da dil tapaq?
Dil tapandan sonra danışmağa sözümüz çox olacaq.
Yaxşı yadımdadır, 44 günlük müharibədə internetdə ölmüş erməni əsgərlərinin şəkli yayılmışdı.
Həmin şəkillərə baxdığım yerdə birdən anam otağa girdi.
Meyitləri görən kimi dedi:
– Can bala, anan ölsün, yazıq səni nə zülmlə böyütmüşdü.
Anam düz yarım saat dil deyib ağladı.
Elə bilirdi bizim əsgərlərdir.
Gördüm ürəkdən ağlayır, daha pərt eləmək istəmədim.
Ürəyini boşaldıb getdi.
Mənim anam Azərbaycan xalqıdır, mərhəmətli və qayğıkeşdir.
Dostum Nəsimi Nəbizadə Tovuza başqa bir dostum Murad Köhnəqalagilə gedibmiş.
Murad qoca anası ilə zarafat eləyib, Nəsimini ona erməni kimi təqdim edib.
Deyib ki, tutub gətirmişəm, gecə bizdə qalacaq, sabah aparacam.
Arvad da inanıb.
Yaxşı süfrə-zad açıb.
Nəsimi yeyib-içəndən sonra keçib o biri otaqda yatıb.
Gecə Muradın anası yavaşca otağa girib.
Əlindəki milçəköldürənlə Nəsimini ehmalca yuxudan qaldırıb:
– Bala, dur qaç, səni öldürəcəklər.
Çox gözəl anlayıram ki, Azərbaycanda və Ermənistanda sülh, barışıq dövlət siyasətinə çevrilməsə, bu yöndə əsərlər yazılmasa, ədəbiyyatlar, mədəniyyətlər işə düşməsə, mənim, onun, bunun, yaxud hansısa bir yazıçının sülhdən danışmasının heç bir mənası olmayacaq.
Təsəvvür edin, mən burda sülhdən danışdığım yerdə sərhəddə toqquşma başlayacaq.
50 nəfər onlardan, 20 nəfər bizdən həlak olacaq.
Millət də məni söyəcək ki, ölkəyə şəhid gəlir, sən də sülhdən danışırsan.
Ancaq dövlətlərdən, siyasi hakimiyyətlərdən də qabaq bu barışığı, sülhü xalqlar istəməlidir, xalqlar arzulamalıdır.
İnanmaq istəyirəm ki, tarixdən az-çox xəbəri olanlar erməni və Azərbaycan xalqlarının barışmasına, əl sıxmasına etiraz etməz, aqressiv yanaşmaz.
Hər halda bizim 100 il bir-birini qırıb, axırda barışan ingilislər və fransızlar qədər dərin düşmənçiliyimiz yoxdur.
İndi biz də barışmayıb neyləyək?
Yazaq ki, ən yaxşı erməni ölü ermənidir, onlar da yazsın ki, ən yaxşı türk ölü türkdür?
Beləcə ermənilərin də, bizim də ömrümüz həyəcan və narahatlıq, nisyə böyütdüyümüz balalarımızı itirmək qorxusu ilə çürüyüb getsin?