Vüqar Van
Bir əsim yel
hekayə
Çox inkişaf etmiş süni intellekt ancaq bəşəriyyətin axmaqlığına xidmət edəcək.
Yuval Noah Harari
– Gör mənim buynuzum var?
– Yenə nolub, ay ana?
– Sənnənəm, gör mənim buynuzum var?
– Yox, yoxdu.
Xəlilin baxışları qaş-qabağından qar yağan anasının sifətində itib-batdı. Bir anlıq ona elə gəldi ki, onun siması səriştəsiz şagird əli ilə düzəldilmiş sement rəngli plastilindən hazırlanıb. Eyhamlarını, atmacalarını, qışqırıqlarını fövqəladə soyuqqanlılıqla yola verməyə öyrəşmişdi deyə, özündən çıxmadı.
– Bu saçları sənin yolunda ağartmışam.
– Nə istəyirsən yenə? – Xəlil anasının güzgüdən təmiz, göy havasından rəngsiz əllərini tutdu, hiss elədi ki, ov üstünə atılmaqda olan pişik kimi gərgindir. Tükünü çəksən qan damar. Onun səsi eyni tonda xırıldadığına görə acıqlı-hirsli danışmağını başa düşmədi.
– Canına azzar istəyirəm. Nə qədər yeyib yatacaqsan, atan deyir, getsin bir iş tapsın. Kişisən sən? Hələ də bizim əlimizə baxırsan.
Xəlil anasının iynəli atmacalarına daha öyrəşmişdi. Ona cavab qaytarmadan, həyətə düşdü. Özünü əncir ağacının kölgəsindəki çarpayıya verib uzandı, heç nəyə gərək olmayan kepkasını çıxardı.
Yadına düşdü, ibtidai sinifdə ona peyvənd vuran yekə diş, kök tibb bacısı da belə sual vermişdi:
– Qorxma, iynədi də. Kişi deyilsən?
Tibb bacısının sözlərindən sonra utanmış, qolunu cəsarətlə uzadaraq gözlərini yumub gözləmişdi. Bu düşüncələrlə qeyri-ixtiyari qollarına baxdı. Peyvəndin izindən əsər-əlamət yox idi.
Qızmar günəş əriməkdə idi. Əridikcə Xəlilin başına elə şeylər damızdırdı ki, bunlar indiyəcən ağlının ucundan da keçməmişdi. Bu yaşına kimi nə yaxın dost, nə ürək həmdəmi, nə də düz-əməlli bir işin yiyəsi olmuşdu. Nə qədər bəxtinə düşən taledən qaçmağa çalışsa da, bacara bilməmişdi. Əksinə bu tənhalığı, qaçışı bütün canına-qanına hopdurub, özünü bədbəxt, avara, vecsiz eləmişdi. Dünya onun üçün ucsuz-bucaqsız düzənliyə, o da səhranın ortasında tənha ağaca çevrilmişdi. Həmin ağac da elə bir mövsümə düşmüşdü ki, yazığın təkcə yarpaqları yox, içinin bütün rişələri, onlardan axan hissləri, duyğuları, nəyi varsa, hamısı yox olmuşdu. Daxilən işıqsız, odsuz, arzusuz və ümidsiz idi. Hər şey öz məzmununu, mahiyyətini itirmişdi. Bu dünyaya ayaq basdığına görə peşman olmuş, həyat yolunu azmışdı. Tale axır ki, nəfəsini kəsib onu özünə tabe eləmişdi... İndiyə kimi yaşadığı həyatın necə mənasız olduğunu, özünü və ətrafındakı insanları necə bezdirdiyini yada salır, gənclik illərinin sadə və maraqsız keçdiyinə görə təəssüflənir, özündən razı olduğu anları yadına salmağa çalışırdı. Heç kim ona maraq göstərmirdi. İndi başa düşürdü ki, qaçmağa çalışdığı əzablar, ona dəhşətli dərəcədə yaxınlaşmağa başlayıb. Gəncliyini arxada qoymuşdu. Gənclik illərinin bütün həyəcan və arzuları ondan həmişəlik qopmuş, həyatının əlçatmaz bir yerində qalmışdı. Heç vaxt təntənə ilə əllərini həyata doğru uzada bilməyəcəyini duyurdu. İndi işıqlı gəncliyinə həsədlə baxırdı. Ona elə gəlirdi ki, zəiflik və məğlubiyyət üçün doğulub. Əldə edə bilmədiklərinin yanğısı ömrünün axırına kimi ona əzab verəcək. Həyata qarşı dərin maraq hiss etmirdi. İndi hər şey dəyişmişdi. Aydınlıq, bəhanələr, təsəlli harasa yoxa çıxmışdı. Ona elə gəlirdi ki, bütün həyatını hədər yaşayıb. İçində xoş və incə heç bir hiss qalmamışdı.
O, yaddaşını qurdalaya-qurdalaya telefonunu açdı. Ekranın parlaqlığını artırıb ümidlə ChatGPT proqramına girdi. “Mesaj göndərin” yazılmış hissəyə toxunub yazmağa başladı:
– Salam, mənim adım Xəlildir. İyirmi altı yaşım var. İşsizəm. Anam hər gün məni uşaq kimi danlayır. Necə iş tapmalıyam?
– Salam Xəlil, iş axtarışı prosesi bəzən çətin ola bilər, lakin bir neçə addımı izləməklə siz iş axtarış səylərinizi dəstəkləyə bilərsiniz. İş tapmaq üçün aşağıdakı addımları nəzərdən keçirə bilərsiniz:
1. Özünüzü qiymətləndirin: İlk addım bacarıqlarınızı, maraqlarınızı və təcrübələrinizi nəzərdən keçirməkdir. Hansı bacarıqlara sahib olduğunuzu və hansı sahələrdə işləmək istədiyinizi müəyyən etmək vacibdir. Bu, sizə daha effektiv iş axtarış strategiyası hazırlamağa kömək edəcək.
2. CV-nizi hazırlayın: Yaxşı bir CV hazırlamaq iş axtarışı prosesində böyük rol oynayır. CV-nizdə təhsiliniz, təcrübəniz və bacarıqlarınız haqqında aydın şəkildə məlumat verməlisiniz. Həmçinin, istinadlarınızın əlaqə məlumatlarını daxil etməyi unutmayın.
3. İş elanlarını axtarın: İş elanlarına baxaraq iş axtarış prosesini sürətləndirə bilərsiniz. Onlayn iş yerləşdirmə saytları, şirkət saytları və sosial media platformaları iş axtarışı prosesində faydalı mənbələr ola bilər. Maraqlandığınız sənaye və mövqeləri araşdırın və uyğun elanları tapmaq üçün mütəmadi olaraq onları izləyin.
4. İş axtarış şəbəkənizi genişləndirin: İş axtarışı prosesində şəbəkənizdən istifadə etmək çox vacibdir. Ailəniz, dostlarınız, keçmiş həmkarlarınız və aspiranturanızın və ya universitetinizin məzunlar şəbəkəsi kimi əlaqələrinizdən istifadə edərək iş imkanları tapa bilərsiniz. Siz həmçinin əmək yarmarkalarında və sənaye tədbirlərində iştirak etməklə yeni əlaqələr yarada bilərsiniz.
5. Bacarıqlarınızı təkmilləşdirin: İşsizlik zamanı özünüzü təkmilləşdirmək üçün imkanlar axtara bilərsiniz. Onlayn təlim platformalarından istifadə edərək axtardığınız vəzifəyə uyğun kurslarda iştirak edə, sertifikatlar əldə edə və ya yeni bacarıqlar öyrənə bilərsiniz. Bu həm CV-nizi gücləndirəcək, həm də işəgötürənlər üçün özünüzü daha cəlbedici edəcək.
6. İş üçün müraciət edin və müsahibələrə hazırlaşın: Uyğun iş yerləri tapdığınız zaman diqqətlə müraciət edin. İşə müraciət prosesində tələb olunan sənədləri tam və müntəzəm olaraq təqdim etməyə diqqət edin. Həmçinin, müsahibələrə hazırlaşmaq, araşdırma aparmaq, özünü təsvir edən “lift söhbəti” hazırlamaq və potensial sualları məşq etmək üçün.
7. İş axtarışı platformalarından istifadə edin: İş axtarışı saytlarında profil yaradın və şəxsi məlumatlarınızı daxil edin. İş axtarışı məlumatlarını redaktə edin, axtardığınız sahəyə uyğun işləri izləyin və müraciət edin.
8. Networking (əlaqələr): İş axtarışında insanlarla əlaqələrinizi gücləndirmək əsas rol oynaya bilər. Sizin maraqlandığınız sahədə insanlarla tanış olun, iş məclislərinə və tədbirlərinə qoşulun, sosial mediada müəyyən qruplarda aktiv olun. İşdən razılaşmaq üçün referanslar əldə etmək də kömək olacaq.
9. İş axtarmağa sistemli yanaşın: Hər gün iş axtarmağa vaxt ayırın və istədiyiniz şirkətlərə müraciət edin. Axtarışınızı sistematik və təşkilatlı edin.
10. Freelance işlərə baxın: Freelance işlər sizə müvafiq bir sərfəlilik yarada və iş təcrübəsi əldə etməyə kömək edə bilər. Freelance platformalarına (məsələn, Upwork, Freelancer) qoşulmaq və bacarıqlarınıza uyğun işlər tapmaq üçün axtarış edin.
Unutmayın ki, iş axtarışı prosesi vaxt apara bilər və bəzən rədd cavabları ilə qarşılaşa bilərsiniz. Bununla belə, davamlı səylər göstərərək və özünüzü təkmilləşdirərək doğru fürsəti tapa bilərsiniz. Mən sizə uğurlar arzulayıram və səbirli olmağınızı xahiş edirəm!
Cavab yazmadı. Telefonu söndürüb gözünü darvazaya dikdi. Naümid bir əhval-ruhiyyə ona hakim kəsildi. Ruhdan düşmüş kimi oldu və həyatda yaxşı nə varsa hamısına nifrət elədi.
Qeyd: ChatGPT-nin cavabları redaktə olunmadan, olduğu kimi mətnə yerləşdirilib.
kulis.az