Yazıçılar, adətən, iki qrupa bölünür:
1. Kitabdan gələn, kitabın yaratdığı yazıçılar.
2. Həyatdan gələn, həyatın yaratdığı yazıçılar.
Bu təsnifat bəzi yoldaşları çox əsəbiləşdirsə də, dəqiq təsnifatdır.
Mən də yazıçıları iki qrupa bölürəm.
1. Saxta, süni yazıçılar.
2. Təbii, orqanik yazıçılar.
Yuxarıdakı təsnifatla aşağıdakı təsnifat arasında heç bir fərq yoxdur. İkisi də mahiyyətcə eyni şeydir. Sadəcə yazıçıları sünilər və təbiilər sinfinə bölmək daha konkret mövqedir. Elə mövzular, məsələlər var ki, konkret və kəskin mövqe ortaya qoymalısan. Nəm-nüm eləmək, nala-mıxa vurmaq, mızıldanmaq olmaz. Sözünün “mustafasını” birbaşa deməlisən.
Məsələn, Borxes, Kortasar, Sartr, Ceyms Coys, Rüşdi, Orxan Pamuk süni, saxta yazıçılar qrupuna aiddir. Platonovun təkcə "Qayıdış" hekayəsi adın çəkdiyim və çəkmədiyim bütün süni, saxta yazıçıların yaradıcılığından ağırdır, qiymətlidir.
Saxta, süni yazıçılar necə yaranır?
Saxta, süni yazıçıları mütaliə yaradır. Mütaliə vərdişi bir müddətdən sonra yazmaq həvəsi, daha sonra yazmaq vərdişi formalaşdırır. Amma bu həvəs və vərdiş çox vaxt aldadıcı olur.
Süni yazıçıların daxili dünyası olmur. Daxili dünyaları olmadıqlarına görə də kiçik detalları görmürlər, yaxud kiçik detallara əhəmiyyət vermirlər, onları əhəmiyyətsiz hesab edirlər. Süni yazıçılar əsərlərində oxucu ilə müəllif arasında doğmalıq hissi yaradan dialoqlar, təsvirlər yarada bilmirlər. Onlar olmayan daxili dünyalarını ideyalarla, formalarla, müxtəlif parıltılarla, "İZM"lərlə ört-basdır etməyə, sığortalamağa çalışırlar. Çox vaxt, əksər hallarda buna nail olurlar. İdeya, forma, müxtəlif parıltılar, "İZM" lər bədii təfəkkürü formalaşmamış, iradəsi zəif, mövqesiz adamları asanlıqla aldadır.
Əlbəttə, süni və təbii yazıçılar da öz növbələrində yaxşılara və pislərə bölünürlər. Məsələn, Con Maksvell Kutzee süni yazıçıdır, amma o qədər kamil və peşəkardır ki, çox güclü bədii təfəkkürün, çox güclü mütaliən, üstəlik çox güclü iradən olmasa Kutzeni təbii yazıçı kimi tanıya və qəbul edə bilərsən. Kutzee süni yazıçılar arasında, yəqin ki, ən güclü yazıçıdır. Süni olub təbii kimi görünənlər arasında ondan güclü, peşəkar, kamil yazıçı tapmaq çox çətin məsələdir.
Parıltılar və "qara çörək"
Ədəbi ictimaiyyətdə çox vaxt süni yazıçılar daha çox intellektual yazıçılar kimi tanınır. İlk baxışdan bu ədalətli münasibət, ədalətli qiymətləndirmədir. Bəli, məhz ilk baxışdan. Çünki süni yazıçıların daxili dünyaları olmadığına görə çox vaxt "İZM"lərin, ideyaların, formaların, terminlərin arxasında özlərinə sığınacaq axtarırlar. El dilində desək, folklora müraciət etsək, "küləkləməyi" sevirlər. Əksər hallarda da elə "küləkləməyi" sevən adamları aldadırlar.
Beləliklə, onlar daha intellektual yazıçılar kimi tanınırlar. Süni yazıçıların fonunda təbii yazıçılar daha savadsız, daha zəif intellektli təsiri bağışlayır. Amma bu o demək deyil ki, təbii yazıçılar kitab oxumayıblar, yaxud onların intellekti zəifdir. Qətiyyən belə deyil. Təbii yazıçıları da kitab, mütaliə vərdişi yaradır. Elə təbii yazıçılar var ki, intellekt məsələsində bütün süni yazıçıları bir-bir qatlayıb dizinin altına qoyar. Sadəcə təbii yazıçıların əsərlərində ideya, forma, müxtəlif parıltılar, "İZM"lər deyil, sırf həyat, necə deyərlər "qara çörək" ön planda olur. Əsərlərdə sırf həyatın, "qara çörəy"in ön plana çıxması, həyat lövhələrinin əsərlərdə bədii həllini tapması da mütaliənin, ağır zəhmətin, nizam-intizamın, təcrübənin nəticəsində ərsəyə gəlir. Yəni bütün hallarda mütaliə vacib şərtdir. Özü də hər zaman, həyatın hər bir dövründə. Xahiş edirəm, seyid cəddinə arxayın olan kimi heç kim öz istedadına arxayın olmasın. Mən çox istedadlı adamlar görmüşəm. Onlar istedadlarına arxayın oldular. Oxumadılar, öz üzərlərində işləmədilər və nəticədə istedadlı təlxəyə çevrildilər.
Alın yazısı?
Bəs yaxşı əgər mütaliə vərdişi insanı yazıçı olmaq yoluna qədəm qoymağa sövq və vadar edirsə, əgər mütaliə vərdişi yazıçılığın əlifbasıdırsa, niyə biri süni, başqası isə təbii yazıçı olur? Niyə mütaliə vərdişi Əliyə bir cür, Vəliyə isə başqa cür təsir edir?
Burda insan təbiəti müstəsna rol oynayır. Bu mənada "üslub insanın özüdür" sözünün nə qədər dəqiq, nə qədər qiymətli bir söz, diaqnoz olduğunu görürük.
Xülasə, dahi, böyük, yaxşı yazıçı olmağı qoyaq bir kənara, orta səviyyəli yazıçı olmaq üçün güman etdiyimizdən də artıq şərtlər lazımdır. İstedad, mütaliə, zəhmət, nizam-intizam, İNSAN TƏBİƏTİ, iradə, inadkarlıq, daimilik, məişət, coğrafiya, ənənə, yaşadığın ölkənin ictimai-siyasi-mədəni həyatı, jurnallar, müsabiqələr, festivallar, qonorar...
Saymaqla qurtarmır. Say ki, sayasan.