Cəmi dörd il keçib. Amma elə bil qədim əfsanə yaşamısan. Yuxuda möcüzə görmüsən. Dörd il hadisənin əzəmətini qavramağa bəs etməyib. Bəs etməz də. Fikir vermisinizsə, böyük dağlardan aralanmaq olmur. Sən getdikcə, o da ardınca gəlir. Beş kilometr, on kilometr...
Ya da dağ durub yerində, sən ha gedirsən, ondan aralana bilmirsən. Böyük hadisələr də belədir. Aralana bilməmək bir yana, bir də görürsən səni qarşıda gözləyir. Şair demiş, sən ona gəlirsən getdiyin yerdə...
Sevdiyim sualdır: Şuşanın azadlığı xəbərini harada eşitdin?
Məncə, hamı, xüsusən o coğrafiyada doğulub-böyüyənlər bu xatirəsini qələmə almalıdır.
Çünki bu xatirə doğrudan da var!
Mən həmin vaxt redaksiyaların birində işləyirdim. Şəhidlər Xiyabanında hazırlıq getdiyi və canlı efir avadanlıqları quraşdırıldığı üçün açıqlamanın buradan veriləcəyini bilirdim. Cəbrayılın, Hadrutun, Füzulinin azad edilmə xəbərindən sonra Şəhidlər Xiyabanından xalqa nə deyilə bilərdi? Əlbəttə, Şuşa müjdəsi!
Ancaq lap gözümüzlə görsək də Ali baş komandanın dilindən eşitməli idik bu xəbəri. Çünki bir məkanı azad etmək, hələ onu əldə saxlamaq demək deyil. İraq olsun, təzədən məğlub olub geri çəkilmək var. Bəli. Müharibədir bu. Oyun-oyuncaq deyil. Ən böyük həqiqəti isə Ali baş komandan bilir. Bütün məlumatların toplandığı birinci şəxs...
Və azad etdikdən sonra tamam-kamal möhkəmlənmədiyimiz heç bir yer haqqında nə danışmaz, nə yazmaz. Doğru oxudunuz. İşin içində bir yazmaq da vardı. Ölkə başçısı azad olunan yaşayış məskənləri və strateji əhəmiyyətli yerlər haqqında tvitter hesabında mütəmadi məlumatlar paylaşırdı. Tvitter Azərbaycanda hələ o qədər populyar olmamışdı. Hamının gözü yeni siyahılarda qalmışdı və hamı bu siyahılarda Şuşanın adını axtarırdı.
Lakin Şuşa siyahılıq deyildi!
Tanrının əlahiddə yaratdığı bu möcüzəvi şəhərin taleyimizdə iştirakı da möcüzəvidir. Sən nəinki Şuşadan, hətta Qarabağdan çox uzaqlarda – ya Xəzər sahilində, ya cənub bölgəsində, ya da Rusiya sərhədlərində doğulmusan, müharibə gedən ərazilərdə bir nəfər qohumun, tanışın yoxdur, lakin sənin yaşayışın, həyatın, rifahın, səadətin Şuşa ilə bağlıdır. Niyə? Çünki Şuşa Qarabağ, Qarabağ Azərbaycan deməkdir.
Həsrətində qaldığımız 27-28 ildə bu həqiqəti bütün təfərrüatı ilə anladıq.
Musanın qövmü 40 il səhranı dolaşıb durulan kimi durulduq. Vətənimizin bütövlüyünün evinizə, soyuducumuza, övladımızın özünü əsl insan kimi hiss etməsinə qədər gedib çıxdığını gözlərimizlə gördük. Bizi Zəfər Gününə qovuşduran milli birlik, ağıllı siyasət, güclü ordu ilə yanaşı, bəlkə, onlardan da artıq vətən məfhumunu dərindən anlamağımız oldu.
Çünki adını çəkdiyim hər üç komponent vətəni dərk etməyin nəticəsidir.
Gözlədiyimiz kimi, ölkə başçısı canlı yayıma çıxdı və Şuşanın azad edilmə xəbərini verdi.
Mən iş otağımda, kompüter arxasında göz yaşlarımı saxlaya bilmədim.
Bu xəbər təkcə dirilərə deyil, həm də Şəhidlər Xiyabanında uyuyanlara verilirdi.
Ruhunuz şad olsun, qanınız yerdə qalmadı, əzab-əziyyətiniz havayı getmədi deyilirdi...
Şuşanın azadlığı yalnız Şuşanın azadlığı deyildi – həm də buna sevinirdim. Bütün böyük hadisələr belədir. Onlar heç vaxt yalnız göründüyündən ibarət olmur. Yeni zaman və məkan dəyərlərini müəyyən edir, bir xalqın, bir toplumun, bəzən böyük bir coğrafiyanın taleyini dəyişir.
Şuşanın azadlığı təkcə Azərbaycanda deyil, bütün Qafqazda yeni tarixin səhifəsini açdı. Böyük güclər təzədən hesab-kitab tutdular. Eyni zamanda, yerdə qalan rayonlarımızın – Ağdamın, Laçının, Kəlbəcərin qansız-qadasız azad edilməsi imkanı yarandı.
Bir il sonra Laçın post məntəqəsi separatçıların üzünə bağlananda, mən o yerləri yaxşı tanıyan biri kimi yazdım: “Bu hadisə Şuşanın azadlığı qədər əhəmiyyətlidir”.
Bir də gördüm “Şuşanın azadlığı” ifadəsindən bədii fənd, mübaliğə kimi istifadə edirəm.
Biri çox yaxşı şeir, hekayə yazanda, yaxşı muğam, mahnı oxuyanda “Şuşaya bayrağı taxmısan!” deyirdim.
Qısa, konkret və təsirli.
Bu yaxınlarda ustad Aşıq Ələsgərlə bağlı bir məqalədə belə bir cümlə işlətmişdim: “Azərbaycanın aşıq poeziyasını 44 günlük müharibəyə bənzətsək, Ələsgər yaradıcılığı Şuşaya bayraq taxılma məqamıdır...”
Cümlə bomba kimi partladı. Yüzlərlə adam zəng edib, yazıb öz sevgisini, sevincini bölüşdü. Yazının belə sirləri var. Yaxşı yazanda oxucunu sevindirir.
Müəllifə sevginin mənbəyi də əslində bu gizli sevincdir.
Mən Aşıq Ələsgərlə bağlı işlətdiyim bənzətmədə bayrağı Şuşaya taxa bilmişdim!
Ümumiyyətlə, hər kəs öz sahəsində bunu bacarmalıdır.
Hər kəs öz sahəsinin bayrağını Şuşaya taxsa, Azərbaycan dünyanın ən güclü ölkəsinə çevrilər.
İstəyirəm yazımın bu yerində sizə balaca bir əhvalat danışım. Bir gün Məhəmməd peyğəmbər Qüreyşin harasa səfərindən istifadə edib yeniyetmə Əlini də götürür və gedib Kəbədəki bütləri yıxmağa başlayır. O, Tanrının təkliyini hamıdan əvvəl öz qohumlarına və Kədə ziyarətçilərindən pul-para qazanan varlı məkkəlilərə izah etmək üçün bu addımı atmalı idi. Bütün bütləri yıxırlar, lap yuxarıda bir balacası qalır, Məhəmməd Əliyə deyir, ayağını çiynimə qoy, qalx, onu da yıx. Əli deyiləni edir, peğəmbərin çiyninə qalxıb əlini bütə uzadanda Məhəmməd buyurur:
– Əli, nə gözəl məqamdasan? Başının üstündə Allah, ayağının altında peyğəmbər, özün də büt yıxırsan!
Görəsən, son 200 illik tariximizdə Şuşaya bayraq taxılmasından daha müqəddəs bir hadisə baş veribmi?
Bəlkə, elə buna görə Şuşanın azadlığı günü – Zəfər Günü, Bayraq Günü ilə yanaşı düşüb?
Tarixin belə cilvələrini çox görmüşük.
"Vətən səsi"