Buy gün tanınmış şair-esseist, tənqidçi-ədəbiyyatşünas Qismət Rüstəmovun doğum günüdür. YeniYaz.Az bu münasibətlə Qismət bəyi təbrik edir, onun "Qumru əlifbası" şeirini oxucuların diqqətinə çatdırır
Qumruların Dəfnədən dən gözləyən çağında,
Ata-bala gəzişirdik yenə Cavid bağında.
Yerdən göyə bəstələnən fəvvarənin suları,
Yaman məsud eləyirdi Dəfnəni, qumruları.
Düşünürdüm, yaz günəşi təbəssümlə alışır,
Onda gördüm alagözlüm bir qumruyla danışır.
Susub baxdım onlara, aralı gəzdim bir az,
Qumrularla uşaqların sözünü kəsmək olmaz!
Kim deyib ki, quş dilini ancaq Süleyman bilir,
Uşaqlıqda bu lisanı, məncə, hər insan bilir.