Yeniyaz.az gənc şair Malik Atilayın şeirlərini təqdim edir.
Taleyinə uduzmuş qadınlar
Uşaq evi -
Gözlərində qorxu böyüdən uşaqların
Qulaqlarından
Qadağalar sırğatək asılıb,
Tərli pəncərədə "ana" yazılıb...
Qadınlar -
Sıraya düzülmüş
Yolların kənarında
Dan yeri sökülür,
Günəş yaşlı müəllim kimi
Asta-asta qalxır göyün pilləkənlərini.
Taleyinə uduzmuş qadınlar evlərinə dönür,
Yarıyuxulu körpələrin gözləri
Güllə kimi açılır onların üstünə
İlk eşitdikləri söz - ana...
Qocalar evi -
Əzilmiş vərəqə bənzəyən üzlərdəki
Ümidsiz, çarəsiz təbəssüm.
Altını bulayan qadın buğlanan gözləriylə görür ölümü.
Və yuxusunda hər səhər eşitdiyi
"ana" sözünə qarışır
Söyüşləri sanitarın...
Dodaqların toz tutub
Gecənin qaranlığını yumaq istəyir yağış
Dünyanın işıqları sönüb
Ovcunda içini çəkə-çəkə yanan siqaretin
gücü çatmır qaranlığa.
Nabələdsən bu şəhərin küçələrinə,
Yadsan bu şəhərin qaranlığına,
Büdrəyirsən hər addımda.
Sərxoşluğun heç kimə tanış olmayan
dildə danışır yalnızlıqla,
Bir kimsənin anlaya bilmədiyi dildə susmusan...
Uşaqlıqda evinizdəki köhnə xalçanın
saçaqlarıyla oynayarkən
Necə sakit olurdunsa eləcə kirimisən.
Dodaqlarını toz tutub,
Susmusan...
Şamın cinayəti
Yanan şamın alovuna uzanırdı
Qələmə bənzəyən barmaqların
arasındakı əzilmiş siqaret,
Şam işığı
Titrəyərək
Boylanırdı qaranlığa.
Masa arxasında əyləşmiş kişinin
Ahına oynayırdı şam işığı
Divardan asılan qadın şəkli
İzləyirdi olub-bitəni.
Tək şahid o idi
Yandırılan siqaretə
Siqareti yandırdığı üçün titrəyən şama,
İtirdiyi xoşbəxtliyin peşmançılığını çəkib
Ağlını itirməmək üçün başını
boş qalmış əllərinin arasına alıb
Bərk-bərk sıxan adama...
Qalx göylərə
Çıxar xəyallarının ayağından qandalları,
İlk dəfə ayaq açan uşaq qorxusu ilə yeri.
Arzularından nərdivan düzəlt
Qalx göylərə
Ovuc dolusu ulduz yığ göylərin sinəsindən.
Hər gecə yatanda sabahı deyil,
İllər sonranı düşün...