Fevralın 1-i “Qanun” Nəşrlər Evində tərcüməçi-şair Firidun Ağazadənin 75 yaşının tamam olması münasibəti ilə yubiley tədbiri keçiriləcək.
Tədbirdə yubilyara aid videorolik nümayiş etdiləcək və onun yaradıcılığı haqqında tanınmış tərçüməçilər, şairlər çıxış edəcəklər.
Nəşriyyatda fəaliyyət göstərən M. Teatrın aktyorlarının ifasında müəllifin şeirləri səslənəcək.
Yubiley tədbirində Firidun müəllimin tərcümə etdiyi kitablar da nümayiş olunacaq.
Məlumat üçün bildirək ki, Firidun müəllim keçmiş Xarici Dillər Universitetini bitirib, müxtəlif nəşriyyat və redaksiyalarda tərcümə redaktoru işləyib.
Bir müddət Dövlət İdarəçilik Akademiyasında ingilis dilindən dərs deyib.
O, Mətbuat Şurasının eksperti kimi Dövlət İmtahan Mərkəzinin (DİM) jurnalistikadan qabiliyyət imtahanlarının daimi ekspertidir.
Firidun Ağazadə jurnalistika sahəsindəki xidmətlərinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
Ölkə mətbuatında, İnternet saytlarında publisist yazıları, məqalələri, köşə yazıları ilə müntəzəm çıxış edir.
O, üç şeir, iki esse və publisistika kitabının müəllifidir.
İngilis dilindən tərcümə etdiyi onlarla kitabın mütləq əksəriyyəti “Qanun” Nəşrlər Evi tərəfindən çap edilib və oxucuların böyük marağına səbəb olub.
Firudin müəllim tərcüməçi kimi fəaliyyətdə olduğu 35 il ərzində dilimizə Somerset Moem “Ay və qara qəpik”, “İnsan ehtiraslarının yükü”, Xalid Hüseyni “Min möhtəşəm günəş”, “Dəniz duası”, Paulo Koelyo “Hippi”, “Sülhün mənası”, “Brida”, “Aldatma”, Çak Palanik “Həzz markası”, Sidni Şeldon “Güzgüdəki naməlum adam”, Steven Kovey “Yüksək effektli insanların yeddi vərdişi”, Robert Qrin “Ustalıq”, Den Braun “Vəhşi simfoniya” kimi neçə-neçə dünyaca məşhur kitablar qazandırıb.
O, tərcüməçilik fəaliyyətini indi də yüksək enerji ilə davam etdirir.
Firidun müəllimi Nəşriyyatımızın kollektivi adından ürəkdən təbrik edir, ona sağlamlıq və yeni yaradıcılıq uğurları arzulayırıq.