Tək yaşayan qadınların kişisidir ağrı - Alikdən şeirlər

Tək yaşayan qadınların kişisidir ağrı   - Alikdən şeirlər

18 Avqust 2022 12:57 556


Bu gün tanınmış şair Alik Əlioğlunun doğum günüdür. YeniYaz.Az bu münasibətlə Alik bəyi təbrik edir, onun bir neçə şeirini oxucuların diqqətinə çatdırır.

Yad şəhərdə

Səhərlər durub tanımadığımız
Bir şəhərin dar
küçələrini süpürürük, zibilini daşıyırıq

Gecələr
Oyanıb dərisini gün yandırmış
Qıvrım cod saçlı yetim uşaqlara
Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

Kimsə gəlməlidir.
Günlər uzanır və heç kəs gəlmir.

Geriyə baxmaq dəhşətlidir.
Görürsən ki,
Illər öncə qulağını qatar relsinə dirəyib
Qatarın səsini dinləməklə
Uzaqlar arzusunda yaşadığınçün
Səni gətirib uzaqlara atıblar...

Görürsən ki, yiyəsizsən...

Görürsən ki, bu amansız məhəllədə
Günbəgün itlər də yoxa çıxır,
Pişiklər də...
Bilmirsən öldürürlər, ya azdırırlar...
Və sən
Bilmirsən hönkürüb ağlayasan
Ya sadəcə kədərlənəsən...

Elə bir doğma adam gəlməlidir ki,
Onu öpmək yox, qoxulamaq istəyəsən.
Yanında olduğuna əmin olmaq üçün
əlini üzünə qoyub yoxlamaq istəyəsən...

Günlər uzanır. Heç kəs gəlmir...
Və sən bir-bir ölürsən...

Atamın əziz xatirəsinə

Yuxuda atamı gördüm...
Hələ də həminki kimi arıq
və ciddidir...

"Ata, adamlar məni yaman incidir..."- dedim.
Gözü yaşardı...

Sonra hardasa
top oynadıq...
Mən uddum!

Atam məni qucağına
alıb başımdan öpdü...
Sonra yerimə uzandım,
üstümü örtdü
və getdi...

Atamın və oğlumun xatirəsinə

Martın son günləridir.
Ayaqüstə dayanıb
Hamının susduğu kimi susuram.

Sinəmə çəkdiyim hava
Ayağımı basdığım torpaq

Məni sərxoş edir...

Dağın başında kimsə gedir.
Uzaqlaşmaqda...
Dönüb boylanır,
Havada yellənir bir əl...

Çağırır:
Gəl, gəəl!

Bilirəm ki, indi getməsəm
Bu köhnə evdə
Toz-torpaq,
Köhnə şəkillər,
Çirkli pəncərələr
Və bozarmış paltarlarım
Var...

Bilirəm, təklikdə öləcəm burda...

Martın son günləridir
Həyətdə oturub
Hamının susduğu kimi susuram.

Küçələr boşdur,
Uşaqlar oynamır.
Adamlar köçüb gedib.
Bütün qəsəbə
Sükut içində...
Mən öz evimi sevirəm!

Mart bitir.
Pəncərə önündə
Hamının susduğu kimi susuram:

Həyətimdəki boş yelləncək
Mənimlə birgə gözləyir:
atam – qucağında oğlum – gələcək!

Qadının təkliyi

Ah, bu nə ümidsizlikdir
Gecədə
Yerimin içində
Anamın ağrıdan iniltisini və
Bethovenin musiqisini dinləyirəm...

“Təklik” deyə vahiməli
qadın pıçıltısı gəlir qulağıma...
Tək yaşayan qadınların kişisidir ağrı,
Xəstəlik...
Hələ üstəlik
Bir az da gərginlik və əsəb...
Ah, qadın və əzab...
Sevgi görməyən gözlərini
Torpaqdan ayır
Göyə bax,
Günəş saçını darayır...

Ondan bir az sevgi istə
Allaha qucaq-qucaq
Bu dəfə sonundan başla,
Axşama günəş çıxacaq...