YaniYaz.az filosof Ağalar Qutun “Tənqidin tənqidi” essesini təqdim edir.
Azərbaycan təfəkkür fəzasında tərifi tərif, tənqidi isə tənqid etmək tənqidə layiq sayılır. Azərbaycan kulturasında onilliklərdir ki, tərif – yaltaqlıq, qorxaqlıq, geridə qalmışlıq və mühafizəkarlıq; tənqid – ağıllılıq, cəsarət, novatorluq, mütərəqqilik kimi qəbul edilir. “Tənqidçi” olmaqlıq tərifəlayiq sayıldığı halda, dilimizdə “tərifçi” sözünün özü belə yaranmamışdır. Bu halın özü tənqidə, yoxsa tərifəlayiqdir? Tarixin dayanmadan dönən təkərini – çərxi-fələyi döndürən insani güc tənqid, hətta hegelçi inkar hesab edilirsə, deməli, istənilən tənqid və yaxud inkar indini keçmişləşdirir, gələcəyə əbəlik (mamaçalıq) edir. Tənqid edilməyimizin bizə ölüm hökmü kimi və yaxud qara xəbər kimi qorxulu və kədərli görünməsinin səbəblərindən biri budurmu? Amma umacaqlı, eqoist, yanlış tərif ola bildiyi halda, bilərəkdən ya bilməyərəkdən çaşdırıcı, min bir qorxudan törəyən, yanlış tənqid də yoxdurmu? Tarixin ancaq tənqidlə yoxuşa yüksələcəyinə inandığımız təkəri bəzən aşağı sürüşmürmü, irəliləmək istəyərkən bəzən azmırıqmı, uçurumdan yıxılmırıqmı?! Tarixdə bütün fəlakətlər tərifdənmi baş vermişdir? Doğrudanmı bu fikirdəyik ki, tərifin xeyrindənsə tənqidin şəri yaxşıdır.
Tutalım, yaddaş sahəsi üzrə alim olan bir şəxsin yaddaş mövzusunda bizdən daha çox bilməyi onun hələ bizdən daha yaddaşlı olmasını göstərmir; sağlamlığımızı tapşırdığımız həkimlər öz sağlamlıqlarını heç də hamıdan daha yaxşı qoruyan şəxslər deyildirlər; bir şəxsin futurist və yaxud futuroloq olmağı onun bizi zaman baxımından ötmüş olduğuna, bizdən gələcəkdə yaşadığına dəlil deyildir. Eyni sözlər tənqidçiliyə, tənqidçilərə də aiddir. Bu mənada başqalarını kəsə yoldan ötmüş, üstələmiş, udmuş görünmək üçün tənqid etmək – müftəxor sui-istifadəçilik növlərindən biridir.
Tənqiddə ekshibisionizm elementi vardır (yəni, göstərib həzz almaqlıq; burada ekshibisionizm deyərkən ağlını, biliyini, intellektual üstünlüyünü nümayiş etdirməkdən alınan həzzi nəzərdə tutmuşam, amma əzələsini, varını, vücudunu və s. göstərib həzz alan ekshibisionistlər də mövcuddur). Bax, mən onu tənqid edirəm, deməli, gördüyünüz kimi mən ondan ağıllıyam, ondan üstünəm, güclüyəm, çünki onun səhvini tutdum. Göründüyü üzrə, tənqid sivil dalaşmaq üslublarından biridir.
Nəzərə alsaq ki, dilimizdə “dalaşmaq” feili acılamaq, sancmaq, yandırmaq kimi mənalar bildirən “dalamaq” feilinin müştərək formasıdır, onda ərəbcədən alınma “tənqid etmək” mürəkkəb feilinin dilimizdəki tərcümələrindən biri (indilik birincisi) “dalamaq” feilimiz ola bilər. Səni sırf ağulamaq, sənin qanını qaraltmaq üçün sənin sözünü, yazını, hərəkətini tənqid edirəm. Bu tənqiddə məqsəd – şəxsi, subyekti dalamaqdır.
Tənqid – peşman etmək məqsədi daşıyan cəza tədbiridir. Bax, sən bunu belə yazarkən, belə deyərkən, belə edərkən bu cür bir tənqidlə qarşılaşacağını ağlına gətirmədiyin üçün indi mənim tənqid cəzamla peşman olmağa məhkumsan. Tənqid – fürsətdir.
Tənqid – qoşulmamağın, yaxasını qırağa çəkməyin elanıdır; tənqid edirəm, bununla başqalarından fərqli olmağımı elan edirəm, təslim olmuram. Məni bəlkə sonra xatırlayarsınız deyə, varlığımın gələcəyini tənqidimlə təmin etmək istəyirəm, özümü indidən sığortalayıram: “Sizə demişdim! İndi özünüz bilin, ta mənlik deyil”.
Tənqidçilik – qorxudan da törəyir. Dünyanı mübarizə, rəqabət və baş verən hər şeyi özünə qarşı hücum kimi qavrayanlar üçün tənqid boks rinqi pozasıdır. O, özünə tərəfdarlar ordusu toplamaq və hədəfi təkləmək tədbiridir. Tənqidçilik həm də psixolojiq bir vərdişdir, xasiyyətdir; daimi tənqidçilik biradamlıq kamera tənhalığıdır. O, dünya ilə və insanlarla qucaqlaşa, qovuşa, dərdləşə bilməmək yalqızlığıdır.
Tərifi sevgi, şəfqət gücünə edirsənsə, tənqidi acıq, nifrət gücünə edirsən. Öz yaradıcı gücünü sevgidən də almaq mümkündür, nifrətdən də. Lakin yaradıcılığın ancaq narazılıq, ancaq qeyri-məmnunluq və nifrətlə bəslənməsi heç də tərifli hal deyildir. Doğrudanmı nifrət sevgidən daha bərəkətlidir?! Doğrudanmı tarixin təkəri ancaq nifrətlə dönür?
Tənqid başqa bir mənada da qorxudur, daha doğrusu, nigaranlıqdır; belə ki, o, şəfqətlə, anacasına muğayat olmaq, xəbərdarlıq etmək, ehtiyatlı olmağı tapşırmaq, sakitləşdirmək, soyutmaq, çəkindirmək, kiritmək istəyidir. Misal üçün, sevdiyini, balanı, doğmanı, atanı, ananı, körpəni danlayırsan, çünki onlar üçün qayğılısan. Deməli, tənqid həm də sevgidən doğulan mükəmməlləşdirmək, təkmilləşdirmək, tərbiyə etmək, bir sözlə, əzizini qorumaq arzusudur. Tənqiddə ağrı, kədər, nigaranlıq, şəfqət, analıq, ürəyi titrəmək yoxdursa, deməli, o tənqiddə gizli sevinc var, düşmənçilik var, kin var. Sənin tənqidin “O gün olsun bundan daha yaxşı olasan!” alqışı deyilsə, onda o, “Səni görüm yox olasan!” qarğışıdır. Tərif isə əksinə, cəsarətləndirmək, qol-qanad vermək, tərif edilənin özünə inam aşılamaq tədbiridir. Tənqid etmək üz-üzə dayanmaq, tərifləmək qucaqlamaqdır.
Qədim Şərqdə tənqidə belə başlayardılar, məsələn: “Ay içi ağ, üzü qara şabalıd”. Qədim Şərq kitablarında irad bildirərkən elə ikibaşlı, elə dolaylı ibarələrdən istifadə edərdilər ki, tənqid edildiyini gec kəşf edəsən. Axı, bizdə qara xəbəri əsla (a)lovxəbər kimi deməzlər. Bizim kulturamızda aşıq və meyxana deyişmələri həm də tənqidi estetikləşdirmək, incəsənət hadisəsinə çevirmək cəhdləridir.
Qərbçi maarif məktəbi bizə qədim şərqli köklərimizi unutdurduğundan biz tənqid etməyin necə çətin dil stilistikası və necə incə ürək tələb etdiyini artıq nəzərə almırıq, çox qabalaşmışıq, üstəlik, qarşı tərəf də tənqidə qarşı mənəvi hazırlığı olmadığından biz bir-birimizin qəlbində rahatlıqla yaralar aça və beləcə hətta istəmədən özümüzə qarşı küskünlük və nifrət yarada bilirik. Bir-birimizi tənqidimizdə bəzən ən düşməncəsinə, ən acı, ən qəzəbli ifadələr görmək mümkündür. Amma uzaqdakını yanımızdakına tərifləyəndə sözə “Səndən yaxşı olmasın” ilə başlayırıq ki, birdən ikincini istəmədən incitmiş olarıq.
Tərifləmək qəbul etməkdir; qarşı tərəfin təkcə fikirlərini yox, ancaq məhsulunu, davranışını, sözünü yox, bütövlükdə özünü, doğuluşunu, bütün varlığını qəbul etmək. Tərif – təslim olmaq ehtiyacıdır, o, bir tərəfdən özgəsini öz içinə buraxmaqdırsa, o biri tərəfdən ona öz sırasında yer vermək (inisiasiya), onun yaşamaq hüququnu alqışlamaqdır. Tənqid – “Mən (də) varam!” və yaxud “Axı, sən niyə varsan?!” deməkdirsə, tərif – “Sən (də) varsan!” və yaxud “Sən nə yaxşı varsan!” deməkdir.
Tənqid tərifdən fərqli olaraq məsuliyyətsizdir. Tənqid edirəm, şayəd tənqidim özünü doğrultmasa, onda deyərəm ki, tənqid etməmiş olsaydım, belə yaxşı nəticə olmazdı, yəni, yaxşı nəticə mənim elə tənqidim sayəsində oldu. Tərif edirəm, şayəd tərifim düz çıxmasa, onda özümü necə təmizə çıxara biləcəyəm? Bu baxımdan tərif etmək vəd etmək, söz vermək kimi riskli işdir. Tənqiddə sən tənqid etdiyini özündən araladığın üçün məsuliyyəti də özündən uzaqlaşdırmış olursan, tərifdə isə sən özün onun üçün könüllü məsuliyyət altına girirsən. Tənqid cəsarətdirsə, cəzalandırılmaqdan qorxmamaq cəsarəti; tərif də cəsarətdir, gələcəkdə səhv çıxmaqdan çəkinməmək cəsarəti.
Şərq nə mədhiyyəbaz olmuş, nə də səhv tutmaq, razılaşmamaq, yeni yanaşmayla alternativ yaratmaq mənasında tənqidi Qərbdən öyrənmişdir. Məsələn, Zərdüştün sorağı Buddaya çatmış, Budda Zərdüştün atəşpərəstliyini belə tənqid etmişdi ki, yanmaq yox, əksinə, sönmək (yəni, nirvana olmaq) gərəkməkdədir. Və yaxud, F.Əttar ölməzlik (abi-həyat) axtaran qədim şumerli Bilqamıs-ı tənqid edir ki, biz aşiqlər eşqimiz yolunda həyatımızı verməyə hazırıq, canımızı fəda etməyə can axtarırıq, Bilqamıs isə öz canının hayındadır, o, dirilik suyu axtarır, əbədi yaşamaq istəyir. Göründüyü üzrə, bunlar da tənqiddir, özü də çox yüksək əyarlı fəlsəfi-metafiziki tənqidlərdir. Və yaxud, Lao Tse Konfutsi-ni, İbn Sina Aristotel-i, Əl-Qazzali İbn Sina-nı, İbn Rüşd Qazzali-ni tənqid etmişdi. Mövlana C. Rumi Məsnəvidə “Hərflərdə məna olmaz, onlar mənanı çatdıran işarələridir” deyərkən hürufiliyi, İ. Nəsimi-ni tənqid edirdi. Bütün bu tənqidlər insanlıq tarixinin bizə gəlib çatan təkcə ən həyəcanlı, ən hörmətli, ən mənalı dialoqları deyil, eyni zamanda, yeni yanaşmanın, alternativin, təzənin doğuluşudur.
Qədim Yunanıstanda Parmenid Heraklit-i, Platon hər ikisini, Aristotel Platon-u, sonrakı dövrdə isə bütün qərbli filosoflar bütün başqa filosofları tənqid etmişlər. Lakin Avropa təfəkküründə tənqidin institutlaşması Dekart-ın “[Mən] Fikirləşirəm, deməli, mövcudam” (Cogito ergo sum) cümləsiylə başlanır. Sonrakı dövrdə bu məşhur kartezian cümlədən aşağıdakı mətləblər çıx(arıl)dı: Allah nə əmr edir etsin, ənənə nə tələb edir etsin, başqaları nə istəyir istəsin, burada mənəm düşünən, mənəm qiymət verən, mən – fərd kimi! Bu, individualizmin, liberalizmin, Fransız İnqilabının, demokratiyanın, “allahın ölməsi”nin (Nitsşe), sonrakı bir çox fəlsəfi çevrilişin rüşeymi, bir sözlə modernizmin doğuluşu idi. Bizim mövzumuzla əlaqədar olaraq isə “[Mən] Fikirləşirəm, deməli, mövcudam” cümləsi Avropa təfəkkür fəzasında fərdi tənqidin başlanması demək idi. Dekart-a qədər narazı çoxluq və tək-tək tənqidçi filosoflar vardısa, Dekart-dan sonra hamı tənqidçi olmağa başladı. Çünki fərd olmaq tənqidçi olmaqla ölçüldü – tənqid edirəm ki, mövcudluğum görünsün. Çünki başqa cürə özümü ümumi kütlədən necə ayırıb, fərdləşdirə bilərəm ki?!
Dilimizdə tənqidçilik anlayışının əksi kimi tərifçilik sözü yaranmamışdırsa da, keçmişdə aşiqlik, məqbul saymaq, şükür etmək elə “tərifçilik” anlayışını bildirən sözlər idi. Qədim Şərqdə deyərdilər: “İtaət borcumdur!” İndi bu ifadəni sırf nəzakət kontekstində bir təşəkkür, minnətdarlıq müqabilində qısaldıb “Borcumdur!” şəkində söyləyirik. Aşiq, şükürçü, təvazökar, itaəti özünə borc sayan dini Orta Əsrlər öz yerini tənqidçi, rəqabətçi, fərdiyyətçi, asi, narazı, inkarçı (Hegel, Nitsşe), elmi Yeni Dövrə (modernizmə) verdi.
Ərəbcə “tənqid” sözü yunanca “kritika” (krinein) sözünün tərcüməsidir. Qədim yunan dilində “krinein” feili ayırmaq, arıtlamaq, ayırd etmək və ardından da buna əsasən qərar vermək, hökm çıxarmaq deməkdir. Lakin sonralar Avropa dillərində, oradan da rus dilində “kritika etmək” feili rədd etmək, pisləmək, töhmət etmək kimi mənalar da bildirməyə başlamışdır. Bizim dördcildli İzahlı Lüğətimiz də “tənqid” sözünün qarşısında “bir şey haqqında mənfi fikir, rəy” mənasını yazmışdır. Bununla da biz tənqid etmək feilinin ikinci – növbəti tərcüməsini irəli sürə bilirik; bu, yamanlamaq feilimizdir. Əgər dalamaq kimi tənqiddə başlıca məqsəd subyekti acılamaq, ağulamaq, onun qanını qaraltmaqdırsa, yamanlamaq kimi tənqiddə isə əsas niyyət – obyekti, yəni, sözü, hərəkəti, yazını və s. gözdən salmaq, alçaltmaqdır.
Kritika sözünü terminləşdirən alman filosofu Kant olub. Kant-ın dilində o, anadangəlmə əqli qabiliyyətlə sonradan təcrübə ilə öyrənilən əqli materialın ayırd edilməsi, başqa sözlərlə desək, safı qatışıqlıdan, xalisi bulaşıqlıdan (apriorini aposterioridən) ayırmaq, qısaca desək, ayırd etmək metodu idi. Səhih hədislərlə zəif hədislərin və yaxud möhkəm ayələrlə, tutalım, mütəşəbbeh ayələrin bir-birindən fərqləndirilməsi kimi. “Kritik vəziyyət” deyərkən də ya o yanlıq, ya bu yanlıq ola biləcək, yəni yol ayrıcı kimi təhlükəli vəziyyətlər nəzərdə tutulur. Beləliklə, tənqid etmək feilinin dilimizdə üçüncü – sonuncu tərcüməsi ayırd etmək feilimizdir. Müasir terminologiyada “kritika” “analiz” sözünün sinonimi kimi də işlədilir, məsələn, “ədəbi tənqidçi” – ədəbi əsərin analiziylə məşğul olur, müəllifi dalamaqla və yaxud ədəbi əsəri yamanlamaqla yox.
Sırf yeri gəldiyi üçün məlumat kimi deyim, deməli, ağlın sərhədlərini göstərmək üçün “Xalis ağlın tənqidi” kitabını yazan Kant-dan təqribən 700 il qabaq yaşayan, Avropada Alqazel olaraq tanınan, əsərləri yayılar-yayılmaz sxolast tərcüməçilər tərəfindən dərhal latın dilinə tərcümə edilən, əldən-ələ gəzən və müzakirələrə çıxarılan Əbu Həmid əl-Qazzali “Xalis elmin sərhədlərinə dair” adında bir kitab da yazmış və o kitabda insan ağlının çata biləcəyi və bilməyəcəyi bilikləri bir-birindən ayırmışdı. Lakin Kant-ın nə özü, nə də avropalı kantşünaslar Qazzali-nin adını Kant-ın adıyla yanaşı çəkməyi Avropa filosofiyasının şanına sığışdırırlar.
Almaniyada hakim, dominant fikir yürütmək forması bir məsələnin pozitiv, müsbət yaxşı tərəfləriylə (almanca “Vorteil”), o məsələnin neqativ, mənfi, yaman tərəflərini (almanca “Nachteil”) ayrı-ayrı sadalamaq, bir sözlə, pisi yaxşıdan, xeyirlini yaramazdan ayırd etmək, sonra onları tərəzidə çəkərək öz qərarını əsaslandırmaq metodudur. Qısaca desək, bu “bunun burası var, onun da orası var” fikir yürütmə metodu əslində şol (həmin) kantçı kritika metodudur.
Almanların bu tənqid üslubundan belə başa düşmək olur ki, münasibət bildirdiyin məsələnin, tənqid etdiyin nəsnənin müsbətini demədən ancaq mənfisini söyləmək, yaxşı yönünü demədən, eləcə pis yönlərini sadalamaq ən azından nəzakətsizlikdir, fəlsəfi-ontolojiq baxımdan isə xətadır.
Tanış ola bildiyim ərəb dili lüğətlərinin dediyinə görə “tənqid” nağd sözündən də tanıdığımız “naqada” (نقد) feilindən yaranmışdır; naqada – xilas etmək, azad etmək, nağd ödəmək, yarmaq, doğramaq, dimdikləmək, yoxlamaq kimi mənalar bildirir. Beləliklə, göründüyü kimi, nə qədim yunan dilində “krinein” feilinin, nə də ərəb dilində “naqada” feilinin mənaları arasında pisləmək, alçaltmaq, qüsur tapmaq kimi mənalar vardır. Sözlərin mənası sonralar genişlənmişdir.
Tənqidin bir belə dəbə minməsinin başlıca səbəbi maarifçiliyin rasionalizmidir. Belə ki, rasionalizmdə varlıq “ratio” (ağıl) boyda olur, kiçilir, daralır. Rasionalizmə görə qeyri-əqli hər şey rədd edilməlidir. Rasionalizmdə ancaq təcrübi elmin (rəqəmlərin, qrafiklərin, formulların və s.) yaşamaq hüququ vardır. Yeni Dövrdən (modernizmdən) etibarən dünyaya yayılan Qərb sivilizasiyası insan şüurunu əslində dəhşətli dərəcədə daraltmışdır. Rasionalizm qeyri-rasional qədim bəşəri irsi anlaya və yoza bilmədiyi üçün yeganə əlacı onları yamanlamaqda görür. Beləliklə, modern tənqidçiliyin təzyiqinin böyüklüyü onun rasionalizmin dar boğazından fışqırmasındandır. Özünü tarixi tərəqqinin qarantı hesab edən rasionalizm tənqidi – tərəqqinin yeganə şərti hesab edir və nəticədə də dörd bir yanını yamanlayır.
Tərif anlayışına gəldikdə, ərəb dilində tərif (تعريف) sözü definisiya etmək, tanış etmək, təqdim və təyin etmək deməkdir. Bir nəsnənin tərifini vermək o nəsnənin mahiyyətini sözlər vasitəsilə müəyyənləşdirməkdir. Vəsf etmək – bir şeyin vəsflərini (keyfiyyətlərini, məziyyətlərini və s.) sadalamaq, yəni, onu təsvir etməkdirsə, tərif onu definisiya etməkdir. Məsələn, gəlin, “ağac” anlayışına bir tərif verməyə çalışaq; mən ağaca belə tərif verərdim: “Kökü torpağın altında olub, özü dirək və yaxud kol kimi yuxarıya sarı dikələn, gövdədən, budaqlardan və yarpaqlardan ibarət canlı bitki növü.” Bu oldu ağacın definisiyası, yəni tərifi. Lakin abstrakt anlayışları ağac kimi belə rahat və demək olar mübahisə doğurmayan şəkildə definisiya (tərif) etmək mümkün deyildir. Məsələn, bilmək nədir, varlıq nədir, ağıl nədir?..
Ərəbcədə tərif sözü etiraf, irfan, mərifət, arif, tərəf kimi sözlərlə qohumdur. Sözün bütün mənalarından təxminən belə bir xəyali hekayə uydurmaq mümkündür ki, sanki kimisə kiminləsə tanış edərkən onu qarşı tərəfə yaxşı, xoşagəlimli cəhətləriylə təqdim edirsən və yaxud yenicə doğulan körpəyə gözəl bir ad seçib onu dünyaya o gözəl adla çıxarırsan. Deməli, sən bir nəsnəni, ya da bir şəxsi alçaldırsansa, pisləyirsənsə, onun barəsində acı-acı danışırsansa, hələ mahiyyətdən danışmırsan, hələ arif deyilsən, mərifət mərtəbəsinə qalxmamısan. Ərəb dilində “cövhər” sözü (biz “gövhər” də deyirik) həm parlaq və qiymətli daş-qaş, həm də mahiyyət (substans, essensiya) deməkdir. Deməli, mahiyyət tərifəlayiq (tərifəlayiq!) daş-qaş kimi orada parlamaqdadır. Bir sözlə, bir nəsnənin tənqidi (yamanlanması) onun tərifi (definisiyası) deyildir. Yox, yaxşı demədim; bir nəsnənin tərifi (definisiyası) onun tənqidi (yamanlanması) ola bilməz. İndi daha yaxşı dedim. Beləliklə, tərif sözü dilimizdə iki anlayışı birdən ifadə edir – nəyinsə tərifini vermək (definisiya) və onun barəsində xoş sözlər demək, onu göylərə qaldırmaq, mədh etmək deməkdir.
Kritika kimi tənqid də, definisiya kimi tərif də fəlsəfi fəaliyyətdir. Lakin nə acılamaq və yamanlamaq mənasında tənqid fəlsəfi işdir, nə də mədh etmək mənasında tərif. Əslində orijinal bir tənqid (yamanlamaq) orijinal tərifdən (definisiyadan, yanaşmadan) doğulur. Bu səbəbdən də ancaq Əttar-ın Bilqamıs-ı tənqidi kimi orijinal tənqidlər və yaxud Füzuli-nin diliylə Məcnunun Leylini özünəməxsus tərifləri, vəsfnamələri tarixdə qalmışdır.
Orta Əsrlər şairlərimiz və mütəfəkkirlərimiz üçün “dünya duracaq yer deyil”di; “Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”du. Bu, dünyaya qarşı və özünü dünyəvi həzlərə (içki, mal-mülk, hakimiyyət, şan-şöhrət, yataq və s.) qapdıran insanlara qarşı narazı, şikayətcil, bir sözlə, tənqidi yanaşmaq idi. Bizim müasir tənqidçiliyimiz dünyadan, həyatdan, zamanədən dini-fəlsəfi narazılığın ictimai-siyasi ardıdır. Müasir profan-sekulyar tənqidçilərimizin, ictimai-siyasi narazılarımızın, permanent qeyri-məmnunlarımızın prototipləri qədimdə qapı-qapı gəzib “Qafil, oyan!” deyən hürufi dərvişləridir, təqvalı zahidlərdir.
Əgər müşahidəm doğrudursa, ölkəmizdə M.F.Axundovla başlanan, ədəbi tənqidçilərin “tənqidi realizm” adı verdikləri tənqidçi yanaşma üsulu Orta Əsrlər şikayətnamələrinin davamıdır, yəni orijinal deyildir. Başqa sözlə, Axundov Füzulini tənqid edə-edə özünün də füzuliyanə şikayətnaməçi pyeslər yazmağından xəbəri yox idi; deyəsən, şikayətlərinin komedik forması onun özü-özünü görməyinə mane olmuşdu.
Azərbaycan təfəkkür fəzasında tənqidlərə qərq edilmiş, rüsvayı-cahan olmuş, heç hansı tərifin yaraşdırılmadığı şəxslər, mövzular, adlar vardır, onları tərifləmək mümkün deyildir, səni ələ alınmış olmaqda, yaltaqlıq etməkdə günahlandıra bilər, zehni baxımdan geri getmiş olmaqda tənqid edə bilərlər. O biri tərəfdə isə təriflərlə hasarlanmış, heç bir tənqidlə nüfuzedilməz bütlər mövcuddur. Bu, qədim allah-şeytan, qaranlıq-işıq, xeyir-şər arxetipi olmasın?!
Misal üçün, Mirzə Ələkbər Sabir ən məşhur Azərbaycan tənqidçisidir. Daha doğrusu, Sabirin tənqidləri Azərbaycanda ən çox bilinən tənqidlərdir. Əsas da ona görə ki, Sabir öz batırdığı poetik iynələrin ucuna həmişə qədim Şərqin gülabından sürtməyi bacarır. Sözsüz ki, burada böyük şairimizin adını rəmz olaraq çəkirəm. Gəlin, görək, biz Sabirin özünü necə, tənqid edə bilərikmi? Sizə elə gəlmirmi ki, Sabir bizim üçün artıq bütə çevrilmişdir? Sabirin tənqidedilməzliyi tərifəlayiqdirmi? Bəyəm, Sabiri necə tənqid etmək mümkündür ki?! – Bu, sadəcə olaraq ağlasığmazdır, çünki o, nə söyləyibsə, düz söyləyib! Orta Əsrlərdə bir axundun, bir imamın, bir üləmanın hökm, fitva və ictihadları hansı qüvvədə və toxunulmazlıqda idisə, indi də Sabirin və yaxud onun ardıcıllarının poetik dillə ifadə edilən kulturolojiq-etnoqrafik analizləri o cürdür. Tənqid yeganə legitim fikir yürütmə üslubumuz, Sabir dinsiz imamımızdır.
Tərif qadağandır.