Tərəddüd ürəyi ləngidir - Rəşad Səfərdən uzun hekayə

Tərəddüd ürəyi ləngidir   - Rəşad Səfərdən uzun hekayə

11 İyul 2023 09:23 1019

Proloq

İşıqlı dünyanın şərq tərəfində, şərqin lap qurtaracağında, dünya ilə kainatın sərhəddində, günəşin doğulduğu yerdə adamlar yaşayırlar, saçlarında alovlar var. Günəş elə yaxında doğulur ki, istisindən insanların nəfəsi kəsilir, istidən boğulub ölürlər. Günəş onların uzun saçlarını da yandırır və başlarının arxasında uzun-uzun alovlar dalğalanır. Onların günəşdən zəhləsi gedir, onların günəşi görməyə gözləri yoxdur. Əllərini günəşə sarı ibadət və dua üçün deyil, lənətləmək üçün açırlar. Kaş dünya nəhəng qara bir top olardı, işığa həsrət qalardıq, amma bu günəş olmazdı. Soyuğa da razıyıq, deyir günəşsiz soyuğun nə olduğunu bilməyən insanlar. Lazım deyil bizə onun işığı da, onun istisi də. Hər gün canımız çıxır, şüaları ilə bir yandan yaşadır, bir yandan boğub öldürür. Ağılları kəsəndən günəşlə mübarizə aparırlar. Amma günəşlə mübarizə aparmağa başladıqları tarixi özləri də unudublar. Neçə min ildir, yoxsa neçə on min il, yoxsa neçə yüz min il. Zamanı ölçməyə alətləri, tarixi yazmağa vaxtları yoxdur. Bu sadəlövh insanlar əvvəlcə günəşi oxla ram edəcəklərini zənn etdilər. Köməyə ovçuları çağırdılar. Hər gün səhər günəş doğulanda ovçular ona ox atdılar, dayanmadan. Yerdən günəşə sarı leysan kimi ox yağırdı, amma günəşin insanın gözünü qamaşdıran gur işığına baxa bilmədiklərindən, istisi də bir tərəfdən yandırıb-yaxdığından, ovçular üzlərini yana tuturdular. Günəş də sürətlə göyə qalxırdı. Qalxırdı, qalxırdı və ovçuların atdıqları oxlar heç vaxt günəşə çatmırdı. Bu qədər zülmə dözə bilməyən saçı alovlu adamlar düşünürdülər ki, belə iş olmaz, buna bir əncam çəkməliyik. Bir səhər günəşin gözündən yayınıb səmada qalmağı bacaran bir ulduzdan gurultulu səs gəldi. Səs dedi, siz, ən yaxşısı, göyü saxlayan dirəyi kəsin, göy yıxılsın və günəşin qalxmağa yeri olmasın. Qulağına səs gələn kimi duyuq düşən Günəş ulduzu cəzalandırdı. Ulduzu görünməz yerlərdə həbs etdi. Və zəncirlədi bu üsyankarı, istinin əridə bilmədiyi halqalarla. Ki, anlasın insanın tərəfində olmaq nə deməkdir.

İnsanlarsa ulduzun məsləhətinə qulaq asıb dirəyi yonmağa və kəsməyə başladılar, bütün günü işlədilər, işlədilər… Dirək kəsmək istədikləri yerdən lap nazildi. Adamlar çox yorulmuşdular, dedilər, bir az dincələk, sonra yenidən kəsərik. Bir az dincələndən sonra işləməyə qayıtdılar. Amma onların dincəldiyi vaxt dirəyin kəsilən yeri yapışmış, dirək əvvəlki kimi yoğunlaşmış və möhkəmlənmişdi. Onlar yenə yonmağa və kəsməyə başladılar, amma insanlar dincəlməyə gedən kimi göyün dirəyi yenə yoğunlaşır, əvvəlkindən də möhkəm olurdu. Hər gün daha yoğun, hər gün daha möhkəm olan dirəyi kəsmək hər gün daha da çətinləşirdi. Ancaq özlərini məğlub hiss etməməkçün saçı alovlu adamlar bu gün də dirəyi kəsməyə davam edirlər. O saçı alovlu insanlar günəşin istisinə və göyün dirəyini kəsməyə məhkumdurlar. Nəfəslərinin kəsilməsinə, boğulmağa və ölməyə məhkumdurlar.

Birinci epizod

Mən də hər gün eyni yolu getməyə və dözməyə məhkumam. Səhər saat yeddi. Bu gün günəş yoxdur. Nə istisi, nə işığı. Noyabr çiskini, bir az soyuq, hava açılmayıb hələ, dünyanı söyə-söyə işə gedirəm. İş də iş ola, barı. İşə bax. İş dediyim, dünyanın ən faydasız işlərindən biridir. Buyurun, hansı ölçüdə olsun? Kiçik, orta, yoxsa böyük? Yanında nəsə olsun? Sadəcə, qəhvə? Böyük olsun, zəhnət olmasa. Böyük ölçülü qəhvələrdən için. Səhər-səhər için, enerji yığın, sonra gedin bir-birinizin ətini yeməyə. Saat yeddi. Hələ bir saat yolum var.

İstəsən belə, bu yollarda insanın beyninə xoş fikirlər gəlmir. Ancaq kimisə lənətləmək, söymək, qarğış etmək istəyirsən. Burda insanlar bir-birinə pərçim edilmiş ət və sümüklərdən başqa bir şey deyil. İnsana aid bütün gözəlliklər bu yollarda, bu avtobuslarda və səhərin bu çağında bir saniyəlik ağız qoxusu ilə yoxa çıxır. Avtobusun pəncərələrindən bayırda təbiətin özünə dair heç nə görünmür və bunların fərqində olaraq yaşamaqla fərqində olmadan yaşamaq arasında elə bir fərq yoxdur.

Dünən gecə o qədər gərgin yuxuya getmişəm ki, səhər yumruqlarım kilidlənmiş, qollarım sərtləşmiş oyandım, çiynimdən aşağı qollarımın hər tərəfi ağrıyırdı. İki gecədir qaranlıqda otururam. Evdə naqil qırılıb haradasa. İşıqlar yanmır. Usta çağırıram, gəlmir, gələndə də nəyisə unudur. Dünən razılaşmışdıq, işdən yarım saat tez çıxıb getmək üçün qəhvəxananın administratoruna ilan kimi dil çıxardım. Başqa gün bir saat da artıq qalmaq şərti ilə icazə verdi. Çaparaq getdim evə, amma usta yenə gəlmədi. Zəng etdim, cavab vermədi. Möhkəm söyüb səsimi göndərdim. Hirsimdən axşam doqquzdan girdim yatağa. Hava da artıq soyuyur. Bürünüb düşünmək istədim bir az, qəzəb düşünməyə və xəyal qurmağa imkan vermədi. Yumruğumu sıxıb gərilmiş halda yuxuya getdim. Belə çıxır, saat hesabı çox yatmışam. Gəl ki yenə də yuxusuzam. Mən həmişə yuxusuzam. Bütün günü mürgüləyirəm. Camaat yuxusunu qaçırmaq üçün yanıma gəlir qəhvə almağa, mən özüm ortalıqda əsnəyə-əsnəyə dolaşıram. Bəzən müştəri əsnəməyimi görməsin deyə, ağzım yumulu, içimdə əsnəyirəm. Onda da gözlərim qızarır, gözümdən yaş gəlir. Adamlar elə bilir kövrəlmişəm. Kövrəlməmişəm, yuxum gəlir.

Ağsaqqallar Cəmiyyətinin “şadlıq sarayı”na bənzəyən binasına bax! Altındakı bahalı restoranda yəqin hər axşam yığılıb nərd oynayırlar. Nazirlərin ataları üçün bahalı çayxana. Hər gün bunun yanından keçir avtobus. Hər dəfə də hansısa qoca səhər yuxusundan hamıdan tez doyub bura gəlir. Bahalı bir maşın saxlayır sarayın qarşısında, qoca da maşından düşüb iri sütunların arası ilə bir ayaq-bir ayaq nəhəng darvazaya sarı gedir. Ya da sarayın qarşısında maşından düşür, amma içəri girmir, əllərini belinə qoyub mərmər səkidə gəzişir. Hələ qırx dəqiqə var avtobusun çatmağıma, ən azı qırx dəqiqə. Bu tıxacla, bəlkə də, çox. Hara tələsirsən guya? “Komandımıza sən də qoşul, karyeranı qur” mərkəzinə. Karyeranı qur! Yaxşı işləsən, beş ildən sonra sənə daha böyük qəhvə aparatı etibar edəcəklər. Ya da kiçik filialdan böyük filiala göndərəcəklər. Bundan böyük karyera? Karyeranı qur! Komandamıza qoşul! Mənim kimilər üçün tələ. Tələ deyəndə ki, bu cümləni yazmasaydılar da, müraciət edəcəkdim. Başqa yolum yoxdu. Narahat olmayın, komandamız çox yaxşıdır. Gülərüz, mehriban, can deyib, can eşidən. Maaşınız üç yüz əlli manat. Yığılmış bəxşişlərdən həftədə on manat. Həftədə bir dəfə istirahət günü. Bundan yaxşı işi haradan tapacaqsan, qardaş, dedi, məndən xeyli əvvəl gəlib, artıq yerini bərkitmiş işçi. Gəl, sabahdan işlə. Başqa yolum vardımı? Sabahdan gəldim. O sabah, bu sabah. Həftədə bir günü çıxmaqla, hər gün bu bir saat yolu göyün dirəklərini kəsməklə məşğulam. Hər sabah kürəyimdə ağır yük, dağa dırmanmaq duyğusu ilə bu yolu gedirəm.

Niyə insanlarla adam kimi davranmırsan, dedi o gün bizi idarə edənlərdən balacası. İt kimi qapırsan camaatı. Dədəmizə borcları var? Pullarını verib qəhvələrini alırlar. Ya adam kimi işlə, ya da xoş getdin. Səni məcbur saxlamamışıq, dedi. Sən saxlamamısan, amma mən məcbur qalmışam. Yoxsa, sənin ağzından tökülən tüpürcəklərin ünvanı olmaq mənim də ürəyimcə deyil. Elə də danışır, sanki Erazmdan Tolstoya qədər humanizm çarçısı, insan şərəfinin ali qoruyucusudur. Bütün dərdi müştəri itirməkdir. Nədir-nədir iki sarsaq müştəri qaçıracaq. Onun çox da vecinədir insanlar! Bilsə ki, kobud davranış xeyir gətirir, hər gün hamımızı ac saxlayar, başımızı da bağlayar zəncirə, sonra qəfil açıb insanların üstünə buraxar. Biri də var, piramidanın lap başında dayanır. Həftədə-on gündə bir dəfə gəlir. Hamını yığıb əvvəlcə danlayır, sonra bir-iki nəfəri tərifləyir, başqalarını o bir-iki nəfər kimi işləməyə dəvət edir, yoxsa yollarımız ayrıla bilər. Özünə hörmət edən adam çox işləməlidir, aldığı pulun əvəzində işini məsuliyyətlə görməlidir. Bu həm də karyerada yüksəliş üçün önəmlidir. İşlədiyiniz yeri özünüzünkü hesab edin, işinizin həm ağası olun, həm də nökəri. Tualetin qapısını təmir etdirin, sol küncdəki divar kağızı bozarıb, onu dəyişin, lampaları da dəyişin, hər şeyi mən deməli deyiləm. O gedəndən sonra qəhvəxanadakı canişin növbəti dəfə düşür ortalığa, bütün işçiləri yığıb ali rəhbərin tapşırıqlarını bir daha təkrar edir. Sonda eyni cümlə: elə etməyin ki, yollarımızı ayıraq.

Bu bir saat dünyanın sonuna səyahətdən daha uzun çəkir hər gün. Doyunca gərnəşmək istəyirsən yuxulu-yuxulu, yorğandan tam qopmamış bədəninlə. Gərnəşə bilmirsən. Sanki, ciyər dolusu nəfəs almaq istəyirsən, amma sona qədər nəfəsini çəkmək alınmır. Hər gün bu duyğularla işə gedən insana deyirlər ki, niyə müştərilərlə kobud davranırsan. Qatil olmuram, sevinin.

Dünən atamdan məktub aldım. Hə, atam məktubu həbsxanadan yazır. Deyir, burda vəziyyətim normaldır. İndi payızdır. Yazda və payızda vəziyyət normal olur. Elə ki qış, ya da yay gəlir, cəhənnəm əzabı. Deyir, imkan etsən, gələn həftə gəl dəy mənə. Üç-dörd cüt corab da istəyir. Sadə qara corab. Yorulmuşam həbsxanaya getməkdən. Taqətim kəsilir, sustalıram, ah... məni yaralarım yaman incidir. İnsanın ona əziz olan insanların ölümünü arzulaması çox yorur adamı. Mən də vaxtaşırı dönüb-dolanıb o vəziyyətə gəlirəm. Həftədə bircə gün istirahət, onu da həbsxana yollarında xərclə. Xərcləmək istirahət günü ilə yekunlaşmır, pul tərəfi də var. Məktubda vəziyyətin normallığı ilə bağlı yazdıqları söz xatirinə yazılıb. Çox əziyyət çəkir içəridə. O içəridə, mən bayırda. Ölməyi ikimizçün də ən yaxşı vəziyyət olardı...

Az öncə girdim içəri. Amma artıq səslər başlayıb. Uğultu, uğultu. Hər yanda uğultu. Bütün şəhər qulaqların, dincliyin düşməni. Bu şəhərdə yaşamaq üçün uğultuya və yoxsulluğa öyrəşməlisən. İnsanların ahəng qanununa tabe olmayan dalğasından ahəng qanununa tabe olmayan uğultular yayılır. Qəhvəxanada uğultu. Biri o uğultudan aralanıb kassaya yaxınlaşır. Gözünü döyür. Sözünü de, nə istəyirsən? Hələ yuxudan ayılmayıb. Cəngində gecədən qalma ağız suyunun ağarmış yeri. Şoran torpaqların cadarına bənzəyir. Gözlərinin dibində gecənin izi olan sarı çirk. Dayanıb düşünür. Atla gediş edim, yoxsa piyada ilə? Kiçik amerikano. Bir dənə də kruassan. Başqa? Başqa heç nə. Bir az tez olsun, gecikirəm. Hamısı da gecikir. Hamısı da tələsir. Hələ onların qəhvələrini götürəndən sonra qapıdan nümayişkarənə çıxmalarına baxasınız. Günün ən böyük insanı başqalarının, kiçik insanların içinə çıxır. Qarşılayın. Əlində kiçik amerikano. Kağız paketdə kruassan. Şokoladlısı bir manat bahadır, gücü çatmadı, sadəsini aldı. İndi hərəkətlərinə bax. Meydana çıxır. Gecə döyüşündən gələn cəngavər... Qaçın, qaçın, çəkilin geri; qəhrəman Maqbetdir döyüşdən gələn.

Sifarişlərini götürüb masada oturanlar da var. Kassadan masaya doğru əzəmətli addımlar. Zadəgan oturuşu ilə oturur, kompüterini çıxarıb şəstlə aralayır. Bir yandan da bu aparatın uğultusu. Bu qəhvə aparatının səsi necə başıma düşür! Məmnuniyyətlə, qaldırıb çırpardım yerə. Sonra gərək iki il bunlara işləyəsən. Onsuz da bunlara işləyirəm, amma yenə də. Sehirli toxunuşlu chillers. Gəlin, toxunun. Səhəri oyanaraq keçirin. Qollarımı geniş açıb gərnəşmək istəyirəm. Oynaqlarımın arasına qum dolub elə bil, gərnəşsəm, yumruğumla sinəmə vursam, tökülər. Bədənim yüngülləşər. Beş nəfər oturub bir masada, beşi də danışır. O biri masadakılar da danışır. Nəfəsləri içəridəki havanı qızdırdı. Bayırdakı çiskin yağmura çevrilir getdikcə. Avtobus dayanacağından qəhvəxanaya beş-altı addımdır. Amma o məsafədə belə, islandım və üşüdüm. İnsan yuxulu olanda daha çox üşüyür. Heç olmasa, səsini al telefonun, allah bilir, nəyə baxır, sarsaq bir gülüş səsi gəlir ortadakı masada oturanın telefonundan.

Püstə partlayışı. Ays kafe. Başqa sərin nəyiniz var? Noyabrda çox qızışmısan deyəsən, sərin nə istəyirsən? Sərin içkilərimiz var. Şirə? Frappuçino? Adi qazsız su? Yox, su bahadır. Heç bircə stəkan olmur, od qiymətinə. Ondansa elə ays kafe ver. Bu da alıb otursun, bəlkə, kürəyimi divara söykəyib on dəqiqə düşünməyə vaxtım olar. İndi gələnlərin arası kəsiləcək, saat ondan sonra azalırlar. On bir-on iki arası bəzən bir-iki nəfər qalır. Bir də, küncdə oturan qıvrım saçlı oğlan. Onun gündəlik bir orta amerikanosu var. Alıb oturur həmin küncdə, nəsə yazır bütün günü. Arada da nəsə oxuyur. Bilmirəm, nə yazır, nə oxuyur. Guya məşğul görünür. O birilər kimi. Bir gözü ilə də kafeyə gələn qızlara göz qoyur. Qarşısındakı masada oturan bir az cazibədardırsa, iki gözü də kitabdan, dəftərdən qalxır. Təsadüfi baxışlar yaratmaqdan ötrü dəridən-qabıqdan çıxır. Bizim kassada dayanan bir qız var. Növbəli dayanırıq, hərdən o olur, hərdən mən, hərdən də başqaları. Ona da zillənir arada. O qız dayananda küncdəki qıvrımsaç oğlan gözünü çəkmir kassadan. Guya fikrə gedib, təsadüfən zillənib. Guya burda dayananın kim olduğundan xəbəri yoxdur. Xəbəri yoxdursa, qızın yerinə biz dayananda niyə baxmır kassaya?

Kiyevə bu gün səhər yenidən altı bomba atılıb. Nə qədər adam ölüb! Atom bombasına az qalıb, Üzeyir. Allah qoysa, bu gün-sabahdır. Güzgüdə öz fotosunu çəkən xanımı qətiyyən maraqlandırmayan bu məlumatı ortalığı yığışdıran gənc deyir mənə. Bir aydır gəlib, təmizlik işləri ilə məşğuldur. Özünü yaxşı aparıb karyerada yüksəlsə, bəlkə, bir gün kassa, ya da qəhvə aparatının yanında dayana bilər. Həvəslidir. Heç kimə imkan vermir təmizlik üçün əlini nəyəsə vursun. Hər şeyi özü etməyə çalışır. Tez-tez bəd xəbərlər oxuyur, oxumaqla qalmır, onsuz da canımızla əlləşdiyimiz günləri daha da qəlizləşdirir. Bir aya bitən deyil bu müharibə, hələ, qorx, sonra başqa ölkələr də qoşulsun. Konkret üçüncü dünya müharibəsi də! Heç bir şey, qardaş, olan bizə olacaq. Amma bizimkilər də yenə nəsə edəcək. Bütün qoşunları yığıblar sərhəddə. Yeni il qabağı girəcəklər. Özüm gördüm, nə qədər təkər daşıyırdılar o gün. Bu oğlan atama bənzəyir. Həbsxanadan əvvəlki halını xatırlayıram. Lovxəbər. Pis xəbərləri gözləri parıldayaraq, xoş xəbərləri pıçıldayaraq deyirdi. Atam həbsxanadan əvvəl ortabab yaxşılıqda bir insandı. Kəmağıllılığı və tamahı vardı bir az. Bunların ucbatından indi oradadır. Səhhəti pisdir, özü deməsə də, başqalarından eşitmişəm. Başı da gedib, canı da. Bu qədər il az deyil, həm də elə bir yerdə. Hələ neçə il qalıb çıxmağına. Çıxa bilsə. Məktəbi bitirib, universitetə qəbulun cavablarını gözləyirdim. Gecə gəlib apardılar, gözümüzün qabağında qandalladılar, boynundan basıb maşına soxdular və apardılar. Üzündə zərrə qədər də təəccüb yox idi. Elə belə də olmalıymış kimi, deyilənlərə sakitcə itaət etdi, filmlərdəki kimi qanrılıb bizə də baxmadı. Dodaqlarında yüngül təbəssümlə maşına oturdu. Ya ağlının kəmliyindən dərk etmirdi vəziyyəti, ya da tamahının qurbanı olduğunu anlamış və bunu qəbul etmişdi. Darvazanın qarşısındakı dirəkdən tökülən işığın altında polis maşını çox bədheybət görünürdü. Amma dirəkdən gələn işığı sanki qəfil bir əl fənərinə çevirib darvazanın bir küncünə tutdular. Çünki o an gözümə yalnız darvazanın həmin küncündə sakit dayanmış çəyirtkə göründü, başqa hər şey qaranlıq içərisində idi. Çəyirtkə atamın maşına basıldığı, maşınla aparıldığı və onu aparan maşının gözdən itdiyi ana qədər yerindən tərpənmədi. Bütün prosesi təmkinli oturuşu ilə izləyirdi, iki əli belində. Alnındakı antenləri arada tərpədib, sanki “hmm” edirdi: tamahkarlıq edəndə bir gün tələyə düşəcəyini bilməliydin. Atamı maşına basanda yüngülcə tərpəndi yerində. Təmkinli duruşuna baxmayaraq, gözlərində donmuş heyrət vardı. Mənə baxıb təsəlli vermək istəyirdi, amma uyğun sözləri tapa bilmirdi. Polis maşını gedəndən sonra gözünü məndən çəkib yarısı qapıdan içəridə, yarısı bayırda dayanaraq ağlayan anama zilləmişdi. Atama ağıl verən çəyirtkənin özü, görəsən, sonralar harada tamahının badına getdi? Dadlı bir böcək eşqi ilə hansı ayaqqabının, hansı toyuğun, hansı küt əşyanın hədəfinə çevrildi, görəsən?

Saat on bir. O bir nəfərdən başqa indi heç kim yoxdur. Bəzən bu saatlar uğultunun tədricən kəsildiyi saatlar olur. Qayıdırlar işləməyə. Səkidə addımlayan insanlar pəncərədən çox aydın görünür. Bayaq azca dumanlanmışdı, bayırdakı çiskinin, içəridə insan nəfəsinin yaratdığı çirkli duman vardı pəncərənin şüşəsində. Lovxəbər gənc oğlan tez yüyürüb tərtəmiz əski ilə pəncərəni təmizlədi. Sanki gözümdəki eynəyi çıxarıb şüşələrini silmiş kimi oldum. Bayırdakı insanlar, arxa-arxaya kip dayanmış maşınlar və payız küləyi ilə hər an qırılıb maşınların üstünə düşməklə hədələyərək hamıya barmaq silkələyən ağaclar aydın görünməyə başladı. Gözlərinizi pəncərədən ayırıb piştaxtaya sarı çevirəndə mütləq bayraq görürsünüz. Divardakı ən yuxarı rəfdə. Kiçik bayraq. Arxasında gənc bir oğlanın fotosu. Aqil. Rəhmətlik. İki il qabaq şəhid olub. Burada işləyib, dediklərinə görə. Onda mən olmamışam. Müharibə başlayanda dayana bilməyib, gedib döyüşməyə. Yəqin, bu qarğa-quzğunun əlindən bezib, intihar edib. Hər gün və uzun müddət bunları görmək, eşitmək... Bəxti gətirib heç vaxt həmkarım olmayan keçmiş həmkarımın. Müharibə düz yerinə düşüb. Əslində, mən də getməliydim o günlərdə. Cəsarətim çatmadı. Bu qədər mənasızlığın, bozluğun içində ən rəngli yer müharibədir. Hələ onda kreditlərim də vardı və işsizdim. Bunlar da bir yandan beynimi silkələyərdi ki, get müharibəyə. Bir qismət, bəlkə, ağrısız-acısız ölüm olar. Məsələn, düz alnından snayper gülləsi. Bir saniyə və mort. Amma, yox, mən bacarmadım. Heç bir vəchlə özümü toparlayıb qəhrəmanlığa gedə bilmədim. Onda, bəlkə, kiməsə də xeyrim dəyərdi. Bəlkə, birinə dəyən güllə mənə dəyərdi və o bir nəfər qurtulub ailəsinin yanına qayıdardı. Yox, getmədim. Yəqin, o zaman çox cəsarətli olacaq qədər bədbəxt deyiləmmiş. Həyata daha çox bağlanmışammış. Çıxış yolları varmış ağlımda; çox çarəsiz olsaydım, qaçırmazdım bu fürsəti. O günləri xatırlayıram: yığdım kitabları, çəkildim kəndə. Pyes yazmaq istəyirdim. Universitet illərindən həvəsliyəm, həmişə də deyirəm özümə, bir pyes nədir ki, onu yaza bilmirsən?! Dörd il oxudun, bir pyesin öhdəsindən gələ bilmirsən. O günlərdə yazmağa başlamışdım. Hər qorxulu xəbərdən sonra daha da şiddətlənirdi yazmaq istəyi. Daha çox yazmaq, daha çox oxumaq. The one way of tolerating existence is to lose oneself in literature as in a perpetual orgy. Müharibə mövcudluğun düşməni, varoluşun qənimidir. Şərin yer üzündəki ən böyük və ən maddi obrazıdır. Amma həm də varoluşun, bəli, ayrılmaz hissəsidir. Buna dözən, hər şeyə dözər. Yəqin, mən də dözə bilmək üçün özümü guya yazmaq havasına bürümüşdüm. Həm də başqalarının gedib həlak olduğu müharibədən yayınmağın gizli utancını guya daha önəmli işlə məşğul olmağımla örtmək istəmişəm. Mən insanlığa burda lazımam, böyük əsərlər yaradaraq, masa arxasında, day döyüş meydanında deyil. Hahaha. Sən heç kimə lazım deyilsən. Elə, bəlkə də, ən lazım ola biləcəyin yer döyüş meydanı idi. Havada uçuşan mərmilərin sürətini zəiflətmək, axına mane olmaq, gələn güllələri top kimi sinənə alıb hücumu yumşaltmaq. Heç pyesi də yaza bilmədim. Müharibə boyunca əlləşdim, ortaya bir şey çıxmadı. Müharibə qurtaranda həvəsim də qurtardı.

Amma bu rəhmətliyin üzündən görünür ki, həyatla haqq-hesabı bitiribmiş. Buradakılar deyirlər, müharibədən qabaq ölkədən çıxıb gedəcəyini söyləyirmiş. Boş vaxtı olanda ingiliscə öyrənirmiş. Qonşu plazada dələduzun biri var. Hər dəfə qarşısına bir fağır qatıb gəlir, qəhvəsini, sendviçini aldırır. Xaricdə oxumaq, xaricdə işləmək, xaricdə yaşamaq, xaricdə ölmək haqqında tövsiyələr verir. Arada ingiliscə danışır. Bunu bundan sonra yaz. Formanı belə doldur. Özün haqqında bu cür məlumat ver, onda xoşlarına gəlir. Bax belə, indi Avropa, Amerika, ən azı Avstraliya səni gözləyir. Allah bilir, bu cəfəng məsləhətlərinə görə nə qədər pul alır. Fağırlar da ağızlarını aralayıb qulaq asırlar. Arada nəsə qeydlər edirlər. Necə dərman tapdın dərdlərə qarşı? Kor ümid saldım içlərinə. Sonra qapıdan elə çıxırlar ki, sanki son dəfədir bura gəlirlər, sabah Amerikaya yola düşəcəklər deyə çönüb arxaya nisgilli-nisgilli baxırlar. Bir həftə, on gün, bir ay keçir, həmin uşaqlar sifətlərində məyusluğun bütün cizgiləri, islaq-islaq içəri girib kiçik amerikano istəyirlər. Oturub bir küncdə ora-bura CV atırlar. Bu dələduzun bir tayı da var. Qızdır. Əndamını ən görkəmli formada nümayiş etdirə-etdirə qarşısında cavan, universiteti yeni bitirmiş, təbiətin dişi cinsindən olan hər məxluqundan ehtiraslanan oğlanlar otuzdurub, xaricdə təhsil və iş haqqında mühazirələr deyir. O gənc oğlanların bəbəkləri maqnit dalğasına tuş gəlib radarda itən təyyarə cihazlarının əqrəbləri kimi yerində dayana bilmir, aşağı-yuxarı, sağa-sola sürətlə və ritmsiz hərəkət edir. Onların həmin anlardakı fikri nə xaricdə təhsildə, nə xaricdəki işdədir. Heç xaricdəki seksdə də deyil. Ehtiraslanmış bu gənc buğalar yalnız daxildə seks istəyirlər. İndi və burada. Başqa heç nə. Bu dələduzların sayı çoxdur qəhvəxanada. Tək burda deyil, bütün qəhvəxanalarda. İndi balaca bayrağın arxasından boylanan oğlan da iki il qabaq isti yay günlərində cüzi olan boş vaxtlarını bu dələduzlara ayırırmış. Və aldığı pulun yarısını. Deyirmiş, tək qurtuluş bu ölkədən getməkdir. Amma sonra alınmır getməyi. Müharibə başlayan kimi dərhal könüllü yazılır. Dələduzlar isə özlərinə yeni qurban axtarışındadırlar hər gün. Onları nə müharibə maraqlandırır, nə sülh. Hər xaosdan qidalanan parazitlər. Müharibə, qan, ölüm… Və xoş söz bilirəm sülh haqda bir az; onu da hər yerdə danışmaq olmaz… Balaca bayrağın arxasındakı çərçivədən boylanan oğlanı isə artıq buradakılar da unudub. Özlərini unutmamış kimi göstərirlər bəzən. Amma unudublar. Bir gün gizlicə bu şəkli də, bu bayrağı da götürsən, xəbərləri olmayacaq, kassadan iki manat götürsən, aləm qopar. Dərhal hamı hiss edər.

Nahar yaxınlaşdıqca uğultu da artır. Uğultudan düşünməklə qaçmaq istəyirəm. Mənimsə düşünməyə qorxduğum şeylər var. Çünki o şeyləri düşünəndə bütün günüm, bəzən bir həftəm alt-üst olur. Beynim çox gərginləşir. Qeyri-ixtiyari müştərilərin üstünə qışqırıram sifariş verməyi gecikdirəndə. O gün çox gözəl bir qızın üstünə çımxırdım, çıxdı getdi. Əvvəl qəhvə istədi, sonra çaya dəyişdi, sonra bunu da dəyişib soyuq nəsə istədi. Həyəcanlı idi, qərar verə bilmirdi. Arxasında da nə qədər adam dayanıb. Əvvəl, bir az tez deyin, zəhmət olmasa, dedim. Dedi, gözlə də, seçə bilmirəm. O zaman çımxırdım üstünə. Arxadakılar da razı qaldı. Qız çıxdı getdi, üzündəki qəzəb və pərtliyin qarışıq ifadəsi yadımdadır. O gün qıza qarşı kobudluğumun əsas səbəbi düşünməyə qorxduğum şeylərdən birini düşünməyim idi. İnsan həmin anlarda özünü tanımağa, özündən qorxmağa, hətta bəzən iyrənməyə başlayır. İkrahla yanaşdığın milyonlardan biri olduğunu anlayırsan. Düşünməyə qorxduğum şeyləri düşündüyüm anlar özümü kəşf etdiyim, sonra da məməlilər sinfinin insan növünə yerləşdirdiyim anlardır. Bir az tez elə, maşını pis yerdə saxlamışam, dedi az öncə yekəpər, üzü nə işıq, nə nisbət, nə rəng, nə forma estetikasına uyan bir kişi. Dedi, sonra da tualetin yerini soruşdu. Cavabını gözləmədən qapısı aralı otağa doğru iti addımlarla getdi. Ora deyil, bu tərəfdəki. Ortalığı yığışdıran gənc deyəndən sonra estetik qüsurlu adam tam əks istiqamətə sürətini azaltmadan və büdrəmədən döndü.

Nankorluq düşünməyə qorxduğum şeylərdən biridir. Nankor olduğumu bilmişəm həmişə. Amma bunu açıq düşünməkdən qorxuram. Hər dəfə nankorluğumun dərəcəsini kəşf edirəm. Nə zamandan nankoram, deyə düşünsəm, yəqin, lap uşaqlıq illərinə gedərəm. Demək ki, lap əvvəldən nankor olmuşam. A priori və a posteriori. Yalnız sonradan əldə etdiyim təcrübə deyil. Özümlə bərabər nankorluq da genlərimdə dünyaya gəlib. Sonra da ətrafdakılardan, ən çox atamdan öyrənmişəm. O da, bəlkə, atasından, atası da öz atasından. Ən xoşagəlməz duyğulardan biridir nankorluqla üzləşmək. İnsanı insanlıqdan və həyatdan iyrəndirən şeylərdən biri. Atamda nankorluq olsa da, özü də nankorluğun qurbanı oldu, amma o buna layiq idi. Öz etdikləri sonda özünə qayıtdı. “Çörəkləri dizlərinin üstündədir” deyib adamların qarasına deyinirdi, amma özünün çörəyi dizinin üstündə idi. Axırda da belə. İndi illərdir nankorluğun quru çörəyini yeyir. Bax, düşünə-düşünə atamda üçüncü pis əlaməti tapdım. Bayaq bir az tamah, bir az kəmağıllılıq vardı. Nankorluq da əlavə olundu. Hə, vardı bir az nankorluğu. İndi nankorluğun kiçik nəfəsliyindən gələn boğuq havanı udur dörd divarın arasında. İtin qarğışına keçib, bəlkə, xəbəri yoxdur… Sabah sonuncu gündür. İti azdırmağa başqa vaxt olmayacaq. Atamın belə qərarlı danışığı məni bir tərəfdən kədərləndirdi. İtdən ayrılmaq istəmirdim. Bir heyvana bağlanmaq üçün iki il az vaxt deyildi. Hələ bu cür heyvana – sədaqətli bir itə. Zərərsiz, amma qürurlu görünüşü olan heyvanı evdən çox-çox uzağa aparıb, orada bir çöllüyə buraxıb, sonra da evə dönəcəyimizi hələ ki qəbul edə bilmirdim. Birinci dəfə deyildi. Əvvəllər də iki it və bir pişik azdırmışdı atam. Amma həm onlarla ünsiyyətim az olmuşdu, həm də yaşım o heyvanlara mərhəmət duyacaq və ayrılıqdan kədərlənəcək yaş deyildi. İndisə vəziyyət ayrı idi. Bu günə qədər az qala bir qabdan yemək yeyib, su içdiyim sevimli itimi özüm öz əlim - bir də atamın əli ilə - aparıb susuz, boz, cadarlamış, həyat əlamətinin olmadığı bir çöllüyə buraxacaqdıq. Amma iti azdırıb qayıdandan sonrakı günlərdə yaşayacağım boşluğu, kəskin darıxmanı daha çox düşünürdüm, nəinki itin çöllükdəki iztirabını. Öz ehtimal olunan kədərim dostumun gerçək iztirabından daha önəmli idi. İti azdırıb qayıdandan sonra darıxacağımdan çox qorxurdum. Bilirdim ki, özümə yer tapmayacağam. Həm əhvalım, həm nizam-intizamım alt-üst olacaq, üzüm danlaqdan-töhmətdən gülməyə vaxt tapmayacaqdı. Məsələn, sevinə-sevinə, üzümdə təbəssümlə düşünəcəkdim ki, tez tapşırıqlarımı edim, sonra gedim itimlə oynamağa. Qəfil yadıma dostumun artıq evimizdə olmadığı düşəcəkdi. Qanım qaralacaq, əhvalım pozulacaqdı. Dərslərimə köklənə bilməyəcəkdim. Sonra da günlərlə üzüm danlaqlı olacaqdı. Digər tərəfdən də, ürəyimdə ötəri sevinc vardı. Sabah atam ilə birlikdə vaxt keçirməyə bəhanə yaranmışdı. Dostumu itirmək bahasına da olsa, maraqlı və fərqli gün yaşayacaq, maşına minib evdən xeyli uzağa gedəcəkdik. Çox uzağa apardıq yazıq heyvanı, gözlərinin içinə baxa-baxa atdıq düzəngaha. İt maşının arxasınca xeyli qaçdı. Ümidini itirmək istəmirdi, onunla zarafat etdiyimizi, belə nankorluq edib onu çölün düzündə atmayacağımızı düşünürdü. Arxamızca qaçanda əvvəl üzündə təbəssüm vardı, həyətdə oynayanda dalımca qaçdığı kimi. Zənn edirdi ki, bax elə indicə maşın dayanacaq, içindən mən düşəcəm, o mənə yaxınlaşacaq, mən çöməlib onu dizlərimin arasında qucaqlayacam, başını sığallayacam, sonra maşına minib evimizə qayıdacağıq. Amma belə olmadı. O, arxamızca qaçdıqca, atam maşının sürətini artırırdı. Güzgüdən arxaya baxıb gülürdü. Sən əclafın qaçmağına bax, deyirdi. İtin əvvəlcə əhədi, sonra da ümidi kəsildi. Daha qaçmadı. Yerində dayanıb ondan uzaqlaşan maşına baxdı. Artıq üzündəki təbəssümdən əsər qalmamışdı. Dostumuzu azdırmağı bacarmışdıq və heç birimizin ruhu incinmişə bənzəmirdi. Heyvanla bağlı bir az yersiz zarafatlar edib geri qayıtdıq.

İndi mənə deyir, yanıma qara corab gətir. Sadə qara corablardan. Tamahkar saflığı yaranmışdı həbsindən qabaq. İnsanın tamahı kükrəyəndə qəribə formada sadəlövhləşir. Əvvəllər tükü tükdən seçən insan o tamahkarlıq dövründə kütləşir. Cinayətə doğru gözüqapalı şığıyır. Ən aşkar hiylələri belə görə bilmir. Heç vaxt heç kimə inanmayan insan, gözlərindən biclik fışqıran insan hər kəsə inanmağa hazırdır. Bu, çox qəribədir, zülmət ruhları; bizi fəlakətdə məhv etmək üçün; doğru danışırlar bizə çox vaxtı; kiçik işartıyla aldadıb bizi; aparırlar sonsuz uçurumlara. Dumanlı gecədə kabus kimi üç arvadın çıxıb söyləməsi şərt deyil. Atamın öz dostu, üzbəüz qonşusu “doğru söz”lər dedi. Beş milyon manat. Sən buna layiqsən. Eşidirsən məni, Rauf deyir ki, bunun, ən azı, bir milyonu sənindir. Gözləri parıldayırdı bunu deyəndə. Bir milyon. Günü günə calayan birinə bir milyon vəd etmək dünyanın ən böyük həqiqətindən daha həqiqi görünəcəkdi, əlbəttə. Arxasınca da başqa “doğru” sözlər. Sən buna layiqsən. Uşaqların da. İllərdir zülm çəkirsən, sabah uşaqlar məktəbi qurtaracaq, qalacaqsan ortalıqda. Bir milyon. Götür, bütün işlərini gör, sənə ölənə qədər bəsdir. O “bir milyon”u eşidəndə, “ən azı” qulağında ilişib qalanda, atamçün ən böyük həqiqət mənbəyi qarşısındakı insanın, dostunun, qonşusunun ağız boşluğu idi. Həmin anlarda o boşluqdan çıxan bütün sözlər həqiqətin özü idi. İstəsəydi də, inanmamağı bacarmazdı atam. Artıq o boşluqdan bu cür hikmətli, həqiqətin özünü kürəyində daşıyan sözlər çıxmışdı, arxasınca gələnlərə inanmamaq olmazdı. Sənlik bir şey olmayacaq, hələlik gedib işləyəcəksən, vaxtı gələndə bir neçə sənəddir, qol çəkəcəksən, xırda bir neçə əməliyyat, vəssalam. Bir dəfə, iki dəfə, sonra sənin də həyatın qurtulur, mənim də. Mənim deyəndə ki, məni tanıyırsan, çox da qurtulmağa ehtiyacım yoxdur, amma sənin var. Ona görə də, çox uzatma, razılaş, mən də gedim bir daha xahiş edim, gələn həftədən işə çıx. Beş milyon...ən azı...bir milyon...

Gəldi yenə xaricdə iş və təhsil fırıldaqçıları. Bu gün ikinci dəfədir artıq. Səhər gəlmişdilər, amma qısa çəkmişdi. İndi yenə gəldi saqqallı, bəstəboy, cütlüyün kişi tərəfi. Yanında da bir yeniyetmə və üzündən dünyadan bixəbərliyin gətirdiyi rahatlıq, amma eyni zamanda dinlədiklərini anlamaqçün çəkdiyi əziyyət yağan bir kişi. Yəqin, yeniyetmənin atasıdır. Bu dəfə saqqallı dələduz müştərilərə sifarişi lap bol etdirdi. Sezar salatı, toyuq sendviçi, kruassan. Qəhvəni sonra götürərəm, deyəndə, üzündəki hiyləgər gülümsəməni açıq-aydın gördüm... Bu işdə nəsə bir zibil var, yoxsa ilin-günün bu vaxtı kimdir sənə bir milyon pul verən, dayandığın yerdə gəlib deyirlər ki, bir az işlə, sonra götür bir milyonu, çıx get? Anam çox məntiqli sual vermişdi. Ürəyində o da bir milyonun qiyabi parıltısını, əzələlərini sıxan gizli, amma güclü titrətməsini hiss edirdi. Lakin soyuqqanlı olmağa çalışırdı. Çünki əvvəlcədən özünü inandırıb sonra məyus olmaq istəmirdi. Məyusluq pis şeydir. Adam məyus olmaqdan çox qorxursa, bir müddət sonra skeptik olmağa başlayır. Hər şeyə şübhə, hər kəsə şübhə. Dünyada arzuların, istəklərin həyata keçmə ehtimallarını sıfıra yaxınlaşdırmaq. Əvvəlindən şübhə duyulmayan xoş xəbərlərin, planların, məqsədlərin sonu məyusluqla nəticələnmə riski daşıyır. Ən xoşagəlməz duyğulardan biri. Məyusluq. Anam da sonradan məyus olmamaq üçün artıq yaşının gətirdiyi təcrübə ilə yeni bacarıqlar, yeni üsullar düşünüb tətbiq etməyə başlamışdı. Ki, bunlardan biri də şübhəçilik idi. Atamsa tez-tez məyus olurdu; tamahına qalib gələ bilməyib özünü nəyəsə kökləyir, nəticə olmayınca da ölümcül dərəcədə məyus olurdu. Ev tikmək arzusu, ehtirası də yeni məyusluqlar üçün mükəmməl qaynaq idi. Gözümü açandan onu ev tikən görmüşəm. Bir ev tikirdi, rahatlanırdı, bir az öyrəşirdi, evim var, deyə təkəbbürlənirdi. Sonra da özündən asılı olan və ya olmayan səbəblərdən o evi satmağa məcbur qalırdı. Hər dəfə köç yır-yığışından, köç maşınlarının ev əşyaları ilə doldurulmasından sonra qapının ağzında geri qanrılıb evə, həyətə baxırdı. Məyus-məyus. Gözləri yarıqapalı, yanaqları sallaq. Kədərli oyuncaq başına bənzəyən başı boynunda yellənir, bir həftə qabaq satdığı evi bədənnüma süzürdü. Yer kürəsini ev-ev dolanandan sonra yenidən ilk evinə qayıtmışdı. Atamın əlində bir az pul, yenə ev axtardığı vaxtlarda uşaqlıq dostu Rauf zəng etdi. Dedi, bir zamanlar satıb getdiyin evi indi yenidən satırlar. Gəl, evi al geriyə. Pulun çatmırsa, üstünü mən düzəldərəm, sonra verərsən. Dədə-baba yurdundur, itə-qurda qismət olmasın. Gəl, al, çox gözlətmə, səndə adətdir hər şeyi yubatmaq. Bir də gördün, kimsə gecə ilə aldı. Özün öz əllərinlə tikmisən, indi də gedib orada-burada ev axtarırsan. İstəyirsən, sənin yerinə beh qoyum. Təcili satır deyə, qiyməti də yaxşıdır. Atam “yaxşı qiymət”, “behi mən verim”, “üstünü düzəldərəm” kimi sehirli sözləri eşidən kimi dərhal razılaşdı. Dostuna dedi, get indi danış, qiyməti bir az da öldür, bir-iki gün mən də gəlirəm. Gəldi. Öz ayağı ilə gəldi cəhənnəmin qapısına. Və dostu Rauf onu əllərindən tutub cəhənnəmin içinə saldı. Odisseyin ilk evinə qayıdışı ilə dostu Rauf yavaş-yavaş hiyləgər planını işə saldı. Qonşu qonşuya, dost dosta nə gündə lazımdır? Gəl səni işə düzəldək. Dövlət işidir. Əlin-ayağın pulla oynayacaq. Sən doxsanıncı illərə baxma. İndi puldan bol şey yoxdur dövlət idarələrində. Əvvəlində bir az pul istəyirlər işə düzəlmək üçün, amma narahat olma, qardaşın ölməyib, onu mən həll edəcəm. Sən də nə vaxtdır işsizsən. Əvvəlcə bunlarla gəldi atamın üstünə. Sonra da, ən azı, bir milyon sənindir. Oğlun var. Min problemi çıxacaq bir azdan, heç olmasa, uşaq sənin kimi əziyyət çəkməsin, rahat gün görsün. Qulağımla eşitdim növbəti gün təklifi atama yenidən deyəndə. Özü də, mən ən azı bir milyon deyirəm, bəlkə də, sənə daha çox qalacaq. Atamın damarını bilirdi. Atam o “bəlkə də” sözünü eşitmədi. “Sənə daha çox qalacaq” hissəsi kifayət etdi. Həmin axşam razılaşdı və bir həftə sonra işə başladı. Getdi özünə bir dəst kostyum aldı. İki ayda biri cırılan dermanten ayaqqabıların növbəti cütünü çıxardı torbadan. Bir il qabaq eyni ayaqqabıdan on cüt almışdı. Başqaları da almışdı, amma hərə bir cüt. Hamınınkı iki ay sonra dağıldı. Atam isə dağıldıqca növbəti cütü götürürdü. Heç kim dağıldığını hiss etmirdi. Heyrətlənmişdilər, necə olur, eyni yerdən alınan eyni ayaqqabılar bizdə iki aya cırıldı, səndə bir ildir gül kimi qalıb. Deyirdi, sizinki saxtadır, mənimki təmiz dəri. O “təmiz dəri” ayaqqabılardan bir cüt çıxarıb geyindi və getdi cəhənnəmin qapısını döyməyə, açın, öz ayağımla gəlmişəm. İşə başladı. Sonra dostunun sayəsində pul oğurlamağın, sənəd saxtalaşdırmağın ustasına çevrilməyinə az qalmışdı ki, başının üstünü aldılar. Oğurladıqlarından özünə qalanları aldılar əlindən, idarədə edilən başqa cinayətləri də qoydular boynuna. Beləcə, kitabı bağlandı.

İşə yenicə gələn növbəti “qurban”lardan biri - işçimiz əynini dəyişib qəhvə aparatının yanına yüyürdü. Karton fincanda özünə qəhvə süzüb arxasını qəhvəxananın kameralarına tutaraq gizli-gizli içməyə başladı. Bir yandan ağzı yandığına görə gözləri yaşarır, bir yandan da tez içib bitirməyə çalışırdı. Adətən, günortadan sonra gəlir, bir işçi ilə növbəni dəyişir. Sonuncu kursda oxuyur, saçından qəribə iy gəlir. Heç yaxşı iy deyil. Hətta pis iydir. Başqa yerindən yox, məhz saçından. Həmişə də gecikir. İkidə gəlməlidir, amma üçün yarısı gəlir, ən tezi. Qaça-qaça gəlir deyə başı tərləyir və saçından daha çox pis qoxu gəlir. Bizdəki iki qızdan biridir. Saçından iy gəlsə də, bu qızın üzü göyçəkdir. O, bayaq barın arxasına keçib ora-bura vurnuxanda, mən pəncərəyə yaxınlaşdım, şüşəyə söykənib bir az düşünmək istəyirdim. Qəfil elə taqqıltılar gəldi ki, elə bil pəncərənin şüşəsinə bir vedrə çınqıl tulladılar. Yağış imiş. Güclənmişdi. Həm də çəpəki. Külək də var. Qız demişdi gələndə, ki, bayırda külək də, yağış da güclənir getdikcə... Bir budaqda yarpaq olaq, yel əsəndə barışaqmı?... Floranın səsi gəlir tavandakı şahmatvari şanılardan. Kim qoyub Floranı? Burda adətən əcnəbi mahnılar qoyulur. Həm də oynaq. Ürəyi yeni-yeni döyünməyə başlayan kimdir? Az öncə kassanın arxasına keçən oğlan növbəsini təhvil alan qıza, sənin də vaxtında gələn günün olmadı, dedi, həm də gülümsəmədən. Qız fikir vermədən ortalıqda nizamsız və məqsədsiz hərəkətlər edirdi. İçəridə nahardan sonra yuxusunu qovmağa, bir də şəkər ehtiyacını qarşılamağa gələnlərdir. Bu vaxt gələnlər daha səssiz olur. Yeməyin verdiyi ağırlığı yayxanaraq ötürməyə çalışırlar. Bir qızın ürəyi dözmədi, təkbaşına iki kruassan, bir almalı piroq sifariş verdi. Kiməsə bayaqdan səs göndərir. Gözü də qalıb piştaxtanın üzərində, görəsən, nə vaxt gələcək kruassanlar?!.. Küncdəki qıvrımsaç oğlan isə yenə nəsə yazır. Bayaq yanından keçdim bilərəkdən, masanın üzərinə boylanıb oxuduğu kitaba baxdım. Köhnə kitabdı. Oğlan boylandığımı görüb həvəsləndi. Lope de Veqa. Təkəbbürlə dedi, yəni sən tanımarsan. Amma ağzından çıxan ciyiltili feminin səs təkəbbürünü yerlə-yeksan etdi. Bir ay olar, bazar günü hava günəşli idi. Parkda oturub kitab oxuyurdum. Məşhur rəssamın məktublarını. Nə zaman oxusam, həyatdan şikayətləndiyimə və günlərimi hədər verdiyimə görə utanıram. Bir kişi əlində uzun bir çubuğu kor əsası kimi yerə sürtə-sürtə qarşımdan keçirdi. Əvvəl kor olduğunu zənn etdim. Sonra çönüb mənə baxdı. Nə oxuyursan? Koroğlu dastanıdır? Yox, dedim, bir rəssam haqqındadır. Onda rəssamsan? Yox, dedim yenə, elə-belə, marağa oxuyuram. Dedi, dur gedək çay içək. Bu dəfə də yox deyəndə, əsəbləşdi, çubuğu yerə bir az möhkəm çırpdı, özün bilərsən, deyib uzaqlaşdı. Yenə çubuğu ilə kor əsası kimi torpağı yoxlaya-yoxlaya gedirdi. Uzaqlaşdıqca burnu ilə yeri qoxlayıb yolunu tapmağa çalışan itə oxşayırdı. Lope de Veqa. Eşq... Eşq demə ona, qarşılığı yoxdursa; Çünki yoxdur nəsnə, bəlli deyilsə forması. İncəsənət universitetinin yan girişi, tağın altında divara söykənib oxumuşdum. Hansısa pyesini. İndi xatırlamıram, ilk cümləsi yadımdadır. İkinci kursda oxuyurdum və teatrı ömürlük ibadət edəcəyim məbəd hesab edirdim hələ. Atam həbsdəydi artıq. Pyes yazmağı da o dövrdə düşünməyə başlamışdım. Nə mövzu düşünsəm, sonunu atamın həbsinə bağlayırdım. Və tərəddüd edirdim yazmağa. Tərəddüdsə ürəyi ləngidir. Mövzuları dəyişirdim, qəhrəmanları dəyişirdim, amma sonda yenə atam çıxırdı səhnəyə, əynində həbsxana paltarı. Uzun bir monoloq deyib yoxa çıxırdı. O yoxa çıxan kimi mənim də yazacağım səhnələr, dialoqlar, replikalar yoxa çıxırdı. Bu səfər beynimdə xor başlayırdı. Sözlərini anlamadığım xor uzun-uzadı davam edirdi. Amma xorun içində bir səs xaric idi. Xorun bütün ahəngini pozurdu. Sonra xor qəfil dayanır və o xaric oxuyan adam davam edirdi. O adamın atam olduğunu görürdüm. Atamı görən kimi xor da, adamlar da yoxa çıxırdı. İndi deyir yanıma corab gətir. Çalış, sadə qara corablardan olsun. Bu həftə də, gələn həftə də gedə biləcəyimdən əmin deyiləm. Getmək də istəmirəm. O corabları almaq da. Hər varlıq çoxdan bir qismətlə öhdələnib. Mənə nə dəxli onun qismətinin?

Son bir aydır yenə hər gün zehnimdə yazıram. İlk cümləni səhər avtobusa minəndə, son cümləni gecə yuxuya getməzdən əvvəl, xəbərsiz olduğum hansısa zamanda. Hansı gün yazdıqlarımın daha yaxşı olduğuna qərar verə bilmirəm. Arada özümə kənardan baxmaq keçir könlümdən. Onda da günün hansı vaxtında, haradan baxım, deyə tərəddüd edirəm. Tərəddüd ürəyi ləngidir. Qəfil gələn həyəcan qəfil də yoxa çıxır. Ürəyim daha on dəqiqə əvvəlki kimi şiddətlə döyünmür. Və sonu uğursuzluq... Bu saatlarda qəhvədən çox çay istəyirlər. Soyuq havalarda axşama doğru çay arzusu qəhvəni üstələyir. İş sonrası görüşənlər çox olur bu vaxtlarda. Səhərki yuxululuq, qəhvə sonrası enerji yoxa çıxıb artıq, üzlərindən kədərli yorğunluq yağır, köynəkləri qırışıb, bəziləri səhərki ağ və şax köynəklərini çıxarıb şalvarın üstünə salıb. Əsnəyə-əsnəyə tıxacın yatışmasını gözləyənlər də var. Qıvrımsaç oğlan artıq yoxdur. Tıxaclar başlamamış aradan çıxıb. Amma günün bu saatında enerjisi tükənməyənlər də var. Üç qız bir saat olar, həyəcanla danışır. İkisi arada fasilə verir, biri isə dayanmadan danışır. Tələbədirlər yəqin. Bayaqdan on beş-iyirmi oğlan-qız adı çəkiblər. Susmayan qız adını çəkdiyi hər kəsin portretini çəkdi sözlərlə. Ən yaxşısının və ən şərəfsizinin üzərində hamısından çox dayandı. Amma o birilərinə ayrı-seçkilik etmədən, bərabər zaman xərclədi. Hər kəsi bağışlaya biləcəyini, bircə o şərəfsizi birdəfəlik sildiyini son dəfə vurğuladı. O biri qızlar danışanda da bu susmayan qız arxa fonda, daha bəm səslə kimisə lənətləməyə, onun iyrənc davranışlarından danışmağa davam edirdi. Mənimsə bugünlük növbəni təhvil vermək vaxtım yaxınlaşdı. Saçı alovlu insanlar şəhərində məhkumluğumun növbəti gününə oyanmaq üçün evə gedib günü vaxtından əvvəl bitirmək lazımdır. En səhnədən, rəzil cəngavər; qoy yerini alsın günəşlə döyüşən, göyün dirəyinə mişar çəkənlər.

İkinci epizod

ZƏRBYCN DVƏ AKDM LLİ DAM ATR

Göyərçinlər yalnız bu hərflərin üzərində dayanmışdılar. Üzeyir böyük teatr binasının alnındakı sözlərdən göyərçinlər qonan hərfləri ayırıb asta səslə oxudu. Mənası olmayan hərf yığını. Dilin mahiyyətini bir daha düşündü. Zəncirdən bir neçə halqanı çıxaranda anlamaq çətinləşir. Bir az da çıxaranda, ümumiyyətlə, məna itir. Teatrın alnının altındakı sütunların başlarına da iki-iki, üç-üç quşlar yığışıb. Bütün göyərçinləri saydı. Hamısı birlikdə qırxı keçməzdi. Teatrın sağından keçən maşınlardan biri qəfil sürət yığdı və maşından əzablı bağırtı qopdu. Teatrın alnına və sütunlarına yığışmış göyərçinlər hürküb hərəsi bir yana uçdu. Binanın adını bu dəfə daha rahat oxuya bildiyinə görə sevindi və nədənsə uzun illər öncə məktəbin arxa həyətindəki bufetdən ilk dəfə saqqız aldığı günü xatırladı. Həmişə başqa şeylər alardı, bu dəfə saqqız aldı. Yəqin, sevginin fiziki dünyanın parçası olduğunu anlamağa başladığı günlər imiş. Az sonra siniflər birləşəcəkdi, Üzeyirin təzə-təzə aşiq olduğu qızla yanaşı oturmaq ehtimalı vardı və beləcə yaxın məsafədən danışarkən ağzının qoxa biləcəyini, qızın ondan iyrənə biləcəyini düşünmüş olmalıydı ki, tələsik gedib saqqız almışdı.

Parkda oturub teatra zillənmişdi və zehninin göyərçinlərin uçması ilə bu qədər keçmişə getməsinin səbəbini anlaya bilmirdi. Aralarında bir əlaqə olduğu dəqiqdi, amma bunu sadəcə ürəyində hiss edirdi, əlaqəni beynində qura bilmirdi. Bu əlaqənin qurula bilməməsi ürəyini sıxmağa başladı. Bu hal son illər yaranıb, getdikcə də artır. Ağlıma gələn düşüncələrin, yadıma düşən xatirələrin səbəbini axtarmağa başlayıram, deyə düşündü. Mən bunu niyə xatırladım? Nə təhrik etdi bu durğun beyni ki, qəfil, məsələn, on il əvvəli xatırladı? Ya da, gələcəyə dair bir şeyi niyə indi düşündüm?.. Mütləq bir səbəbinin olduğuna əminliklə axtarmağa başlayırdı. Tapmayınca da ürəyi sıxılır, əhvalı korlanır, əli bütün işlərdən soyuyurdu.

Göyərçinlər yenidən qayıtdılar sütunların üstünə. Sonra başqa bir dəstə də geri qayıtdı. Teatr binasının alnını bəzəməyə başladılar. Üzeyir gözlərini qıyıb yeni hərflər kombinasiyasını oxumaq üçün binanı altdan yuxarı süzməyə başlayırdı ki, afişaları gördü. “Mənim günahım”, “Ah, bu uzun sevda yolu”, “Şah Qacar”, “Ölülər”, “Qətibə İnanc”, “Xurşudbanu Natəvan”. İllərdir dəyişməyən sıraya bircə yeni əlavə vardı: “Zəfər yolu”. Aqili xatırladı. Kiçik bayrağın arxasındakı fotonu. Onun solğun üzünü və hər gün plazadan gəlib qəhvəxanada gənclərə tilov atan dələduzları xatırladı. Orta amerikano və şokaladlı kruassan. Üzeyir skamyada belini dikəltdi. Hava artıq xeyli qaralmış, amma gündüzün soyuğuna nisbətən yumşalmışdı. Skamyada yanına qoyduğu və başının üstündəki park lampasının işığı ilə aydınlanan şəffaf torbanı gözləri ilə yoxladı. Sonra əlini soxub torbanın dibini, qara corabların altını qurcaladı. Axtardığı iki ədəd şam oradaydı.