TikTok-dan Milli Kitab Sərgisinə dəstək - Azərbaycanda ilk dəfə

TikTok-dan Milli Kitab Sərgisinə dəstək   - Azərbaycanda ilk dəfə

26 May 2023 11:29 264


27 may - 4 İyun tarixlərində İçərişəhərdə keçiriləcək V Milli Kitab Sərgisinə TikTok-dan böyük dəstək gəlib.

Məşhur sosial platforma sərginin media dəstəyini həyata keçirəcək.

Bu məqsədlə “#kitabfest: TikTok kitabsevərləri birləşdirir” adı altında yeni bir trend başladılıb.

Bu, Azərbaycanda bu tip ilk platforma layihəsidir.

Layihə çərçivəsində ölkənin hər yerindən istifadəçilər #kitabfest həştəqi ilə ədəbiyyat və mütaliə mövzusunda videolar çəkməyə dəvət olunur: kitab xülasələri, qutuların açılması (unpacking), sevimli kitablardan parçalar, mütaliə və ədəbiyyatla bağlı şəxsi hekayələr, Milli Kitab Sərgisindən reportajlar və hətta öz kitab rəfini hazırlamaq, yaxud kitabları yerləşdirmək haqda videolar...

Beş ən maraqlı videonun sahibi “Əli və Nino” mağazalar şəbəkəsindən 100 AZN dəyərində hədiyyə kartı qazanacaq.

#kitabfest Azərbaycandakı istifadəçiləri daha çox mütaliəyə, kitab tövsiyələrini bölüşməyə, yeni kitablar kəşf etməyə və TikTok-dakı nəhəng kitabsevərlər cəmiyyətinin bir hissəsi olmağa ruhlandırır.

Təşəbbüs #BookTok qlobal fenomeninin uğurundan ilhamlanaraq yaradılıb.