Traktat dilində poeziya - Freydin psixoanaliz təlimi

Traktat dilində poeziya   - Freydin psixoanaliz təlimi

27 Noyabr 2023 12:17 419


Traktat dilində poeziya

Ziqmund Freydin psixoanaliz təlimi haqqında bir neçə kəlmə

Fəxri Uğurlu

Müəllifini unutduğum bir fikir var, deyirdi ki, iyirminci əsrin taleyini üç yəhudi müəyyənləşdirib: siyasətdə - Karl Marks, elmdə - Albert Eynşteyn, incəsənətdə - Ziqmund Freyd.

Xeyli şişirdilmiş olsa da, bu fikirdə gerçək payı az deyil. Freydin psixoanaliz nəzəriyyəsi dünya ədəbiyyatına, incəsənətinə bu gün də təsir göstərməkdədir. Hərçənd o, yaratdığı nəzəriyyənin sxemləri üzərində qurulmuş sənət əsərlərini əsla bəyənmirdi.

***

Freyd öz təlimini yeni dövrün dininə, ehkamına çevirmək istəyirdi. Bu arzusunu əvvəlcə şagirdi, sonra rəqibi olmuş Karl Yunqa bildirəndə Yunq bundan dəhşətə gəlmişdi; isveçrəli dahiyə görə, elmdə ehkam ola bilməzdi. Freyd isə özgə fikrə dözümsüz idi, öz nəzəriyyəsinin sözsüz-sovsuz qəbul olunmasını istəyirdi. İki ən böyük şagirdi - Adolf Adlerlə Karl Yunq məhz xarakterinin bu cəhəti ucbatından ondan ayrılmışdı.

Fəqət bu təfriqə dünya psixologiya elminə böyük fayda vermişdi, nəticədə biri individual psixologiya (Adler), o biri analitik psixologiya (Yunq) adlandırılan daha iki möhtəşəm təlim meydana gəlmişdi.

***

Elm deyirəm, ancaq bu təlimləri elm saymayanlar da az deyil. İndinin özündə də psixoanalizi şarlatanlıq hesab eləyən, onu təbabət elmindən qıraq tutan nə qədər ağıllı-başlı adam var. Freyd (elə adını çəkdiyim o birilər də) təhtəlşüur sahəsində fəaliyyətinə həkim kimi, alim kimi başlamışdısa da, sonradan bu çərçivələri qırıb psixoloji ümumiləşdirmələr aparmış, fəlsəfi qənaətlər hasil eləmişdi.

İnsanın ömrü boyu canındakı natamamlıq, şikəstlik kompleksini kompensasiya eləməyə çalışdığını deyən Adlerin individual psixologiyasını sosiologiya elmi çərçivəsində nəzərdən keçirmək olar, daha doğrusu, elə belə də olmalıdır. Amma zənnimcə, nə Freydin, nə də Yunqun təlimi bu kontekstə sığmır, yəni elmin sərhədlərini aşır - biri poetik təfəkkür, o biri mistik təfəkkür mərtəbəsinə ucalır. Şübhəsiz, poetik düşüncə də, mistik düşüncə də elmi düşüncədən sonrakı mərhələlərdir.

***

Freydi çox vaxt şəxsi komplekslərini universal modelə çevirməkdə qınayırlar. Ziqmundun uşaqlığında, həm də bu uşağın gözü qabağında bir alman onun atasını küçədə təhqir eləmişdi, fəqət ata onu alçaldana cavab verə bilməmişdi, həqarəti udmuşdu. O gündən, o saatdan ata Freyd oğul Freydin gözündən düşmüşdü, oğlu Allah bildiyi, güvəndiyi atasının çiliklənmiş xarizmasının qırıntılarını bir daha bir yerə yığa bilməmişdi.

Atasının obrazıyla birlikdə Ziqmundun təxəyyülündən Allahın da surəti silinmişdi, zatən Allah dediyimiz ondan ötrü elə atanın bir başqa adıydı. Bu faktı əsas gətirənlər Freydin ortaya qoyduğu Edip (ata) kompleksini onun şəxsi travmasının məhsulu kimi qələmə verməyə çalışırlar. Ancaq məsələ bu qədər də sadə deyil.

Freydin kəşf elədiyi komplekslərin, ələlxüsus da Edip kompleksinin Avstriya-Macarıstan imperiyasında yaşayan yəhudilərə, hətta Vyananın konkret bir məhəlləsində məskunlaşmış yəhudi icmasına xas psixoloji zədələr olduğunu iddia eləyən tənqidçilər də var. Kafkanın əsərlərini, atasına məktublarını oxuyanda bu iddiaya inanmaq istəyirsən, fəqət oxşar duyğulara, travmalara dünyanın ən müxtəlif bölgələrində doğulmuş, ən müxtəlif irqlərə, xalqlara məxsus, ən müxtəlif dillərdə danışan yazıçıların əsərlərində də rast gəlmək olar.

Hansı ölkədə doğulur doğulsun, hansı dildə danışır danışsın, insan hər yerdə insandır, hamı bir materialdan yaranıb, sevəndə də, iyrənəndə də eyni cür sevir, eyni cür iyrənir. Bu baxımdan Freydin üzə çıxardığı psixoloji komplekslər də ümumbəşəridir, universaldır.

***

Bütün dahilər kimi Freyd də xoşbəxtliyin iksirini, azadlığın düsturunu axtarırdı.

O, şəxsiyyətin strukturunu üç elementə ayırmışdı: təhtəlşüur (İd), mən (Eqo), bir də fövqəl-mən (Super-Eqo). İd - bizim təbiətdən gələn gücümüzün, şüursuz vəhşi istəklərimizin adıdır. O heç bir qadağaya tabe olmaq istəmir, bütün əngəlləri uçurub yıxıb Eqo-nu bütünlüklə qapsamağa can atır. Ancaq bunun qarşısını alan, onu geriyə sıxışdıran Super-Eqo var.

Super-Eqonun bir adı da senzordur. Senzor rolunu Tanrı, din, qanun, vicdan da, ictimai normalar, adət-ənənə də, ata zəhmi, ana zabitəsi də oynaya bilər. Super-Eqo Mən-i İd-in işğalından qoruyur, ancaq Eqo bundan çox da məmnun deyil, o, İd-in ötürdüyü impulsların təhrikiylə davranmağa, ləzzət hissinə dalmağa can atır. Təhtəlşüuru hərəkətə gətirən məhz cismani ləzzət duyğusu (libido), cinsi həzz almaq prinsipidir.

Beləliklə, hər kəsin Mən-i odla su arasında qərar tutub: təhtəlşüur zövq almağı, fövqəl-mən bunun gətirə biləcəyi bəlalardan qorunmağı tələb eləyir.

***

Bir yanda yaşamaq həvəsi, o biri yanda ölüm qorxusu. Bu sxem bizə yaxşı tanışdır.

Hələ antik dövrün kirenaiklər məktəbinə mənsub filosoflar deyirdilər ki, hər bir canlı orqanizmi həzz duyğusu hərəkətə gətirir. Epikür məktəbinin məzunları bir az da uzağa gedib cismani həzzi intellektual, zehni həzzlə əvəzləmişdilər; yəni insan azad, təmənnasız yaşamağın zövqünə daldıqca ölüm qorxusunu da unudur, ölüm qorxusunu unutduqca kimsənin boyunduruğunu qəbul eləmir. Bunlara yaxın siniklər (kiniklər də deyilir) məktəbinin ulduzu Diogenin Makedoniyalı İsgəndərlə dialoqu hər kəsə bəllidir.

Freydizmi adını çəkdiyim fəlsəfi məktəblərin, xüsusilə Epikür məktəbinin davamı, xələfi də saya bilərik. Onun Eqo-su İd-in deterministik zənciriylə buxovlanıb. Eqo azad deyil - aşağıdan ona təhtəlşüur, yuxarıdan senzor təzyiq göstərir.

Super-Eqonun Mən-i tam şəkildə qapsaması Eqo-nun mütləq əsirliyi, köləliyi, özündən əl çəkməsi, faktiki ölümü deməkdir. Bunun tərsinə, Eqonun hər iki asılılıqdan qurtulması üçün onun İd-ə qovuşması, Mən-in sərhədlərinin təhtəlşüurun hüdudlarıyla üst-üstə düşməsi lazımdır. Bu zaman şüurda senzora yer qalmır, Eqoya təzyiq göstərən İd - təhtəlşüur isə Mən-i tamamilə qapsayıb şüurla arasından sərhədi götürür, şüurun özünə çevrilir, onun yerini tutur. Freydə görə, insanın azadlığı da, xoşbəxtliyi də yalnız bu halda mümkündür.

***

Şəhvət tanrısı Erosu kainatın mərkəzinə çəkməklə Freyd özünə çoxlu dost, tərəfdaş, elə bir o qədər də düşmən, əleyhdar qazanmışdı. Düşmənlərindən kimisi onun libido nəzəriyyəsini bütünlüklə inkara qalxır, kimisi də bu nəzəriyyənin natamam, yarımçıq olduğunu, bütün psixoloji fenomenləri izah eləməyə yetmədiyini söyləyirdi.

Birinci dünya müharibəsindən sonra bu çatışmazlığı Freyd özü də hiss eləməyə başladı. O, belə bir qənaətə gəldi ki, yaşamaq instinkti (Eros) tək deyil, hər bir canlı orqanizmdə ona müxalif, onunla rəqabətdə olan bir ölüm instinkti (Tanatos) də var. Onu nəhəng savaşın dağıdıcı gücü bu qənaətə gətirmişdi.

Bu dəfə də tərəfdarları ondan narazı qaldılar, həyatdan ayrı götürülmüş ölüm ehtirasının varlığına əksəriyyət inanmadı.

Gerçəkdən də, ölmək, yaxud öldürmək heç vaxt çılpaq məqsəd olmayıb, ola da bilməz. Hətta intihar aktının özü də özünüqoruma aktıdır.

Özünüqoruma instinkti - yaşamaq ehtirasıyla ölüm qorxusunun ortaq adıdır, bunlar bir xəncərin iki başı, bir instinktin iki qütbüdür. Həyat həmişə ölümlə, ölüm də hər zaman həyatla müşayiət olunub. Elə Freydin etalona çevirdiyi şəhvani akt prosesində də yaradıcı instinktlə dağıdıcı instinkt birgə iştirak eləyir, Tanatos (sadizm, mazoxizm) Erosun tərkində cıdıra çıxır. Bu gerçəyi dahi psixoloq özü də qəbul eləyirdi, fəqət onu istisna sayırdı.

Məsələ burasındadır ki, materializm, xaos peyğəmbəri Nitsşeyə günün birində əbədiyyət gərək olduğu kimi, ateizm carçısı Freyd də yaşlandıqca ikili dünyada yaşadığını anlamışdı. Fəqət ruhani başlanğıca inanmaq istəmədiyinə görə bu ikiliyi maddi dünyanın özündə, fiziki-bioloji aləmin xislətində axtarırdı. Bu aləmsə ikiqütblü olsa da, ikixassəli deyil, birxassəlidir. Yaşamaq instinktiylə ölüm instinkti, başqa cür desək, olumla ölüm ayrı-ayrı həqiqətlər deyil, bir həqiqətin iki başı, iki üzüdür.

***

Freyd belə düşünürdü ki, günəşin hərarəti, təbiətin möcüzəsi hesabına nə zamansa qeyri-üzvi materiyadan ilk üzvi varlıq törəyəndə o varlığın varlığı çox qısa çəkib, həmin canlı dərhal da öz ölümünə, yoxluğuna qayıdıb, bir növ dünyaya gəldiyinə peşman olub.

Ondan sonra törəyən canlıların ömrü tədricən uzanıb, beləliklə yer üzündə üzvi aləm, canlılar aləmi yaranıb. Şüur çox-çox sonraların işidir, şüurun yaranmasıyla mədəniyyət, senzura, onların da yaranışıyla insan təbiətinin bir küncə qısnanması, instinktlərin əsarəti, bunun nəticəsində isə psixi sağlamlığın pozulması, nevroz, isteriya, dəlilik kimi qeyri-təbii hallar meydana gəlib. İnsan həyatın gətirdiyi problemlərdən qurtulmaq üçün şüursuz şəkildə öz ölümünə, yoxluğuna, gəldiyi aləmə can atır.

“Ləzzət prinsipinin astar üzü” adlı traktatında Freyd bu məsələlərin üstündə geniş durur. O deyir ki, hər cür həyatın məqsədi ölümdür.

Əgər biz hansısa bir fiziki aktdan həzz alırıqsa, bu işin sonu aldığımız həzzi öldürməklə bitir. Məsələn, toxluq yeməkdən aldığımız ləzzətin ölümüdür. Bu biri yandan aclıq da bizi öldürür. Bir-birinə daban-dabana zidd olan hər iki hal eyni hədəfə yönəlib. Demək, necə yaşamağından asılı olmayaraq bütün insanların yalnız bir mənzili var, o da məlum son mənzildir. Hər bir üzvi orqanizm özü də bilmədən yenidən qeyri-üzvi hala qayıtmaq, yoxa çıxmaq, torpağa çevrilmək arzusundadır. Çünki orada heç bir qayğı, heç bir dərd, qüssə yoxdur; yaşamaqsa başdan-ayağa əzab, ilk nəfəsdən ta son nəfəsə qədər iztirab, işgəncədir.

Bu yerdə Əliağa Vahidin bir misrası yadıma düşür: “Mən bu dərdin çarəsin ölməklə asan eylərəm...”

***

Freydə görə insanın ideal, azad, xoşbəxt halı Eqo-nun bütünlüklə İd-ə təslim olmağındadırsa, təhtəlşüurun özü də bizə ölümdən başqa heç nə vəd vermir. Mühüm, prinsipial fərq burasındadır ki, orqanizm ölümə öz ayağıyla getmək istəyir, kənar ölümdən qorunmağa çalışır.

Ovçular belə deyirlər ki, canavarın dişinə keçdiyi məqamda dovşanın ürəyi partlayır. Əgər deyilən doğrudursa, bu da bir növ intihardır, dovşan qurdun pəncəsində yox, öz ölümüylə ölmək istəyir. Demək, bu akt təkcə intihar aktı yox, həm də özünüqoruma aktıdır, bu məqamda ölüm - ölümdən çox qurtuluşdur, canı qatilin, öldürənin əlindən almaq, fələyə sağ can verməməkdir. Şüursuz istəklərimiz bizi ölümə sürükləyirsə də, biz yoxluğumuza varlığımızdan həzz ala-ala, canımızdakı enerjini ləzzətlə tükədə-tükədə, özümüzü eşq oduna yandıra-yandıra gedirik.

Bu, bir növ freydvari nirvana, materialistik dinclik arzusudur. Əlbəttə, bu arzuya yetişmək üçün kitab oxumaq, alim olmaq, düşünmək gərək deyil. Bir mənzilə ki, bizi aclıq yabısı da, toxluq köhləni də eyni sürətlə, eyni uğurla aparır, beyin çatlatmağa dəyməz, çünki müdrik bədənimiz bu barədə bizim yerimizə bizdən də yaxşı düşünür.

***

Bütün bunlar şairanə həqiqətlər deyilsə, bəs nədir? Ən güclü əsərlərində Freyd elmi yox, məhz poetik təfəkkür sərgiləyib, sələfi Epikür sayaq traktat, esse dilində poeziya yaradıb.

Onun yaratdığı təlimin elmi mötəbərliyinə bir çox ciddi elm adamının şübhəylə yanaşmasının bir səbəbi də yəqin budur...

***

Yetmiş yaşı tamam olmamış Freydin damağında xərçəng tapıldı. Elə bil zalım fələk dahi mütəfəkkirin nəzəriyyəsini onun öz cismi üzərində sınaqdan keçirmək qərarına gəlmişdi.

Ömrünün qalan illərində Freyd nə az, nə çox - düz otuz üç dəfə ağır cərrahi əməliyyatdan keçməli oldu, dözülməz əzablar çəkdi. Bununla belə ta səksən üç yaşında həyatla üzülüşənə qədər yaşamaq, işləmək əzmini itirmədi, ömrünü yeni mənalarla bəzəməkdən usanmadı. Bu müddətdə vətənində baş qaldıran faşizm qasırğasının törətdiyi dağıntıları da gördü, fürerin libidosunun zərbələrini də daddı, qoca, xəstə vaxtında yurdundan didərgin də düşdü. Axır elə bir günə qaldı ki, çürüyən damağından yayılan dəhşətli qoxu ucbatından illər boyu bəslədiyi iti belə ona yaxın durmadı.

Ancaq Freyd öz nəzəriyyəsinə sonacan sadiq qaldı, kənardan sırınan ölümə can vermədi, nə faşistlərin, nə də qarı fələyin pəncəsində zəbun oldu.

Avropada Tanatosun yenidən cıdıra çıxdığı bir zamanda - 1939-cu ilin 23 sentyabrında Freyd əvvəlcədən kəsdiyi şərtə uyğun olaraq həkimindən ona yüksək dozada morfi vurmasını tələb elədi. Dərman öz işini gördü, dünya şöhrətli yuxuyozan yozulması çətin olan dərin yuxuya daldı.

Psixoanalizin banisi bu sınaqdan da alnıaçıq, üzüağ çıxdı, öz təlimini ölümüylə də təcrübədən keçirdi. Onun son təcrübəsi də uğurla başa çatdı.

“Yeni Azərbaycan” qəzeti