Türk yazardan təsirli Xocalı hekayəsi: Bəyaz gülün tikanları

Türk yazardan təsirli Xocalı hekayəsi:                                                                          Bəyaz gülün tikanları

07 Martt 2023 13:03 944


Xocalı şəhidlərinin əziz xatirəsinə...

Fatih Ordu

“Sonsuz, kədərli süküt çökdü. Kərim Lətifəyə baxıb düşünürdü: iztiraba heykəl qoyulsa bu qadının heykəlini qoymaq lazımdır. Daha doğrusu, Lətifənin özü canlı heykəl idi. Məhv olmuş ailənin qaxaca, ağaca, daşa dönmüş dərd heykəli”.

(Anar, "Otel otağı", səh. 65)

- Əhmədliyə gedirik, düşən varsa, buyursun – KAMAZın sürücüsü maşını Qaqarin körpüsündə saxladı. Lətifə ağır kilimi üstündən götürdü:

- Mən burda düşməliyəm.

Zəngilanlı qadın büründüyü qalın şalı onun çiyninə saldı - əynin çox nazikdir, soyuqlayarsan...

Cavanlardan biri əl yetirdi, düşməyinə kömək elədi.

Maşın gözdən itincə durub baxdı. Münəvvər xalanın kədərli baxışları və bir də “Allah köməyin olsun, qızım”- sözləri onunla qaldı.

O gecə - ciyərparasının qoxusu çökmüş torpağı üz-gözünə sürtəndə də onu görmüşdü.

-Axır ki, tapa bildin, can bala... dur, dur gedək, gecdir - Münəvvər xala Lətifəni bağrına basmışdı -bilirəm, çətindi, çox çətindi, amma neynək, qızım, dözməkdən başqa çarəmiz nədir... Qalx, maşınlar yola düşür, qalx, gedirsən Kərim əmingilə...

Niyə gedəcəkdi, hara gedəcəkdi, kimdən qaçırdı, niyə qaçırdı? Bunca təlaş yaşamaq üçündümü? Atəş səsləri yaxınlaşır, Münəvvər xala onu tələsdirirdi. Yolun başında, dərənin kənarında üç KAMaz vardı. Adamlar bir-birinə aman vermədən maşınlara doluşurdu. Kimsə bağlamasından bərk yapışmış bir qadına təpindi:
-Ay arvad, avadanlıq yeridir, bu camaat hara yerləşəcək?

Kuzov tıx-təpili olunca maşın ləngər vura-vura yerindən tərpəndi.

Tüsdü dumanında görünməz olan Xocalı arxada qalırdı. Lətifənin gənc ömrü, arxayın günləri də bu şəhərdə, elə şəhərin özü kimi, yerlə - yeksan olmuşdu...

İndi, Qaqarin körpüsündən uzaqlaşan maşının ardınca baxa-baxa fikirləşdi ki, yenə də tək qaldı. Kimsəsizliyin acısı içini göynətməyə başladı.

***

...Bakı yenə küləkliydi. Havadan qaz iyinə qarışmış akasiya ətri gəlirdi. Qürub edən günəşin şəfəqləri Xəzərin qurğuşun sularını sığallayırdı.

Əvvəl “ 28 May”a, ordan “ Elmlər Akademiyası”na çıxıb, Musabəyova getməliydi. Xeyli yol idi. Şəhəri də düz-əməlli tanımırdı. Niyə gedirdi Musabəyova? Hə, Kərim əmi orada yaşayırdı.

İçində boşluq vardı, bu boşluq artıqca, genişləndikcə, hər şey mənasızlaşırdı gözündə.

-Allahım, kömək ol mənə - deyib yola düşdü.

“Azərbaycan” mehmanxanası görünməyə başladı. Ürəyinin döyüntüsünün artdığını hiss edirdi. Birdən Kamalı gördü, pəncərələrin önündən onu səslədi. Bəlkə...

...Təzə evlənmişdilər. Azər iki həftəliyə onları Bakıya dəvət etmişdi. Yoxsa, belə bahalı oteldə qalmağa imkanları hardaydı?!

Azər Kamalla universitetdə bir oxumuşdu. Çox yaxın idilər. Azərin atası icrə başçısıydı, oğlunu da buraya o düzəltmişdi.

Kamal Azərdən çox danışmışdı Lətifəyə.

Nə vaxt olmuşdu? Niyə bunları xatırladı? Fikrini toplaya bilmirdi. Bəlkə, oteli görüb yadına düşdü? Hafizəsi yaxşı idi, çala-çuxur asfalt yoxuşlar da, fikirləri kimi, onu yorur, taqətdən salırdı...

***

89-un iyuluydu. Bir neçə gündü ki, toyları olmuşdu. Azər də elə onda xəbər göndərmişdi.

Lətifə Bakını ilk dəfə onda görmüşdü. Harasa tələsən insanlar, qırmızı tramvaylar, böyük binalar, heykəllər, kino-teatrlar, Xəzər, gəmilər... Bakı güman etdiyindən də böyükmüş.

Çoxmərtəbəli binalar kənddəki evlərə heç bənzəmirdi. Kamaldan soruşdu ki, bu binalar yanıb - nədir, niyə damı yoxdur?

-Bakı dünyanın ən küləkli şəhəridir, dam örtüyü olsa, külək uçurar... Payızda qır qazanları qoyulur, asfalt bişirib damlara tökürlər, qırlayırlar. Sonra gülümsəyib; - kim bilir, bəlkə də bir neçəsini gördük? – dedi.

Azərbaycan Mehmanxanasını tapmaq çətin olmadı. – Bakının ən hündür binalarından biriydi. Otaqların genişliyi, tanınmış, məşhur insanları görməsi Lətifəni elə ilk andaca həyəcanlandırmışdı.

Çox gözləməli olmamışdılar, Azər onları böyük şadyanalıqla qarşılayıb, otaqlarını göstərmiş, “dincəlin” – demişdi.

Axşam Xəzərin sahilində bahalı bir restorana getmişdilər. Azər Kamalla hey deyib-gülürdülər. Necə oldusa, söz dünyaya gələcək körpədən düşdü. Lətifə qızarıb başını əydi. Azər dedi ki, söz vermişik ha, hansımızın oğlu olsa, adını Məmmədəmin qoyacağıq. Rəsulzadənin xatirəsini yaşatmalıyıq, dostum. Sonra Azər soruşdu ki, qız olsa, hansı adı qoyacaqsınız?

- Səmayə - Kamal hələ də başını qaldırmayan lətifəyə baxdı - Səmayə Lətifənin nənəsinin adıdır.

- Allah adamıydı. O qədər xəstəlik çəkdi ki, bir dəfə şikayət eşitmədik dilindən. Ölən gecə saatı soruşdu, gecə namazını qıla bilməməsindən narahat oldu. Heç vaxt namazını ötürməzdi...

Araya sükut çökdü. Kamal yenə Lətifəyə baxdı:

- Sən də istəsən, Allah da nəsib etsə, qoy adı Səmayə olsun...

***

Mehmanxana arxada qaldı. Pəncərələrə baxmadı. Kamalı görməkdən qorxdu. Ona elə gəldi ki, Kamal onu gözləyirdi. Səmayə də qucağında: - zavallı balam, heç səni belə qoyarammı? – deyirdi.

Baxışlarını yerdən ayırmırdı. Bu təhna küçələr, bu yoxuşlar Kamalın yadigarıydı.

Bir gün 28 May küçəsindən keçəndə qır qazanını da göstərmişdi Lətifəyə.

İndi də ordan keçirdi, amma qır qazanı yox idi. Əslində, daha nə qalmışdı ki?...

Get-gedə artan ağrılardan başqa... Evlərin işıqları yanırdı bir-bir. Onun kiçik evi hardaydı? Əllərində çörək, evə tələsən ataların arasında Kamal yoxdu. Küçədə uşaqlar oynayırdı, Səmayənin gülüşlərisə qar üstündə üşüyürdü.

Ürəyi sızladı. Yad şəhərdə yalqızlıq və kimsəsizliyi didirdi qəlbini. Külək şiddətləndikcə üşütməsi artırdı. Zəngilanlı qadının verdiyi şala bərk-bərk büründü və qadını xatırladı. Yolda minmişdi maşına. Üzü ölü sifəti kimi donmuşdu. Qırx yaşı ancaq olardı, di gəl, üzünün cizgiləri, gözündən yağan kədər onu yaşlı göstərirdi. Lətifə qadına yanında yer elədi və kilimin bir ucunu üstünə çəkdi.

- Zəngilanda qalanların hamsını qırdılar. Şükür, sən qalmısan...

- Hə, sağ qalmışam, yaşayıram, - sonra yalnız Lətifənin eşitdiyi bir səslə - qanadı qırıq bir quş kimi... ölüm yağırdı göydən, evimi, ağacımı, nəyim varsa, hər şeyimi aldı bu dəfə.

Yağış başlamışdı. Gözünü yağışa dikən qadın yana-yana nalə çəkdi:

Əzizim, ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir qərib ölüb,
Göy kişnər, bulud ağlar.

***

Havada sovrulan selofan torba, qəzet qırıqları vahimə yayırdı sanki. Şalına bərk-bərk bürünmüş Lətifə kimsəsiz küçələrdə addımlayır, hərdən başını qaldırıb, əzrayılı arayırmış kimi, göyə baxırdı: Gələcəksən, hazıram, daha gözlətmə, ovcunun içindəyəm, çırpınmağa heyim də yox...

Külək şiddətləndikcə onun gözlərinin ziyası azalırdı. Küçələri başına almış külək qərib uğultulara layla çalır, Lətifəni də bir beşik kimi yırğalayırdı.
Uzun qış gecələrində o da Səmayəni ayaqları üstə yatırıb beləcə yırğalayırdı. İsti ocağın qırağında, işığın şöləsində körpəsinin zərif qulaqlarını, elə bütün qaranlığı həzin, şəfqətli laylaları ilə doldururdu:

Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində,
Şirin yuxu tapasan.

Səmayənin işıl-işıl baxışları, al yanaqları yadına düşdü. Ürəyinə işıq doldu. Bu işıq xatirələrinə düşdü. Bu işıqda Kamal körpəsini öpüb - oxşayırdı:

- Demək, qızımız oldu. Lətifə, nə deyirsən. Səmayə qoyaqmı adını, nənəmizin xatirəsini yaşadar!.. Bir buna bax, necə də gözəldir, lap bəyaz gülə bənzəyir; sənin kimi...

Ayaq saxladı. Yorulmuşdu. İçindəki oyuq genişləndikcə taqəti kəsilirdi. Kürəyini divara söykədi. “ Elmlər Akademiyası” metrosunun işıqları görünürdü. Nəfəsi get-gedə tıncıxırdı. Köksünü ovuşdurmaq istədi, indi fikir verdi ki, sağ əli açılmır. Elə bir yaralı canıydı ovcunun içində. Açmağa qorxurdu.

Gör ha, buracan gəlmişdi, amma necə gəlmişdi, hansı yolla gəlmişdi, xatırlamırdı. Daha bundam o yana gedə bilməyəcəyini hiss edirdi. Metronun tutqun işıqları arasında yerə çökdü...

Zəngilanlı qadının kədərli gözləri ona dikilmişdi. Bu kədərli baxışlar içinə sirayət edirdi. Dinmirdi, Lətifə qadının çöhrəsinə qonmuş ölümü görmüşdü. Ölüm heç kəsə bu qədər yaxın dura bilməzdi. Bu qadın əzrayılın əlindən qəsdən buraxdığı olumla ölüm arasında can verən bir varlıqdı və bu aralıqdan Lətifənin gözlərinə baxırdı. Aman Allah, hansı acı, hansı dibsiz kədər insanı bu günə qoya bilərdi?!

- Nə yatırsan, bir gözümün içinə bax, üzünü çevirmə, bir gözünü aç...

Yıxılıb qaldığı yerdən gözləri yavaş-yavaş aralandı. Metronun işıqları arasında Xəzərdən boylanan Ayı gördü... Səmayənin üzünə bənzəyirdi parlaq Ay... Onu daha yaxşı görməkçün qalxdı. Yerimirdi, quş kimi qanaq açıb uçmaq, Aya - Səmayəyə çatmaq istəyirdi. Çatıb onu qucmaq! Bax, az qalıb, bir az da əl uzatsa çatar, aha, lap az qalıb, bircə əlini tutsunbir də heç vaxt buraxmayacaqdı. Var gücüylə Yasamala qalxırdı. Külək qollarından tutub qaldırırdı onu, amma bu nədir, Ay hara qalxırdı? Lətifə ilə oyunmu oynayırdı? Ay yüksəldikcə onun çarəsizliyi də çoxalır, içindəki boşluq da böyüyürdü... Səndirlədi, heyi qalmamışdı...

-Ay arvad, qalx görək - kobud bir səsdən Lətifənin canına qorxu doldu. Nəfəsi boğazına tıxandı. Danışmaq istədi, kəsik öskürək macal vermədi. – Nə ölümün var bu soyuqda, evin-eşiyin yoxdumu?

Bu kobud, laqeyd sos içində bir sabah oyatdı. O gecənin sabahını...

...Atəş səsləri gəlirdi. Nə vaxtdır uzaqlarda eşidilən partlayış səsi bu dəfə yaxınlıqdaydı.

Üç aydı Kamaldan sas-soraq yoxdur. Döyüşlər başlayanı özündə-sözündə deyildi. Evə-eşiyə sığmırdı. İndi də onları Adilə əmanət qoyub getmişdi.

- Olmaz, Lətifə, burda oturub gözləmək bizə yaraşmaz, qorxma, buralara gəlib çıxmazlar, mən də qayıdacam, söz verirəm.

Atışma səsləri Xocalıya yaxınlaşırdı, Kamaldansa bir xəbər yoxdu. Öldüsünü deyənlər də vardı. Lətifənin ürayinə od vurulmuşdu. Gəlirəm demişdi. gəlib çıxmırdı...

Hərə başını alıb qaçırdı Xocalıdan.

- Bir neçə günə ermənilər burdadır, siz də qaçın - deyirdilər.

Kamalsız haraya gedə bilərdi Lətifə?!

Gecə atışma lap yaxınlıqda eşidilirdi. Cavanlar neçə gecəydi yamacda keşikdəydilər. Qardaşı Adil də ordaydı.

Adil gedəndən sonra lap yalqız qalmışdı. Səmayəni qucağına alıb ocağın yanında oturmuşdu. Körpə mışıl-mışıl yatırdı. Yeri salıb uşağı da yanına qoydu. Bir xeyli üzünə, yatışına tamaşa elədi. Bir ara gözüna Səmayənin ayaqqabıları sataşdı. Əyilib götürdü. Sonra oyuncaq gəlinciyi seçdi... Bir yaşı tamam olanda almışdı Kamal.

Kamalı xatırladıqca niyəsə içinə qorxu, təlaş doldu. Bircə gəlib çıxsaydı, biza yiyə durardı. Ara sakitləşsin, Səmayəyə ayaqqabı da alar, uşaq böyüyür. Otaqda yıxıla-dura, o baş-bu başa qaçmaqdan ayaqqabıların geyilməlisi qalmayıb, bir də ki, ayağına da gəlmir daha.

Ay Kamal...

Gözü doldu. Əyilib Səmayənin yanağından öpdü: - Yat, mənim şəkər balam, bir halda ki atan gələcəyəm deyib, demək, gələcək.

O, mənə heç vaxt yalan deməyib. Özünü saxlaya bilmədi, ağlaya-ağlaya üzünü uşağın başına sıxdı.

Qapıya dəyən zərbədən dik atıldı. Silahlı bir nəfər içəri soxuldu. Lətifə Səmayanin gurultuya oyanmadığını görüb yorğanı üstünə çəkdi. Əsgər Lətifəni sürüyə-sürüyə çölə atdı.

Nə olmuşdu? Hər tərəf əsgərlə doluydu. Onlardan ikisi Latifənin qollarından yapışıb kolxoz binasına apardı, içəri itələyib qapını arxadan bağladılar. Cavanları, qaçıb qurtara bilməyən 50-60 nəfəri bura salmışdılar. Hərdən qapı açılır, ermənilər yaxaladıqlarını içəri itələyirdilər. Fəryad səsindən qulaq tutulurdu. Ağız deyəni qulaq eşitmirdi. Qızını, ərini səsləyən, çığıran kim, bizi diri-diri yandıracaqlar – deyə bağıran kim.

Lətifə sarsıntıdan qurtara bilmirdi. Birinin yaxasından yapışıb, qorxa-qorxa soruşdu:

- Cavanlar, yamacdakı uşaqlar necə oldular?

- Hamısı öldü, pusquya düşdülər.

Yerindəcə quruyub qaldı. Hıçqırıq boğurdu onu, sonra havası çatmadı, var gücü ilə ağlamağa başladı:

- 16 yaşı vardı Adilin, Adil, Adil...

Vaxt ötürdü. Lətifə dəli kimi, var gücü ilə qapıları döyəcləyirdi:

- Qızım, qızım evdə qalıb...

Qollarından tutub çəkirdilər. O isə, dartınıb əllərindən çıxmağa çalışırdı:

- Səmayəm evdə qalıb. Ac qalacaq, soyuqdan donacaq.

Az sonra atışma yenidən şiddətləndi.

- Bizimkilər gəlirlər, bizi çıxararlar...

Bu sözdən sonra sakitlik oldu. Lətifə əsgərləri gözləyəcək halda deyildi; kim bilir, nə vaxt gələcəklər...

Bir acını gözləməyin, o acını yaşamaqdan daha əzablı olduğunu Lətifə onda bildi. Gah özünü divara çırpır, gah da qapıları yumruqlayırdı.

Qapıları bir də axşam açdılar:

- Cəld olun, vaxt yoxdur...

Özünü hamıdan qabaq bayıra atdı. Əsgər: - burdan qaçın - deyirdi. Nə qaçmaq, hara qaçmaq?! O, evə can atırdı. Qurtarmaq - onun üçün balasına qovuşmaqdı. Bu da ev. Qapılar taybataydı. Yatağa cumdu, yorğanı qaldırdı, Səmayə yoxdu. Otaqları ələk-vələk elədi, balası heç yerdə yoxdu. Çölə çıxdı. Adamlar qaçırdılar, dalbadal eşidilən partlayış səsindən yer-göy lərzəyə gəlirdi... Səmayə heç yerdə yoxdu.

Bir də evə qayıtdı, otaqları gəzdi, yenə yoxdu. Otağın ortasında yerə çökdü. Əlinə qızcığazın ayaqqabıları keçdi. Sinəsinə sıxıb, hönkür-hönkür ağladı. Birdən gözü evin arxa qapısının yaxınlığında ayaq izlərini seçdi. Gecə yağmış qarın üstündə izlər aydın görünürdü. Qapıya cumdu... Səmayənin körpə, yalın ayaqlarının izləri...

Ayın solğun işığında ehtiyatla gedir, izi itirməkdən qorxurdu. Ürəyi dəhşətdən ağzına gəlir, sancırdı. Əyri-üyrü izlər meşəliyə doğru gedirdi. Az sonra ayaq izləri kəsildi. Üzü yuxarı qalxmağa başladı...

- Balamın amanı qalmayıb, burda iməkləməyə başlayıb...

Meşəliyə qədər gəldi. Burda izlər qarışırdı. İzlər dikə doğru aparırdı. Bir az da yuxarı çıxdı. Təpəni keçib bir ağacın altında... qarın üstündə körpəsi toppuş yanaqlarını qara qoyub yatmışdı.

Özünü balasının üstünə atdı, qolları üstünə aldığı körpənin yanaqlarını, yumulu əllərini, yarı açıq gözlərini öpür, öpür, isitməyə çalışırdı.

Göz yaşları içində: - bircə balam, - deyir, balasını duz kimi yalayırdı.

Güllə dəyməmişdi, soyuqdan ölmüşdü. Ağlamağını kəsdi. Dərdi, müsibəti aydınlaşdıqca göz yaşı quruyurdu.

Ciyərparasının bapbalaca, tompul, yumulmuş əllərini açdı. Ovucları, biləkləri tikan-tikan idi... Üsul-üsul təmizləyirdi, incitməkdən ehtiyat edirdi. Sonra doyunca üzünə baxdı. Onu tapdığı yeri yavaş-yavaş, gücü çatanacan eşməyə başladı. Səmayəni yatdığı yerdən qaldırıb qollarına aldı. Çöhrəsi od kimi parlaqdı. Kamal ona "bəyaz gülüm" buna görə deyirdi. Ağ çiçəyinin gözlərindən öpür, qoxlayıb köksünə sıxırdı, yenə öpür, qoxlayırdı... Ana-bala Ay işığında son dəfə bir-birinə sarıldılar... Və yavaş-yavaş, yatağına qoyurmuş kimi, yerə uzatdı Səmayəni. Başındakı yaylığı açıb balasının üzünə çəkdi. Məzarı örtdükcə Ay buludların arxasında gizlənirdi.

Qorxdu ki, üşüyər körpəsi, əlindəki ayaqqabıları ayağına geydirdi. Əvvəl diz üstə çökdü, sonra qəbri qucaqladı, balasının torpağa çökmüş nəfəsini qoxladı. Sinəsindən boğuq səs çıxdı:

- Ağ çiçəyimiz burda öldü, Kamal!

Münəvvər xala bu vaxt tapmışdı onu. Maşına götürmüşdü və beləcə, Lətifəni ermənilərdən qurtarmışdı.

***

...Kərim kişi əvvəl çaşdı, handan-hana tanıdı, bağrına basdı.

- Qızım, bəs niya tək? Kamal, Adil, Səmayǝ hanı?

Lətifə dinməz-söyləməz durmuşdu, donuq baxışlarını Aya dikmişdi.

Kərim onun buza dönmüş əllərindən tutdu:

- Gəl, qızım, gəl içəri, sonra danışarsan... hər şeyi...

Lətifə tərpənmirdi, donuq nəzərlərini Aydan çəkmirdi. Səmayə üzünü yana çevirmişdi, işıl-işil gözləri ilə anasına baxırdı. Donub qaldığı bu soyuq Aya baxan Lətifə övladına son isti nəvazişini göndərirdi. Əmisi əllərindən yapışdı, içəri çəkmək istədi. Əllərinə nə isə batdı:

- Bunlar nədir, qızım?

Kərim kişi Lətifənin dünən gecədən bəri yumulu qalmış sağ əlinin barmaqlarını araladı... Səmayənin əllərindən yığıb təmizlədiyi xırda tikanlar yerə səpələndi... Lətifə əmisinin ayaqlarına döşəndi. Daha özünü saxlaya bilməyib hönkürdü:

- Hər şeyə gücüm çatdı, hər şeyə dözdüm, bircə bunları atmağa gücüm çatmadı... çat - madı.... çat-ma-dı...

Türkcədən uyğunlaşdıran: Südabə Ağabalayeva