Həyəcanla, amma böyük həvəslə birinci dəfə dərs deməyə hazırlaşdığım günlərdə özüm üçün dəyişməz bir qayda müəyyənləşdirmişdim: Qətiyyən müəllimə oxşama! Bu illər ərzində bəzən təəccüblə (adətən nəsildaşlarımdan), bəzən isə istehzayla (adətən orta yaşdan yuxarı olanlardan) eyni sözü çox eşitmişəm: müəllimə oxşamırsan! Gəlin buna "Keçmişə buqələmunluq etmək" azarı deyək.
Demək, haradasa "Bizim Cəbiş müəllim" kimi bir müəllim qəlibi var, hamı buqələmun kimi onun rəngini almalıdır. Yaddaşımızın axtarış sətrinə “müəllim, alim, sənət adamı” yazanda çıxan bu qəlib-obrazdan nə qədər qaça bilsək, o qədər qazanacağıq.
Bir roman tutumunda iynəli atmacaları olan Bernard Şounun məşhur bir replikası var: “Kiçik yaşlarımdan məktəbə getməli oldum deyə, təhsilimə ara verdim”.
Şounun bu replikasından itələnib gəlin ikinci kompleksimizə keçək, buna da "Tutuquşu kompleksi" deyək. Bizim əzbərlətməyə, əzbərləməyə fokuslanmış, tutuquşu sürüləri yetişdirən təhsil sistemimiz (əzbərin də faydalı olduğu əraziləri istisna etmədən) gətirib ona çıxarıb ki, az qala, heç bir tələbənin öz fikri, qənaəti, hətta heç səhv yanaşması belə yoxdur, pafosdan çıxa bilmirlər, rahat deyillər, kəsilməkdən elə qorxurlar ki, öz adlarını da yazanda vəsiqəyə baxırlar. Halbuki qarşıda bizi başqa gələcək gözləyir.
İnsanları həmin gələcəyə hazırlamaq məqsədiylə XXI əsrin təhsil anlayışında da köklü dəyişikliklər baş verir. Dünyanın aparıcı təhsil müəssisələrinin illik təqdim etdiyi hesabatlarda XXI əsrin təhsil strategiyası ilə əvvəlki əsrlər arasında bir necə ana fərq gözə dəyir. Əvvəla əzbərə söykənən təhsili sıradan çıxıb, dünyada bu qədər virtual mənbə, vikipediya və s. varkən quru-quru fakt əzbərlətmək geridəqalmışlıqdır, anaxronizmdir. Bu geridəqalmış metod istər real həyatda, istər sosial şəbəkələrdə düşük psevdo-patriot ittihamlara gətirib çıxarır, sən demə, problemimiz budur ki, gənclərimiz hansı rayonumuzun hansı tarixdə işğal olunduğunu bilmir. Əslində isə problem tarixləri əzbərləməkdən başqa heç nə bilməməkdir.
Yeni əsrin təhsil metodikasında bir başqa vacib məsələ prezentasiya, təqdimat qabiliyyəti sayılır. Bu da bizim təhsil üçün xarakterik deyil, indi-indi həyatımıza daxil olur. İpli qovluqların içində israrla öz bəkarətini qorumaqdan sarılıq tutmuş mühazirə vərəqləri artıq bilgi daşıyıcısı deyil. İndi tələbələrin əlindəki ən ucuz smartfonda belə daha çox informasiya əldə etmək imkanı var. Bu, bizim vacib bir məqama gətirir: müəllimin obrazı və hazırlığı.
XXI əsrin bütün sahələrində rəqəmsal savadlılıq (digital literacy) kimi istiqamət var: rəqəmsal dünyanın qaydaları, orda özünü ifadə etmək, özünü aparma, bilgi almaq və bölüşmək öyrədilir. Uşağın əlindən planşetə almaq çıxış yolu deyil, onunla necə davranmağı öyrətmək lazımdır. Amma hələ heç e-mail adresi olmayan, özü texnologiyaya münasibətdə qarşısındakı şagirdin "şagirdi" olan müəllimlər bu yeni və çox vacib sayılan sahələri necə öyrədə bilər?