Unutmaq iki vur iki - Aidanın yeni şeirləri

Unutmaq iki vur iki   - Aidanın yeni şeirləri

23 Avqust 2022 11:53 616


YeniYaz.Az Aidə Adıgözəlin şeirlərini təqdim edir.

Bir gün anladım ki

Bir gün anladım ki, şeirlər sənə,
qiymətli sözləri sənə seçmişəm.
Bir gün anladım ki, sənin uğrunda
nə qədər tikanlı, nə qədər daşlı,
incidən yolları səni tapmayıb
nəmli otağımda sözlə keçmişəm.
Bütün ağrıları, bütün dərdləri
xəbərin olmadan tənhalığımda
doldurub könlümün qəm badəsinə
səninlə xoş günə sənsiz içmişəm.
Bir gün anladım ki, mən bambaşqayam...
Dolmuşam, daşıram, mən dağılıram...
Sığmıram içimə...

Bir gün anladım ki, qopub düşmüşəm,
saralmış, xallanmış xəzəl olmuşam...
Anladım, anladım elə sən demə
xəzəl olmaq üçün mən doğulmuşam...
Sən demə sevirəm xəzəl baxtımı,

sən demə sevirəm payız evimi,
bütün yağışları, dəli küləyi,
içimdə nə varsa uçub dağılan
bütün xarabalıq, kədəri, qəmi,
xəzəldən qurulmuş xəzəl taxtımı...
Səssizcə götürüb payız dərdimi
beləcə ayrıldım öz budağımdan...

Danışıb bitmişəm, susuram indi,
daha nağılım yox alma atmağa.
Yığmışam köçümü sürgün fəsiləm,
burax çıxım gedim unudulmağa!..
Ən uzun gedilən yoldusa əgər
onun da sonu var, hardasa bitən,
hər şey gözəl olur bitsə dadında...
Sənlə davam bitib, işim Tanrıyla,
tutub yaxasından sorğulayacam,
qışımın soyuğun, qışımın qarın,
bütün çıxıb gedən, unudanların!
Tanrı, bu payızı gəl çək üstümdən,
tumurcuqlamışam avqust ayında...

Natamamlıqlar

Bir də gördük yalnızıq,
heç kim anlamır bizi,
gördük sürətlə keçib bizdən zaman qatarı...
Boşluqlar içindəyik,
daha yaxşı alınmır sözdən çəkilən rəsm!
İçimizdə qırılıb bəzi gizli arzular
dağılıb ömrümüzə
alabəzək muncuqlar...
Bir dünya səs boğulub
sinəmizin küncündə,
nə qədər "murad" ölüb könül nahiyəmizdə!
Ağ - qara şəkillərdən boylanır neçə məzar, -
aşiq olduqlarımız,
ölüb də basdırılan,
boğub öldürdüyümüz...
Ananın seçmədiyi,
atamın qan düşməni,
qardaşımın döydüyü, bacının sevmədiyi...
Birində sən evliydin,
birində sən subaydın,
birində ərli qadın,
birində boşanırdım...
Bax beləcə yaşlandıq,
sən uşaq səslərindən doymuş qoca bir Adam,
mənsə hələ bətnimdə
ürək döyüntüsünün səsi arzusundayam...

İçimizdə çığırır uşaqlıq,
sonra gənclik,
eh, bizə heç nə olmaz,
biz arzuları ölmüş
qırılmış ürəklərik ...

Kədər simfoniyası

Unutmaq - iki vur iki...
bir az bulud, bir az günəş.
Bir az sazaq, bir az şaxta,
bir neçə ay yuxusuzluq,
bir az özünlə danışmaq,
havalanıb qərar vermək -
onu, hər şeyi unutmaq...
Ölüm deyil ki?!

Sanki nəfəslik bağlamaq,
havasızlıq, az boğulmaq...
Arada küncə qısılıb
balası ölmüş köpək tək
səhərə yaxın ulamaq!..
Sonra, sonra...
başını divara çırpıb,
gözlərin bircə nöqtədə
susaraq həzin ağlamaq...
Zülüm deyil ki?!

Beş - on kəlmə, bir neçə söz,
bir - iki zəng, kədərli səs,
nə var ki dözməyə, döz...
Nə bir sürü macəra var,
nə də bir yığın xatirə,
heç nə yoxdur, unut getsin.
Uzağı bir ovuc kədər,
o da ki... hə, hə, nə olsun?
Yanmamışam ki, qorxasan,
öz içində saxlayasan!..
Külüm deyil ki?!

İstəməz

Çıx bu könülün adamı,
çıx bu saraydan, istəməz!
Tanrısına təpik atan,
bu lütf, bu paydan istəməz!

Yaz yürüdümsə yollarda,
başım qalda, könlüm darda
Qış, onda hardaydın, harda?!
Sel suyu çaydan istəməz!

Sən sevəni vəba tutsun,
şahlığı başına uçsun,
unutsun, səni unutsun,
azalsın saydan, istəməz!

Keçər ağrı, can sağalar,
yaradan tək izi qalar,
bir gün ürək verər qərar,
möhür : - bu aydan istəməz!

Qayıt ruh sərgəştəliyim,
ayıl, könül sərməstliyim,
keçsin Leyla xəstəliyim,
qəlb bu haraydan istəməz!

Məchula

Uzaqların adamı, heç axtarıb sordunmu
bu xaraba daxmada küləklər necə əsir?
Yorğanım qar örtüyü, sırsıralar yastığım,
qırıq pəncərələrdən sazaqlar necə kəsir?

Xırdaladım əllini, altmışa gedir ömür,
sonuncu havalardır sümüyümə düşənlər.
"Payız" adlı qatardı içimizdən lal keçir,
sonuncu pijamalı, gecikmiş sərnişinlər...

Sənlə tanış deyildik... tanımaza bilməzə,
lap kədərin dibində hər dəfə sənə gəldim.
Bilmirəm hardan idi məndə cəsarət, inam,
sığınmağa limanım son anda səni bildim.

Sən də çaşıb qalmışdın, bu kədərli qadını,
içində gizlətməyə boş oda axtarırdın.
Sonra necə öyrəşdin bu dəlisov qadına
bir gün danışmayanda bilirdim, darıxırdın...

Səni səndən tanıdım, səsindəki kədərdən,
baxışlarına çökmüş o bir qucaq həsrətdən.
Sən heç dəyişmədin ki... yox, sən heç dəyişmədin,
sanki yolun keçmədi illərin qürbətindən.

Sevgiylə başlayıram hər açılan sabahı,
uzaqlar deyiləndə yadıma sən düşürsən.
Kayahandı: - "seviyorsan gemilərə bin gel"...
xəyalımda son gəmi, istəsən yetişərsən!..