Zəfər Yolu
Könül Arif
İlahi işarət 1 - "Bir şeir"
Dönüb baxanda üfüqdə bir qaraltı sezilirdi. Özümdən bəri uzun yol almışdım. Dörd il ərzində nə qədər sürətlə yol getmək olardısa, biz bir o qədər uzaqlaşmışdıq özümlə...
Həzin qayıdışın dövrü artıq başlamışdı. Bunu ruhumda və cismimdə hiss edirdim: ruhumda sülh, cismimdə rahatlıq hökm sürürdü artıq. Üfüqdəki qaraltı da böyüməyə başlayırdı. Bu günlərin birində Vaqif Poeziya Günlərinə dəvət aldım. Bu isə lap yerinə düşdü, sanki, Şuşaya deyil, özümə qovuşmağa dəvət aldım. Şuşa - qovuşmağa çalışdığım üfüqdəki qaraltının - mənim özümün simvoluna çevrildi.
Bu, mənim ata yurduma Zəfərdən sonrakı üçüncü səfərim idi. ...amma fərqli, artıq özümə doğru yol aldığım ilk səfərim.
Saat 05:47. Taksi Heydər Əliyev Mərkəzinə yaxınlaşır. Ard-arda dayanan üç avtobusun yanında tanış simalar, doğma ruhlar toplaşıb. Özünəqapanma, səbəbsiz insan xofu - mənim hər yerə özümlə daşıdığım yük - hələ də üstümdə idi. Taksidən enib birbaşa avtobusa qalxmağı seçdim.
İkinci avtobus. Tək-tük oturacaqları saymasaq, avtobus dolu idi. Ən axırda, ən sakitlikdə yer almaq istəyirdim ki, tanış ədiblərin arasında bir İlahi işarət dəydi gözümə - şair Əlisəmid Kür!
- Əlisəmid bəy, sabahınız xeyir! Gözünüz aydın olsun, altı il əvvəl mənə yazdığınız şeirinizin həyatda əksini görürsünüz - Şuşaya gedirik.
- (Məni tanımağa çalışarkən bir neçə saniyə üzümə baxıb) qızım, Könül... Ay Allah! Necəsən, haralardasan?
- İndi burdayam Əlisəmid bəy, Sizinlə Şuşaya gedirəm, baxın, bundan gözəl nə ola bilər?
Gözləri doldu, dodağı qaçdı şairin. Eyni vaxtda həm kövrəlib, həm sevinən simasında bir ağlayan körpə ilə ona gülümsəyən bir qayğıkeş atanı görmək olardı. Kədər və sevinc qucaqlaşırdı Əlisəmid bəyin üzündə.
- Qızım, elə o şeiri oxuyarsan orda - dedi.
Arxa sıraya keçib pəncərə önündə özümə yer etdim.
Çox keçmədi ki, avtobus doldu. Xeyli müddət görmədiyim dostlar toplaşmışdı ətrafıma. O vaxtkı qayğısız günlərimizin (lətifəmizə çevrilən) xoş xatirələrindən, itirdiklərimizdən, qazandıqlarımızdan danışdıq.
Söhbətimizə doymadan bir də baxdıq ki, Şuşaya varmışıq.
Bu fəsildə, eynən şəninə oxunan nəğmədəki kimi idi Şuşa: "Gözəl Şuşa, bir tamaşa, yay günləri sərin. Hara baxsan zövq alacaqsan..."
Buranın küləyi də mehdir, ana sığalı kimi toxunar sənə...
Otelə düşdük. Qeydiyyat masasının önündə xeyli adam toplaşmışdı. Yük çantamı bir kənara qoydum. Sıra mənə çatana qədər vaxt itirməyim deyə, həyətə çıxıb doğma havadan udum, dedim.
Parkda Əlisəmid bəy dəydi gözümə. Yaxınlaşdım ona. Məni avtobusda görəndə öncə tanımadığını dedi. Dedi ki, necəsə dəyişilmişəm. Əlisəmid bəy ilə uzun illər Tərcümə Mərkəzində işləmişdik. Onda qayğılarım az, saçlarım uzun idi.
- Ola bilsin, qısasaç görməmisiniz məni, bu üzdən tanımadınız ilk görəndə.
- Ola bilər, qızım.
- Bilirsiniz, Günel Eminlinin vəfatını biləndə, çoxdan ağlımda olan bir sonu yazmaq istədim taleyimə.
Yəni, o, o qədər həyat eşqi ilə dolu və xoşbəxt ikən ölümün məhz onu gedib alması məndə bir hirs yaratdı. Axşam uşağı yatırdandan sonra keçdim güzgünün önünə. Əlüzyuyanın yanında bir mətbəx qayçısı vardı. Gücüm özümə deyil, saçlarıma çatdı. Yəni başqa vaxt saç kəsdirməyə ən yaxşı salon axtaran adam mətbəx qayçısıyla saçını kəsib tökdü ayaqlarının altına.
- ...Əlisəmid bəy bir kəlmə də demədən o diri gözlərini gözümdən ayırmayıb diqqətlə dinləyirdi.
- Ertəsi gün iş yerində qızların çoxusu dedi ki, nə qəşəng saçların var. Mənsə ürəyimdə "mənim "qəşəng" dərdim var", deyirdim. Sonra Feyziyyə zəng vurdu və dedi ki, Könül, uşağı yatırtdım, indi rahat danışa bilərəm. Dedi və başladı hönkür-hönkür ağlamağa. Ofisdə bir sakit otaq tapıb keçdim ora, onunla birgə hönkür-hönkür ağlamağa. ...ki, bəlkə dərdimiz səsimizdən hürküb dağıla. Olmadı, Əlisəmid bəy. Baxıram ətrafa, bircə burda yaşasam, ölmərəm, mən o şəhərə qayıtsam, bilmirəm, nə qədər dözəcəyəm.
- (Qıpqırmızı gözləri dolmuşdu. Təhlükəli maşın yolundan bir uşağı səkiyə keçirirmiş kimi) Qalx yuxarı, qızım, bir azdan yemək yeyəcəyik, sonra tədbir olacaq. Qalx, balam, qalx...
İlk dəfə idi ki, hələ sağ ikən məni ağlayan gözləri gördüm. O gözyaşlarında artıq ölmüş oldugumu anladım.
İlahi işarət 2 - "Çinar"
Qeydiyyat masasına yaxınlaşanda otel nömrəmin açarını verdilər. Yük çantamı qaldırıb pilləkana yaxınlaşanda həyətdə uzaqdan Əlisəmid bəyin ordaca dayanıb siqaret adına qüssə çəkdiyini gördüm.
Peşman oldum. "Ağlayacaq ölüsü, dirisi azmış kimi, bir də öz günümə niyə ağlatdım axı şairi?".
Otağa keçib hazırlaşıb birbaşa vəfalı dostum, arxadaşım Fərid Hüseynin tədbirinə getməli idim. Ora çox gecikirdim. Ürəyim elə daraldı ki, eyvana çıxıb dərindən nəfəs almalı idim. Qalın pərdələrin gizlətdiyi pəncərənin və eyvana açılan qapının arxasında məni nəyin gözlədiyini heç vaxt düşünməzdim. Bu, mənim doğma torpağımda yetişib boy atan və sanki, boynunu büküb məni gözləyən aşağı-yuxarı elə mənlə həmyaşıd bir cavan çinar ağacı idi... Bu, adi ağac deyildi! Bu, həyatın mənə sarı uzatdığı əli idi. Son vaxtlar hüzur məkanı kimi xəyalını qurduğum bir otaq var. Torpağa yaxın məsafədə yerləşən bu otağın pəncərəsinə külək əsdikcə çinarın yarpaqları toxunur, günəş yeri qovuranda özündən qat-qat iri şəkillər alan kölgəsi pəncərədən içəri düşür, yağış yağınca da torpağının nəm qoxusu içəri dolur...
Həyatın eyvandan mənə uzatdığı əlini tutub oxşadım. Tez aşağıya düşüb Əlisəmid bəyin mənə dair qüssəsini dağıtmaq istədim. Axı mənim onun əhvalını pozmağa haqqım yox idi.
Mən parka düşəndə o, Vaqif m. Yusifli ilə skmayada oturub söhbət edirdi. Allahın sevdiyi bu şəhərdə, Allahın sevdiyi bu insanlara olduğumdan daha şən görünməli idim, xoşbəxt görünməli idim. Allahdan qisas almağın heç yeri deyildi.
- Əlisəmid bəy, gəlin, ikinizin də şəklinizi çəkib əbədiləşdirim və göndərim Aynura (Əlisəmid bəyin qızına).
- Çək, qızım.
Şairin üzü güldü, övladı üçün o, da şəkillərdə daha şən görünməli idi, xoşbəxt görünməli idi, Allahdan qisas almağın heç yeri deyildi.
Onların şəkillərini çəkib, Aynura göndərdim.
Hesab edirəm ki, dərdimi şairdən geri almağı bacardım və Allaha mənim hələ də ədalətli birisi olduğumu bildirdim.
İlahi işarət 3 - "Qayıdış"
Fəridin tədbirinə gecikdim.
Axşam dostlarla Vaqif Məqbərəsində keçirilən Poeziya axşamından çıxırdıq. Hüzurlu idim: qızım Bakıda etibarlı əllərdə, ikinci anası Nurun əllərində idi; yaşca məndən kiçik olsa da, özü dediyi kimi, cavanların ağsaqqalı, ağsaqqalların cavanı olan müdrik dostum, sirdaşım Fərid yanımızda idi; bir az sonra çatacağım otağımın eyvanından içəri boylanan çinar məni gözləyirdi və...
Və biz atam Arif Əliyevin böyüdüyü Ağadədəli məhəlləsinə çatmışdıq.
Bir az aşağı enib bu yolları özümlə tək getmək istədim, otaq yoldaşım Vəfa da yaxında gəlirdi. Enişli-yoxuşlu yolları getdikcə ilk dəfə idi ki, sonumu deyil, əvvəlimi düşünməyə çalışırdım: onu - başlanğıcımı. O, bu torpaq idi: 28 il ərzində işğalda olsa belə, fəth olunmayan torpaq. Uçurulmuş daş hasarlarının dik duruşu və onların üstündəki (illərcə bu daşları qucaqlıb ovudan mehriban dumanın, çənin, yağışın tumarından doğan) yamyaşıl otlar mənə "işğal - məğlubiyyət deyil, işğal heç fəth də deyil!" deyirdi. ...mən qəfildən özümü üstündə yamyaşıl otlar göyərən yarıuçuq dam, daş hasarlar kimi hiss etdim. 28 il ilə müqayisədə dörd il nədir ki?! Dodağımın altında "mən bu torpağın barıyam, bu torpağa qarışacağam" dedim.
Səhər ertə eyvana çıxıb çölə baxırdıq. Otaq yoldaşımdan soruşdum:
- Sən bu çinarı görürsən?
- Təbii - dedi, ardınca – sən dünən nə isə içmisən? - soruşdu.
Gülüb, əlimdəki telefonu ona uzatdım:
- Elə isə çək mənim şəklimi bu çinarla – dedim.
Həmin səhər üfüqdəki qaraltıya xeyli yaxın idim. O, artıq qaraltı deyil, uzunsaçlı və bu saçları daşıyacaq gücdə olan bir qadın idi.
***
Bakıya dönürük. Avtobuslar yolüstü nahar üçün dayandı. Əlisəmid bəy aşağıda axtara-axtara gəlib məni tapıb ata qayğısı ilə sakitcə soruşdu:
- Qızım, get yemək ye indi, balam, de görüm, pulun varmı?
- Əlbəttə - gülümsəyib dedim.
- Nahar edəcəksənmi?
- Aha, uşaqlar da oturub, gedirəm mən də.
- Hə, balam, get yemək ye, dostlarının yanında ol, onlardan ayrılma.
Bu vaxt mənim deyil, sonuncu dəfə on beş yaşında ata qayğısını görmüş bir yeniyetmənin gözləri doldu. Eyni anda hələ də necə saf atalar var bu həyatda deyə bu yeniyetmə qızın üzü də güldü... Kədər və sevinc bu dəfə mənim üzümdə qucaqlaşdı. Bu, Əlisəmid Kür tərzi həyata sevinmək idi.
Bu qayğıdan sonra daha yaxşı başa düşürsən qızına ithaf etdiyi bu gözəl misraların hansı ürəkdən doğulduğunu:
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…
Göylə-yerlə əlləşən o qədər müəlliflər var ki, heç biri varmayıb göy üzünə. Əlisəmid Kürün ayaqları bu qədər yerə bağlı ikən, bu qədər bəşəri, bu qədər sadə ikən göy üzünə hamıdan yaxın olması təəccüblü deyil. Ordan pay götürdüyü şeirləri də yağış kimi, nur kimi enir yer üzünə və həyata varır.
Onunla birlikdə işlədiyimiz vaxtlarda, mənə bir şeir yazdığını dedi. 2017-ci ilin elə yay fəsli idi. Əlyazmanı gətirib məndən bu şeirini Word faylda yazmağımı istədi:
Ola bilər, biz görmədik Şuşanı...
Ola bilər,
Aqil Abbas yetmədi Ağdama –
Dizinə, başına döyə-döyə
Qocaldı Milli Məclisdə...
Ola bilər...
Ola bilər,
Zakir Fəxri yuxusunda görür Şuşanı, ola bilər,
Ola bilər,
Vaqif Bayatlı küsüb getmədi Cocuq Mərcanlıya,
Ramiz Rövşən – Miskanlıya...
Ola bilər...
Ola bilər,
Şərif Ağayar görmədi Laçını,
Mələyə-mələyə qaldı Hərami düzündə...
Ola bilər...
“Mən Şuşadanam” deyirsən,
Olsun...
Mən o gün bilmişəm, sən Şuşadansan,
Sən şüşə kimisən, sözü oxşayan qızım,
Şuşaya oxşayan qızım!..
Biz aldanmışıq,
Bizi aldadıblar,
Könlünə dəyməsin xarı bülbülün
Ondan bir tanə deyil,
Ondan min cürəsi var Balu adasında...
Bizi aldadıblar,
Biz aldanmışıq.
Ola bilər, biz görmədik Şuşanı...
Biz qocaldıq, “Şuşa” deyə-deyə
Şüşəyə, Şuşaya oxşayan Könül Arif!
Ürəyimə damıb, sən şeir deyəcəksən Cıdır Düzündə
Boynunu bükməzsən bənövşə kimi
Sən şeir deyəndə Cıdır Düzündə.
Minarələr dağılıb,
Şuşa öz yerindədir,
Sözü oxşayan balam,
Ürəyimə damıb, sən şeir oxuyacaqsan Cıdır Düzündə,
Baban Həsənqulu kişinin dağılmış darvazasına baxa-baxa...
İyul 2023