Milli Mətbuat Günü ərəfəsində çox mötəbər bir tədbirin iştirakçısı oldum.
Söhbət jurnalistikamızın ustadlarından, əməkdar mədəniyyət işçisi, mərhum Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabının təqdimat mərasimindən gedir. Mətbuat Şurasında təşkil olunan bu təqdimat həm də Şakir müəllimin xatirə gecəsinə çevrildi. Gözlənilmədən mənə də söz verdilər. Qısa bir neçə kəlmə dedim, lakin sözlərin çoxunun ürəyimdə qaldığını görüb bu haqda yazmaq istədim.
İnsan öz gələcəyini nə qədər düşünsə də, hər şeyi proqramlaşdıra bilmir. İstər-istəməz taleyin sürprizləri ilə qarşılaşır. Və nə yaxşı belədir. Yoxsa hamımız mexaniki alqoritmlərlə işləyən robotlara çevrilərdik...
Şəxsən mən taleyimdən çox razıyam ki, gənc vaxtı yolumu “Panorama” qəzetindən saldı və Şakir Yaqubov da daxil olmaqla o peşəkar, təcrübəli komandanı tanıdım, onlarla bir yerdə işləmək şansım oldu. Qəzetin ən gənc əməkdaşı idim. Həmin il (1999) redaksiyanın gənc jurnalistlər üçün təsis etdiyi illik mükafat mənə verildi.
Lakin hələ buna çox vardı...
Hələ məcburi köçkün kimi yaşadığım Ağcabədi rayonundan şeirlərimi Bakıya göndərəcəkdim. Şeirlər təsadüfdənmi, zərurətdənmi “Panorama” qəzetinin mədəniyyət şöbəsinin müdiri Süleyman Qaradağlının əlinə keçəcəkdi və ünvana düz yetişdiyi üçün o zaman Türkiyədə nəfis şəkildə çap olunan “21-ci əsr” dərgisində böyük bir silsilə ilə çap olunacaqdı. Bu şeirlər təkcə ədəbiyyatda yox, həyatda da vizit kartıma çevriləcəkdi və şeirlərin ardınca özüm də Bakıya gəlib biryolluq burada qalacaqdım.
Amma jurnalistika şairlik, yazıçılıq deyildi.
Deyəsən, mənə Süleyman müəllimdən və özümdən başqa inanan yox idi.
Bir gün müəllimli-şagirdli hər ikimizin bu kövrək inamı öz bəhrəsini verdi: böyük usta Şakir Yaqubov mənə bir material tapşırdı, hazırlayıb əl yazısında təqdim etdim. O vaxt barmaqlarım hələ klaviaturaya toxunmamışdı. Bütün yazıları diyircəkli qələmlə yazırdım. Hamı kimi...
Az keçməmiş Şakir müəllim əlində mənim yazım biz oturan otağa daxil oldu və özünə xas amiranə səslə dedi:
- Kişi, sənin əlin qələm tutur, məsuliyyətlə davam eləsən çox yaxşı yazılar yazacaqsan!
Şöbə müdirim Süleyman Qaradağlı qulağıma astadan pıçıldadı:
- Elə bil Nobel mükafatına layiq görülmüsən! Şakir müəllimdən belə sözlər eşitmək hər adama nəsib olmur.
Bu sözlər mənim üçün Nobel olmasa da, jurnalistika diplomu oldu.
“Panorama”da qısa vaxt ərzində böyük bir universitet keçdim. Ən başlıcası, sözə söz kimi yanaşmağı öyrəndim. Sözlə dəllallıq etməyin necə böyük ayıb olduğunu öyrəndim. Qələmi həmişə urvatlı tutmağı öyrəndim. Halbuki “Azərbaycan” nəşriyyatının otaqları reket qəzetlərlə dolu idi. Onlardan istənilən birinin qapısına dönsəm, hər şey tamam başqa cür olardı. Ola bilsin, indikindən qat-qat yaxşı yaşayardım. Sözü alver predmetinə çevirib Allah bilir haracan “yüksələrdim”.
İndi, 25 il sonra bütün bunları düşündükcə özümə sual verirəm: Peşmanammı?
Cavabım hazırdır: Qətiyyən!
Əgər peşman olsam, bu yazını yazmaz, məni “Panorama”ya gətirən, Şakir Yaqubovla qovuşduran taleyə şükürlər qılmazdım.
Mən, əlbəttə, Şakir müəllimlə çox da yaxın deyildim. Heç buna cəhd etmək ağlıma da gəlmirdi. Çünki özü aramızdakı məsafəni elə tənzimləyirdi ki, hər ikimiz bu ünsiyyətdən məmnun qalırdıq. Lakin işlə bağlı istənilən vaxt ondan nə isə soruşurdum. Hətta bunu işin dəyişməz qaydası hesab edirdim.
Şakir müəllim qəzetin idman şöbəsinə rəhbərlik edirdi. Amma suallar ona verilirdi. Təkcə bizim redaksiyada yox, bütün nəşriyyatda, hətta Bakı şəhərində Şakir Yaqubov “gugl” rolunu oynayırdı. İstədiyin sahəyə aid istədiyin sualı ondan soruşa bilərdin. Telefonda, koridorda, naharda, küçədə... Harada rast gəlsən... Harada tapa bilsən... Cavab dəqiq olacaqdı. İşdir-şayəd nəyisə düz xatırlamasa, ya yarımçıq izah etsə, sonra özü səni axtarıb tapardı.
Albert Eynşteyn deyirdi, mən dahi deyiləm, sadəcə içimdə kainatın sirlərinə açmaq üçün sonsuz bir ehtiras var. Ola bilsin, Şakir müəllim də dahi deyildi, lakin eyni ehtirasdan onda da vardı. Öyrənməkdən, öyrətməkdən doymurdu. Adi bir hərf səhvini düzəltmək naminə qəzeti bütövlükdə təkrar-təkrar oxumaqdan usanmırdı.
Gənc jurnalist kimi onun bir cəhətinə də heyran idim: saat 11 olmamış ölkədə nə baş verdiyini, kimin harada hansı maraqlı yazısı çıxdığını bilirdi. Bir neçə saata bu qədər materialı oxumaq mümkün deyildi. Elə bil xüsusi agentura şəbəkəsi işləyirdi.
Bütün qəzet və jurnalları təfərrüatı ilə oxumadan nələrin çap olunduğunu necə bilmək olardı? Hələ üstəlik “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalında...
Guya mən ədəbiyyatla məşğul idim. “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində, şair Ayaz Vəfalının başçılığı ilə keçirilən yaradıcılıq dərnəyində daim iştirak edirdim. Lakin yeni dərc olunan ən maraqlı şeirlər, hekayələr, oçerklər haqda Şakir müəllimdən eşidirdim. Hətta öz yazdıqlarım haqda da.
Jurnalistikanın Şakir Yaqubovda görüb bəyəndiyim ən yüksək cəhəti informasiyanı əldə etmək bacarığıdır. Nə baş verir? Əgər bu sualın cavabını bilmirsənsə, səndən heç nə çıxmaz. İnformasiyanı almaq və qiymətləndirmək bütün fəaliyyət sahələrinin ilk pilləsidir.
Şakir müəllim həm də vicdanlı və ədalətli qələm sahibi idi. Məncə, bu gün həm jurnalistikamızda, həm də ədəbiyyatımızda ən çox axsayan tərəfimiz budur.
Bir qələm adamı vicdanlı və ədalətli deyilsə, onun biliyi də, istedadı da, təcrübəsi də bir işə yaramayacaq, əksinə cəmiyyətə zərər vuracaq.
Sonralar saytlar və sosial media dəbə düşüb çap mediasını sıxışdırdığı vaxt Şakir müəllimlə polemik söhbətlərimiz oldu. Təbii, o özü tənqidi fikirlərini söyləyir, mənə də müdafiə olunmaq şəraiti yaradırdı. Elə tez-tez görüşmürdük, lakin hər görüşəndə onun öz istəyi ilə qızğın söhbətlərimiz olurdu.
Artıq mən “Pamorama”dakı o “maladoy” deyildim. Dünya haqqında, cəmiyyət haqqında, Azərbaycanın yazı-pozu mühiti haqqında özümün çılğın və barışmaz qənaətlərim vardı. Bir az da incidilmişdim deyə, hökmlü danışır, Şakir müəllimdən dəstək istəyirdim. O mənim içi təmizlik və səmimiyyət dolu bu “əsib-sovurma”larımı özünə xas ustadanə bir təbəssümlə dinləyir, deyəsən, bir az da xoşlanırdı. Amma məni sakitləşdirmək naminə də olsa klassik qənaətlərindən əl çəkmirdi. Arqumentləri həmişəki kimi güclü idi. Onların hamısı ilə hesablaşsam da, mənə elə gəlirdi ki, əlavələrə ehtiyacı var.
Postmodernizm dövrünün amansız bir həqiqəti vardı: hamını müəllifə çevirmişdi. Hamı yazır, hamı çəkir, hamı göstərirdi. Belə bir vaxtda yüksək peşəkarlığı olan insan üçün ətrafı müşahidə eləmək sizə asan gəlməsin. Dəyərlər sakit dənizdə fırtına misalı dəyişirdi və biz bəzən Fridrix Engelsin xəbərdarlığına qulaq asmadan uşağı da çirkli su ilə birlikdə bayıra atırdıq. Şakir müəllimlə fikir ayrılığımız bu məqamdan başlayırdı. Mənə görə, bəzən uşağı atacaq qədər qəddar olan zamanla hesablaşmalı idin. Şakir müəllimsə... Məni səbir etməyə, macəra axtaran sosial şəbəkə izləyicilərinin fitvasına getməməyə çağırırdı.
O, gənc yazarların həmişə sərt tənqid etdiyi 60-cılar ədəbi nəslinin müdafiəsinə qalxırdı. Lakin bir çoxlarından fərqli olaraq bunu şəxsi maraqları naminə etmirdi. Sadəcə Azərbaycanı sevirdi və hamının qiymətini dürüst vermək istəyirdi.
Bəs onun özünün necə, dəyərini lazımınca bildilərmi? Birmənalı “Yox” demək ədalətsizlik olardı. Baxın, kitabı buraxılır, Mətbuat Şurasında təqdimatı keçirilir, övladları dostlarından, tələbələrindən razılıq edir... Bütün bunlara baxmayaraq sualımıza ürəklə “Hə” cavabı da verə bilmərik.
Şakir Yaqubov jurnalistikamızın klassiklərindən biridir. Sağlığında təcrübəsindən metodiki yararlana bilməsək də, heç olmasa irsini geniş araşdırmalı, haqqında sanballı bir kitab buraxmalıyıq. Eyni zamanda, yaradıcılığı və fəaliyyəti universitetlərin jurnalistika fakültəsində öyrənilməlidir. Bu, gec-tez olacaq. Nə qədər tez olsa, o qədər irəli düşərik.
“Yaddaşa son səyahət” kitabının Mətbuat Şurasında keçirilən təqdimat mərasimindən keçmiş Mətbuat və İnformasiya Nazirliyinin keçmiş məmurlarından biri də çıxış etdi. Dedi, Şakir müəllimi həmişə qaraqabaq, adamayovuşmaz, sərt xasiyyətli görmüşəm, bu tədbirə də maraq üçün gəldim, görüm, insanlar onu necə xatırlayır? Lakin mən Şakir müəllimi daha çox şirin təbəssümü və işıq saçan çöhrəsi ilə xatırlayıram. Nəinki adama yovuşurdu, hətta onu harada görsən, üstünə qaçıb söhbət eləmək istəyirdin. Hər ikimiz düz deyirik. Keçmiş nazirliyin keçmiş məmuru da, mən də. Və bu misal sizə Şakir müəllimi iki rakursdan göstərir. Nazirlik məmurunu qaraqabaq və sərt xasiyyəti ilə yaxına buraxmayan ustad yeni yazmağa başlayan sadə bir kənd uşağına ümid yeri kimi görünürdü...
Şakir müəllimin də çox sevdiyi şair Əli Kərim demiş:
Daha heç nə demirəm,
Nöqtə, nöqtə və nöqtə...
“Vətən Səsi”