Əyri ağacın düz kölgəsi olmaz.
Atalar sözü
Əgər bir azərbaycanlı həkim azərbaycanlı xəstələrə üz tutaraq, qarın ağrısını, mədə-bağırsaq xorasını, sonsuzluğu, zobu, onurğa əyriliyini “türk dilində” izah edirsə, “bir şey” əvəzinə “bişeylər”, “bir xəstəlik” əvəzinə “bi hastalık” deyirsə, yarı-türk, yarı-moltanı dilində danışırsa, azərbaycanca fikrini türk dilinin intonasiyası ilə ifadə edirsə, “təbiətən” əvəzinə “varoluşsal olaraq” sözü işlədirsə, belə həkimdən birmənalı şəkildə uzaq durmaq lazımdır.
Belə həkimlər xaraktersiz, sürüşkən adamlardır. Mənlikləri yoxdur. Özlərini elə aparırlar ki, guya özlərindən asılı deyil, Türkiyədə o qədər türk həkimlərlə oturub-durublar, o qədər türk “hoca”lardan dərs alıblar ki, dilləri moltanı dilinə dönüb. Guya bunların dilləri zəruri proseslər nəticəsində moltanı dilinə çevrilib. Guya “əgər” demək istəyirlər, amma ağızlarından “eyer ki” çıxır, guya “gələcək ana” demək istəyir, amma “anne adayımız” deyir. Bir qram da səmimi görünmürlər. Əksinə onların ədalarından açıq-aşkar düşüklük, yaltaqlıq yağır.
Axı necə ola bilər ki, Azərbaycanda doğulasan, əmin, dayın, bibin, xalan, dədən-nənən azərbaycanlı ola, iyirmi-otuz il Azərbaycanda yaşayasan, Azərbaycan dilində orta məktəb oxuyasan, hazırlıqlara gedəsən, dalınca da 600-dən çox bal yığaraq Tibb Universitetinə girəsən, oranı da əla qiymətlərlə bitirib üç il, üçcə il Türkiyədə uzmanlıq oxuyasan və iyirmi-otuz illik dilin əriyib gedə. Belə xaraktersiz, belə sürüşkən adamlardan hansı həkimlik, hansı prinsipi, mərhəməti, ideyanı gözləmək olar? Daima ağa axtaran, xaraktersiz, sürüşkən adam başqasının xəstəliyinə nə çarə qılacaq?
Nəyə görə, hansı əsasla xəstəxanalarda qapılarının üstünə tutaq ki, “uzman həkim Qulu Quliyev” yazılmalıdır?
Elələri də var ki, heç uzmanlıq da oxumayıblar, iki dəfə Türkiyəyə hansısa konfransa gediblər, hansısa kurs keçiblər, vəssalam, guya dilləri pozulub. “Türk dili” artıq həkimlər üçün dil statusunu aşıb, özünün daha yaxşı həkim olduğunu göstərmək alətinə çevrilib.
“Türk dili” artıq bir şirmadır, yaltaq adamlar, həmçinin fırıldaqçılar, kələkbazlar bu şirmanın arxasında məharətlə gizlənirlər və özləri kimi xaraktersiz, sürüşkən adamlar da bu şirmaya aldanırlar.
Həkim özünü reklam etmək üçün “türk dilində”, türk boğazıyla danışırsa, beləsinə can etibar etmək olmaz. Yaltaq, sürüşkən adam xəstəsinə can yandıra bilməz. Belələri daima ağa axtarışındadır. Belə adamlar sabah ingilis gəlsə, ingilis dilində danışıb, “sizin boğazınızda pain var” deyəcək, ağrı sözünü də unudacaq.
Bunlar bir yana, bəzi həkimlər öz aralarında bir-birinə “hocam” deyə müraciət edir. “Hoca” nədir? “Hoca” deyəndə orta əsrlər yada düşür. “Hoca” mədrəsədə olar, xəstəxanada yox.
Hər şeyin bir sərhəddi olmalıdır, o cümlədən düşüklüyün, xaraktersizliyin, sürüşkənliyin də.