Uzun tıxacın leş qoxan nəfəsi - Sərdar Amin

Uzun tıxacın leş qoxan nəfəsi   - Sərdar Amin

26 İyul 2023 12:25 259


Axşam Günəşinin əksi sirdir, bu şəfəqlər hamımızda, aşağı-yuxarı eyni hisslər oyadır; sanki uzaqlarda nəsə yaxşı şeylər yaşanır, biz yenə də o yerlərə - uzaqlara çata bilmirik.

“Yuxu ovçusu” hekayəmdə universitet müəllimi mühazirəsində ən böyük arzusunu tələbələrlə bölüşəndə deyir:

- İstəyirəm, bitməyən bir okean ola, tanımadığım gözəl qadınlarla öz gəmimizdə axşamüstü Günəşin ardınca düşək. Günəş getsin, biz də dalınca, onu ancaq üfüqdə təqib edək, ömrümüzü ancaq ikindidə keçirək.

Uşaqlıqda Rusiyaya heç rəğbətim olmayıb, məni tanıyan hər kəsin heyrətinə rəğmən, hələ də rusca bilmirəm.

- Axı qusarlıların hamısı rusca bilir, sən niyə bilmirsən?

Bu sualı “adın nədir?” sualından daha çox eşitmişəm.

Qusarın tüstülü oyun salonlarında əksər oğlanlar güclü qərb, rus futbol komandaları ilə oynayanda mən zəif Türkiyə millisini seçirdim.

Ardınca futbol disklərinə Azərbaycan millisini, “Qarabağ” klubunu əlavə etdilər. Mən qız əllərinə oxşayan körpə əllərimlə yöndəmsiz Azərbaycan futbolçularını oynadır, səndirləyən oyunçularımızla Sıçovu, Arşavini keçib qol vurur, qalib olurdum. Salondan çölə çıxan kimi indicə udduğum pəzəvəng oğlanlar “atına sahib dur, əkinimizə girir” deyib şapalağı qulağımın dibindən ilişdirirdilər.

Bu sevdadandır ki, 35 yaşım var, hələ də rus dilini yaxşı bilmirəm, Qusarda qulağımın dibində olan Rusiyaya bircə dəfə də olsun keçməmişəm.

35 yaşımda ilk dəfə Rusiya Federasiyasına ayaq basıram...

Gürcüstan-Rusiya Federasiyası sərhəddi, Şimali Osetiya, Lars sərhəd keçid məntəqəsi.

Sərhəddə qədər təxminən 3-4 km tıxac var. Əsəblər tarıma çəkilib. Yaxşı ki, yuxarıdakı da insan deyil, yoxsa ona da zəng edib deyərdilər ki, nə qədər istəyirsən verək, bu günlərdə yağış yağdırma, insanlar yansın belə tıxaclarda. Ancaq isti iyul günündə hər 15 dəqiqədən bir göydən mərhəmət yağır.

Hər kəs bu amansız tıxacın səbəbini bilmək üçün maşından düşüb uzaqlara boylanır.

Budur, nəhayət, nəhəng timsah kimi durmadan uzanan bu tıxacın leş qoxan nəfəsini, qanlı dişlərini görürük.

Baş geyimini, kəmərini çıxararaq hərbi uniforma qaydasını pozan iki gənc əsgər ağızlarında siqaret aramla maşınları yoxlayır. Hər kəslə ayrı-ayrılıqda dalaşır, cılız əzələlərini göstərməyə cəhd edirlər.

Rusiya Federasiyasının bu kiçik diyarlarını keçdikcə, hər posta bizi saxlayan əsgərlərin yersiz aqressiyasını, yekəxanalığını gördükcə anlayıram ki, bu, kiçik xalqların özününümayişdən, “biz də varıq!” demək istəməsindən başqa bir şey deyil.

Göz işlədikcə geniş qarğıdalı zəmilərinin arası ilə Şimali Osetiyanı adlayırıq.

Bayaq səbəbsiz yerə söz açmadığım ikindi vaxtındayıq. İlk dəfədir ikindidə uzaqlar barədə düşünmürəm. Köksümdə bir rahatlıq hiss edirəm, sanki illərdir axşamüstüləri can atdığım uzaqlıq buralar olmasa da, eynən bu miqyasda intəhasızlıqdır. Bizimlə təxminən eyni sürətlə zəmilərin üzərilə bir alabaxta uçur.

Osetiya bitir. Maşınımızı əsgərlər durdurur. Alabaxta isə davam edir...

Qarşıdakı bayrağa baxdıqda təkrar quşlara həsəd aparıram. Sarı günəbaxan, yamyaşıl qarğıdalı, bənövşəyi lavanda zəmilərinin sayrışdığı yerlərə quşlar, onların şor dimdikləri daha çox yaraşır, nəinki bu rəngarənglikdə bir parçanı rəngləyib, “bura mənimdir!” deyən insan.

Alabaxtanın arxasınca baxıram. Əsgərlər qapını açıb bizi düşürür.

Kabarda-Balkariya...

Bu sərhəddə məni səbəbsiz yerə içəri otağa salırlar. Hərbçi sənədlərimə xeyli baxdıqdan sonra səsinin məxməri yerinə salıb deyir:

- Sizin məlumatlarınız tapılmır.

Mən də onun başa düşdüyü dildə cavab verirəm:

- Bəlkə internetiniz zəifdir?

Üzümə baxır. Atmacamı əsaslandırıram:

- Axı mən bura Rusiya Federasiyası sərhəddini keçib gəlmişəm. Düşünürsüz ki, onlar səhv ediblər?

- Yessentukiyə getmə səbəbiniz nədir?

- Başım ağrıyır.

Bir kəlmə də demədən sənədlərimi qaytarır.

Gecə uçduğumuzdan yuxusuzam. Kabarda-Balkariyaya keçən kimi məni yuxu tutur, quş mürgüsü... Ancaq bu qısa vaxtda bir uşaq girir yuxuma, anasını atıb mənə yaslanır, mən də onu dərin məhəbbətlə qucaqlayıram. Elə bu vaxt təkrar maşınımızı saxlayırlar. Sürücü deyir, “Kabarda-Balkariya bitdi. Yoxlamadır”.

Mən nə yatdım ki, nə yuxu görəm?

Ancaq bir müddət bayaqkı uşağı axtarıram. Maşında isə 5 nəfərik, hamısı da səfər yoldaşlarım.

Stavropol vilayətinə keçəndən sonra belə qənaətə gəlirəm; əsl Rusiya kənarlardan xırda xalqlarla əhatə olunan bu yerlərin içində qorunur, yağ içində böyrək kimi.

Bütün problemlər, qarmaqarışıqlıq həmin kənar – bufer zonada baş verir.

Əsl Rusiya isə budur!

Və mən bəyaz tişört və şort geyinib Yessentukidə sanatoriyada həkim qarşısında qeydiyyata yazılıram.

Xəstəliklərimi bir-bir soruşur. Hamısına xeyr cavabı verirəm. Ardınca dostum İlham deyir ki, o, heç bir tibbi prosedura yazılmaq istəmir.

Çəkimi, boyumu soruşur.

- 1.84 m. 85 kq.

Sarışın rus xala dodağının altında pıçıldayır:

- İdealnaya.

Sonra üzümə baxıb gülümsəyir.

- Həyatının ən gözəl günlərini yaşayırsan.

Sanatoriyanın həyətinə çıxıram. Bir ömür xalqımızın tarixinə çox da xoş rəqəmlər yazdırmayan bu ölkədə ömrümün ən gözəl rəqəmləri qeydə alınır.

Sanatoriyanın qarşısından keçən yolda sıraya düzülmüş dəndə ağaclarının xırda quru budaqlarından birinə alabaxta qonub.

İnanmazsız, az sonra alabaxtanın oturduğu xırda quru budaq qırılır, o, xeyli ətrafda qanad çalıb heç yerə qona bilmir. Az sonra alabaxta yenə ora gəlir, qanadları göyləri, ayaqları həmin sınmış budağı axtarır, tapmır, o, xeyli ətrafda qanad çalır; budur, yaxınlıqda minlərlə budaq, yüzlərlə ağac var və o, hələ də öz budağını axtarır.

Dünyada çox şey var, ancaq bizim olan, ayaqlarımızın tanıyıb qanadlarımızın nişan verdiyi nə qədər nöqtə var? Qona biləcəyimiz neçə budaq var Vaqif Bayatlının bu yupyumru dünyasında.

“Qafqazinfo”