YeniYAz.Az Şahbaz Xuduoğlunun “Omanda – Vahiba səhrasında bir gecə” yazısını təqdim edir.
Qum səhrasında, bədəvilər kimi çadırda gecələmək fikri ilə Omanın paytaxtı Maskatdan cənuba doğru yola çıxdıq. Fikrimdə canlandırdığım ərəb çadırında qalmalı, səhranın gecəsinə tamaşa etməliydim. Səhrada gecələr soyuq olur deyə, paltarımı da isti eləmişdim.
Sur şəhəri istiqamətinə gedən böyük avtomobil yolundan sağa – Vadi Al Arbeieenə döndük. Vadi sanki illər öncə güclü sel, daşqın olmuş və yerində çoxlu çınqıllıqlar, iri daşlar qalmış çay yatağıdır. Daşqının gətirdiyi daşların həcmi çox güclü yağışlardan xəbər verir. "İldə bir-iki dəfə yağır, yer üzü tam suyla örtülür, - bələdçi deyir, - çaylar daşır, yataqları yuyur, adamlar evdən bayıra çıxa bilmir".
Yerin səthi istidən cadar-cadar olub. Sıx budaqları ilə dibini sərin saxlayan adda-budda kollar dəhşətli istiləri adlatmağı bacaran nadir yaşıllıqdır. Bələdçi deyir, istilər bəzən 50 dərəcəyə yüksəlir.
Yol kənarında eşşəklər, keçi sürüləri görünür. Yaşıl otun bir qırımı belə gözə dəyməsə də, yekə qulaqları ilə özlərini yelpikləyən bu heyvanlar böyük səbirlə və ümidlə duz yalayırmış kimi ağızlarını yerdən çəkmirlər.
Eşşəklər daha sağlam və güclü görünür, keçilər isə boy-buxununa görə bizimkilərdən fərqlənmir.
Bütün Oman ərazisinin ortasından keçən uzun dağ silsiləsinin bir adı var – Hajar. Hər vadininsə öz adı var və güman ki, sahibinin, kəndinin adını daşıyır.
Bomboz gil təpələrin yüksəklikləri heç nə ifadə etmir. Nə meşəsi var, nə də qayası...
Çınqıl yol çay yatağı boyu uzanır. Tala-tala palma ağacları, az sonra bir neçə evi olan kəndlər... Adamlar hələ də gözə dəymir. Bələdçimiz belə izah edir: "Harda su yatağı tapılıbsa, orda bağ salınıb. Buralarda meyvə ağacları olmur, əksər ərzaq məhsulları, qoyun əti, mal əti, düyü, noxud, buğda idxal olunur, münbit torpaq, eləcə də su yoxdur".
Hajar dağlarına yaxınlaşdıqca çay yatağının su çalaları görünür; onlar da xırda arxlarla çökəklərə axıdılır. Suyu varsa ən kiçik torpaq sahələri belə, istifadəsiz qalmır; əsasən heyvanlar üçün yem becərilir.
"Həyat vadilərə cəmlənib, çünki su var"
Bir vadinin sərt yoxuşlara dirənən boynundan digərinə, Haywa və Tiwi vadilərinə keçirik. Çınqıl yollar davam edir. Bəzi vadilərə dağlardan adlamağa avtomobil yolu yoxdur, ona görə, gərək yenə əsas yola çıxasan.
Tiwi vadisində su nisbətən çoxdur. Kanyon kiçik gölə dirənir, yuxarı yol yoxdur.
Çayın hər iki sahilində evlər var. Yaxınlıqda üstündə Oman bayrağı ucaldılan uzun bina görünür: "Bu, məktəbdir". Uşaqları valideynlər gətirib aparır. İctimai nəqliyyat yoxdur. Ümumiyyətlə, vadilərə ictimai nəqliyyat işləmir.
"Burda bəzən çox güclü yağış olur, bu taydan o taya keçmək olmur. Yerli adamlar bunu bilir deyə, əvvəlcədən ərzaq tədarükü görürlər".
Həyətləri banan, xurma ağacları bəzəyib. Banan hələ yeni gilələyib, yetişməyinə çox var. Xurmadan isə əsər-əlamət yoxdur. Bunların da erkək-dişisi var, heç də görünənlərin hamısı gətirmir.
Bimmah Sinkjole
Vadilər dağlarda başlar dənizdə bitər. İnsanlar qışda dağlara, yayda isə dənizə gəlirlər.
Tiwi vadisindən turistlər üçün möcüzəli olan, dağ altından axan suyla dənizdən gələn yeraltı suların birləşdiyi quyuya gedirik. Buna yeraltı gölməçə də demək olar.
Adına “Bimmah Sinkjole” deyirlər. Sahilə yaxın yerdə yerləşir. Deyirlər, çeşmə suyudur, dağlardan süzülür, amma dənizdən, daşların altından gəlmə ehtimalı daha çoxdur. Çünki su dəniz suyu kimi duzludur. İçində saysız-hesabsız xırda balıqlar üzür.
Sur şəhərində günorta yeməyi
Sur Omanın böyük şəhərlərindən biridir. Hələ də taxta qayıqlarım istehsalı ilə məşhurdur.
Vadilərdə tək-tük adamlar qarşımıza çıxırdı, burda nisbətən çoxdur. Dükanlarının qarşısında çömbəlib oturanlar, keçiləri qabağına alıb harasa aparanlar, darvaza önündə oynayan uşaqlar səhərdən gördüklərimin ən canlı mənzərəsi kimi yadımda qaldı.
Yol kənarında xırda dükanlar sıralanıb. Birinin üstündə "Book shop" yazılmışdı, az sonra sevincim uçub getdi: dükan həmişəlik bağlanmışdı.
Hiss olunur ki, buralarda su boldur, həyətlərdə palmalarla yanaşı çiçəklər də bəslənilir.
Maşın "Family restoran" yazılmış yemək yerinin önündə saxladı. Qabağında maşınlar çoxdur. İnternetdə haqqında rəylər müsbətdir.
Yemək yerində xeyli turist vardı. Omanda daxili qaydalara görə, qadınlar və kişilər açıq geyinə bilməzlər, amma bu restorandakıların əksəriyyəti şortda idi və personaldan hər hansı təpki görmədim.
Yerli adamlar kabinələrdə stolda deyil, elə yerdəcə bardaş qurub yeyirlər.
Əsasən hind və Çin yeməkləri verilir. Ən tez hazırlanan yemək düyü üstündə quzudur.
Biz tələsmirik. Səyahət tələsənləri sevmir. Əksinə, tələsməyəndə daha çox görürsən, danışırsan, yerli qaydalara az da olsa, bələd olursan.
"Chicken masala" – tərəvəzli düyü sifariş etdim. Çox tutumlu yemək oldu. Hind və Çin yeməkləri bizimki kimi yağlı bişirilir. Ədviyyatları da bol olur. Göz doyur, qarın doyur, amma dad yeməyə səsləyir.
Surdan qərb istiqamətində gecəsini arzuladığım səhra başlayır. Dəvə təzəyinin xırda közlərinin yaratdığı hərarətə əlimi tutub, səhranın ulduzlu tavanına baxacam. Bu hiss məni qum burulğanında sovrulan kimi özünə doğru çəkir.
Şəhərdən çıxırıq səhraya. Qum yola girməzdən öncə təkərin havasını alıb 1.5 də saxlayırlar ki, avtomobil quma batmasın. Qum təpələri adlayıb çökəkliklə irəliyə gedirik. Ətrafda bədəvi alaçıqları görünür. Çox seyrəkdir. Aralarında uzun məsafələr var. Narın qumlu təpələr su kimi ləpələnir. Ürəyəyatan mənzərədir.
Axşam düşür, günəş az sonra görünməz olacaq. CİP maşınları dayanır. Yaxındakı təpəyə dırmaşırıq. Ən yaxşısı ayaqyalın gəzməkdir. Təpənin başından günbatana tamaşa edirik...
Bizdəki qılıncotuna bənzəyən tünd yaşıl rəngli otun dibini qazdım, nəmin hardan gəldiyini bilmək istəyirdim, nəsə çıxmadı: ya çox dərindəydi, ya da qum gecələr şirələnirdi...
Bələdçi-sürücünün adı Nasirdir. İki gündə tanıdığım üçüncü Nasirdir. Deyir, bizdə bu adda adam çoxdur. O da bədəvi ailəsindəndir. Atasının iki arvadı var. Nasir birincidəndir. Əsasən keçi saxlayırlar. Pul qazanmaq üçün bəzən turistlərə bələdçilik edir. Atasının doğum tarixini bilmir, təqribən 70-dən çox yaşı olduğunu deyir. Dövlətdən təqaüd alır - 400 rial, bu, təqribən 1000 dollar edir.
Uzaqlarda Bədəvi çadırları gözə dəyir. Dəvələr, keçilər günəş batmağa gedəndə daha hərəkətli şəkildə özlərinə yem axtarırlar.
Vahiba səhrasında ərəb alaçığında gecələmək xayalım villa tipli evləri görəndə uçub getdi. Səhranın ortasından gözəl hovuzu, restoranı, barı... Ətrafı qumlu təpələrlə dövrələnib. Qaranlıq birdən düşdü, ətraf zülmətə büründü. Səhraya sükut çökdü, nə quş səs edər, nə it hürər, nə canavar ulayar - dərin bir sükutu ulduzlu səma bəzəyər...
***
Günəşin çıxmasını seyr etmək üçün saat 4-də oyandım. Dan yerinin qızarmasını gözləyirdim. Yer üzünü bürüyən boz-bulanıq, tozlu havadan qan dolmuş göz kimi günəş çıxmağa başladı. Kamera ilə günəşin bu mənzərəsini çəkməyə çalışıram. Kamerada qanlı mənzərə əvəzinə işıqlı günəş görünür. Az sonra günəşin qan rəngi onun şəfəqləri ilə süzülür və həqiqətən, fotoda olan kimi, yerində işıq saçan günəş qalır.
Hava birdən işıqlandı. Otelin ərazisi hasarlanıb. Ətrafında dəvələr gəzişir, yaşıllıq axtarırlar. Ola bilsin, yerli adamlara fərq edir, mənə görə isə Günəş elə hərarət ilə birgə öz ağırlığını salır səhraya. Səhra qırmızı kərpic rəngindədir. Günəş qaldıqca qırmızı bürüncək əriyib gedir, bozluq qalır, həmişəki halına qayıdır.
***
Bidiyah adında Bədəvi kəndinə gedirik, toyxana kimi düzələn alaçığa giririk. Bura məclis deyirlər. Ətrafda yaşayan bədəvi ailələr yığılıb nəyisə müzakirə edirlər.
Çadırın yanında dəvələr arxacda hörüklənib. Dəvənin mıxı arxacın ortasında yerə basdırılıb. Bir nəfər dəvənin altının qumunu narın torlu torbaya töküb ələyir. Qumdan ayrılan təzəyi çuvallara yığır. Yaxınlıqdakı digər arxaca tərəf gedirəm. Bura hələ təmizlənməyib. Qumun üzü tam keçi qığına bənzər dəvə təzəyidir. Bu səhrada bunlar hardan yem tapıblar ki, bir gecəyə bu qədər “məhsul” istehsal ediblər, deyə düşünürəm.
Bələdçinin sözü yadıma düşdü: “Yem tapmaq, doymaq üçün heyvanlar bir gündə uzun məsafələr qət etməli olurlar”.
Səhradan ayrılırıq. Daşlı təpələrin arası ilə Khalid vadisinə tərəf gedirik. Uzaqdan Hajar dağları görünür. Buralarda yaşıllıqlar daha çoxdur. Dolanbac yollar dağların yüksək zirvəsinə qalxdı. Havanın hərarəti 23 dərəcədir. Qara dağlardı. Uzaqdan qayalıqlar kimi görünsə də yaxınlaşanda hələ daşlaşmış torpağa bənzəyir.
Qəsəbələr, kəndlər vadilər boyu salınıb. Hamısı bir-birinə bənzər. Gözqaraldan dağlarda Günəşin əbədi əsarətində kədərli bir sükunət var.
Az sonra növbəti bir vadiyə daxil oluruq. Bu, ən böyük vadidir və gur suludur. Vadi boyu xurma, manqa, banan bağları uzanır. Kiçik mərzlərdə isə dəvə və keçilər üçün tez boy atan otlar yetişdirilir.
Vadiyə gələn su öz mənbəyini qayaların arasından götürür, suyu zümrüd rəngindədir. Nəhəng ağ mərmər daşların arasından süzülüb qarşısı kəsilmiş gölə tökülür. Buraya qədər gələn hər kəs özünü suya atıb xoşbəxtliyə qovuşurmuş kimi həlim suda üzür. Lövhəyə yazılmış qaydaya hər kəs əməl edir: yerli adəti nəzərə alıb, qapalı çimərlik paltarında üzülür.
Bura aqrar təsərrüfatla məşğul özəl fermerlərə aiddir. Bələdçimiz deyir ki, səhraya ən yaxın vadi olduğundan turistlərin çoxu ordan bura gəlirlər.
İbra - qədim şəhər
Qara daşlı qayalığın yamacında Omanın ən qədim şəhərlərindən biri İbranın yerində gil divarlar qalıb, dörd tərəfdən gözətçi qüllələri ucalır. Qədim şəhərdən bu vaxtadək gördüyüm ən geniş xurma bağlarına gözəl bir mənzərə açılır. Gözətçi qüllələri məhz elə bu bağları qorumaq üçün tikilib. Qalaların tağlı olması Mərdəkan qalasını yadıma saldı.
Qədim kəhriz diqqətimi çəkdi, lövhədə yazılıb ki, bu kəhriz 7 km uzunluğundadır. Küçələr arası yollarda kəhrizə enməyə pillələr tikilib. Yanından keçənlər enib əl-ayağını, başını isladıb yoluna davam edir. Suyu nisbətən sərindir, içində xırda balıqlar üzür...
...Maskada doğru yol alırıq. Sanki hələ də odu soyumamış kömür rəngli vulkanik qayaların arasından keçirik. Axşam hava qaralanda Maskada çatırıq. Omanda həyat gecə işıqları qədər rəngarəng deyil.
Nasirin yorğun sifətinə baxıram. Əldən düşmüş kimi görünür. “Harasa getmək istəmirsən?” - deyə soruşuram, Avropa yaxud başqa yerlərə. “Yox” – deyir – “Biz burda yaşamaq üçün doğulmuşuq. Amerikada yaşamaq üçün Amerikada doğulmalıydıq”.