YeniYaz.az gənc şair Əlibala Əhmədovun şeirlərini təqdim edir.
BAĞLARI DƏYİŞMƏK
Bəlkə də doğrudan da dincliyə yetişmək üçün
bizə öyrədilən hər şeyi unutmaq gərəkdir
mis qabın soyuğundan barmağını çəkmək kimi
(və)
ocaqdan fəryadsız ayrılan
aydın, zəif tüstü..
Gün gələcək, müsəlman adı daşımayacaqsan
odlu qan süzülməyəcək adının üzərindən
unudacaqsan bu torpaq üstündə böyüdüyünü
bu torpaq üstünə qoyduğun çəkməni unudacaqsan.
və bu torpaq üstündə dərdiyin ilk pomidoru..
Ağzını nar şirəsiylə buladığın ilk günü..
Adın nə Mustafa, nə Əli olmayacaq..
"Müsyö Etien
aydın gözlərin işığı
Normand torpağında ən cavan əsilzadə
mahir qadın ovçusu
və insafdan məhrum,
tandığın torpaqda
ən böyük şərab baronu."
Cildini yox, içini dəyişəcəksən belə
bıçaqla çölə tökülən tərəvəz içi kimi
Və gözlərdən silib atmaq, ən yaxın doğmalığı..
Gün gələcək nitqini də dəyişəcəksən bu cür
ağzından qoparacaqsan isti, doğma sözləri
və dilində yadlığın çanağını yaradacaqsan..
"Omnia quae dilexi laeserunt mihi, haesit in corde
meo sicut ferrum ignitum, et intellexi amorem
plus esse maledictionis quam benedictionis.."
Bir vaxtlar Tanrıya yaxın olduğunçün peşmansan..
DUA EDƏN ƏLLƏRİ İTİRMƏYİN TARİXÇƏSİ
Artıq anladın - ruhundakı titrətmələr
zəiflikdən başqa nəsə deyil.
(ilahi riqqət deyil - ağlını yığdın başına)
Və yoxdur - ağrının şərəfə çevrildiyi xəyali yerlər..
Bir - biriylə yarışan ən məşhur brendlər kimi
dinlər də daima çəkişmə içindədir.
Və çəkişmə
vəhşi yaşamın ən möhkəm qanunudur.
(Damarlar kəsildi - İblisin badəsi içinə..)
İNANCSIZIN DEBATDAKI İLK ÇIXIŞI
Qaçış istəyi nədir?
Dinlərin insan qəlbindəki ən böyük casusu.