Aliyə
“Dünən bağda: “Savadın var, dilin də acı olmasaydı bir vəzifə tutub, beş-altı yüz qarabağlının evinə çörək aparmasına imkan yaradardın” – deyən, pedaqoq kimi uzun illər Neft Akademiyasında çalışmış qohumuma cavabım: “Kotanı dartıb yer şumlayan traktorun ardınca uçan qarğalar, məqsədin soxulcan çıxarmaq olduğunu zənn edərlər!” – cümləsi oldu. Qohumum məni söyüb getdi…”
Pr. Aydın Dadaşov
Bir neçə il qabaq kulis.az saytında yenə də rəngarəng məzmun yaratmaq üçün bir sorğu keçirmək qərarına gəlmişdik. Mən də, durub-durub xalqa “İctimai motivli yuxular görürsüzmü?” deyə suallar verməyə başladım. O zamanlar belə suallarla yaradıcı adamların, intellektualların təhtəlşüurunu oxumaq maraqlı gəlirdi. Həm də asan iş idi, telefonla bir kəlmə söz soruşub yazırdın.
Müsahiblərimdən biri mərhum kinoşünas, professor Aydın Dadaşov idi. Əvvəlcə dedi ki, belə mənasız sorğularda iştirak etmək istəmir. Amma az sonra özü zəng etdi və eləcə bir kəlmə dedi: “Yaz ki, azərbaycanlı, ictimai motivi ancaq yuxusunda görə bilər”.
O sorğudan çox keçib, azı 8-9 il. Sosial şəbəkələrdə aktiv, yeni insan növü yetişib. Amma bu heç də ictimai müstəvidə düşünənlərin artması deyil. Başqa bir şeydir.
Bu insan növü üçün, insan kimi, sosial fərd kimi öz varlığını, həyatını daha geniş əlaqələr sistemində dərk etmək aktual deyil. Belə bir zamanda, İctimai TV, “SFN Film” prodakşn qayıdırlar o zamana ki, o dərketmə aktual idi. Sosialist inqilabından sonrakı Azərbaycana. Sovet dramaturqu Cəfər Cabbarlının “Almaz” pyesinə. Ora qayıdırlar və çoxseriyalı televiziya filmi ərsəyə gətiriblər. Əgər indi biz yuxu ilə virtualı, gerçəklə ekrandakıları, ayna ilə instaqramı (orada müxtəlif filtrlərlə özümüzə, öz həyatımıza baxırıq), feysbukla, metafizik dünyanı (bəzən oradan tanrıya, ölənlərə, metafizik dünyaya səslənirik) bir-birinə qatıb-qarışdırmışıqsa, kələfin ucunu itirmişiksə, deməli, ekranda gördüyümüz bizim yuxumuza qarışıb. Deməli, İctimai televiziyada göstərilən “Vətəndaş A” serialı bizim ictimai motivli yuxumuzdur. Deməli, mərhum müəllimimiz Aydın Dadaşovun ironik cavabındakı proqnoz pozitiv işarə ilə baş verir.
Və bu, “Vətəndaş A”nın neqativ diskursu (yuxuda görərsiniz) pozitivə (yuxuda – ekranda görürük) dəyişdiyi yeganə məqam deyil.
“Vətəndaş A” söylədiyim kimi, bir neçə diskursu aktuallaşdırır. Bu diskurslardan bəziləri (məs. gender bərabərliyi diskursu) indi neqativ çalar qazanıb, müəlliflər o neqativ çaları unutduraraq, hadisələrə başqa gözlə baxmağa dəvət edir.
İlk növbədə, “Vətəndaş A” tənqidi məzmunu ola-ola, digər həmjanr olduğu sosial dramlardan (məs. Emil Quliyevin “Pərdə” trilogiyası) fərqli olaraq, mübariz və qurucu pafosa malikdir. O, təqdim olunan konfliktdə məhvolmanın, məğlubiyyətin, təslimolmanın deyil, dəyişmənin, yenilənmənin intonasiyasını dominantlaşdırır.
Deyəcəksiniz ki, bu elə sosializm quruculuğu dövrünün, yuxarıdan körüklənən pafosudur və s. Olsun və nə olsun? Hətta yüz il qabaqkı konseptlər bu gün, üstündən çox sular axandan, cərəyanlar keçəndən sonra bizim ekranda dirilə bilirsə, bu əla deyilmi? 1930-cu illərdə ucqar kəndə işləməyə gələn və burada sinfi-mental müstəvidə qarşıdurmaya düşən Almaz müəllimə və onun prinsipləri insanları əzən çürük adət və normalara qalib gəlir.
“Vətəndaş A” Cəfər Cabbarlının “Almazını” Almaz Cabbarova kimi bugünkü ucqar Azərbaycan kəndinə gətirir. Əlbəttə, “Almaz Cabbarova” sözünü oxuyan kimi postmodern stereotiplərə düşənlər, dodaqaltı gülümsəyənlər, postmodern hoqqalar gözləyənlər olacaq, amma, yox, müəlliflər qaranlıq kəndə maarifçi pafosu ilə gələn gənc müəllimə Almaza təmiz niyyətlə yanaşır və məncə serialın ən ciddi, vacib missiyasını, yükünü müqəddəs əmanət kimi onun əlinə verirlər:
• Neqativ çalarla kirlədilməyə çalışılan feminist diskursu dəyişmək.
• Fərd-ictimai-məkan-vətəndaş fiquru modelini xatırlatmaq.
• Yenə də üstündən çox sular axmış, zaman-zaman mətbuatda ziyanlı kimi fokusa gətirilən maarifçi diskursu bir də gözdən keçirmək.
• İnsanlararası sosial-psixoloji münasibətlərə bir modeldə (kənd) nəzər salmaq (bu üsul da maarifçi modernist dövrün tənqidi pafosu kimi unudulmuşdu).
• Nəhayət, bunları birləşdirən bir konsept yaratmaq: Almaz çadrasını atan, ictimai quruculuq pafosu ilə ortaya çıxmış Sovet qadını deyil, Almaz Vətəndaş A-dır, Almaz “mən qadınam, mənə hörmət edin” deyib, səsinin feminist çalarlarını incəldən biri deyil, “mən vətəndaşam, tələb eləməyə haqqım var” deyən şəxsdir. O, cinsindən, statusundan, vəzifəsindən, peşəsindən və s. asılı olmayaraq ona ayrılan yerdə dayanmalı olan orta-statistik biri olmaq istəmir. Sərt gözəlliyi ilə, möhkəm, əzmli, inamlı təsir bağışlayan qamətilə, aydın, dəmir bərkliyi duyulan səsilə aktrisa Günəş Təgin məhz həmin vətəndaş A.dır.
Bəs bu Almaz sxematikdirmi? Bir azca hə. Hətta bir xeyli. Məndən olsa, Almazın o möhkəm duruşuna, sərtliyinə, əzminə xələl gətirməyən bir tənhalıq cizgisi də qatardım, və bu, adətən çoxluğun, xüsusən, kişilərin görmək istədiyi, hansısa qadın tənhalığı yox, insan tənhalığı, lap elə ekzistensial tənhalıq ola bilərdi.
Öz dəyərlər sisteminə informasiya axınının aşındıra bilmədiyi möhkəm inam, aydın düşüncə, dəqiq hədəf. Almazdakı bu keyfiyyəti izah etmək lazımdırmı? Almaz harada yetişib? Bəlkə elə o, xəyali qəhrəmandır, 100 il əvvəldən qəfil qopub gəlib, bu qədər yaşanmışlar yoxdur onun üçün, nə repressiya, nə tarixin sonrakı hadisələri. Əlbəttə, bu da əla olardı, xəyali qəhrəman. Uydurma. Cəfər Cabbarlının təxəyyülündə doğulmuş biri. Lap elə serialda Cabbarlının öz obrazı da ola bilərdi. Bəlkə bu modernist üsul da gəlib müəlliflərin ağlına, amma bu yerli serialın bəlli auditoriyası və müxtəlif məhdudlaşdıran çərçivələr saxlayıb onları və eləcə Almaz Cabbarovada dayanıblar. Bəlkə də yox.
Bir də, Almaz harada yetişib deyərkən, başımızı qaldırıb yan-yörəmizə baxmalıyıq, axı tanıdığımız Vətəndaş A nümunəsi, hətta nümunələri var. Və məncə, bədii məzmun və detallarda “Vətəndaş A”nın qəhrəmanı Cabbarlının “Almaz”ı qədər o nümunələrdən qidalanıb, əminəm, o nümunələri seriala baxanlar tanıyır və məsələn, Astaranın, ya da, Neftçalanın, Qusarın uzaq kəndində kimsə Almaza baxanda “bu ki, bizim Vəfadır” deyir. Bəs nə üçün Almaz ideallaşdırılır və ya sxematikləşdirilir, ikinci planı işlənmir, biz yalnız yeddinci seriyada onun boşanmış olduğunu öyrənirik.
Bu sxematikliyin bir izahı da var: “Vətəndaş A” – missiyadır, eksperimentdir. Almaz yox, A kimi yazılması da buna işarə edir. Bu yazılış sanki deyir: “Sizin hər halından tanıdığınız tipajların, qəhrəmanların və mühitin içinə, misal üçün, “A” adlı dəyər və prinsipləri olan birini salsaq, nə baş verəcək?” və oyuna başlayır. Almaz yerölçən K. (F.Kafkanın “Qəsr” romanının qəhrəmanı) kimi bu qəsrdə öz öz yerini tələb edir.
Müəlliflər – rejissor Elvin Rüstəmzadə, ssenari müəllifi Asiman Ağa Rövşən yalnız köhnə Sovet konseptlərini (avtoritar-patriarxal mühitdə qadının yeri, ictimai-sosial bərabərlik, və s.) yeni diskursla aktuallaşdırmır, həm də, köhnə estetikanı da aktuallaşdırır. Film, kostyumlardan tutmuş, filmin rəng həllinə qədər (ağ-qara, sarımtıl), inqilabdan sonrakı Sovet sənətinin ab-havasındadır. Amma bu tutqun rəng həllinə həm də, son illərin kinematoqrafında, realist sosial dram janrında da rast gəlinir.
Cəfər Cabbarlının “Almaz”ındakı kimi burada da konflikt mühit və fərd arasındadır. Əgər Cabbarlının Almazı Yaxşının körpəsini götürmüşdüsə, buradakı Almaz müəllimə, evində başqasının qanuni arvadı ikən sevgilisilə qaçmış gənc qızı və oğlanı saxlayır, onlara sığınacaq verir.
Müəllimə demişkən, gəlin, bu xitabın məzmun qatına da diqqət edək. “Müəllimə” xitabındakı istehza çaları 1930-cu illər Sovet Azərbaycanında, maarifçi-sinfi-dini qarşıdurmalardan sonra, bir də nə zamandan aktuallaşdı? Niyə aktuallaşdı? “Müəllim” xitabına da istehza yüklənirmi? Yüklənirsə, bu itmiş ziyalı missiyası ilə əlaqədardırmı? Bu da ayrıca düşünməli məsələdir.
Deməli, Almaz müəlllimənin işləməyə gəldiyi kənddə artıq hadisə var, hətta konflikt olmasa da, kolliziya da var – başqalarının biçdiyi həyatı geyinmək istəməyənlər var: Səid (Elsevər Rəhimov) və Fərqanə (Zəhra Əlisoy) belələrindəndir, amma onları etiraza mühitdəki eybəcərlik yox, eləcə də, sevgi təşviq edir (sevgi elə azadlıqdır, bu etiraz da, sevgi motivasiyası ilə ortaya çıxır).
Bəs gerçəkdə başqasının biçdiyi həyatı yaşamaqda filmdəki qədər təzyiq varmı? Yəni, kimsə durub deyə bilər ki, indi hər yerdə, elə kəndlərdə də qızlar və oğlanlar istədiyi ilə evlənməkdə azaddır, filmdəki qədər sıxıntı yoxdur. Fim bu məqamda gerçəkliyi nə qədər əks etdirir? İlk baxışda yox, amma dərindən düşünəndə hə, hətta aşırı bir təzyiq var. Hətta həyatıdan razı məmur da başqasının biçdiyi həyatı yaşayır. Özü düşünməkdən məhrumdur. Başqasının biçdiyi həyatı geyinən adam nə geyindiyini görə bilmir, unudur. Ta ki geyindiyi onu tamamən məhv edənə qədər. Serialda Ülvi (Anar Səfiyev), guya namus keşikçisi kimi Hacı Əhmədin biçdiyi “qeyrət”ə görə qızını qaçıran oğlanın atası Fəttahı (Şövqi Hüseynov) öldürür. Aktyor Anar Səfiyevin qəhrəmanının gərgin susqunluğu bir partlayışla nəticələnir. Artan gərginliklə bağlı olan fizika qanunlarından başqa, burada həm də, stereotipləşən qanunlar – Hacı əhmədkimilərinin yazdığı və yaydığı qanunlar işləyir.
Əsas konflikt Almazla (Günəş Təgin) Hacı Əhməd (Qurban İsmayılov) arasında olsa da, “Vətəndaş A”dakı konflikt çoxqütblüdür və digərləri bu ilk baxışda əsas görünən konfliktdən heç də az maraqlı deyil. Məsələn, insanların, xüsusən, gənclərin daxilindəki mübarizə. “Bəlkə mən düz etmirəm” şübhəsi. Hamının qəbul etdiyinin normallaşası və buna qarşı çıxmağın çətinliyi. Normal sayılana qarşı çıxmaq qorxusu.
Daha bir cəhət Şərin məzmun qatıdır. Hacı Əhməd başqasını cinayətə təhrik edəndən sonra tanrıya dua edir, onunla məsləhətləşir. Ondan işarə istəyir. O, etdiklərinin həm də Allahın adından etməsi fikrilə təsəlli tapmaq istəyir. Din onun üçün psixoloji istinad rolunu oynayır.
Bu əxlaqi didaktik məzmun, konfliktin motivləri, mühitin çirkabı və s. məlumdur, bunu xırdalamağa ehtiyac yoxdur. Detallaşdırmağa, dramaturji xətdə təhlil aparmağa lüzum görmədən, eləcə yüz il sonra təkrarlanan, amma başqa formada təkrarlanan – 1930-cu illərdəki kimi yuxarılardan dəstəklənən maarifçilik yox, aşağılardan başlayan maariçilik haqda, vətəndaş cəmiyyətinin istəyi haqda düşünürəm. Aşağıdan başlayıbsa, dəyişirmi məsələ? “Vətəndaş A” aşağıdakıdırsa, dəyişikliyə ümid varmı? Yəni, Şeyx Nəsrullah olmasın, “Vətəndaş A” gəlsin və ölüləri diriltmək istəsin, biz istəyəcəyikmi onlar dirilsin?
Bu sual bəlkə serialdan kənara çıxır. Bəlkə də ideyalar spektrində bu da var. Çünki serial hələ davam edir. Və bir serial yeddinci seriyaya qədər bu qədər suallar qoymağı bacarıbsa, Aydın müəllimin istehzası yox, dediyi gerçək olur. İctimai televiziya deyəsən, doğrudan ictimai olur.
KinoYazar