40 vərəq riyaziyyat dəftərlərimin axırıncı vərəqini qaralama kimi istifadə etdiyim dövrlərdə atam öldü. Yəni 11 yaşımda. Boyu hündür, başı keçəl, ayaqqabı nömrəsi 43, siqareti qalın “West”, lotosu “5+1” idi. Hepatitin hansısa hərfinə yoluxmuşdu. Ona heç vaxt ata deməmişəm, çünki həmişə adını qısaldıb çağırırdıq. Hər həftənin 5-ci günü çimib, balaca yaşıl üzlü dəftərindən bekara kirilcə Yasin oxuyurdu. Sonra tapşırma duası, sonra da tilavət. Mən də oturub qulaq asırdım. Hər dəfə tilavət hissəsində “Binəbiyyin və Əliyyin və vəliyyin və vəsiyy” deyəndə kef eləyir, çırtma çalıb, oynamaq istəyidim.
O ölən gün hava soyuq idi. Hamının başı onun ölməyinə qarışmışdı deyə, qonşumuz Yeganə xala məni tutub üst-üstə iki dənə yun köynək geyindirdi ki, soyuq olmasın. Yeganə xala kök və dəhşət gözəl qadın idi. Məni geyindirə-geyindirə ağlayırdı. Başa düşürdüm, atam ölüb, amma uşaq ağlımla bunun böyük, yoxsa balaca faciə olduğunu dərk etməkdə çətinlik çəkirdim. Amma Yeganə xalanın ağladığını görəndə bildim ki, vəziyyət pisdir.
Onu uzadıb, üstünü ağ parçayla örtmüşdülər. Arvadlar başına yığışıb ağı deyə-deyə ağlayırdılar. Arvadların əksəriyyəti ayaqlarını ədyala bürümüşdülər. Arada anama da baxırdım ki, görüm neyniyir. O vaxtlar mən də molla yanına gedib xırda-xırda “Yasin”i qırıldadırdım. İlk dəfə musiqiyə başlayanlar üçün “Cip-cip cücələrim” nədirsə, hərfləri öyrənib Quran oxumağa başlayanlar üçün də Yasin surəsi odur.
Birdən hansısa arvad təklif elədi ki, molla gələnə qədər Yasini Vüqar oxusun. Hamı razılaşdı. Amma hələ camaatın içində Yasin oxuyacaq səviyyəyə gəlməmişdim deyə, qorxdum ki, birdən haradasa çaşaram, mənə gülərlər. Nə qədər israr eləsəm də, mümkün olmadı. Məcbur oxuyası oldum. Açığı, pis də alınmadı. Üstündən tapşırma duası və Tilavətə keçdim. “Binəbiyyin və Əliyyin və vəliyyin və vəsiyy” hissəsini oxuyanda bir daha yadıma düşdü ki, atam ölüb.
Kim məni görürdü, başımı sığallayırdı. Hətta həmişə qaş-qabaqlı gəzən, salam verəndə cavab almayan qonşumuz, balıqçı Müseyib əmi də, heç kimə “nisyə” mal verməyən İslam da, sinif rəhbərimiz Yeganə müəllimə də. Birdən-birə hörmətim artmışdı.
Onunla bağlı çox xatirəm yoxdur, çünki uzun müddət Rusiyada işləyib. Mənim 3-4 yaşım olanda gedib, bir də 10 yaşım olanda, yəni ölümündən bir il əvvəl gəlib. Demək olar ki, onu bir il görmüşəm. Bir gün eşitdim ki, atam Rusiyadan gəlir, bilmədim neyniyim, gedib qapının dalında gizləndim. Bundan sonra evdə tanımadığım, yad bir adamla qalmaq mənə həddindən artıq qorxunc göründü. Amma yavaş-yavaş həlim xasiyyətinə öyrəşdim.
Getdikcə səhhəti pisləşirdi. Onun gəlişindən sonra evimizdən dərman iyi gəlməyə başlamışdı. Hər yerə həkimə gedirdik. Lənkərana, Bakıya, İrana. Amma əmələ gəlmirdi ki, gəlmirdi. Anam indi hərdən deyir ki, İrana düyü çantasını pulla doldurub gedir, bom-boş qayıdırdıq. Bəzən evdə ağrıdan inildəyirdi. Onda gedib məhəllə uşaqlarıyla “11 tuş” oynayırdım.
Çadır quruldu, kasıb qonşularımızdan biri könüllü surətdə samovar işini öz öhdəsinə götürdü, məhəllənin cavan qız-gəlinləri gəlib pomidor-xiyar doğradı, salfet qatladı, arvadlar ocaq qalayıb yemək bişirdilər.
Atamın üstündə Yasin oxumağımın xəbəri qısa müddətdə rayona yayılmışdı. Yası aparan molla da axundum idi. Bir azdan məni yanına çağırıb dedi ki, gəl yanımda otur, arada sənə də nəsə verərəm oxuyarsan. Naəlac qalıb mollayla bir yerdə oturdum. 11 yaşında uşağın atasının yasında mollayla birlikdə oturub, arada nəsə oxumağı rayonda görünməmiş hadisə idi. Bu hadisə həm mollama, həm də mənə böyük şöhrət gətirmişdi. Elə adamlar vardı ki, məhz bu mənzərəni görmək üçün durub yasa gəlirdilər. Mollaya deyirdilər ki, ver uşaq oxusun, ona qulaq asmaq istəyirik. Bilmirəm, mənə yazıqları gəlirdi, yoxsa 11 yaşında uşağın Yasin oxumağı maraqlı idi?
Yasın üçüncü günündə çadırın qabağında veyllənirdim. Birdən Lerikin çox hörmətli, orta yaşlı, elminə və əxlaqına hamının həsəd apardığı, Qum şəhərində oxuyub gəlmiş mollası məni tutub qucaqladı və dedi ki, “sən böyüyəndə qaranquş olacaqsan, yadından çıxartma”. Bunu elə tonda dedi ki, ona inandım. Düzdür, heç nə başa düşmədim, amma niyəsə mənə böyüyəndə qaranquş olacağım çox xoş təsir elədi.
Atamı bir dəfə sarı rəngli "011"-də Bakıya xəstəxanaya gətirəsi olduq. Həkim tapşırmışdı ki, xəstəyə tərpənmək olmaz. Ona görə Lerikdən Bakıya qədər hərəkətsiz halda gəldi. Mən qabaqda oturmuşdum, anam onun yanında. Sürücü də niyəsə “Güləbətin” mahnısına təkrar-təkrar qulaq asırdı. Çevrilib ona baxanda gördüm ki, çox əziyyət çəkir. 6 saat tərpənmədən maşında oturmaq və dayanmadan lənətəgəlmiş “Güləbətin” mahnısına qulaq asmaq cəhənnəm əzabından da pisdir.
Bir müddət keçəndən sonra onu Dəri-Zöhrəvi xəstəxanasına yerləşdirdilər. Anayla xəstəxanada onun yanında qalırdıq. Axşamlar anam məni çıxarıb Heydər Parkında gəzdirirdi. İlk dəfə eskalatora onda minmişəm. Ana parkda otururdu, mən eskalatorla düşürdüm, qalxırdım, düşürdüm, qalxırdım, düşürdüm, qalxırdım. Onda xəstəxanada olmağımızı da, anamın kədərli vəziyyətini də, atamın iniltilərini də yaddan çıxarırdım. Əvəzsiz bir əyləncə idi eskalator.
***
Bir gün anamın dördayaqlı, dəmir kassasından saralmış bir kağız parçası tapdım. Kiril hərfləriylə belə yazılmışdı.
“Seva, səni bağçanın yanında gözləyəcəm”.
Bu həmin vaxtlar idi ki, mən artıq üçüncü kurs tələbəsi idim. Atamın 43 “razmer” ayaqqabılarının arxasını əzib həyətdə ora-bura geyinib köhnəltmiş, qalın “West” siqaretlərini ovxalayıb güvə tutmasın deyə heç vaxt istifadə olunmayan yorğan-döşəyin içinə tökmüş, “5+1” lotolarını üst-üstə yığıb paltar şkafında gizlətmişdik.