Xalis axmaqlığın tənqidi - Günel Mövlud yazır...

Xalis axmaqlığın tənqidi   - Günel Mövlud yazır...

06 Yanvar 2025 13:07 58


Mən necə Kanta düşmən oldum?
və ya xalis axmaqlığın tənqidi...

Olmuş hadisə əsasında

Bu sevgi üçbucağında onlar üç nəfər imişlər - Səxavət müəllim, Səxavət müəllimin çox yaxın dostu və Kant. Alman filosofu Kant. Hadisə isə ötən əsrin altmışıncı illərində baş veribmiş. Seks, narkotiklər və rok-n-roll epoxasında...

Səxavət müəllim o vaxt Sevil adlı tələbə yoldaşından bərk kəsirmiş. Burda nəzakət göstərib "sevirmiş" ya bərk "şəhvət bəsləyirmiş" kimi daha nəcib ifadələrdən istifadə edə bilərdim, amma Səxavət müəllim bu hadisəni bizə danışanda altmış yaşlı kişinin ac gözlərindən yayılan parıltını ifadə edə biləcək yeganə kəlmə budur. Kəsirmiş...

Sevilin də, deyəsən, o vaxt hələ müəllim olmayan Səxavətə könlü varmış, amma Səxavət müəllimin bu hadisədə adının çəkilməsini istəməyən dostu elə həmin vaxt Sevili ən ülvi duyğularla sevdiyini yersiz bir şəkildə etiraf edir və Səxavət müəllimi etik dilemma qarşısında qoyur.

Dostluq, yoxsa ehtiras? Beyin, yoxsa bədən (başqa sözlə də yaza bilərdik, amma tərbiyəmizi pozmayaq)? Müvəqqəti həzz, yoxsa əbədi dostluq?

O zamanlar böyük alman filosofu İmmanuel Kantın fəlsəfəsinə aludə olan və böyük filosofun tezisləri ilə çox vaxt narazılıqla əlləşən Səxavət müəllim hisslərinin obyekti olan Sevilə münasibətində apriori biliklərə malik ola biləcəyi ehtimalı ilə barışaraq, dostunun xətrinə geri çəkilir...

Səxavət müəllimin dostu Sevillə görüşməyə başlayır və bir il sonra cütlük ayrılmalı olur. Bu vaxt onlar universitetit bitirir və Sevilin təyinatı Gəncəyə düşür. Aarada daha bir il keçir və Səxavət müəllim Gəncəyə iş dalınca gedir. Təsadüflər zərurətdən doğur tezisi burda bir daha özünü təsdiq edir və nəyə görəsə Səxavət müəllim gözəl Gəncəmizin gözəl küçələrində durna kimi süzərək yeriyən Sevili görür.

Bir stəkan çaydan sonra (hərçənd, şəxsən mən belə təklifi ayıq başla edə bilməzdim) Sevil Səxavət müəllimə təklif edir ki, mehmanxana zad tutmasın, tələbəlik illərinin əziz xətrinə bu gecəni glib onun evində gecələsin.

Hekayənin bu yerində ən təcrübəli qurdlar yəqin artıq başa düşdülər ki, sevişmə söhbəti-zad olmayacaq. Çünki arada Kant vardı...

Burda qısa bir haşiyə çıxaraq deyim ki, Kant oxuyan kişilər dünyanın ən mal varlıqları adına iddia edə bilərlər, amma etmirlər. Kant oxuyan kişilər eyham başa düşmürlər. Qızın meyvə şirəsinə viski qatmaq yerinə, onlar qıza Axmatovanın şeirlərini oxuyur. Qızlar isə oturduqları məclisdə başqa qadının adının keçməsinə dözə bilmir. Hətta o qadın çoxdan ölüb getmiş, başdanxarab qoca şairə olsa da...

O gecə Səxavət müəllimlə Sevil qızın birotaqlı evində şərab, meyvə və musiqi kimi iblisanə qastronomik-sənət üçlüyündən sonra yatmağa hazırlaşırlar. Elə bu yerdə Səxavət müəllim otaqda cəmi bir çarpayı olduğunun fərqinə varır. Hərçənd, Kant oxumasaydı, otaga girən kimi bu dramaturji və çox şey vəd edən həqiqəti görə bilərdi. Sevil məsumcasına deyir ki, narahat olma, biz doğma adamlarıq, sən əynini dəyiş, gir çarpayıya, mən də elə sənin ayaq tərəfindən özümə yer edərəm. Əsas odur ki, biz iki köhnə dost, bu gecəni birlikdə keçiririk.

Səxavət müəllim işığı söndürüb, yatağa girəndən on dəqiqə sonra əyninə sovet vaxtı çətin tapılan gecəköynəklərindən geyinib, nəyə görəsə yemək yox, parfüm qoxuyan Sevil gəlib onun ayaq tərəfində özünə yer edir.

Və Səxavət müəllim üçün əbədiyyət qədər uzun sürən o məşum gecə başlayır. Tarix və Səxavət müəllim Sevilin o gecə boyunca nə düşündüyü barədə susur. Amma müəllimin özünün nə hiss etdiyini və düşündüklərini hamımız birinci mənbədən dəqiqliklə öyrəndik.

Bu söhbəti Səxavət müəllim Eyfel qülləsi yaxınlığındakı Paris kafelərinin birində bizə, özü kimi vətənindən didərgin düşmüş mühacir gənclərə nağıl edirdi. Onun yaşı altmışdan keçmişdi, amma Sevil barədə danışanda gözlərindəki ac ehtiras müəllimi dəhşətli dərəcədə ələ veirirdi.

"O gecə mən dostumu, sonra da Kantı düşündüm. Mənim yerimə Kant olsaydı, insanın öz ehtiraslarına qalib gəlməsi vacibliyini tamamilə inkar edərdi. Kant o qıza türk filmlərində İbrahim Tatlisəsin Hülya Avşara daraşdığından daha bərk daraşardı. Amma mən o gecə Kantın insan hissləri, ehtirasları, o ehtirasların obyektləri barədə irəli sürdüyü bütün tezisləri boşa çıxarmalı idim. Mən o gecə Kantla amansız bir mübahisəyə girişmişdim. Gecənin bir aləmində yuxulu Sevilin ayaqları təsadüfən mənim ayaqlarımı sığallayanda, mən etik prinsiplər və bəşəri dəyərlər barədə son arqumentimi xəyalən Kantın üzünə çırpdım. Və qalib ədası ilə, təmiz vicdanla yuxuya getdim. Mən o gecə Kanta qalib gəldim!"

Son sözləri inanılmaz bir pafosla tələffüz edən Səxavət müəllim güman ki bizdən, bütün müqəddsələrə yuxarıdan aşağı baxan, ən sakral duyğuları ələ salan ibnə gənclikdən alqış gözləyirdi. Məclisdə oturub latte qurtumlayan bəzi gənclər başlarını bulayaraq, hərəsi bir siqaret yandırdı.

Səxavət müəllimin bu hekayəsi məcslidəki yeganə qadın olan bəndeyi-fəqirinizi bərk təsirləndirdi. Mən o gecə görüşə hazırlaşmış Sevili düşünürdüm. Sevilin tələm-tələsik bədənindəki lazımsız tükləri təmizləməyini, yuyunmağını düşünürdüm. Sovetlərin o qıt vaxtında ətirli sabunlar, gecəköynəyi, mümkün ola biləcəyi qədər gözəl alt paltarları kimi erotik rekvizitləri necə zülümlə tapmağını düşünürdüm. Süfrəni necə həyacanla hazırlamağını, şərabı hansı zülümlə tapmağını və o gecəni təşkilində ortaya çıxan minlərlə əzab-əziyyəti düşünürdüm.

Bütün bu məşəqqətlərdən sonra Səxavət müəllimin Kantla savaşmağına layiq reaksiyanı göstərməyə indi sadəcə tərbiyəm yol vermirdi.

Buna görə də dişlərimi sıxaraq, mümkün qədər nəzakətli olmağa çalışdım.

- Səxavət müəllim, siz o gecə dostunuzu düşündünüz, eləmi...
- Bəli, mənim dostum o qızı sevirdi, onu düşündüm...
- Siz o gecə Kantı düşündünüz, eləmi...
- Bəli, Kant belə etik məsələlərdə insanın öz ehtirasları ilə idarə olunduğunu iddia edirdi...
- Siz o gecə özünüzü də düşündünüz, eləmi...

- Əlbəttə, Kantı "neprav" çıxarmaq mənim ən böyük arzularımdan biri idi. O gecə bunun üçün ələdüşməz fürsət idi...

- Səxavət müəllim, bəs siz, o gecə şərab içib, gecəköynəyi geyinib, ətirlənərək, sizinlə bir yatağa girmiş qızı düşündünüzmü...O nə deyirdi, o nə istəyirdi, bu barədə düşündünüzmü...

Səxavət müəllim çaşqınlıqla mənə baxdı:

- Yox, mən sözügedən etik dilemmaya bu aspektdən heç baxmamışdım...yəni sən demək istəyirsən ki, Sevil də mənə qarşı...

Səxavət müəllimi sanki cərəyan vurdu. Əlini seyrəlmiş saçlarına apararaq, qarışdırmağa başladı:

- Aaaaa, deməli, ona görə o qız.... həəəəəə....

Siqaretlərini acgözlüklə sümürən gənc yazarlar, Səxavət müəllimin azı 30 il gecikmiş reaksiyasına təəssüflə baxır və başlarını bulamaqda davam edirdilər. Onların arasında içməkdə və Yeseninsayağı dava salmaqda ad çıxarmış gənc şair siqaretin kötüyünü külqabıya basaraq, dərin bir ehtiram hissi ilə sakitcə dedi:

- Səxavət müəllim, sizə bir filosof, görkəmli ziyalı və ən əsası, bir ağsaqqal kimi bəslədiyim dərin hörmətə baxmayaraq, demək istəyirəm ki, siz gij..llaqsınız...