Xalis Azərbaycan romanı - Qurban Yaquboğlu

Xalis Azərbaycan romanı   - Qurban Yaquboğlu

04 Aprelel 2023 12:28 538


Mahirin "Sonuncu korifey"i haqda

Təxminən 50 səhifəsindən sonra bu kitabın yaxşı, ən yaxşı yerlərinə çatanda düşündüm: nədən bu mətn barədə hamı susub? Sonra eşitdm danışan da olub, yazan da, hərçənd mən özüm rast gəlməmişəm.

Di gəl, dostum, hissiyyatımın həqiqət payına məndən bircə dəlil var - bütün gözəl kitablar həmişə təzədi, bakirədi, oxucu onun səhifəsini həmişə tək özü açır, tək özü qatlayır, tək özü də başa çatdırır.

Mahir N. Qarayevin "Sonuncu Korifey" romanı iddialı bir təhkiyəylə, təmiz, səlis, səliqəli sintaksislə zildə ifa və ifadə olunan, "çox şeyi" özündə birləşdirən - Alim Qasımovla təsadüfi görüşdən tutmuş Korifeyin ölümünə (intiharına) qədər - müxtəlif mətləblərin, hadisələrin sığınacaq tapdığı mətndi; təsadüfdən söz düşmüşkən, adama elə gəlir, bəzi süjet xətəri romana kənardan, müəllifin xüsusi istəyilə - təsadüfən daxil edilib: hərçənd müəllif bu iradı qabaqlamaq və zərərsizləşdirmək üçün əsəri "psixoloji-assosiativ roman" adlandırıb.

Əlbəttə, bu, indiyəqədərki ənənəvi Azərbaycan romanından fərqlidi; şriftlərlə oyunlardan tutmuş hadisələrin düzümünə qədər - mənə elə gəldi, Korifeydən danşanın uşaqlığı elə Korifeyin öz uşaqlığıdı! - mürəkkəb mətndi, hər halda sadə mətn sayıla bilməz...

İctimai hadisələrə münasibətdə bu roman, zənnimcə, roman-esse yox, roman-publisistikadı, fikrimcə, sonuncu epitet mətnin keyfiyyət göstəricisini əskiltmir və əskiltməli də deyil. Düzdü, hərdən adama elə gəlir, müəllif hamının bildiyi şeylərdən danışır, amma obrazlar canlananda - mətnin ən yaxşı yerlərində - söz, cümlə, mətləb yazıçı ustalığında öz qüdrətini bayraq kimi nümayiş elətdirir...




Bəzi obrazların prototipini tanıdığımdan müəllifin onlara necə böyük missiya yüklədiyinə heyrətləndim və öz aləmimdə bəzən mübahisəyə də cəhd elədim. Amma və amma bu roman sözün qüdrəti (Sözün Qüdrəti) haqqında deyilmi? Yoxsa əsər niyə "Sonuncu Korifey" adlanır, yəni roman dünyanın ən gözəl romanını yazmaq uğrunda savaşda (kiminlə; roman niyə mitinqlə hazırlıqla başlayır; yoxsa bu savaşın başqa bir mənası da var? mitinq xətti romanın harasında və niyə quruyur?) həlak olan, özünü həlak edən, kəndirlə asan bir yazıçıya həsr olunurdu?

Yeri gəlmişkən və ya gəlməmişkən, romanın ideyası nədi; indi ideya sözünü əvəz eləyən başqa ifadələr var - məsələn, roman bizə hansı mesajları ötürür? Bəlkə çox şey, bəlkə heç nə... Hər şey özünün bədii estetikasıyla gəlir, gəlir və bitir.

Bədii mətn üçün mənə görə, ən arzuolunmaz sonluq qəhrəmanın ölümüdü - bunu istəməzdim, intihar sonluğunu heç istəməzdim!

Ola bilər, müəllif həyat materialının sənədliliyindən (prototipin özünəqəsdlə bitən aqibətindən) qaça bilməyib, yaxud qaçmaq istəməyib... Məncə, bu son epizodda, son situasiyada Korifeyin intihar zamanı qapını açıq qoyması yazıçının mühüm tapınıtısıdı və mətndə bu, intiharçının xilasa olan ümidi kimi simvolizə olunur.

Mənimsə fikrimdən Məhəmməd Füzulinin məşhur beyti keçdi:

Nə yanar kimsə mənə atəşi-dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri...

Mahirin bu romanı mənim üçün başqa bir neçə əlamətdar tezisi də gündəmə gətirdi; sıralayım:

1. "Sonuncu Korifey" nə qədər fərqli və yenilikçi olsa da Azərbaycanın özündən əvvəlki nəsr ənənələri üzərindədi; xalis Azərbaycan romanıdı;
2. Bu roman bədii mətndə sintaksisin qüdrətini bir daha - bu ifadə ikinci dəfə yerinə düşdü - nümayiş elətdirir.
3. Zənnimcə, bu roman Azərbaycan realist nəsrinin ən yaxşıları düzülən rəfə - Elçinin, Sabir Əhmədovun, Səfər Alışarlının əsərləri sırasına ehtiramla qoymaq olar.
4. Bu roman bir daha sübut etdi ki (şəxsən mənə), şərti olaraq köhnə dil adlanıdırılan, 80-90-cı illərin ədəbi leksikonuyla da dəyərli mətn yaratmaq olar: bəs necə, bəs hansı hesaba? Yaxşı mətn necə yaranır?

Allah bilir!