Kafe əhvalatları
Şahbaz Xuduoğlu
Kafeyə rəngli paltarlar geymiş 3 nəfər gəldi. Yanımdan keçən oğlanın üstündən “Hermes”in kəskin qoxusu burnumu vurdu. Çevrilib masamın üstündəki kitaba baxdı. Bir saatdır hələ bir səhifə oxumamışam. Fikrim çox dağınıqdır. Adətən səhər idman etməyəndə, qrafikim pozulanda belə olunan.
Küçədən keçən hər iki nəfərdən birinin əlində siqaret tüstülənir.
"Kabab Dönər" restoranının iki işçisi tində rahat-rahat siqaret çəkir. Əyinlərində qara şalvar, ağ tşot, qara önlük var.
Maaşlarından narazıdırlar. Qonşuluqda "Böyük fırat" təmirə dayanıb. Yaxşı təklif alsalar ora keçəcəklər. Başqa çarə yoxdur. Biri beş, digəri üç ildir burda işləyir. Vəziyyət yaxşılığa doğru dəyişmir. Hər ay maaş artacaq deyib söz verir müdiriyyət, xeyri yoxdur.
Saqqallı oğlan - beş il işləyən oxumağa gedəcəkdi. "Atam rəhmətə getdi. Ürəkdən. Anamı tək qoya bilmədim. İndi də ona baxmaq üçün kafedə işləməyə davam edirəm". O birisi deyir ki, kafedə işləmək mənim arzum olub. Uşaq olanda, hər dəfə kafenin yanından keçəndə dönər qoxusundan ağzımın suyu axardı. Elə o vaxtdan söz verdim ki, mütləq dönərxanada işləyəcəm. İndi elə gün olur ki, o qoxudan zəhərlənmək həddinə gəlir. Amma bir şeyə əmindir ki, nə qədər dönərdə işləyir aclıq çəkməyəcək.
Administrator qapıda göründü. İşçilər tələsik "Kabab Dönər"ə qaçdılar.
Nəhayət "Keçilərin nəğməsi"ni oxumağa başlayıram. Şiə ailəsində doğulan oğlan övladdan, alın çərtməkdən, imamlar üçün axıdılan qanlardan başlayır roman.
Məncə, kafenin uğuru onu işlədən insanla bağlıdır. O, mütləq xanım olmalıdır. Xanımlar kafeləri gözəl idarə edirlər. Bəylər xidmət etsinlər, xanımlar isə idarə.
Niyə belədir? Bu sual geniş cavab tələb edir...
Cavabın birini yazım: onlar zövqlüdür, yumşaqlıq və sərtlik arasında tez manevr etməyi bacarırlar.