Məlum olduğu kimi, Azərbaycan Respublikası quruda beş ölkəylə həmsərhəddir: Rusiyayla, Gürcüstanla, Ermənistanla, Türkiyəylə, İranla. Dənizdə isə, dörd ölkəylə qonşuyuq: yenə də Rusiya və İranla, bir də iki türk dövlətiylə Türkmənstanla, Qazaxstanla.
Azərbaycanın Prezidenti İlham Əliyev deyir:
«Qazaxstan bizimçün Manqustaudan başlanır. Manqustau Qazaxstanın qərb qapılarıdır, bu ən yaxın xaricdir. Xəzər – iki qardaş dövləti qovuşuduran faktordur».
Bugün Manqustauda 4 min azərbaycanlı yaşayır, ümumiyyətlə isə, bu qardaş ölkədə soydaşlarımızın sayı 130 mindən artıqdır.
Keçən il sentyabrın 4-dən 6-sına qədər Nur-Sultan (keçmiş Astana) şəhərində keçirilən Yazıçılar Forumuna dəvət olunmuşdum.
Qazaxstan mənimçün doğma ölkədir. Bu qardaş məmləkətə beşinci səfərimdi. Hələ Sovet vaxtında Alma-Atada olmuşdum, müstəqillik dövründə Ulu Öndər Heydər Əliyevin başçılıq etdiyi heyətin tərkibində Alma-Atada Abay yubileyində iştirak etmişəm, Astanaya (Nur-Sultana) isə üçüncü səfərim idi.
2012-ci ilin noyabrında Astanada keçirdiyim günlər yaddaşımdan heç vaxt silinməyəcək xatirələrlə yaşayır. O il bu uzaq qarlı şəhərdə mənə «Türk dünyasında ilin ədəbiyyat adamı» nişanı təqdim edilmişdi. Bu səfər Qazaxstanın ilk Prezidenti Elbası (Elbaşı) N.Nazarbayevin şərəfinə Nur-Sultan adlandırmış şəhərə Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzayla gəlmişdik. Nur-Sultanda olduğumuz bütün günlərdə ölkəmizin Qazaxstandakı səfiri Rəşad Məmmədov bizə xüsusi diqqət və qayğı göstərdi.
Qazax yazıçıları – dostlarım Oljas Süleymenov, Müxtar Şahanov, Nurlan Orazalin, Tölen Abdiklə Qazaxstanda, Türkiyədə, Moskvada, Bakıda vaxtaşırı görüşürük, Qazaxstanda çıxan ilk kitabımın tərcüməçisi Berik Şahanovla ailəvi dostuq, onun oğlu Qazıbəy ən fəal və ardıcıl oxucularımdandır. Çox illər öncə Alma–Atada, Berikin evində Qazaxstan bozqırdlarının sonsuz həsrətiylə dopdolu olan Qurmanqazı musiqisini ilk dəfə dinlədiyimi və çox təsirlənmdiyimi heç vaxt unutmuram.
Qazaxstan Yazıçılar İttifaqının indiki sədri Uluqbek Esdövlətlə xoş münasibətlərim var.
Adətim üzrə getdiyim ölkələrin tarixi, ədəbiyyatı haqqında ətraflı bilgilər əldə etməyə çalışıram. Həm Rəşad Məmmədovun, həm qazax dostlarımın, tanışlarımın söhbətlərindən, həm də Nur-Sultanda əldə etdiyim kitablardan bu ölkəni daha yaxından tanıdım. Qazax və Azərbaycan xalqlarının tarixi həyatlarında, məruz qaldıqları siyasi sınaqlarda, yetişdirdikləri böyük insanların talelərində oxşarlıqlar çoxdur. Natalya Zaderetskayanın sanballı «Dva naroda – odna sudba» («İki xalq-eyni tale») kitabında bu bənzərliklər haqqında xeyli maraqlı faktlar var.
Xalqlarımızın bu tale yaxınlığı mənə bu yazını yazmağa sövq etdi.
Asiya yazıçılarının «Birgə köklər, birgə dünyaya baxış, birgə sivilizasiya» devizi altında keçirilən bu ilk forumda 44 ölkədən 90-dan artıq qələm sahibi, o cümlədən Nobel laureatları iştirak edirdi.
Sentyabrın 4-də səhər saat 10-da möhtəşəm Konqress Mərkəzində açılan Forumun Plenar iclasında ilk olaraq, Qazaxstan Prezidenti Qasım Comərd Tokayev çıxış etdi. Q.C.Tokayev Asiya xalqlarının mənəvi və mədəni yaxınlaşmasında yazıçıların üzərinə düşən vəzifələrdən danışdı, Nobel mükafatına tən gələn «Asiya nəhəngi» ödülünün təsis olunmasını təklif etdi, sonra qonaqlardan dörd nəfərə söz verildi. Mən çıxışımda Azərbaycan-qazax ədəbi əlaqələrindən danışdım, bir sıra təkliflər irəli sürdüm.
Forum seksiyalar üzrə sonrakı toplantıları Nur-Sultanın başqa məkanlarında davam etdi.
Forum günlərində Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəlinin dəvətiylə Akademiyada görüşdük. Səfirimiz Rəşad Məmmədovun da iştirak etdiyi bu görüşdə, qazax alimi Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verdi. Akademiya tərəfindən «Türk ədəbiyyatı antologiyaları» seriyasından ilk olaraq, «Azərbaycan ədəbiyyatı antologiyasının» nəşr edilməsi məni çox sevinirdi. Başqa bir şad xəbər də Akademiyanın Nəsimi şeirlərini kitab şəklində qazax dilində ilk dəfə çap etməsiydi. O görüşümüzdə haqqında hələ layihə kimi bəhs etdiyimiz «Ortaq türk tarixi» dərsliyi (müəllifləri Darxan Kıdirəli və Qaybulla Babayar) bugün artıq Bakıda, Azərbaycan və rus dillərində Təhsil nazirliyimiz tərəfindən nəfis şəkildə nəşr edilib. Görüş zamanı Türk Akademiyası və Azərbaycan Yazıçılar Birliyi arasında əməkdaşlıq barədə də razılaşdıq.
Forum iştirakçılarından bir neçə nəfəri, Qazaxstan Prezident Administrasiyası rəhbərinin Birinci müavini Marat Tajin qəbul etdi. Görüşdə İkinci forumun harda keçiriləcəyi barədə söhbət açıldı. Mən Bakıda keçirilməsi haqqında məsələ qaldıracağımı dedim. Nədənsə, Cənubi Koreya yazıçısı buna etiraz etdi, «elə ikinci forumu da Qazaxstanda keçirək» – dedi. Mən ona cavab verdim ki, əgər İkinci Forum Bakıda baş tutarsa, mütləq bu Koreya yazıçısını da dəvət edəcəyik və inanıram ki, o, Üçüncü forumun da Bakıda keçirilməsini təklif edəcək.
Abay haqqında yazdığım essedə, Forumun açılışında, Bakı Dövlət Universitetində, Abay yubileyində vurğuladığım bir fikri burda da təkrar etmək istəyirəm: Qazax və Azərbaycan yazıçılarının ədəbi və maarifçi fəaliyyətlərində oxşar cəhətlərin olması xalqlarımızın talelərinin bənzərliyindən doğur.
XIX əsrdə Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin elmi, ədəbi yaradıcılıqları, mətbuat və mədəniyyət sahəsində fəaliyyətləri maarifçiliyə əsaslanırdısa, eyni şəkildə qazax mütəffəkkirləri Çokan Vəlixanov (1835-1856), İbray Altınsarın (1841-1889), Abay Kunanbay (1845-1904) da nicat yolunu xalqın maariflənməsində, rus dilini və mədəniyyətini mənimsəməsində görür və məhz bu yöndə çalışırdılar.
Tarixçi, etnoqraf, coğrafiyaçı, səyyah Çokan Vəlixanov da, müəllim, maarifçi, folklorçu İbray Altınsarın da rus məktəblərində oxumuşdular. Böyük şair, bəstəkar Abay rus klassiklərindən – Krılovdan, Puşkindən, Lermontovdan tərcümələr etmişdi. Maraqlı odur ki, Abay yaradıcılığında Aşıq Abbasa məxsus ifadələri («Adam var ki…») Qasım bəy Zakir kimi çar məmurlarına etirazı, Sabir kimi satirik qəzəbi görürük, Şərq poeziyasının bilicisi, Nizaminin, Füzulinin yaradıcılığını dərindən mənimsəyən Abayın ola bilsin ki, Aşıq Abbasdan, Zakirdən, hətta müasiri Sabirdən xəbəri olmayıb. Amma qazax və Azərbaycan şairlərini dilləndirən dərdlər oxşardı, problemlər bənzərdi, xalqı cəhalətdən qurtarmaq cəhdləri eyniydi.
Çokan Vəlixanov bir sıra rus ziyalılarıyla, o cümlədən dahi Fyodor Dostoyevskiylə yaxından tanış idi, Peterburqda yüksək vəzifələrdə çalışmışdı. Amma vicdanlı rus ədəbiyyatı vardısa, vicdansız çar məmurları da vardı, qəsb etdikləri xalqlara kölə kimi baxan qatı müstəmləkəçilər də vardı. İllər keçdikcə bütün bunları daha dərindən dərk edən Çokan Vəlixanov xəyal qırıqlığına uğrayır, bütün rütbələrindən imtina edərək, tərki-dünyalığa qapılır, öz kəndinə sığınır və gənc ömrünü 30 yaşında, doğma torpağında bitirir. Çokan Vəlixanovun qısa ömür taleyi mənə hardasa A.Bakıxanovun nisbətən uzun sürən həyatını xatırladır.
Oljas Süleymenov böyük mütəfəkkir haqqında «Mənim Çokanım» adlı essesində yazır:
«Dahilər xalqa necə də baha başa gəlir və o, öz dahilərini necə də asanlıqla itirir. Yer üzündə həyatın qanunları sərtdir: Əgər xalq bəşəriyyətə bir neçə böyük insan bəxş etməyibsə, o, özünün tarixdə yaşamasına bəraət qazana bilməz. Odur ki, XX əsrdə dünyanın bütün qövmləri böyük insan yetirməyə çalışırlar. Cəmiyyətin ən nadan, ən vəhşi törəmələri isə, belə istedadların məhvinə çalışaraq, öz gələcəklərinə balta çalırlar».
Bu sözləri Oljas Çokana aid deyir, amma hardasa onun özünə də aid edilə bilər. Repressiya qurbanı ailədə doğulmuş Oljas, təhsilini rus dilində almalı olub və şeirlərini də, elmi araşdırmalarını da rus dilində yazır. Beləliklə, tək qazax mədəniyyətini yox, rus mədəniyyətini də zənginləşdirir. Müqabilində isə, şovinist ruhlu rus alimləri tərəfindən kəskin tənqidlərə məruz qalıb. Bu tənqidlər, əsasən, Oljasın «AZ İ YA» kitabından başlandı. Həmin kitabında müəllif rus dövlətinin yaranmasında slavyanlarla bərabər, türk-tatar xalqlarının iştirakından da yazır. «İqor alayı haqqında dastan»da çox sayda açıq ya gizli türkizmləri aşkar edən Oljas bu əsəri slavyanlarla bərabər, türklərin də mirası hesab edir. Elə bir çox rus alimlərinin, özəlliklə də, qədim rus tarixi üzrə mütəxəssis, akademik Rıbakovun kəskin hücumlarına səbəb də bu oldu. Halbuki, illər əvvəl elə böyük rus türkoloqu Lev Qumilyov da bunu deyirdi, sübut edirdi ki, Rusiyanın iki təməli var – slavyanlar və türklər, pravoslavlıq və İslam, Kiyev Rusu və Qızıl Orda…
Hər nəysə, «AZ İ YA»yla bağlı elmi müzakirələri və mübahisələri siyasi müstəviyə qaldırdılar. Süleymenovu millətçilikdə, pantürkizmdə suçladılar. Bu vaxt Oljasa ürək-dirək verən məktublardan birini də, Rəsul Rza yollamışdı.
Vaxtilə, Oljasın «Komsomolskaə pravda» qəzetində İssık göldəki türk yazıları haqqında məqaləsi, atamı çox maraqlandırmışdı və Oljasa məktub yazmışdı, Oljas da «AZ İ YA» kitabı çıxanda onu atama yollamış və avtoqraf olaraq, bu sözləri yazmışdı: «Hörmətli Rəsul ağa! Mənim məqalələrimdən biri haqqında (İssık göl yazıları haqqında) mənə göndərdiyiniz məktubunuzu minnətdarlıq hissiylə xatırlayıram. Qoy bu kitab, Sizin xeyir-duanıza cavab olsun. Sizin Oljas. 20 iyul 75».
Oljasın bu kitabına qarşı kompaniya başlayan zaman, Rəsul Rza gənc qazax şairinə yeni bir məktub yazır:
«Hörmətli Oljas! Hədiyyənizə görə sağ olun. Kitabınızı vərəqlədim. Ötəri də olsa, ilk təəssüratım belədir ki, bu ciddi elmi əsər, ölkəmizin xalqları arasında qarşılıqlı münasibətlərlə bağlı çox mürəkkəb tarixi dövrün araşdırılmasında yeni səhifələr açır. Vaxt tapıb mütləq kitabınızla daha ətraflı və daha diqqətlə tanış olacam. Qardaşlıq salamıyla Rəsul Rza».
Oljas bunu hər zaman xatırlayar. Amma əlbəttə, bu çətin məqamda Oljasın qanının arasına girən, Qazaxstanın o vaxtkı partiya rəhbəri Dinmühəmməd Kunayev oldu, məsələni L.Brejnevə çatdıra bildi. Leonid İliç vaxt tapıb kitabla tanış olmuşdu və «Burda nə var ki…» sözləriylə təqiblərə və təzyiqlərə son qoymuşdu.
İstanbulda Oljasın da, mənim də qatıldığımız «Dialoq Avrasiya» platformunun ən fəal iştirakçılarından biri də, moskvalı professor Rostislan Rıbakov idi. Oljasla çox xoş münasibətləri vardı. Bir dəfə Oljasdan soruşdum: Sənin əsas opponentin olan akademik Rıbakov bu professorun nəyidir? Oljas: – atası – dedi.
Oljas həmişə onu da deyir ki, Kunayev Qazaxstan rəhbərliyindən uzaqlaşdırılanda, onu Siyasi Büroda müdafiə edən tək Heydər Əliyev olub, Kunayev: – qazax xalqı bunu heç vaxt unutmamılıdır, – deyirmiş.
Kunayevin yerinə, Qazaxstan KP-MKnın Birinci katibi vəzifəsinə, rus Kolbin (özü də heç vaxt Qazaxstanda yaşamamış rus) təyin edilir. Bu Qazaxstanda qəzəbli etirazlara səbəb olur, Alma-Atada izdihamlı, təlatümlü mitinqlərin fəal təşkilatçılarından və aparıcılarından biri, o vaxt çox gənc olan, yazıçı Muxtar Şahanov idi. Amansızlıqla yatırdılan bu hərəkatın qurbanları – ölənlər və ağır xəsarət alanlar oldu. Sovet rejiminin Qazaxstanda xalqa qarşı zorakılığı sonralar, Tbilisidə və Vilnüsdə təkrar edildi Miqyası və şəhidlərin sayı etibarıyla belə qəddarlığın zirvəsi isə, 1990-cı ilin Qara Yanvarında Bakıda dinc əhaliyə tutulan divan idi.
Çağdaş yazıçı, şair, publisist, tarixçi, tərcüməçi, müsiqiçi Baxıt Rüstəmov «Veliçie sverşaemıx del» («Görülən işlərin əzəməti») adlı kitabında yazır ki, qazaxların həqiqi tarixi yerli müəlliflər tərəfindən, ancaq son zamanlarda araşdırılmağa başlanmışdır. Bu baxımdan, o, kulturoloq Murad Auezovun (məşhur yazıçı Muxtar Auezovun oğlu) xidmətlərini xüsusi qeyd edir: «Tək Qazaxstanın deyil, müasir dünyanın ən qüdrətli kulturoloqlarından Murad Auezov öz araşdırmalarında sovet dönəminin ehkamlarıyla hesablaşmır».
Çağdaş qazax tarixçiləri öz xalqlarının kökündə yalnız qıpçaqları deyil, oğuzları, qarlukları da nəzərdə tuturlar. Böyük Türk xaqanlığını, Orxon daş kitabələrini tarixi, ədəbi və linqvistik mirasları saysalar da, sırf qazax dövlətçiliyinin tarixini, Qazan xanlığının 550 illiyiylə bağlayırlar, 2014 cü ildə Qazax xanlığının 550 illik yubileyinin keçirilməsi barədə Dövlət qərarı verilir. Bu münasibətlə 2015-ildə Bakıda «Qazax xanlığı, mənbəyi, ənənəsi və irsi» adlı kitab da nəşr olunmuşdur.
Azərbaycanda XIX əsrdə A.Bakıxanov, M.Axundzadə, H.Zərdabi tərəfindən təməli qoyulan, XX əsrdə Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev tərəfindən davam etdirilən maarifçilik hərəkatı, keçən əsrin birinci on illiklərində Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadənin və məsləkdaşlarının fəaliyyətiylə siyasi müstəviyə ucalır, ilk siyasi partiyalar yaranır, əvvəllərdə Rusiya tərkibində milli-mədəni muxtariyyət tələbləri, 1917-ci ildən sonra tam müstəqillik şüarları şəklində meydana çıxır.
Eyni cür Qazaxstanda Çokan Vəlixanovun, İbray Altınsarının, Abayın səpdiyi maarifçilik toxumlarından, 1917-ci ildə Alaş Orda qazax milli siyasi partiyası cücərir.
Qazax və Azərbaycan müəlliflərinin məqalələrindən ibarət olan «Alaş Orda Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti» adlı kitab 2018-ci ildə Bakıda çapdan çıxmışdır. Alaş Orda siyasi partiya kimi, 1917-ci ilin iyulunda Orenburqa Ümumqazax Konqresində yarandı, Partiyanın amalı Rusiya tərkibində qazax qubernatorluğunun yaranması idi. Partiyanın əsas qurucuları sırasında Əlixan Bikeyxanovun, Əhməd Baytursunun, Mustafa Şokayın adları məşhurdur. Qazax milli şüurunun oyanmasında müstəsna rolu olan Alaş Ordanın xidmətini yüksək dəyərləndirən N.Nazarbayev qeyd edir ki, «Alaş» millətçi deyil, vətənpərvər bir təşkilat idi».
Bu sözlər onunla da təsdiq olunur ki, Əlixan Bikeyxanovun rəhbərlik etdiyi hökumətin tərkibində on beş nazirdən yalnız beşi qazax, digərləri başqa millətlərdən idi.
Əlixan Bikeyxanov – iqtisadçı alim, Rusiyada marksim təliminin ən dərin bilicilərindən imiş.
Alaş Orda partiyasının ideoloji əsasları, 1913-cü ildə çıxmağa başlamış «Qazax» qəzetində qoyulur. Qəzetin redaktoru Əhməd Baytursun idi.
Əhməd Baytursunun adı 1926-cı ildə Bakıda keçirilən, ilk (və təəsüf ki, son) Türkoloji Qurultayın stenoqramlar kitabından yadımda qalmışdı. Məsələ ondaydı ki, o, Qurultayda iki nəfərin – tatar Qəlimcan Şərəfin və qazax Əhməd Baytursunun dedikləri, başqa natiqlərin çıxışlarından kəskin şəkildə fərqlənirdi. Ə.Baytursun latın əlifbasına keçməkdənsə, təkmilləşdirilmiş ərəb hurafatını təklif edirdi və özü də qazaxlarçün belə bir əlifba yaratmışdı. Sonralar, bu görkəmli alim, şair, publisist, ədəbiyyat nəzəriyyəçisinin acı taleyiylə tanış olarkən bildim ki, qazaxlar onu əlifbalarının banisi, Kiril və Mefodisi adlandırırmış.
Əlixan Bikeyevin, Əhməd Baytursunun, Müstafa Şokayın taleləri həm oxşar, həm də fərqlidir. Şüurlu həyatlarını eyni amala xidmətlə başlayan Bikeyxanovla Baytursunun ömürləri «edam kötüyündə» bitir, Mustafa Şokayın isə, siyasi mühacir həyatına müəmmalı şəkildə son qoyulur.
Bikeyxanov, Baytursun, Şokay Çar Dumasının deputatları, Ə.Topçubaşovun sədr olduğu müsəlman fraksiyasının üzvləri idilər.
Biz müstəqillik tariximizi haqlı olaraq, 1918-1920-ci illərdə Azərbaycanı idarə edən, Cümhuriyyət hakimiyyətindən başlayırıqsa, Qazaxstan öz bağımsılığını 1991-ci ildən sayır. Bu da düzdür, çünki 1917-ci il 13 dekabrda bəyan edilmiş Alaş Orda hökuməti nə ərazi, nə səlahiyyəti baxımından müstəqil qazax dövlətinin təməli sayıla bilməz. Alaş Orda 1920-ci ildə bolşeviklər tərəfindən ləğv edilir. Kommunistlərin milli məsələyə dair yalan vədlərinə inanaraq, Alaş Orda rəhbərlərinin bəziləri, o cümlədən Bikeyxanov və Baytursun Kommunist partiyasına daxil olurlar. Mustafa Şokay, Məhəmməd Əmin Rəsulzadə daha tədbirli tərpənərək, xaricə mühacirət edir. Avropada, Türkiyədə siyasi və publisist fəaliyyətini davam etdirir, «Yaş Türküstan» («Gənc Türküstan») qəzetini buraxır, İkinci dünya müharibəsi illərində hitlerçilər «Türküstan legionu» yaradır və ona rəhbərlik etməyi Mustafa Şoraya təklif edirlər. «Höteni, Feyerbaxı, Baxı , Bethoveni, Şopenhauri yetirən bir millətin hərbi əsirlərlə necə rəftar etdiyini görəndən sonra mən belə bir təklifi qəbul elə bilmərəm» – cavabını verir. Mustafa Şokay 1941-ci il dekabrıvn 27-də rəsmi məlumata görə qan zəhərlənməsindən vəfat edir. Onun öldürüldüyünü düşünənlər də var.
Əhməd Baytursun isə, əvvəllər Sovet hökumətində yüksək vəzifələri tutur. Qazaxstan Muxtar Respubikasının Maarif Komissarı olur. (1936-ci ilə qədər Qazaxstan RSFSR-in tərkibində muxtar respublika statusunda idi), 1933-cü ildə həbs olunur. O vaxt Moskvada yaşayan və görünür yüksək nüfuza malik olan, hətta Stalinlə şəxsən danışa bilən Əlixan Bikeyxanov Baytursunun azad edilməsinə nail olur. Amma dörd ildən sonra Baytursun da, Bikeyxanov da məhkəməsiz, istintaqsız edama məhkum edilərək gülllənirlər.
Sovet rejimindən müxtəlif üsullar və vasitələrlə qurtularaq, xaricə mühacirət etmiş siyasətçilərin bir çoxunda ölkədə qalıb, bir müddət rəhbər vəzifələr tutan kommunist məmurlara qatı, mənfi münasibəti təbiidir. Amma bəzi hallarda bu münasibətdə bir qısqanclıq çaları da var. Əlbəttə, respublikalarda yerli kommunist funsionerləri arasında, yalnız öz rifahını güdən, gününü güzaranını təmin edən, xalqın dərdlərinə biganə qalan namussuz karyeristlər də az deyildi, amma ən çətin şəraitdə, Mərkəzin daimi nəzarəti altında, bəzi satqın millətdaşlarının vəzifə intriqaları və Moskvaya danosları şəraitində, öz xalqının maraqları uğrunda bacardıqları qədər, imkan daxilində çalışan kommunsitlər də vardı, Qazax xalqının ləyaqətli oğlu Turar Rıskulov kimi.
Mustafa Şokay (Mustafa Çokay oqlı) 1935-ci ildə Parisdə rus dilində nəşr olunmuş «Turkestan pod vlastyu sovetov» («Türküstan sovetlər hakimiyyəti altında») adlı kitabında Turar Rıskolovu «Stalini favoriti», yəni Stalinin ərköyünü adlandırır, amma Rıskolovun ömür yoluna nəzər salanda tamam başqa qənaətə gəlirsən.
Kitabının başqa səhifələrinə Şokay bəlkə də, kontekstdən çıxarılaraq, başqa məna kəsb etmiş bir sitat gətirir. Yazır ki, milyondan çox müsəlman kəndlisi – qırğızlar və qazaxlar dəhşətli aclıqdan qırılarkən, Turar Rıskulov yazır: «marksist nöqteyi nəzərindən iqtisadi cəhətdən zəif olanı qırğızlar onsuz da ölməliydilər».
(Xatırladım ki, o vaxtlar qazaxlara «qırğız-qaysaq», qırğızlara «qara qırğız» deyirdilər)
Qazaxlara da, qırğızlara da aid deyilmiş bu sözlər əlbəttə, qəbuledilməzdir. Amma Turar Rıskulovun həyat yoluyla tanış olanda, onun öz xalqının yaşaması, var olması, ləyaqəti uğrunda necə mətin mübarizə apardığının şahidi olursan. Hüseyn Adıgözəlin 2005-ci ildə İstanbulda nəşr edilmiş «Rıskulov» kitabında gətirilən konkret faktlar, sənədlər bunu əyani şəkildə göstərir. Kitabın müəllifi Sovet rejimində azərbaycanlı Nəriman Nərimanovun, tatar Mirseyid Sultanqaliyevin, qazax Turar Rıskulovun siyasi fəaliyyətlərini «köləlikdə mücadilə» adlandırır, yəni xalqlarının məhkum olduğu müstəmləkə əsarətində millətlərinin varlığını, ləyaqətini, dilini qorumaq mübarizəsi.
1919-cu il sentyabrın 12-də «Yaş kommunist» («Gənc kommunist») qəzetində T.Rıskulov yazırdı:
«Xalqları sinfi fərq adı altında aldadaraq bölənlər, sovetlərə xəyanət edirlər. Böyük dövlət və böyük millət şovinizmi (rusca bu «velikoderjavnıy şovinizm» adlanırdı – A. ) irqçi və şovinist bir quruluşa çalışanların əllərində ən böyük imperialist vasitəsidir. Onların Çarlıq Rusiyası idarəçilərindən heç bir fərqi yoxdur. Biz köləlik rejimini yıxaraq, bir daha kölə olmaq istəmirik».
Respublikalarda «bolşevik canişinlər» – çar canişinlərindən betər amansızdılar. Orta Asiyada belə canişinlərdən biri, məşhur bolşevik Mixail Frunze Leninə yazırdı:
«Buralardakı yerli kommunistlər həqiqi kommunist olmayan baxışlara malikdirlər… Bunlar kommunizm bayrağını qaldırmağa məcbur qalan pantürksitlərdir. Onların məqsədi Türküstanda Sovet Rusiyasından ayrı bir milli dövlət qurmaqdır. Bunların lideri Turar Rıskulovdur və o, sovetləşmənin qatı düşmənidir. İnanıram ki, etdiklərinə görə, lazımı cəza almasının zamanı gəlib».
Eyni illərdə Türküstanda Moskvanın başqa bir canişini o da məhşur bolşevik olan Valerii Kuybışev deyirdi:
«Rıskulovçuluq Rusiya kommunist Partiyasının Türküstanda yürütdüyü milli siyastə qarşı çıxmaqdır. Onların istədikləri tək şey, Türküstanda yaşayan bütün millətlərin bərabər olmasıdır».
(Gör nə istəyirmişlər e ?! – A. )
V. Kuybışev davam edir:
«Onlar rusların kommunizmi bir maska olaraq istifadə etdiklərini və Çarlıq zamanındakı müstəmləkəçilikdən əsla vaz keçmək istəmədiklərini düşünürlər. Bu üzdən rıskulovçuluq RKP-yə qarşı yürüdülən bir hərəkətdir və bu hərəkəti yürüdənlərin böyük çoxluğu pantürkist bir düşüncəyə sahibdirlər. Digər xalqlara örnək olması cəhətdən Rıskulovun və arkadaşlarının cəzalandırılması bir məcburiyyətdir».
Bu siqnal – danoslar nəticəsiz qalmadı. Rıskulovun (Nərimanov kimi) xalq arasında populyarlığını nəzərə alaraq, ənənəvi metodla onu (Nərimanov kimi) vətənindən uzaqlaşdırıb, Moskvaya, formal olaraq, daha yüksək vəzifəyə aparırlar – RSFSR Komissarlar Soveti Sədrinin müavini olur. Bu vaxt Bakıya artıq Mərkəzin nümayəndəsi kimi gələn Rıskulov Nərimanovu dəstəkləyir. Amma Nərimanovun Leninə yazdığı məktublar kimi, Rıskuovun da İliçə müraciətlərindən bir nəticə hasil olmadı. 1925-ci ildə Nərimanovun Moskvada ölümündən (ya zəhərlənib öldürülməsindən) on iki il sonra Rıskulov həbs olunur. İstintaqda ona verilən «Mustafa Kamalla tanışmısınız» – sualına, Rıskulov: – Əlbəttə tanıyıram – deyir. Bütün Şərq xalqları onu imperializmə qarşı mübarizə aparan qəhrəman kimi tanıyır və sevir.
İstintaq isə, bu sözləri belə yozur ki, Mustafa Kamalla şəxsən tanış olan Rıskulov, ondan təlimat alaraq, Türküstanda Türkiyə casusu kimi fəaliyyət göstərib. Eyni məntiqlə «Hitleri tanıyırsanmı – sualına, – bəli – cavabını verən adamı Hitlerə xidmətdə suçlamaq olardı. Amma kim kiməydi? Elə bir dövr yaşanılırdı ki, xalqına az çox bağlı olan hər kəs bir bəhanəylə aradan götürülməliydi.
Rıskulov həbsdə özünü mərdi-mərdanə aparmış, heç kəsin üzünə durmamış, heç kəs barədə uydurma «məlumat» çatdırmamış, heç kəsi bada verməmişdir.
«Stalin favoritinin» Stalinə yazdığı məktubların da mənası olmadı. «Stalin ərköyünü» Stalinin razılığıyla güllələndi. Partiya leksikonunda «nərimanovşina», «sultanqaliyevşina» istilahlarına «rıskulovşina» damğası da əlavə olundu. Və bu damğalar SSRİ-nin türk respublikalarında minlərlə kommunistin faciəvi sonluğunu müəyyənləşdirdi…
Yaxşı, tutalım siyasətçilər öz əqidələrinin qurbanı oldular. Bəs, bu xalqların neçə-neçə ziyalısının, ilk növbədə şairlərinin, yazıçılarının, alimlərinin – güllələnənlərin günahı nə idi? Azərbaycanda Cavadın, Müşfiqin, Özbəkstanda Çulpanın, Qazaxstanda Maqçan Cumabayevin, Tatarstan da Qalimcan İbrahimovun günahı nəydi? Yalnız öz xalqlarını sevmələri və xalqlarının onları sevmələri!.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun təşəbbüsü ilə, Ankarada «Üç təməl 1894-1938» adlı möhtəşəm bir kitab buraxılıb. Kitab üç məşhur qazax ədibinə Saken Seyfullinə, İlyas Jansaqurova və Beyimbet Maylinə həsr olunub. Çağdaş qazax ədəbiyyatının təməlini qoyan bu üç yazıçı qəribə bir təsadüflə, eyni bir ildə – 1894-cü ildə doğulmuş və eyni bir ildə – 1938-ci ildə güllələnmişlər. Saken Seyfullin, həm də Qazaxstan Komissarlar sovetinin sədri olub, Nəriman Nərimanovla məktublaşıb.
Stalin rejiminin ən ağır və təhlükəli ittihamı millətçilik suçunun xofu «böyük rəhbərin» ölümündən sonra da aradan qalxmamışdı. L.İ.Brejnvin yazdığı (ya adına yazıldığı) «Üelina» (Xam Torpaq») da xatırlanır ki, Leonid İliç Qazaxstanın partiya rəhbəri olan zamanlarda Lenin mükafatı laureatı, yazıçı Muxtar Auezovu və Qazaxstan Akademiyasının Prezidenti Satpayevi millətçilik damğasından xilas edib.
Sovet sisteminin amansız represiyaları tək-tək adamlardan başqa, bütöv xalqlara qarşı da yönəlirdi. Bir çox millətlər, ilk növbədə müsəlman və türk xalqları doğma yurdlarından didərgin salınıb, uzaq yerlərə sürgün edilirdilər. Natalya Zaderetskaya adını çəkdiyim kitabında bu mövzuyla bağlı dəhşətli faktlar gətirir. Yazır: Tarix xalqları «səpələyən» ilk hökümdar kimi Babilistan şahı Navuxodonosoru və birinci köçkünlər kimi yəhudiləri tanıyır. Bundan 2500 il keçəndən sonra Navuxodonosorun təcrübəsini, onun yuxuda belə görə bilməyəcəyi miqyaslarda Stalin həyata keçirir. Bəzən soruşurlar: İlk azərbaycanlılar kütləvi şəkildə Qazaxstana nə zaman köçürüldülər? Doğma yurd-yuvalarından sürgün 1937-ci il mayın 10-da başlandı. İlk 600 ailə Qazaxstanın Çuy vadisinə yollanıldı. Tez bir zamanda Azərbaycanın altı rayonunda sürgün siyahıları tutulmağa başladı, bu isə, min beş yüz nəfərdən artıq idi. Azərbaycan Daxili İşlər Komissarının müavini R.Markaryan SSRİ Daxili İşlər komissarı N.Yejova məlumat verirdi ki, 1937-ci ildə Kirovabaddan 266 adamın köçürülməsi nəzərdə tutulurdusa, 590 nəfər sürgün edildi, Göyçaydan nəzərdə tutulan 197 nəfərdisə, 383 nəfər, Karyaqindən 68 yerinə 185, Qubadan 161 yerinə 373, Zaqataladan 40 əvəzinə 153, Şamaxıdan 40 əvəzinə 207 nəfər sürgün edildi».
Necə deyərlər cinayət planı artıqlamasıyla yerinə yetirilib. Ayrı-ayrı insanlara, bütöv xalqlara belə «könüllü qəddarlıq» qiymətini də alırdı.
Yejov özü də güllələləndən sonra onun postunu tutmuş l.Beriyaya «Ancaq Sizin gözləriniz üçün» qrifiylə Qroznıdan məlumat verən polkovnik Qvişianı Lavrenti Pavloviçə çatdırırdı ki, nəqliyyata yerləşdirmək mümkün olmadığı üçün çeçən kəndi Xaybaxda əlavə 700 nəfər də güllələndi». Xalq komissarı Beriya cavabında yazır: «qəti hərəkətlərinizə görə dövlət təltifinə və rütbənizin artmasına təqdim olunmusunuz. Təbrik edirəm».
Görəsən, tarixdə bundan artıq sinizmə rast gəlmək mümkündürmü?
Gözəl şairimiz Zəlimxan Yaqub zorla Qazaxstana köçürülmüş azərbaycanlılara həsr olunmuş «Sürgünlə söhbət» adlı təsirli poema yazmışdır. Həmin poemanın nəşrinə mənim Ön sözümdə deyilirdi: «Poemanı bir nəfəsə oxudum və telefon açıb Zəlimxanı təbrik etdim. Zəlimxan Qazaxstana, Qırğızstana səfər edib, bu xoşməramlı bir səfər imiş. Şairin çoxsaylı oxucuları, yaradıcılığını sevənlərlə maraqlı görüşləri olub, amma şair üçün bu səyahət həm də iztirablı yollarla keçən bir səfərdir. Özü də başıbəlalı bir ailənin, babaları sürgün olunmuş bir nəslin övladı olan Zəlimxan soydaşlarımızın sürgün dərdini, dözməli olduqları min bir əzabı qəlbinin bütün hüceyrələriylə duyaraq, yaşayaraq, acıyaraq qələmə alıb. Qazaxstana, Qırğızstana sürülmüş azərilərlə vaxtiylə mən də görüşmüşdüm. Hələ sovet dövründə Alma-Atada olarkən, görüşdüyüm qoca azərbaycanlıyla söhbətimi heç vaxt unutmayacam. Dərdlərindən, bəlalarından danışan qocaya azacıq təsəlli kimi söylədim ki, hər halda burada dini dinimizdən olan, qohum dildə danışan millətin içindəsiniz. Qoca: – Yox oğul – dedi – necə olur olsun, bunlar bizdən ayrıdır. Vətənin dadı tamam başqadır».
Ola bilsin ki, aşırı turançılar qocanın bu sözlərini xatırladığıma görə məni qınayacaqlar. Amma gerçəkçi olmadan, turançı olmaq da mümkün deyil. Qazaxlar da, qırğızlar da qardaş millətlərdir, amma… «Amma vətənin dadı başqadır. Havasının, suyunun, nəğmələrinin, təamlarının, zarafatlarının, nəvaziş və gileylərinin dadı başqadır». (Zəlimxan Yaqub «Mövlana» kitabı, Bakı 2012)
Əlbəttə, Zaderetskaya onu da qeyd edir ki, qazaxlar sürgün olunmuş azərilərlə son tikələrini də bölüşürdülər. Azərbaycanlılar qazaxlarla əl-ələ verib Jezqazqanın metalını, Qaraqandanın misini, Ekibastuzun kömürünü, xam torpaqların taxılını – Qazaxstanın bütün nemətlərini birgə əməklə ortaya çıxarırdılar».
Amma eyni zamanda… Yenə də Zaderetskayanın kitabından sitat gətirirəm: Repressiya illərində Qazaxstanda həlak olan azərbaycanlıların sayı 150 mindir, onlardan 28 mini məhkəməsiz, istintaqsız gülləniblər».
Qazaxstanın özünə də ağır zərbələr dəyib. 1936-cı ildə Qazaxstanın rəsmi statusu yüksəlir, RSFSR tərkibində muxtar respublikadan SSRİ-nin müttəfiq respublikasına çevrilir, ərazisi 700 min kvadrat metr, əhalisi 1 milyon 468 min nəfər çoxalır. Amma kimlərin hesabına? Qazaxlar 1917-ci ilə qədər Rusiyada sayca ikinci türk xalqı olduğu halda, XX əsrin ortalarında öz respublikalarında yalnız 29 faiz idilər. Sovet vaxtı Alma-Ataya səfərim zaman təəccüb qaldım ki, Qazaxstanın paytaxtında qazax dilində bircə Ali məktəb belə yoxdur və bir milyonluq şəhərdə doğma dildə yalnz bir orta məktəb var. Qazaxstanın şimal sahələrində rusların və başqa qeyri-qazax millətlərin çoxluq təşkil etdiyinə görə, bəzi rus ziyalıları, o cümlədən təəssüf ki, A.Soljenitsin, bu sahələri Rusiyaya qatmağı təklif edirdilər. N.Nazarbayev müdrik rəhbər kimi hərəkət edərək, ölkənin paytaxtını Astanaya köçürdü və qısa müddətdə bura ən yeni memarlıq örnəkləriyə zənginləşmiş modern bir şəhərə və turist mərkəzinə çevrildi. Daha heç kəs müstəqil dövlətin paytaxtını və ətrafındakı bölgələri başqa ölkəyə qatmaq fikrinə düşə bilmədi.
2000-ci il iyunun 1-də Türkiyənin Qaraman şəhərin də ənənəvi dil bayramına dəvət olunmuşdum. Qonaqlar arasında görkəmli qazax alimi Rəhmanqul Berdibay da vardı, tanış olduq. 1927-ci il təvəllüdlü filoloq, türkoloq, professor, Qazaxstan Elmlər Akademiyasının akademiki R.Berdibay ədəbiyyatşünaslıq və türkologiya sahəsində mötəbər mütəxəssis, «Baykaldan Balkana», «Dastandan romana» «Ədəbiyyat və həyat» «Qazax tarixi romanı» kimi araşdırmaların, ayrı-ayrı türk xalqlarına – Altay, yaxud Saxa, türkmən tatar, noqay, kumık, Qaraçay-balkar, Azəri xalqlarına həsr olunmuş 32 sanballı kitabın, 1200-dən artıq məqalənin müəlldifidir. Alim azərilər haqqında yazır:
«Dünya mədəniyyəti tarixində Azərbaycan türklərinin çox önəmli yeri vardır. Say etibarıyla ən böyük türk xalqlarından sayılan Azərbaycan türkləri zəngin bir tarixə sahibdirlər. Nə yazıq ki, bəzi türk toplulukları kimi, Azərbaycan türkləri də dünyanın müxtəlif yerlərinə dağılmışlar. Amma vətənlərində qalaraq, bir millət halına gələnlər sadəcə Azərbaycan Cümhuriyyətindəki Azərilərdir».
Rəhmanqulu ağayla söhbətimiz elə ilk görüşdən tutdu, bir çox məsələlərə münasibətimiz yaxın idi. Rəhmanqulu ağa mənə Közkamanlar haqqında yazısını verdi, yazıyla tanış oldum və Bakıya dönərkən kiçik Ön sözlə onu mətbuatda dərc etdim.
Közkamanlar Çingiz Aytmatovun manqutları kimi, özəl bir anlayışdır. «Manas» dastanında işlədilmiş bir istilahdır. Öz millətinin tarixini bilməmək və bilmək istəməmək, közkamanlığın əsas xüsusiyyətidir. Onlar dünyadakı gözəlliklərin hamısını başqa məmləkətlərdə görür, öz ölkələrində isə, öyünməli və örnək ola biləcək heç bir şey olmadığını düşünürlər. Rəhmanqulu ağa bu anlayışı çağdaş Qazaxstanın bəzi ziyalılarına şamil edirdi. Bu yaxınlarda dərin təəssüf hissiylə R.Berdibayın 2012-ci ildə rəhmətə getdiyini bildim.
Böyük alimin bu sayaq çağdaş közkaman (yaxud manqurt») ziyalılar haqqında dediklərini «Literaturnaə qazeta»da (15-21 yanvar 2020) dərc olunmuş «Dünya (? – A.) latın əlifbasına boyun əyəcəkmi» adlı məqaləni oxuyarkən xatırladım. Almas Koptleyovun Alma-Atadan göndərdiyi bu məqalənin manjetinə bu sözlər çıxarılıb: «Əgər 50 il ərzində bizim bütün xanlar rus çarlarından onların təbəsi olmalarını xahiş ediblərsə, hansı işğaldan söhbət gedə bilər». Müəllif 1929-cu ildə qazaxların latın qrafikasına 1940-ci ildə Kiril əlifbasına keçdiklərini xatırlayaraq yazır: «İndi yenə də səadəti latın əlifbasında axtarırlar. Qazaxstanın bəzi vətəndaşlarının fikrincə, bu, bizi necə deyərlər sivil dünyaya yaxınlaşdırar. Başqalarının rəyincə, bizi onilliklərlə geri atar».
Müəllif əlbəttə geriyə atılmaq istəməyənlərin tərəfindədir, yəni latın əlifbasının qəti əleyhinədir. Latın əlifbasına keçməyin xeyrini-zərərini müəyyənləşdirmək üçün Prezident Nazarbayev komissiya yaradıb. Məqalə müəllifi sevinir: Xoşbəxtlikdən komissiya üzvlərinin çoxu bunun (yəni latına keçməyin – A) əleyhinə oldu, amma birdən 1918-ci ilin baharında Qanun çıxdı ki, 2025-ci ilə qədər latın qrafikası kiril əlifbasını əvəz etməlidir; Bunu əsaslandıran bir neçə tezisi müəllif belə sadalayır:
«1. Latın qrafikası qazaxları türk xalqarıyla yaxınlaşdıracaq və qazax xalqının özlüyünü möhkəmləndirəcək».
2. Latın qrafikası qazaxların Rusiya və rus mədəniyyətinin imperiya təsirindən qurtulmasının əsas amilidir, həm də bu milli dilin inkişafı üçün gərəklidir».
Almas Koptleyov davam edir:
«Görəsən, niyə bizdən uzaq Türkiyə bizə belə eşq elan edir? Cavab sadədir: NATO-nun üzvü kimi Türkiyə yalnız ABŞ və NATO-nun göstərişlərinə görə keçmiş müttəfiq respublikaları Rusiyadan aralanmağa cəhd edir».
Bu sayıqlamanı oxuyursan və düşünürsən: Belə ucuz və həqiqətdən uzaq demoqogiya hansı dövrün məhsuludur? Keçmiş Sovet Respublikalarının – indi müstəqil dövlətlərin öz talelərini öz əllərinə aldıqları bir dövrün ya «pantürkizm» damğasıyla mili ziyalıların güllənləndiyi, sürgün və həbs edildiyi illərin? Niyə sırf mədəni bir hadisə olan latın qrafikası məsələsi dərhal siyasi müstəviyə keçirilir və guya hədəfin rus mədəniyyətindən ayrılmaq olması haqqında Moskva mətbuatında danos verilir. Bəyəm bütün dünyada geniş istifadə olunan və internet əsrinin ən uyğun qrafikası sayılan latın əliifbasından istifadə edən bütün dünya xalqları bunu məhz, Rusiyadan ayrılmaqçün edirlər? Müəllif «közkomanlığını» davam edərək yazır: Bu türk birliyi yalnız dilçi-alimlərə lazımdır, sadə qazax insanı onsuz da özbəyi, azərbaycanlını, türkməni başa düşməyəcək hansı əlifbayla yazır yazsınlar. Qazaxlar yalnız qırğızları başa düşə bilirlər, o da onlar aramla danışsalar. Yeri gəlmişkən, Qırğızstanda rus dili ikinci dövlət dilidir!».
Almas Koptleyov yalnız qazaxların yox, başqa türk xalqlarının da qaydına qalır, yazır: «Latını təbliğ edən əziz vətəndaşlarım! Latın əlifbasını qəbul etmiş qonşularınıza baxın – Özbəkstan, Azərbaycan və başqaları. Bu ölkələrin əhalisi Rusiyada iş axtarmağa məcburdurlar».
Bilmirsən bu sözləri yazan doğrudan da səfehdir, ya özünü səfeh yerinə qoyur. Deməli, Azərbaycanlıların, özbəklərin Rusiyada işləmələri latın əlifbasının nəticəsidir. Bəs onda azərbaycanlılardan da, özbəklərdən də daha çox rus şəhərlərində işləyənlərin latın əlifbasını qəbul etməmiş taciklər, qırğızlar, tatarlar olduğunu necə izah edək? Müəllif közkaman mövqeyinə haqq qazandırmaqçün nüfuzlu adamların mövqeyinə isnad edir, «mən təəccüb qaldım ki, – yazır – musiqiçi və ictimai xadim, millətçi B.Tleuqanov əsl patriot kimi (kursiv mənimdir – A.) latın əlifbasının əleyhinə çıxış etdi. Yazıçı Oljas Süleymenov da, ilk qazax kosmanavtı T.Abubakorov və bir çox başqa vətənpərvər qazaxlar da. Tleuqanovla və kosmanavtla tanış deyiləm, amma Oljas kimi həqiqi vətənsevərin mövqeyi doğrudan da belədirsə, buna təəssüflənirəm.
Nə isə… Xalqlarımızın həyatında daha fərəhli məqamlardan danışaq. 2009-cu ilin oktyabrında Türk dövlətlərinin Naxçıvanda keçirilən 9-cu sammitində Qazaxstan və Azərbaycan Prezidentləri Aktau və Sumqayıt şəhərlərinin dostluğu və əməkdaşlığı haqqında bəyannaməni imzaladılar. Qazaxstanda professor Eldar Günaydının rəhbərlik etdiyi Azərbaycan diaspora təşkilatı iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlıq sahəsində çox işlər görür. Azərbaycan neft akademiyasının məzunları Qazaxstan neftinin tapılması və istismar olunmasında həll edici rol oynamışlar. Bugün Azərbaycanlı iş adamları Qazaxstanda, o cümlədən Aktauda səmərəli fəaliyyət göstərirlər.
Aktau və Sumqayıt Xəzərin iki qarşı sahillərindədirlər, amma dəniz onları ayırmır, qovuşdurur.
Əsası Ulu Öndər Heydər Əliyev və Elbaşı Nursultan Nazarbayev tərəfindən qoyulan Azərbaycan-Qazaxstan dostluğu beynəlxalq aləmdə də birgəliyin rəmzidir, Qazaxstan Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini ən yüksək kürsülərdən dəstəkləyir.
Qazax xalqına, onun şərəfli və çətin həyat yoluna həsr etdiyim bu yazını, Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər haqqında sözləriylə başladığım kimi, Qazaxstanın ilk Prezidenti Nursultan Nazarbayevin Bakıya səfərlərinin birində söylədiyi sözlərlə bitirmək istəyirəm:
«Xəzər dənizi kiminçünsə su səddidirsə, çoxdandır ki, bizim xalqlar üçün dostluq və qarşılıqlı əlaqələr körpüsüdür. Bu yerdə görkəmli Azərbaycan şairi Rəsul Rzanın misralarını necə də xatırlamayasan:
Dəniz də dalğalardan
və damlalardan yaranmış bir cahandır
Sanki hər damla bir insandır.
Damlalar toplansın dəniz olsun gərək.
Damla neyləyə bilər dənizdən ayrı, tək».
Fervral 2020