Xocalıya aparan taksi

Xocalıya aparan taksi

24 Fevral 2023 14:48 350


Şəfiqə Şəfanın hekayəsi

Yol kənarında dayanıb taksi tapmaq ümidi ilə ötüb-keçən maşınları gözdən keçirirdim. Qaranlığı lava kimi əyri-üyrü xətlərlə yaran sarı işıq selindən ehtiyat edib səkiyə qalxdım. Şəhərin axşam xaosunda hamı tələsir, qaynaşırdı... Maşınlar da, insanlar da... Hətta dayanıb kimisə gözləyənlər də ayağının birini götürüb o birini qoyurdular. Mən də səbirsizlənirdim, şəhərin o başında məni gözləyən də... Hər ehtimala qarşı bir əlimi yarıyadək qaldırıb heykəl kimi durmuşdum ki, boş taksi olsa saxlasın. Nəhayət! Qarşımda köhnə, “cındırından cin hürkən” bir maşın dayandı. Başqa vaxt belə maşına minməzdim, pul verirəm, qarşılığında rahat gediş istəyirəm. Ancaq bu dəfə nazlanmağa vaxt yox idi. Oturacaqlarının üzlüyü soluxub tökülmüş maşın elə yiyəsinin malı idi: sarımtıl dərili, seyrək, çal saçlı, boz, ifadəsiz gözlü sürücünün elə bil suyu çəkilmişdi.

Tələskənliyimdən sürücünün yanında əyləşdim. Elə sürücü də bunu gözləmədiyindən boz gözlərini bir neçə saniyəlik üzümə döyüb maşının burnunu ucu-bucağı görünməyən karvanın cərgəsinə döndərdi.

- Vəssalam da, başlandı...

Gözümü tıxacdan ayırıb, sükanın arxasında büzüşüb oturmuş adama baxdım. Kişiyə niyə belə uzun-uzadı baxdığımı özüm də bilmirəm, əslində fikrim başqa yerdəydi, heç tıxac da gözümün əsas hədəfi deyildi. Bütün fikrim bayaq bankomatın önündə yaranmış gərgin söhbətdə və taksi axtarışı ucbatından bir xeyli gecikdiyim görüşdə idi. Adamın gicgahında ilişib qalmış baxışlarımı birtəhər çəkib yenidən tıxaca zilləndim. Kişi dillənmədiyimi görüb astadan fısıldadı, dodağının altında nəsə dediyini eşitsəm də mənə ünvanlanmadığını, yolların vəziyyətindən gileyləndiyini təxmin etdim. Sağdan-soldan səbirsiz maşınlar burunlarını tıxac arasında tapdığı azacıq boşluğa qəzəblə soxmağa çalışırdılar. Son vaxtlar nədənsə ancaq səbirli sürücülər mənim payıma düşürdü; mindiyim taksilərdən savayı bütün maşınlar az da olsa irəli düşməyin hayına qalanda, təkcə mənimkilər kürt toyuq kimi yerindən dəbərmirdilər. Mənim də etiket qaydaları, ədəb-ərkan azarım olmaya... Bütün iradımı, gileyimi içimdə boğub dil-dodağımı gəmirməkdən başqa əlimdən heç nə gəlmir. Guya danışmaqla nə dəyişəcək ki... Ya da niyə? Bəlkə də dəyişdirməyin bu gün tam vaxtıdı?.. Qəzəbimi alovlandırmaq üçün bir az da dişimi qıcadım, qəfil sürücüyə tərəf çevrildim:

- Böyür-başımızdan dürtülən maşınlara niyə imkan verirsiniz? Allah bilir kənardan necə görünürük?! Hamı yol axtarır, bircə biz dayanmışıq ortalıqda! Gələnə-gedənə buyur!

Cavab vermədiyini görüb dişlərimin arasından hirslə dedim:

- Sizi bilmirəm, amma mən özümü kənardan baxanlara güldürmək istəmirəm, - az öncə böyrümüzdən bizim sıraya daxil olan maşındakı qızın istehzalı baxışı mənə yer eləmişdi.

- Mən də özümü söydürmək istəmirəm, - kişi təmkinlə cavab verdi. – Narahat olmayın, bu dairədən çıxaq, əlavə yol bilirəm, ordan tez çatdıracam sizi.

Onun gözünü yoldan çəkmədən soyuqqanlılıqla çavab verməsi məni qıcıqlandırsa da, hardasa dişimi kəsən qəzəbimə su səpdi, həm də təəccübləndirdi. Adətən taksi sürücüləri belə məqamlarda çox kobud olurlar. Ümumiyyətlə, bu adamın təmkini ilə yanaşı, savadlı olması da cümlələrindən bəlli idi. “Nə işi var, şoferlikdə?!”, - deyə düşündüm.

- Elə niyyətləri də budur, xanım. İnsanları əsəbiləşdirmək, sinir xəstəsi etmək! Onları arzularına qovuşdurmayın! – Yenə də həminki təmkinlə qısa aradan sonra dilləndi.

- Kimləri? – ona tərəf key-key gözümü döydüm.

- Bu ölkəni bu günə salanları, - deyib düz gözümün içinə baxdı, - camaatın canından pul yığanları... – Deyəsən ürəyi dolu idi. Cavab vermədən davamını gətirməyini gözlədim. – Bax, insanlar tıxaclarda əsəbini, vaxtını itirir. Stresdən güclü düşmən var? Bütün xəstəliklərin, ən xırdasından tutmuş, ən ağırına qədər mənbəyidi. Əsəbi, evinə gec gedən adamın nə iştahası qalar, nə də istirahəti. Nəticədə sinir sistemi, ardınca mədə, ürək-damar, şəkər... nə desən yaranar. Bu da kimə lazımdı? Əlbəttə ağ xalatlı quldurlara! Əsəbi adam yolda, evdə dava salar, xətaya düşər, bundan da paqonlular pay götürər.

- Siz lap ssenari yazdınız ki...
- Xanım, doğru dediyimi bilirsiniz axı...
- Bilirəm, amma bu qədər dərininə getməmişdim. Üzə bilmirəm ondandı... – yarızarafat söhbəti dəyişmək istədim.

- Sizə bir fakt deyim, - özünü eşitməməzliyə vurdu. - O günlərdə bir kişi 2 saat tıxacda qalıb. Üstəlik yandan keçən başqa maşını da sürtüb zədələyib. Yorğun, ziyana düşmüş, ac kişi evə gəlib görür ki, xörək hazır deyil. Səbəb isə səhlənkarlıq, arvadın başı qarışıb seriala xörəyi hələ indi bişirir. Kişi dözməyib arvadın başına tava çırpıb. Sözsüz ki, öldürmək istəməyib, heç öləcəyini də düşünməyib. Amma qadın yerindəcə keçinib. Tutulub, qəsdən də etmədiyini sübut eləmək üçün nə qədər borca-xərcə düşüb. İndi kim qazandı?

- Aydındı, - fikirli halda əlavə elədim. – Amma hər tıxacda qalan kişi də gedib arvadını öldürmür...

- Əlbəttə, hamı bir deyil, elə mənim bayaq dediyimin üstünə gəlirik. Gərək qəzəbini cilovlayasan ki, özünü bəlaya salmayasan, fürsət gözləyənləri sevindirməyəsən. Mən də belə sakit deyildim, bəlkə də mənim çəkdiklərimi bu ölkədə barmaqla sayılası adamlar çəkib. Nə zülümlər, nə haqsızlıqlar görmüşəm. Amma baxdım ki, mənə qalan quruca əsəbdi, soyuq başla düşünməyə başladım.

- Hərənin dərdi özünə dəvə boydadı.
- Təbii, biri pul itirər dərd sayar, digəri torpağını, haqqını, cavan-cavan canları...

Adam sözlə doluydu, bəlli. Amma niyə məhz mənə danışmaq istəyirdi?.. Danışqan adama bənzəmirdi, inanmıram ki, maşınına oturan hər kəslə belə rahat danışa bilsin. Bu sualı yeniyetmə vaxtımda rəhmətlik nənəmə də vermişdim. Yetən-yetən mənə dərdini, sirrini danışırdı. Tanıyanlar bilirdilər ki, sözgəzdirən deyiləm, bəs yadlar? Nənəm cavabında demişdi ki, üzündə nur var, bir baxışdan anlamaq olur ki, sənə güvənmək olar. Sevinmişdim o vaxt bu cavaba. Amma sonralar qəzəblənirdim, sirr küpü olmaq, başqalarının mənfi enerjisini özümə çəkmək istəmirdim. Bu məni çox incidirdi. İndi də bu qəribə adamın dərd-sərini üstümə hopdurmaq niyyətim yox idi. Odur ki, susdum. Bəxtdən, həmin an telefon zəng çaldı, görüşünə gecikdiyim adam idi. Səbirsizlənirdi. Onu arxayınlaşdırıb, gözümü yenidən yola dikdim. Nəhayət, deyəsən hərəkət başlamışdı. Bircə bu dairədən çıxa bilsəydik, lap şeytan halqası kimidi. Ürəyim sıxılırdı. Fikrən yenə də bayaqkı hadisəyə qayıdır, bankomat önündəki kişinin arsız israrını, saxta və bədniyyət centlmenliyini yada saldıqca bir az da boğulurdum.

Elə bil sürücü bunu hiss elədi:

- Sözdən anlayan adamsınız... Dərdlə də tanışlığınız var, gözlərinizdən oxunur. Mən nələr görmüşəm, insanları kitab kimi oxuya bilirəm...

Düz gözlərinin içinə baxdım, sanki gözlərimi daha yaxşı oxuya bilməsi üçün şərait yaradırdım, amma adamın öz gözlərinin kədəri baxışımın müqavimətini qırdı. “İfadəsiz” zənn etdiyim baxışların dərinliklərində çox sirrlər, ya da sadəcə deyilməyə can atan deyilməmişlər yatırdı... Aydındı, bu yolçuluğun hekayəti özünü mənə oxutduracaqdı...

- Mən Qarabağ veteranıyam, xanım. Daha doğrusu, bu adı qazanmağa rəsmən haqq vermədilər, amma olsun, mən o adı döyüşlərdə qazanmışam, - aram-aram başladı. Deyəsən, mənim də dinləməyə hazır olduğumu tutmuşdu. - Könüllü getdim müharibəyə, Xırdalandan dostumla birlikdə. Evdən buraxmırdılar, demişdim Rusyətə gedirəm... 22 yaşım vardı. Yaşın dəliqanlı çağları, qeyrətin boğazdan yapışdığı dövrlər... Xocalı soyqırımının səhərisi bütün günü oxuduğum universitetdə xəlvətə çəkilib ağlamışdım. Sonra oturub göz yaşı tökməyin bir faydası olmadığını anladım. Dostuma dedim döyüşə gedirəm. Birlikdə böyümüşdük, eyni universitetdə oxuyurduq. Uşaqlıqdan bəri heç ayrılmamışdıq. Yenə məni tək qoymadı. Getdik, məqsədimiz ən öndə olan dəstələrə yazılmaq idi. Heç yadımdan çıxmaz, Qarabağın hələ bizdə olan hissəsində bir taksiyə oturub “Dayı, Xocalıya sür”, deyəndə kişi mat-mat üzümüzə baxmışdı. Əslində bilirdik mümkünsüzü istəyirik, amma ürəyimiz yanırdı, çılğın beynimizlə elə bilirdik ki, torpaqlarımızı biz iki dost geri alacaq, qisası yerdə qoymayacağıq. Uzun sözün qısası, döyüşlərə qatıldıq. Və bundan sonra baş verən dəhşətləri indi də xatırlayanda, elə bilirəm o adam mən deyiləm, bütün bunları mən yaşamamışam, hansısa filmdə görmüşəm. Çünki mümkün deyil ki, insan bu ağrıya, aclığa, qorxuya, işgəncəyə tab gətirsin. Təsəvvür edin, şaxtalı, sazaqlı gecədə səhərə qədər bataqlıqda qalasan, qorxudan burnunu da çölə çıxara bilməyəsən. Dil deyə bilir, beyin anlamır. Həmin gün sanki ürəyimə dammışdı mühasirəyə düşəcəyimiz... Meşəylə gedərkən yerdə balaca, nazık şlanq parçası tapdım. Yarısını kəsib dostuma verdim. Dedi neynirəm bunu? Dedim ki, bir kinoda görmüşəm, göldə, bataqlıqda bunu ağzında tutursan, sonra da suyun altında gizlənirsən. Şlanqla nəfəs almaq olur. Kənardan baxanda şlanq parçası qamış kimi görünür. Könülsüz şlanqı alıb cibinə qoymuşdu. Elə o gecə müsahirəyə düşdük. Dediyim bu üsulla ancaq biz iki dost xilas ola bilmişdik. Qalan hamı öldü – bataqlıqda boğuldular, güllələndilər, bir neçəsi də əsir düşdü. Elə ən dəhşətlisi də bu idi – əsir düşmək! Yoxsa döyüş meydanında ölüm nədi ki!.. Yaralıları diri-diri yandırırdılar. Sağ ələ keçənlərə elə işgəncələr verirdilər ki, ilahi! Deməyim, pis olarsınız...

- Onsuz da pis haldayam, siz davam edin!

Kişi udqundu, gözlərini yumub bir müddət dayandı. Sonra sıxılmış dişlərinin arasından ağrılı halda fısıldayıb davam etdi.

- Gülləmiz çatana qədər vuruşduq. Artıq mümkün deyildi. Silah yox, güc tükənib, aclıq, soyuq... Bu əslində qorxudan artıq bir şeydi, yaşamaq uğrunda mübarizə idi, daha doğrusu ölümə yenilməmə dirənci... nə qədər bacarırsan, nə qədər qollarında güc, canında təpər var ölməmək üçün dirənəcəksən! Ölüm haqdı, deyirik, zehnimiz ta əvvvəldən buna hazırlanır, amma bir tərəfdən də ölümə boyun əymək istəmirik. Artıq mühasirə daralmışdı: üzük qaşı kimi ortada qalmışdıq. Vəziyyəti belə görüb tez dostumun qolundan çəkdim. Başqa çarəmiz yox idi. Özümüzü bataqlığa vurduq, şlanqı ağzımızda tutub, qulaqlarımızı da ovcumuzla sıxaraq bataqlığa girdik. İlahi! Elə bil bədənimin hər tərəfinə soyuq bıçaqlar eyni anda sancıldı! Başımı birtəhər suya soxdum, dedim yox, 2-3 dəqiqədən artıq dözə bilmərəm. Hələ şlanqla nəfəs almaq ikiqat çətin idi, burnuma su, palçıq dolurdu. Amma başımı çıxartsam öləcəyimi düşünəndə canımı dişimə tutub dözürdüm. Dedim onsuz da, yarım saata mən bu suyun içində donub ölərəm, erməninin işgəncəsi ilə ölməkdən min dəfə yaxşıdı. Əl-ayağımı suyun altında ehmalca tərpətmək istəyirdim ki, bəlkə qızışam. Siftə ayaqlarımı hiss etmədim, təlaşa düşüb çabalamağa başladım. Özümü itirdiyimdən başımı çıxardanda güllələr viyiltiyla başımın üstündən keçdi. Deyəsən, yerimi nişan vermişdim. Tez suya baş vurub bayaqkı kimi şlanqın ucunu azca yuxarıda saxladım. Güllələr bu dəfə xeyrimə olmuşdu, qorxudan bədənimə istilik gəlmişdi. Hava qaralmağa başladığından suyu çox dalğalandırmasam, hiss olunmadan uzaqlaşa bilərdim. Yavaş-yavaş düşündüyüm kimi də elədim. Təxminimə görə sağ tərəfdə o qədər də sıx olmayan qamışlıq vardı, özümü ora verdim. Handan-hana əl-ayağıma nəsə toxunanda bildim ki, istiqaməti düz tutmuşam, qamışlıqdayam. Burdan başımı yungulcə qaldırdım, lildən gözümü aça bilmirdim, yaş dərimi, gözümün qapaqlarını şaxta kəsirdi. Keyimiş barmaqlarımla gözümün lilini birtəhər silib ətrafa baxdım. Ermənilər bataqlıqdan az da olsa aralanmışdılar. Bizim yaralıları, meyitləri sürüyüb aparırdılar. “Az qalıb, gedirlər”, deyə özümə toxtaqlıq verdim. Dostum indi yadıma düşdü, can hayında dost qalar?! Ehtiyatla göz gəzdirdim, donmuş dodaqlarımı bir-birinə sürtüb isitdim. Yüngülcə fitə bənzər fışıltılı səs çıxartdım. Sonra lap astadan dostumu adıyla səslədim, hay verən olmadı. Dedim indiyə qalmaz, yəqin donub ölüb. Gözləməkdən başqa çarə qalmamışdı. Hava tam qaralandan sonra ermənini bura zəncirlə bağlasan da qalmazdı. Kəsəsi, düz 2 saat o şaxtada bataqlığın içində dayanıb gözləməli oldum... mən quruya necə çıxdım, necə süründüm... Dişimlə-dırnağımla demək, bax burda yerinə düşər. Bəzən əl-ayağımın gücü çatmırdı, çənəmi şaxtadan daşa dönmüş torpağa dayaya-dayaya bədənimi dartırdım. Yaş paltar bədənimə yapışıb, əsim-əsim əsirəm. Daha gücüm də qalmamışdı, “vəssalam” deyib elə tən ortadaca uzanılı qaldım. Eləcə huşum gedib...

Udqundu, sonra boğazını arıtlayıb, danışmaqdan kallaşmış səsini təmizləməyə çalışdı. Nə düşündüsə, tez mənə baxdı. Sanki ona diqqətlə qulaq asıb-asmadığımı yoxlamaq istədi. Başımı ona tərəf oturacağa söykənmişdim. Baxışları üzümə zillənsə də fikri yenə Xocalıya getmişdi.

- Bilmirəm nə qədər keçdi, ayıldım. Elə bildim ölmüşəm, çünki beynim oyansa da bədənim keyimişdi. Handan-hana özümə gələndə dəhşətli titrətmə tutdu. Heç suyun içində belə üşüməmişdim. Əl-ayağımı tərpədə bilmirdim ki, bir az özümü ovuşdurub qızınam.

- Ayə, İsmayıl, bəri bax, burdayam! – qəfil yan tərəfdən gələn qısıq səsə diksindim. Başımı çevirəndə qamışlığın quru tərəfində dostumun sağa-sola baxa-baxa məni səslədiyini gördüm. Qolunu qamışların arasında çıxarıb özünə tərəf çağırırdı. Allah, necə sevindim, öldü bildiyim dostum sağ-salamat, üstəlik məndən saz vəziyyətdə qarşımdaydı. Tərpənməyə cəhd elədim, çabaladım, amma alınmadı.

- Başuva dönüm, kömək elə, tərpənəmmirəm, - acizanə halda dostuma baxdım. O yenə də sağa-sola hürkmüş heyvan kimi boylandı. Sürünə-sürünə mənə yaxınlaşıb, qoltuğumun altından yapışdı. Bəxtəvərin balası, elə bil səhərə qədər suyun içində qalmayıb. Qarmaq kimi barmaqları gücünü itirməmişdi. Qamışlığın qalın yerinə məni çəkib tez yaş paltarlarımı soyundurmağa başladı. – Gör indi qardaşun səni necə dirildəcək! – fısıldaya-fısıldaya qıvraq hərəkətlərlə yaş paltarlarımı çıxarıb bataqlığa atırdı. Elə əvvəldən təngənəfəsliyi vardı. Məni lüm-lüt anadangəlmə edən kimi yanındakı butılkanı açdı. – Bir az özüvə gəl, deyəcəm bu konyak məsələsini. - Konyakdan ovcuna töküb ayaqlarımı ovuşdurmağa başladı. Əvvəlcə heç nə hiss eləmirdim, yavaş-yavaş əlinin təzyiqini, tədricən ovcunun qabarlarının dərimi necə cızdığını duyanda dedim keç qollarıma. Qollarımı da eynən möhkəm ovuşdurandan sonra dedi. – İndi özün, bütün bədənivi yaxşıca ovuşdur, həm də əllərin də işləyib qüvvət yığsın. Quru paltar var, geyinərsən.

- Paltar hardan? – bədənimi zəif hərəkətlərlə sürtə-sürtə soruşdum.

- İndi qulaq as. Gecə suya girəndən sonra anladım ki, burda bir az da qalsam ölərəm. – hardansa tapdığı buşlat, şalvar, botinkanı yanıma qoyub sözünə davam elədi. - Sənin dediyin üsulla şlanqı ağzıma tutmuşdum. Amma bilirsən, mən ağızdan nəfəs alıram, burnum yaxşı işləmir. Dedim nə ola-ola. Suyun altı ilə üzüb bu dayandığımız yerə gəldim. Eynən sənin kimi titrəyirdim. Bu köpəyuşağı bizimkiləri yandırırdı. Amma kimin pal-paltarı yaxşıydısa əynini soyundurub ortaya tökürdülər. Yanlarında da içkiləri filan, murdarlar elə bil adam yandırmırdılar, kabab çəkirdilər. Belə hardasa bir saat keçdi. Bunlara ratsiyadan nə xəbər gəldisə, tez əllərinə keçən paltarlardan maşına basıb uzaqlaşdılar. İçkiləri, qalan paltarlar tökülüb qaldı. Onlar gözdən itəndən sonra tez özümü... tonqala verdim... – deyib gözlərini yerə dikdi. Sonra xəcalət dolu baxışlarını üzümdə gəzdirib dedi. – Bizimkiləri yandırdıqları tonqala... Neyləyim, can şirindi... Həm də nə edə bilərdim, o bədbaxtların da alnına cəhənnəmi bu dünyada yaşamaq yazılıbmış. Canım qızandan sonra, tez ortalıqda qalmış paltarlardan geyindim. Araqdan-konyakdan nə əlimə keçdisə içdim. Gördüm yavaş-yavaş adam oluram. Hər ehtimala qarşı paltarlardan və içkidən götürüb qamışlığa çəkildim. Fikirləşdim ki, birdən qayıdarlar, görərlər ki, pal-paltar yoxdu, şübhələnib axtararlar. Səhərə kimi qamışlıqda gözlədim, bir dəqiqə olsun gözlərimi yummamışam. Səhərə yaxın bataqlıqdan səs eşitdim, şappıltı səsləri idi. Səksəndim, amma zəif səslər idi, anladım ki, erməni olmaz, bu kimdisə bizimkilərdəndi, gizlənibmiş. İzlədim. Gördüm quruya çıxıb elə tirtap düşdü. Dedim yəqin öldü. Hava hələ tam açılmamışdı, üzünü seçəmmirdim. Bir xeylax keçdi. Elə ki, tam aydınlıq oldu, üstəlik adam dəbərdi, bu yana dönəndə səni tanıdım. Bizi yaradana and ola, axırıncı dəfə nə vaxt belə sevindiyim yadıma gəlmir. Elə bilirdim, çoxdan ölmüsən, hələ suda olanda gördüm tərpənmirdin, çəlimsiz adamsan, dedim dözməzsən... – nəfəsini dərib, yanındakı butılkadan bir qurtum alıb əlavə elədi. – Bu oğraşlar gedəndə kolbasadan-sosiskadan da bir şey qoysaydılar lap əla olardı. Di dur, burda çox qalmayaq, qayıdarlar.

Sürücü dərindən nəfəs alıb susdu. Sol tərəfdən axıb-keçən maşın selinə ani nəzər saldı, gözlərini sağdakı uzun tıxaca zilləyib qıydı. Saata baxdım, əməllicə gecikmişdim. Yanpörtü oturub bütün diqqətimi söhbətə verdiyim üçün sol tərəfim keyimişdi. Demək olar ki, adamyerişi sürətilə gedən köhnə maşın tıxacda benzin çox işlətməsin deyə hər dəfə mühərriki söndürməli olurdu. Bayaqdan bəri ilk dəfə idi ki, kişinin əlinə baxdım: baş barmağının arasından ta biləyə qədər dərin yara vardı, sarımtıl dərisinin üstündə səhrada açılmış yarğan kimi görünürdü. Dırnağı düşmüş baş barmağı da əyilmişdi. Sanki kişinin özü yox, əlləri müharibədə olmuşdu.

- Güllə yarasıdı, - əlinə baxdığımı heç qımıldanmadan hiss edib dedi. – Bizimkilərin yanına qayıdandan bir neçə gün sonra əlimdən yaralanmışdım. Dedilər gəzən güllədi, bütün bədənə yayılacaq. Bir an düşünmədən tez bıçağı götürüb əlimi yardım, gülləni özüm çıxartdım, çirkli əskiylə bağladığımdan iltihablanmışdı. Onsuz da dostumla neçə gün meşəylə ac-susuz, gizlənə-gizlənə gəlmişdik. Tabımız qalmamışdı. Bizim posta çatanda demək olar ki, bir gün hələ pusquda qalmışdıq. Çünki bizimkilərlə erməniləri görünüşdən ayırd eləmək olmur, hər iki millət qara, yekəburun, saç-saqqal basıb. Danışıqlarını tuta bilmirdik. Haçandan-haçana ağaclığa tualetini etməyə gələn əsgərlərin danışığından azərbaycanlı olduğunu bildik. Nə təhər sevincək özümüzü uşaqların üstünə atdıqsa, biri qorxudan az qala bizi güllələmişdi. Ehh...

Sanki danışmaqdan daha yorulmuşdu. Güman ki, dəfələrlə bunları danışıb, çünki arada elə hissiz, duyğusuz danışırdı ki, adam hətta dünən baxdığı döyüş filmini bundan daha həvəslə anladardı. Bəlkə də xəyalən də olsa, müharibəyə təkrar gedən yol onu yormuşdu. Yol yorğunu adamlar kimi sükanın arxasında büzüşmüşdü, fürsət tapdıqca dizlərini ovuşdururdu. Nisbətən açılmış yolu yarılamışdıq. Bu hekayətin yarımçıq qalmasını istəmirdim. Odur ki, yenidən yerimi yanpörtü rahatlayıb bəlkə də gözləmədiyi sualı verdim:

- Heç peşman olmusunuz?

- Olmuşam, - yola baxa-baxa düşünmədən cavab verdi. Sonra növbəti sualın gəlmədiyini görüb əlavə etdi. – Döyüşə könüllü getdiyimə görə yox, qayıtdığıma görə...

- O odun-alovun içindən sağ-salamat çıxıb doğmalarına qovuşmaq, qəhrəman kimi yaddaşlarda qalmaq niyə peşmançılıq olsun axı?!

- Qəhrəman... – acı-acı gülümsədi. Bayaqdan bəri ilk dəfə idi ki, üzündə kinayəli də olsa təbəssüm yarandı. – Dostum da, mən də nə qazi adını ala bildik, nə də əlillik verildi. Dedilər, əl-ayağınız yerindədisə əlil niyə olursunuz. Halbuki bütün içalatım o bataqlıqda məhv olmuşdu. Aylarla öz hesabıma müalicə olundum. Öz hesabım deyəndə ki, kasıb, qoca atam borc-xərclə məni birtəhər ayağa qaldırdı. Bir tərəfdən də psixoloji sarsıntı... Üstəlik oxuduğum universitetə heç cür bərpa etmədilər. Dedilər ki, sən kimə deyib özbaşına orduya getmisən. Sənə vaynkomatdan çağırış gəlməyib, gətirib kağız verməmisən. Biz də səni qovmuşuq. Yanıb-töküldüm. Amma şəhid olsaydım adımı universitetin fəxri lövhəsinə vuracaqdılar ki, gör necə vətənpərvər tələbə yetişdirmişik. O vaxtlar başıpozuq dövr idi. Amma ən dəhşətlisi bilirsiniz nəydi? – cavabımı gözləmədən sözünə davam etdi. – məni ali məktəbə bərpa edən rus medsestra oldu. O vaxt ruslara hamılıqla necə nifrət edirdik! Xüsusən də Xocalıdakı fəallıqlarına görə. Mən ermənilərlə, onların havadarları ruslarla mübarizəyə getmişəm, amma məni öz paytaxtımda rus müdafiə edir... Rus arvad kağız düzəltdi ki, guya bu qədər müddəti xəstə yatmağım səbəbindən dərslərə gələ bilməmişəm. İşə bax da! Döyüşmək üzürlü səbəb deyil, xəstələnmək üzürlü səbəbdi... Nəysə, xanım, heç özüm də bilmədim niyə təhsilimi davam etdirdim. Onsuz da bir işə yarımadı. Uzun illər işsiz qalandan sonra köhnə maşın alıb başımı dolandırıram. Gec evləndim. Uşaqlar hələ balacadı deyə, hələ ki qəpik-quruş bizi görür. Sonrası... Allah kərimdi. Bu da... sizin mənzil başı... Yordum sizi, üzrlü sayın. Gün ərsində neçə sərnişin olur, niyə ancaq sizə danışmaq istədim, bilmirəm... Əslində ünsiyyətcil adam da deyiləm.

- Fəhminiz güclüdü ona görə. Şüuraltınız sizə deyirdi bu söhbət boşa getməyəcək, - pulu çıxarmaq üçün əlimi uzadıb yuxarıdan işığı yandıranda gözlərimiz sataşdı. Solğun bənizində məmnun ifadə, gözlərində parıltı gördüm. Gülümsəyib pulu uzatdım.

- Xırdam olmayacaq, xanım.
- Lazım deyil, qalsın.
- Amma çoxdu axı...
- Bakıdan Bakıya hə, çoxdu, siz məni Bakıdan Xocalıya apardınız...