Yaman gəlir üstümə divar, tavan, çarpayı... - Yeni imza

Yaman gəlir üstümə divar, tavan, çarpayı...   - Yeni imza

30 İyun 2023 09:04 528


Azər Ərzinin şeirləri

BAKIYA BAXIRAM

(Orhan Velinin "İstanbul'u dinliyorum" şeirinə bənzətmə)

Bakıya baxıram səssiz-səmirsiz,
Binaların kölgəsinə sığınıb ağaclar,
Quşlar uçub ağaclardan,
Boş qalıb yuvalar.
Elə bil yoxa çıxıblar bütün insanlar,
Bir mən qalmışam,
Bir də ucsuz-bucaqsız dəniz,
Bakıya baxıram səssiz-səmirsiz.

Bakıya baxıram səssiz-səmirsiz,
Ulu Nizaminin heykəli
Əyilib qulağıma nəsihətlər pıçıldayır
Məni oğlu Məhəmməd bilib,
Baş əyirəm Nizaminin önündə,
Bəlkə də, arxamca: "Dəlidir bu", deyirsiniz,
Mənsə Bakıya baxıram səssiz-səmirsiz.

Bakıya baxıram səssiz-səmirsiz,
Gözəldir Hüqonun Parisi qədər,
Orhan Velinin İstanbulu kimi,
Xəzərin qoynunda xoşbəxtdir Bakı,
Bəs Bakının qoynunda
Niyə xoşbəxt olmayaq biz?
Bakıya baxıram səssiz-səmirsiz.

Bakıya baxıram səssiz-səmirsiz!


YAD DİLDƏ DANIŞANLAR

İtlər hürüb bir parça çörək üçün yalvarır,
Pişiklər miyoldayıb məni oynamağa çağırır,
Şitillər susuzluqdan halsız-halsız dayanıb baxır,
Suların şad günüdür bu gün,
Qəhqəhə ilə - şırıltı ilə harasa üz tutub gedir,
Bir kəsilən ağac
Yıxılanda elə haray saldı ki,
Səsi bütün kəndə yayıldı,
Ah! Necə də çarəsizdi o.
Dağ başında bir yalquzaq ulayır,
Tənhalığından şikayət edir.
İllərlə sahibsiz qalan daxmanın qapısını açdım,
Cırıldadı,
Sevindiyindən ağlayırdı,
İllər sonra ilk dəfə adam üzü görürdü,
İlk dəfə kimsə ona toxunurdu.
Hər şeyin dilini başa düşdüm, hər şeyin:
Heyvanların, ağacların, suların, qapıların...
Amma insanlar
Yad dildə nələrsə danışırlar,
İllərdir, onların arasındayam,
Hələ bir kəlmə də anlaya bilməmişəm;
Nə qəlizmiş onların dili.
Yad kimiyəm
Bu yad dildə danışanların arasında.


SƏSSİZ EV

Bu səs-küylü şəhərin içində bir səssiz ev,
Çöldə hamı sevincək, evdə mən kədər dolu.
Bir mənimmi dərdim var? Kef çəkirlər, sanki kef,
Bu qayğısız, fikirsiz insanlar şəhər dolu.

Yaman gəlir üstümə divar, tavan, çarpayı,
Əl atıram açmağa, qaçır qapı, pəncərə.
Gündüz görə bilmirəm günəşi, gecə ayı,
Evin dağınıqlığı gördüyüm tək "mənzərə".

Bircə qara pişik var, burda yatır bütün gün,
Miyoldamır təsəlli verməyə iki kəlmə;
Onu da atacağam tamam tək qalmaq üçün,
Ta pişik də gəlməsin yanıma, sən də gəlmə.


DÖYÜR

Yenə də bir ümid öldü,
Arzular dizini döyür.
Qatil kimdir? Hamı baxıb
Üzümə gözünü döyür.

Sən də getmək istəmirsən,
Gedilmək istəmir yol da;
Yolu döyür ayaqların,
Yol ayaq izini döyür.

Necə çarəsizlikdir bu?
Biri çıxıb gedir,
Biri
"Qal" deyə bilmir gedənə,
Qalıb hey özünü döyür.