Nə insanlar gəlib-keçib qurtararlar ömrümüzdən, nə də sözlər və mətnlər.
İsa Hüseynovun Muğanna olmamışdan kirilcə buraxılan kitablarını toplamağa çalışıram; nəhayət, alov və qürub rəngli cildiylə adamı qarsan kitabı tapanda canfəşanlıqlar, narahatlıqlar əvvəlki məcrasına yönəldi - nədi bu "impression dalğınlıq", hardan, hansı mətləb(lər)dən qaynaqlanır?
Alov və qürub rəngli "Yanar ürək"...
Müəllifi "tərsə çevirən", darbəyə uğradan, Hüseynovdan Muğannaya keçid yaradan - başqa metafora uydura bilmədyimdən köhnə "körpü"dən istifadə edəcəm - körpü salan, o körpünün dirək və platforması olan süjet, hekayət nə "Tütək səsi", nə "Saz", nə "Teleqram", nə "Şəppəli" olacaqdı, adıyla yeri-göyü titrədən "Məşhər"dən də bu məsələdə kar aşmayacaqdı. "İdela"a çevrilən "Yanar ürək" olacaqdı.
"Yanar ürək". Sultan Əmirli, Səməd Əmirli, Gülgəz, Gülbəniz, Məmiş Əlləzoğlu, Sayılov, Təftiş Abbas, Qaradonlu, Ayna, Məsim Qonaqlı...
Alov və qürub sıçradan kitab - əvvəlin və sonun kimyası.
Şəxsən mənim bioqrafiyam üçün önəmli saydığım bir detalı dəqiqləşdirməkdən ötrü palan içi tökməliyəm - yazılma tarixi 1956-cı il qeyd edilsə də, mən oxuduğuma görə, 1956-61-ci illərdə yazılıb başa çatdırılan, 1965-ci ildə ilk dəfə, 1979-cu ildə təkrar çap olunan "Yanar ürək"i böyük ehtimalla mən ya 1980, ya da 1981-ci ildə, 6-ci və ya 7-ci sinifdə oxumuşdum. "Ağ liman" və "Beşmərtəbə"ni oxuduğum tarixi xatırlaya bilirəm: 6-cı sinifdə, 1980-ci ilin qışında. Sinifdə ədəbiyyat müəllimimizə bir xeyli suallar vermişdim, bu sətirləri indi oxusa, bəlkə yada salar...
Sonralar məktəb illərində Azərbaycan yazıçılarından Anarla yanaşı Elçini, Əkrəm Əylislini, Yusif Səmədoğlunu ("Qətl günü" jurnalda dərc olunmuşdu), Mövlud Süleymanlını, Seyran Səxavəti, Şahmarı da oxudum. İsa Hüseynovun povestlərini də qaçırmadım, məsələn, "Saz"ın əməlli-başlı təsirinə düşmüşdüm. "Məşhər"i maraqla oxudum - həmin roman olan kitabı kitabxanadan alıb dağ kəndindən çöl kəndinə getdiyim yolu sonralar bədii mətnlərin birində təsvir edəcəkdim. Əkrəmin əsərləri heç vaxt məni təsir dairəsinə almadı; yaxşıydı - oxudum, amma hayıl-mayıl olmadım.
"Yanar ürək" bizim evə gəlib çıxanacan xeyli əldən-ələ keçmişdi, kitabın gövdəsi cilddən qopmuşdu, bu kitabla bağlı xatirəmin fonunda bir yaz gününün günəşi var - çəmənlikdə uzanıb oxumuşdum o kitabı.
Bəs nə üçün bu mətni mən elə bil altşüuruma ötürmüşdüm, bir növ gizlətmişdim, görəsən, məni üşəndirən, ehtiyatlı olmağa sövq eləyən hansı məxfi mətləb varmış?.. Bu yaxınlarda romanı təkrar oxuyanda yazılarımda, mətnlərimdə, hətta ola bilsin, dünyagörüşümdə və həyatımda bu mətnin müəyyən izlərini aşkarlaya bildim!
Aynasından alov çıxan bu kitab bir çox yaralara, travmalara, zədələrə məlhəm oldu.
Fikrimcə, Azərbaycan ədəbiyyatının ən gözəl romanlarından biri "Yanar ürək"di. "İdeal"ın sonuncu fəsli olacaq "Qapalı dünya" məntiqindən doğan gizli, amma hələlik rasional çalarlar "Yanar ürək"də də sezilir. İnsanın içində başqa bir insanı, hadisənin arxasında başqa bir hadisəni, mətnin altında başqa bir mətnin siluetini aşkarlayıb, batindən zahirə çıxarmaq fəndi, üsulu, üslubu tək bu romanın yox, bütün İsa yaradıcılığının əsas məziyyəti kimi görünür.
Sultan Əmirlinin qardaşı oğluna "əğyar" çıxarılması, kolxozun təftişini (yoxlamasını) aparan Təftiş Abbasın əslində faktları sənədlərdə yox, gizli dəftərdə qeydə alması, hətta Məsim Qonaqlı kimi məsum birindən gizli kompromata əl atan vərəmli intriqant düzəldilməsi heyrətli bir mənzərə cızır: görünən insan əsl insan deyil, məlum hadisə hadisənin orijinalı sayıla bilməz!
Bu məntiq tarixi-epoxial müstəvidə də işləkdi: "xalqın dostu", demə, xalqın əsl düşməniymiş.
"İsa qanunu" fərdlərin taleyinə eyni qaydada proyeksiya edir. Romanın sonuna böyük darvazadan yox, gözə çarpmayan, kiçik alaqapıdan girəndə oxucuya elə gəlir, vaxtilə Səməd iki rəfiqədən birini - Gülbənizi yox, Gülgəzi seçəndə səhvə yol verib. İncə oyun, incə anlatma, incə eyham budu: "Gülbəniz elə uşaqlıqda da indiki kimi açıq-saçıq idi. "Mənim ürəyimə damıb ki, sən bizim ikimizdən birini alacaqsan! De görüm Gülgəzi alacaqsan, yoxsa məni?" - deyə sorğu-suala tutub hirsləndirməyincə əl çəkməzdi".
Ağıllı Gülgəzin müəmmalı xəyanəti, dəli-dolu Gülbənizin sona qədər sədaqəti...
Nə deyəsən?
İki rəfiqədən birinin - Gülgəzin və Gülgəzə yiyələnmiş Sultan Əmirlinin ölümündən sonra Əmirlilər nəslinin yurdunda, az qala, hərfi mənada çıraq yandırmalı olan Gülbənizlə Səmədin yolları qovuşacaqmı? Gülbənizin əri Məsimin gözlənilməz ustalıqla vərəmli çıxarılması keçmiş səhvin düzəldiləcəyinə işarə sayıla bilməz ki?
Yox, yox, yox. Mənim yozumum bu...
Müəllif istəyər, amma fələk ondan güclüdü.
teleqraf.com