Bu gün tanınmış tənqidçi, esseist Mehman Qaraxanoğlunun doğum gündür. YeniYaz.Az bu münasibətlə Mehman bəyi təbrik edir və onun yeni şeirlər silsiləsini oxucuların diqqətinə çatdırır.
XOŞBƏXTLİK HAQQINDA ETÜD
Ey ədəbiyyat qəssabları!
Şaqqalayın,
Bölün ədəbiyyatı,
Bölün:
50-cilərə,
60-cılara,
80-cilərə,
2000-cilərə...
Cılara,
cilərə,
culara,
cülərə...
Ən istedadlı adamları
Sümüyə (artığa) çıxardın!
Ən yağlı tikəni –
Cı-ları götürün!
Gücünüz çatarsa,
Doğum tarixçəsində dəyişiklik edib,
Kiminiz var,
Dartın ora!
Babalarınızdan aristokrat,
Nənələrinizdən prinsessa,
Atalarınızdan dissident düzəldin...
(Sizə bir sirr də açım:
Bir az siyasətçi olsanız,
Nəsimini də dartmaq olar ora,
Çünki o da şaqqalanıb...)
YAXINLIĞIN PARADOKSU
Yaxın gəl, Afrodita,
Yaxın gəl.
Bilirəm,
Köpükdən yarandığına görə
Sənə bizim şairlərin əli çatmayıb.
Bu, sənin xoşbəxtliyindir...
Yoxsa, səni də murdarlayardılar.
Yaxın gəl...
Əllərin olsaydı, ayıb yerlərini örtərdin...
Eybi yox,
Yaxın gəl.
Bax,
O ağzı köpüklənən ədibə bir bax –
O, ədəbiyyatımızın əsas simasıdır...
Yaxın gəl!
METAMORFOZLAŞMIŞ NAĞILLAR
1.
Əgər qanım tökülsə,
İçəcəksən...
Sən qan istəyirsənmiş...
Bəs bunu mənə niyə demirdin?!
Haçan qan istəsən,
O qardaş tükündən yandır birini...
Bəs qardaş qardaşa
Hansı gündə gərək olar ki?!...
2.
Ədəbiyyat nənələri
Sizə elə-belə verməz
Yağ yaxmacını...
Əvəzində o nənənin
Oğlunu,
Qızını,
Nəvəsini,
Və hətta qohumlarını da
Dalınıza almalısınız...
3.
Ax...
İtləri
İşıq gələn tərəfdə bağlayan
Hiyləgər cırtanlar...
4.
Məndən olsa,
Mən padşahın yerində olsam,
Oğlanlarımın yerinə
Üç şair göndərərdim almaları qorumağa -
Kəndirkəsmə sənətinin üç dahisini...
5.
Cırtanın hiyləgərcəsinə
Divin başına keçirdiyi
O dəyirman daşıyla
O quyu ağzındakı (“Məlikməmməd”də)
Dəyirman daşı arasında bir fərq görmədinizmi?!
6.
Sənə üçcə gün lazım imiş, şair,
Cəmi üçcə gün:
Binici gün çiçək açdın,
İkinci gün çiçəyini tökdün,
Üçüncü gün bar verdin...
Eşqlər...
7.
Sən köləsən –
Gözəl kölə...
Azadlıq alovu,
Həniri
Sənə azaçıq dəyən kimi
Şivən qoparırsan:
“Ah, yandım, çəkin!”
8.
Ey mənim üzüyolam,
Sözəbaxanım,
“Qa” deyəndə ətdən verən,
“Qu” deyəndə sudan verənim...
İşdi, ikisini də bir yerdə istəsələr,
Özünü itirməyəsən:
“QaQu...”
9.
Ədəbi kölənin
Ədəbi Divdən ricası:
Ey Div,
Uzun-uzun sənələrdir,
Dizlərimi,
Baldırlarımı səninçün yağlayıb parıldadıram ki,
Gəlib başın qoyasan...
SIFIRLIQ MƏNA
Ey Boris Pasternakla bir əsrdə yaşayanlar,
Nə əcəb ondan nəsə götürmədiniz?!
Sosrealizmin uçan qıpqırmızı xalçası
Nə əcəb sizi Doktor Jivaqonun yanına gətirmədi?!
Boris “Böyük terror”dan danışanda
Ata-babalarınız “Sosialist Əməyi Qəhrəmanı” nişanının
Qızıl ulduzunun davasını edirdi...
O, “Hamlet”i yazanda
Siz dostlarınız üçün “Siçan tələsi” hazırlayırdınız...
16-28 aprel 2023