Yaxın keçmişin qalığı: Sovetantrop

Yaxın keçmişin qalığı:   Sovetantrop

12 Sentyabr 2022 11:05 304


“Sovetantrop” - dilənçinin milyonçu oğlu
Aqşin Yenisey

Adətən, əsrin sonunu əsrin əvvəlində formalaşan elita şəkilləndirir. Məsələn, keçən əsrin əvvəlində bütün keçmiş sovet ölkələrində hakimiyyətə gələn bolşeviklərin ilk işi mövcud tox elitanı məhv edib yerinə elita olacaq öz aclarını pərçimləmək oldu. Sərvətləri öz aralarında bölüşmüş feodal elitanın nümayəndələrini bir ucdan qıran, həbs və sürgün edən, qovan bolşeviklər onları özlərinin fəhlə-kəndli balalarından ibarət elitaları ilə əvəzlədilər.

Bu gün yeni əsrin əvvəlindəyik və oxşar proses gedir; bütün post-sovet ölkələrində yeni elitalar formalaşır. Lakin bu gün formalaşan elitalar sələflərindən fərqli olaraq, qanla ilə deyil, çörəklə sınağa çəkilirlər. Çünki artıq insanın şəxsiyyətini genetik olaraq ötürülən xalis qan deyil, praktik olaraq qazanılan bol çörək müəyyən edir. Bu da acların formalaşdırdığı sovet elitasının ictimai mirasıdır.

İnsanlıq tarixinin lap başlanğıcına qayıdaq. 2,8 milyon il əvvəl Afrikada görünən ilk insanın "vidinə” baxanda heç cür demək və düşünmək olmazdı ki, cəmdəyindən cin ürkən bu tüklü-müklü məxluq cənnətdən qovulub. İlk insan cənnətdən qovulandan daha çox cəhənnəmdən qaçana oxşayırdı. Sonra Afrikada "Homo gautengensis” adlı başqa bir insan növü yarandı, "Homo gautengensis”ləri "Homo habilis”lər əvəz etdilər, sonra "Homo erectus”, "Homo neanderthalensis”, "Homo floresiensis”, "Homo sapiens”, "Homo sapiens idaltu” və son olaraq biz, yəni "Homo sapiens”lər yer üzünə əşrəflik etmək üçün özümüzdən əvvəlkiləri qırıb-çatdıq. Sonra bu sonuncu "Homo sapiens”lərdən müxtəlif dini-siyasi ideologiyalar müxtəlif insan sortları əmələ gətirdilər. İnsanlar şəkildən-şəklə düşdükcə cəmiyyətlər, xalqlar da rəng verib rəng aldılar. Onlardan biri də kommunizmin antropoloji eksperimentinin nəticəsi olaraq yaranan və hazırda post-sovet məkanında yaşayan, burjualaşmış proletar olduğunu bahalı əyin-başı, inzibati sir-sifəti ilə gizləyən, bizim "Sovetantrop” adı qoyduğumuz insan sortudur.
Qapalı mühitlərdə ictimai həyat icma həyatıdır, burada şəxsi olan hər şey icma mənafeyinə qurban verilir. İcmanın mənafeyinə xidmət etməkdən boyun qaçıran hər bir fərdi cəza gözləyir; sui-qəsd, sürgün, həbs və ən yaxşı halda lənətlənib yəhudi icmasından qovulan Spinozasayağı tənhalıq. Fərdi şərləmək sürünün özünüqoruma instinktidir. Bir qərinəyə yaxındır ki, sovet imperiyası dağılıb, amma post-sovet ölkələrində sovet icma ənənələri hələ də yaşayır, sovetdənqalma icma yumruqları hər yerdə fərdi əzməklə məşğuldur. Sosial şəbəkələrdə şəxsi, fərdi mövqeyini, mənafeyini ortaya qoyan hər bir kəsi icma lənətləyir, sürü linç edir.

Nə üçün "sovetantroplar” icmalaşmağa, sürüləşməyə can atır, yaxud onun dağılmasını istəmirlər?

Erik Fromm "Azadlıqdan qaçış” əsərində bunu belə izah edir ki, insanlar qəfildən baş verən proseslər nəticəsində azadlıq əldə etdikdən sonra verəcəkləri qərarlardan qorxub, iradələrini, özlərini təslim edəcəkləri liderlər axtararlar. Hətta bunu qanuniləşdirməkdən belə çəkinməzlər. Məsələn, Almaniyada 1919-cu ildə qəbul olunan Veymar konstitusiyası 48-ci - dövlət başçısına ölkəni öz sərəncamları ilə idarə etmək hüququ verən - maddəsiylə Hitlerə imkan verdi ki, özünü alman xalqının şəksiz və şəriksiz liderinə çevirsin. Çünki "mazoxistlər sadistə rast gəlmişdilər”.

Eyni "aşk” Stalin və sovet xalqları arasında da yaşandı; Romanovlardan sonra başsız qalan geniş xalq kütlələri bir könüldən min könülə Kobaya aşiq oldular.

Fromm deyir ki, çoxluq azadlıq-zad istəmir, sərbəst qərarlar verməkdən zəhləsi getdiyi (ya da bunu bacarmadığı) üçün sürüyə, icmaya tabe olmağa, kiməsə, nəyəsə sığınmağa üstünlük verir. Bu niyyətin kökləri ibtidai instinktlərə qədər uzanır.

Bu gün Azərbaycanda nəsillər arasındakı anlaşılmazlığın da kökündə bu durur; atalar onlar üzərində aparılmış ideoloji eksperimentin nəticəsinə uyğun olaraq şəxsiyyət olmanın yerini icma üzvlüyündə görürlər, oğullar isə icmanı şəxsiyyətə qarşı yaradılmış sui-qəsdçi təşkilatlanma kimi xarakterizə edib ondan qaçırlar. İcma şəxsiyyət yetişdirə bilməz, şəxsiyyət olmanın yolu fərd olmaqdan keçir. Peyğəmbər də olsan, sürünün önündə çoban olmağa məhkumsan!

İngilis tarixçisi Vilyam Vudruf "Modern dünya tarixi” kitabında yazır ki, Renessansdan sonra Qərbin inkişafını ictimai şüurun icmaya deyil, fərdə verdiyi dəyər müəyyənləşdirdi. Müsəlman Şərqində isə hələ də fərdi icmanın yolunda qurban deyib, qarnına bomba bağlayırlar.

Təkliyə, fərdiliyə nifrət tərbiyəsi və təlimi almış bu post-sovet icmalar çox yaxşı bilirlər ki, fərdiləşmiş, özünü icmadan hesab etməyən hər bir kəs onların düşmənidir. Kütləvi standartların kənarına çıxmış fərd köhnə bazarda təzə nırx deməkdir, ona görə də sovetantroplardan ibarət icma fərqli yaradıcılığa, yeniliyə də nifrət etmək zorundadır. Bəs icmalaşma nə zaman öz gücünü itirir, fərdiləşmə necə baş verir? İcmadan qopma nə zaman çıxış yoluna çevrilir?

"Fərd onu ətraf mühitə bağlayan simvolik göbək bağından nə dərəcədə xilas ola bilibsə, o dərəcədə azaddır, xilas olmadığı dərəcədə isə azadlıqdan məhrumdur; amma bu bağlar ona güvənmək hissi, aid olma, köklərinin bir yerə bağlı olduğu duyğusunu verir”. Frommun bu təsbiti o deməkdir ki, hər bir şəxs gec-tez bu seçimlə üzləşir: ya onu ətraf mühitə bağlayan göbək bağını öz əlləri və dişləri ilə qırıb risk və təhlükələrlə dolu azadlığa can atmalı, ya da heç bir risk və təhlükə vəd etməyən aid olduğu mühitə möhkəm bağlanmaq üçün bu bağı daha da möhkəmləndirməlidir.

Sovetantroplar və onların ideoloji törəmələri ikincini seçirlər. Onlar "bətndə”, qapalı mühitdə olduğu müddətdə çöldəkilərin dünyanın düşmənlə dolu olduğu söhbətlərini eşidirlər və göz yaşları ilə başlayan doğuşu, azadlığı deyil, ananın bədənindən qidalanan "parazit” həyatı seçirlər. Bu hal, bir növ, Pərviz Cəbrayılın, ana bətnində böyüyən və ananın bədənindən asılı vəziyyətdə yaşayan, risk və təhlükələrlə dolu dünyaya gəlmək istəməyən, ana bətnindəcə qocalıb ölən "Məryəm surəsi" romanının fantastik qəhrəmanının həyatına bənzəyir.

Əsər demişkən, Aristotel şəxsin xarakterindəki qüsuru ədəbiyyata gətirdiyi "hamartiya” kəlməsi ilə (qarğanmış tale, tanrının zavalına gələn) izah edirdi və o, belə düşünürdü ki, qüsurlu xarakter cəmiyyətin yuxarı təbəqəsindən olan insanlara xasdır. Aristoteldən ta ki Dikkensin "balaca adam” ideyasına qədər Qərb ədəbiyyatı yalnız yuxarı təbəqədən olan trajik-komik qəhrəmanlarla doludur: qarqantualar, donkixotlar, hamletlər və s. Qərb ədəbiyyatı hamartiyalı insanları öz qəhrəmanına çevirməklə, bir növ, süzgəc rolu oynayırdı, qüsurlu xarakterlər ədəbiyyatda filtrasiya prosesinə məruz qalaraq cəmiyyətə daxil olurdular. Sənətin, ədəbiyyatın funksionallığı da bu süzmə, arıtlama prosesi zamanı üzə çıxırdı. Bizdə isə sənət həmişə hamartiyalı adamlar üçün kababın deserti kimi işə yaradığından üst təbəqədən olan qüsurlu xarakter ədəbi filtrasiyaya rast gəlmədən birbaşa cəmiyyətə daxil ola bilir. Hətta klassik ədəbiyyatımız belə adamlara yazılan mədhiyyələrlə doludur.

Yaxud XX əsrin məşhur "sovetantrop” Azərbaycan şairi yazırdı: "Təbiət ilhama çağırır məni!” Halbuki sənətin təbiətdən ilhamlanması, təbiəti təqlid (mimesis) etməsi antik çağın "təbiət filosofları" miletli Falesin, Platonun və s. əsərlərinin ana mövzusu idi. Dekartdan sonrakı dünyada sənət təbiətdən deyil, cəmiyyətdən ilham alırdı. Eyni dövrün italyan filosofu Benedetto Kroçenin sözləri ilə desək, XX əsrin sənəti mükəmməl olmayan təbiəti deyil, mükəmməl olmayan cəmiyyəti yenidən yaratmağı amaclayırdı. XX əsrin Nizamisi Bərdəni deyil, Bərdə insanını təsvir etməli idi.

XX əsr sənətin təbiəti inkar etdiyi, onu görməzdən gəldiyi bir əsrdir. Bizim ədəbiyyat isə bu əsrdə cəmiyyəti inkar edirdi. Cəmiyyətə münasibətdə "üç meymun” qılığına girirdi. Ona görə də bu gün, məsələn, elementar növbə mədəniyyətimiz yoxdur. Avtobusa, metroya minib-düşəndə timsahlarla dolu çayı keçərkən bir-birini basdalayan antilop sürüsünə bənzəyirik; kim keçdi, keçdi! Yenə sürüləşmə, yenə icmalaşma. Çünki təbiət təkləri sevmir. Sənətin təbiəti idellaşdırması cəmiyyətdə cəngəllik qanunlarının ictimai vərdişlərə çevrilməsinə yol acır. Sürüləşmə yaşamaq uğrunda mübarizənin vacib şərti kimi qəbul olunur.

Fikir verin, ölkədə bir neçə ictimai təşkilat (AYB, Mətbuat Şurası və s.) qurultaya hazırlaşır. Təşkilat üzvlərinin mediada yayılan yekdil fikri budur ki, mövcud sədr(lər)in hazırda təşkilat daxilində heç bir alternativi yoxdur. O getsə, təşkilat da məhv olacaq. Belə çıxır ki, bu qədər adamı bir təşkilatda birləşdirən hansısa ideya, məfkurə deyil, konkret bir şəxsdir ki, təşkilat üzvləri onu Tutanxamon kimi ölümsüz elan ediblər.

Bəs bu "fövqəlbəşər” şəxslər kimdir? Bizim "sovetantrop” dediyimiz yaxın keçmişin qalığı. O, gələcəyin yaradıcısı yox, keçmişin keşikçisidir. Bu zatın kasıbı dinin, imkanlısı sovetizmin tör-töküntüsü ilə qidalanır. Onun gələcəyə aid heç bir ümidi, xəyalı yoxdur. O yaratmır, amma dağıtmağa da qoymur. Gələcək onu vahimələndirir. O, ictimai fiqur olsa da, qalada yaşamağı sevir, sovetdənqalma kabinetini, imtiyazlarını, nüfuzunu ancaq özünün müdafiəsinə xərcləyir. Çünki o bilir ki, bunlardan başqa ona aid olan fərdi heç bir dəyəri yoxdur. Onun şəxsi düşmənləri belə onun özünə deyil, kabinetinə, imtiyazlarına göz tikənlərdir. Onu öz qalasından qovsan, heç kim onunla maraqlanmayacaq, çünki qiymətli olan o deyil, gizləndiyi qalasıdır.

Onun belə olmağının çoxlu səbəblərini bir cümlədə belə ifadə etmək olar: Sovet insanı dünyaya kor idi. Kor isə tutduğunu buraxmaz...

Qaynar İnfo