Yaz, dostum!

Yaz, dostum!

28 Oktyabr 2022 09:30 320


Comərd Qaya

Bəlkə də sən sonuncu dərviş idin. Bu gün musiqiyə yapma, saxta şeylər gətirənlər xəlqilikdən yoğurulan, bulaq kimi axıb süzülən bu musiqilərə köhnəlik qalığı, geridəqalmışlıq kimi baxırlar. Onlar üçün Barış Manço anlaşılmaz, dərkedilməz musiqiçidir.

Barış Manço o musiqiçilərdəndir ki, bu cür adamlara sübut etdi ki, məhz Xalqdan qopmadan yaratmaq olur ən böyük əsərləri. Qopdunsa, heç nə, itib gedəcəksən, yazdıqların da səndən qabaq gömüləcək.

Su üstüne yazı yazsan kalır mı?

Barış Manço Xalqdan ayrılmadan ən böyük əsərlərini yazdı, yaratdı, oxudu. Xəlqi musiqiçi oldu, ozanlardan, dərvişlərdən üz alıb gününə qədər gələn inciləri, dürləri ruhuna hopdura-hopdura, sevə-sevə, əzizləyə-əzizləyə basdı bağrına. Çoxları kimi onlara həqarət etmədi, onların necə bir ucalıq olduğunu bildi və hifz etməyə çalışdı həyatı, yaradıcılığı boyunca. Əlbəttə, bu sözləri unudulmaz Cem Karaca haqda da yaza bilərik. Sağlıq olsun, yazarıq.

Barış Manço musiqisi bəşəridir, ölməzdir. Yaşayan, dinlənən musiqidir. Onu sevənlərin çoxu az qala hər yaş dövründə onun bir mahnısını seviblər. Hələ uşaqlıq illərindən onun oxuduğu "Şehrazat" mahnısını indi də sevərək dinləyirəm. Klassikaya müraciət edib klassika yarada bilib Barış Manço.

Qardaşımla "Arkadaşım eşşek" mahnısını o qədər sevərək dinləyirdik ki, eşşəyi görsək, bağrımıza basar, əzizləyərdik.

Və bu indi də belədir.

Dostum Anar Cəfərli onun "Dönence" mahnısının vurğunudur. O musiqinin sədaları altında günlərlə dürr danışar, yorulmaz.

"Yaz dostum
Barış söyler, kendi bir ders alır mı?" yazan, oxuyan Barış özü bizim üçün məktəb oldu.

Ruhun şad olsun, Böyük Ustad!

Allah sənə rəhmət eləsin.