Yazıçı olmasaydım - Günel Mövlud

Yazıçı olmasaydım   - Günel Mövlud

23 Yanvar 2025 11:43 57


Uşaq vaxtı "yemək bişirmək" və "karyera" sözləri bir-birinə heç uyğun gəlmirdi beynimdə...

Yemək bişirmək ancaq qadınların işi idi. Evdar, sözəbaxan, fağır, sakit, lal-dinməz qadınların. Arzusu olmayan qadınların. Özünə baxmayan, öz bədənini, gözəlliyini, şəxsiyyətini unutmağa məcbur edilmiş qadınların. Ağır zəhmətdən əldən düşən qadınların.

Evdə qovurmalar qovuran, turşular bağlayan, tiyanlarla mürəbbələr bişirən, meyvə-tərəvəz qurudan, balonlarla tomat, kompot, ikra hazırlayan qadınların bunu işə, karyeraya çevirə biləcəyindən xəbərim yox idi.

Bilməzdim ki, böyük restoranlarda bu işlər üçün maaş alan, hörmət qazanan, yemək barədə kitablar yazan qadınlar var. Nəsə bişirmək, hazırlamaq, mənim üçün evdarlığın, fağırlığın, dinməzliyin, taleyə boyun əymişliyin göstəricisi idi. Buna görə də, peşə kimi, karyera kimi cəlb eləmirdi məni...

Qaçqınlıq illərində analarımız yemək bişirməyə münasibətlərini dəyişmişdilər. Bəzən heç nədən yemək hazırlamalı olan qadınlar üçün nəsə bişirib, ortaya çıxarmaq qəhrəmanlıq olmuşdu. Onlar yemək bişirib, balalarını doyurmurdular, onlar nəsə bişirə bilməklə ailəni aclıqdan xilas edirdilər. O illərdə bir qazan isti şorba bişirən anaların fərəhli üzləri, balaları yedikcə, anaların onların üzünə baxmaqları hələ də yadımdadır.

Sonra kütləvi qıtlıq, kütləvi kasıblıq azaldı. Yemək bişirməyin romantikası çəkildi. Yadımdadı ki, vəziyyətimiz düzələndən sonra soyuducuda daha çox ərzaq vardı, amma yemək bişirən anamın üzündə daha o qürur hissi yox idi. O daha qəhrəmanlıq eləmirdi, sadə bir iş görürdü. Hiss edirdi bunu...

Həyatın müxtəlif vaxtlarında, müxtəlif vəziyyətlərdə öyrənmişəm yemək bişirməyi. Ən yaxşı bacardığım şeylərdən biridir. Bacarmaq sözü yerinə düşmür, yemək bişirməkdən ötrü ürəyim gedir.

Yazıçı olmasaydım, aşpaz olacaqdım...