YeniYaz.Az yazıçı Alpay Azərin “Fraqmentlər” silsiləsindən “Benzinpulu” adlı hekayəsini təqdim edir.
Adını çəkmək istəmədiyim beynəlxalq humanitar təşkilatın Bakı ofisində işləyən Fuad Nəsirov dəstəyi götürdü:
– Bəli... Buyurun, eşidirəm sizi... İdeyanız nədi?... Qısaca... Hə, gəlin, problem deyil... – qol saatına baxdı. – Üçdə yox. Gələ bilsəz, saat birə qədər gəlin... Oldu, Rahib müəllim... Soyadınız?... Oldu.. – danışa-danışa adını, soyadını bloknota yazdı.
Rahib müəllim, telefonda dediyinə görə, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoruydu, “maraqlı bir ideya ilə bağlı” Fuad müəllimlə görüşmək istəyirdi. Fuad özü bir ay idi, yeni layihələrçün ideya axtarışındaydı, nəsə tapırdı, yazırdı, xoşuna gəlmirdi, silirdi. Və yaxşı bilirdi ki, Rahib Vəliyev öz layihəsi üçün mütləq qrant istəyəcək. “Gəlsin görək bunun ideyası nədi. Uyğun olar, qrant ayırarıq,” – öz-özünə dedi. Sonra dəstəyi götürüb risepşını yığdı:
– Leyla, bir azdan yanıma Rahib adında bir adam gələcək. Onu qonaq otağına aparıb sonra mənə zəng edərsən...
Fuadın əlini sıxan Rahib əlli-əlli beş yaş arasında hündürboylu, qara kostyumda, qalstuklu, bazburudlu bir kişiydi. Az sonra Suqra xala sinidə iki stəkan çay və şirniyyatlarla içəri girdi.
– Bir sual verəcəm, bilirəm, bu sual bəzilərinin xoşuna gəlmir, – Rahib dilləndi, – amma elə bilirəm inciməzsiz sualımdan.
– Yox, buyurun.
– Səhər telefonda sizlə danışanda fikir verdim, siz deyəsən gəncəlisiz, hə?
– Bəli, gəncəliyəm.
– Hə, deyirəm də, o dəyqə ləhcənizdən hiss elədim.
– Hmm, birinci dəfədi bunu mənə deyirlər. Məndə ləhcə yoxdu axı.
– Yo, nə danışırsız? Mən özüm goranboyluyam, sizlə qonşuyuq, bilirsiz. O dəyqə hiss elədim ha. Gəncə camaatı, səmimi deyirəm, biz goranboylulardan daha qonaqpərvərdilər. Məsələn, biz tərəflərə birisi qonaq gələndə, qabağına aş dəmliyib qoyarlar, yanında da dovğa. Amma gedərsən Gəncəyə, kabab da gətirərlər, yarpaq dolması da, dovğa öz yerində, axırda da aş. Siz görürəm, çox mərifətli adamsız, Fuad məllim. İnşallah gələcəkdə sizi bağıma qonaq çağıraram, bir quzu kəsərəm, kabab çəkərəm. Sonra samovar çayı içə-içə söhbət edərik.
– Rahib məllim, siz bayaq dediniz ki, elmlər akademiyasında işləyirsiz...
– Bəli, mən Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda professoram. Həm də “İqtisad”da dərs deyirəm. Özündən demək olmasın, ölkədə məni tanımayan iqtisadçı yoxdu.
– Lap yaxşı...
– Fuad məllim, yəqin əsrin neft müqaviləsindən xəbəriniz var?
– Əlbəttə, var. “Ağzını açmağa imkan verməz də”.
– Oxumusuz müqaviləni?
– Tam yox, amma əsas bəndlərinə göz atmışam, – Fuad çaydan bir qurtum aldı.
– Fuad məllim, vaxtınız olanda, Neft Şirkətinin saytına girin, dediyiniz bəndləri bir də oxuyun. Oraları mən yazmışam. O vaxt Azərbaycanın tanınmış neftçiləri məsələ qaldırdılar ki, buna görə mənə medal...
– Aydındı. Bəs...
– Başınızı ağrıtmaq kimi çıxmasın, mənim rəhmətlik atam, akademik Nasir Vəliyev də iqtisadçı olub. Amma mən hələ o zirvəyə gəlib çatmamışam.
– İnşallah çatarsız, – Fuad candərdi dilləndi və qonağın onun sözünü növbəti dəfə kəsdiyinə görə xəyalən stəkandakı isti çayı onun üzünə atdı.
– İnşallah. Rəhmətlik atamın otağında, inanırsız, hələ indiyə qədər heç bir əşyasına əl vurmamışam. Qələmi stolun üstünə necə qoyubsa, o cür də yerində qalıb. Pencəyi nə cür stulun başına keçiribsə, o cür də asılı qalıb. Təsəvvür edin, Sovetin vaxtında, müstəqillik dövründə ən ali medallar alıb atam. Fuad müəllim, mən həm də “İnsanlara yardım edək” təşkilatının sədriyəm.
“Bunu bayaqdan de də,” – Fuad fikirləşdi.
– ...Mənim sizə kiçik hədiyyəm var, Fuad müəllim, – otağa girəndə masanın üstünə qoyduğu qovluğu açdı və içindən açıq qəhvəyi rənglə laklanmış, taxta çərçivəyə salınmış “...fəaliyyətinizi yüksək qiymətləndiririk”-filan yazılmış sözlərlə dolu qramotaya bənzər bir şey çıxarıb ayağa durdu. – Bu, təşkilatımız adından sizin təşkilata olan təltifnamədir, ölkəmizdə gördüyünüz çoxsaylı işlərə görə sizə təqdim edirik, – Fuadın əlini sıxıb təltifnaməni ona uzatdı. Fuad gözucu təltifnaməyə baxıb onu masanın üstünə qoydu, dilucu “Sağ olun,” – dedi.
– Bu isə ümummilli liderin imzasıdır, – Rahib qovluqdan çıxartdığı qızıl suyuna çəkilmiş dəmir imzayla ona yaxınlaşdı. – İcazənizlə onu özüm sizin döşünüzə taxardım. Qoy o böyük şəxsiyyətin imzası sizə həmişə uğur gətirsin və inşallah sizin imzanızı böyük şəxsiyyətlərin imzaları arasında görək.
– Təşəkkür edirəm, – Fuad artıq söhbətin gedişatını anlayırdı, nəyi harda deməyə hazır idi.
Rahib imzanı Fuadın köynəyinə sancıb yerində oturdu.
– Fuad məllim, – çaydan bir qurtum aldı, – deməli, mən sabah səhər inşallah təşkilatımızın bir neçə fəalıyla rayonlara səfərə çıxıram, Əvvəlcə Gəncə, Şəmkir, Goranboyda olacayıq, o rayonlarda yaşayan məcburi köçkünlərə yardım paylayacayıq. Sonra qayıdacayıq Bakıya, iki gündən sonra Qazax və Tovuz rayonlarına səfər edəcəyik, orda sərhəd kəndlərində yaşayan aztəminatlı adamlara humanitar yardım verəcəyik. İndi baxın, görün, sizin təşkilatın nəyə gücü çatırsa, bizə yardım edərdi. Dediyim rayonlarda yardım paylayanda, sizin təşkilatın adını xüsusi qeyd edəcəyik. Yenə deyirəm, bu, xeyriyyə aksiyasıdır, yəni burda kimin nəyə gücü çatsa, savab iş görmüş olar, – deyib Fuadın gözlərinin içinə baxdı.
– Rahib məllim, mən bu təşkilatın rəhbəri deyiləm ki, qərar verəm.
– Rəhbəri deyilsiz? – təəccübdən Rahibin qaşları yuxarı qalxdı.
– Birincisi, rəhbəri deyiləm. İkincisi, bizim təşkilat xeyriyyə təşkilatı deyil.
– Bəs rəhbər kimdi?
– Azərbaycanda deyil, xaricdədi. Ən azı bir aydan sonra gələcək.
– Xaricdə? Hansı ölkədə? – qonaq təlaşla soruşdu.
– Bunun nə mənası var ki? ¬¬– Fuad artıq əsəbiləşmişdi, – Yoxdu Azərbaycanda.
– Sizin təşkilat bizə heç olmasa iyirmi-otuz manat da yardım edə bilməz? – Rahib yazıq görkəmiylə dedi.
– Heç on manat da mümkün deyil.
– Bəs deyirlər, siz humanitar fəaliyyətlə...
– Humanitar yox, humanist təşkilatıq biz. Bizim əsas vəzifəmiz dünyada humanist ideyaları yaymaq, təbliğ eləməkdi. Biz ideyaları yayırıq, humanitar təşkilatlar o ideyalardan bəhrələnib xeyriyyə işləri görür, başa düşdüz?
Qonaq çaşqın halda Fuada baxdı, “Siz mənimlə məzələnirsiz?” demək istədi, sonra “Bəlkə, gücünüz çatan qədər kömək edəsiz?” demək ürəyindən keçdi, amma Fuadın sərt baxışlarını görəndə, narazı-narazı fısıldayıb ayağa durdu, əlini uzadıb Fuadın qabağındakı təltifnaməni götürüb qovluğun içinə qoydu, kefsiz halda dedi:
– Gərək imzanı da götürəm, – əlini Fuadın sinəsinə tərəf uzatdı.
– Narahat olmayın, özüm açıb verərəm, – Fuad bir addım geri çəkildi, qızıl suyuna çəkilmiş imzanı köynəyindən açıb dilxor Rahibə uzatdı.
– Bəs, mənə demişdilər, siz rəhbərsiz? ¬– Rahib pərt halda soruşdu.
– Səhv məlumat veriblər sizə.
– Nəysə, mən gedim, – Rahib otaqdan çıxdı. Çölə çıxana yaxın bir də cəhd elədi. – Heç olmasa gəldiyim yolun benzinpulunu verəydiz?
“Bunun maşını da varıymış” fikirləşən Fuad soruşdu:
¬
– Nə qədər?
¬– On beş manat.
– Nə? Heç Ələtdən Bakıya benzin pulu o qədər eləmir.
– Yaxşı, heç olmasa on verərdiz, – lap yazıq sifət aldı.
Fuad cibindən onluq çıxardıb Rahibə uzatdı. Rahib pulu qapıb “sağ ol” demədən liftə tərəf götürüldü.
Narazı-narazı başını yelləyərək otağına qayıdan Fuad özüçün müəyyən edəmmədi, az öncə on beş manat vermək istəməyə-istəməyə niyə qəfil ona razı oldu. “Hipnoz? Yox əşi, Rahibdə magiya-filan qabiliyyəti yox idi. Olsaydı, elə əvvəldən istədiyi otuz, ya iyirmi manatı çıxardıb verərdim. Aydın məsələdi, başımdan eləməkçün on manat verdim,” – bu sadə suala gec cavab tapmağı özünə qəribə gəldi.
Kompüter arxasında oturan kimi google.com-a girdi, əvvəlcə Rahibin atasının adını – “akademik Nasir Vəliyev” yazdı. Heç nə çıxmadı, sonra AMEA-nın saytına girib ölən və sağ qalan akademiklərin, müxbir üzvlərin hamısının ad, soyadlarının siyahısına baxdı, heç birində Nasir Vəliyev adına rast gəlmədi. Nə də Azərbaycanda “İnsanlara yardım edək” adlı təşkilat fəaliyyət göstərirdi. Ardınca “professor, iqtisadçı Rahib Vəliyev”i google-da axtardı, heç nə çıxmadı. Sonra professorsuz-filansız “Rahib Vəliyev”i axtarışa verdi. Üç il əvvələ aid ikicə xəbər linki çıxdı. “Bakının Yasamal rayonunda narkotik satarkən 34 yaşlı Rahib Vəliyev rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun üzərindən 1,105 qram heroin götürülmüş, o cümlədən...”
P.S. Fuad iki ay idi beynəlxalq təşkilatın Azərbaycan üzrə baş nümayəndəsi təyin olunmuşdu.
17 yanvar, 2015 – 14 noyabr 2021,
Bakı