Hədiyyə Şəfaqət
-Bir zamanlar əlimi içində elektrik qızdırıcısının olduğu suya toxundurmaq adətim vardı..
-Niyəsə heç təəccüblənmədim.
- Hə...
Nə danladı, nə ağıl verdi, heç nə demədi, başını aşağı salıb kitabını oxumaqdaydı. Başımı arxaya söykəyib gözümü yumdum. Bu hardan yadıma düşdü, niyə birdən-birə heç dəxli olmayan yerdə ortaya atdım?
Fikrən o vaxta qayıtdım. Zamana deyil, hissin ortasına. Əvvəlcə kənardan baxdım, sonra yaxınlaşdım. Məntiqim “etmə, etmə” deyirdi. Amma nəsə, hardasa gizli bir duyğu “etməsən sakitləşməyəcəksən” deyə pıçıldayırdı. Hər dəfə edirdim, əlimi suya toxundurub barmaqlarımı oynadır, sonra dünyanın ən böyük həzzini yaşamış adam doymuşluğuyla, növbəti əmrə üsyan etmiş qul rahatlamasıyla udqunub gələn dəfəyədək hər şeyi unudurdum.
Sonra nə oldu?
Bir dəfə əlim suya toxunar-toxunmaz güclü bir zərbəylə yerə çırpıldım. Yanımda heç kim yoxdu. Barmağımın ucundan batıb bütün vücudumu zamanla ölçülməyəcək sürətlə dolaşıb sanki hər şeyi yerbəyer edən, bütün daşları yerinə oturdan cərəyanın gücünü hiss etdim. Düşdüyüm yerdən qalxıb oturduğum zaman ağlımdan keçən fikrin giziltisi hələ də canımdadır: Tanımaq!
-Çox qorxulu adamsan, - dedi, gözlərimi açdım, anın içindən çıxdım, amma sanki yarı canım çoxdandır hiss etmədiyim o həzzin yanında qalmışdı. Əlindəki kitabı dolabçanın üstünə qoyub eynəyini çıxartdı, gözünü anqappaq pərdənin o tayında bulud-bulud süzülən səmaya dikdi. - Çox qorxulu..
-Məgər sən qorxunun nə olduğunu bilirsənmi?
-Niyə bilməyim?
-Qorxduğun olurmu?
-Olur, niyə olmasın axı?
Gülümsəyib çiyinlərimi çəkdim:
-Bəs onu niyə yaratmısan?
-Nəyi?
-Qorxunu.
Üzünü döndərdi, külək pəncərənin aralı tayından dolub anqappaq pərdəni yanakı üzünə vurdu, əlini onu sakitləşdirirmiş kimi araya tutub gözlərini düz gözlərimin içinə zillədi. Çox sakit görünürdü, çox sakit. Təsəvvür etdiyim qədər sakit. Təsəvvür etdiyim sakitliyi onda ilk dəfəydi görürdüm. Bu nə hansısa dava-dalaşın, nə hansısa səs-küyün, nə hansısa qarmaqarışıqlığın, narahatlığın ortasında nümayiş olunan, bəzənsə lap süni görünən sakitliyə bənzəmirdi. Düz sükutun ortasından boylanan sakitlik.
-Nə hiss edirdin?
Ürəyimin dərinliyində qəfil coşan gücü hiss etdim. Həmin hiss. Həmin hiss, həmin hiss..
Qalxdım, yaxınlaşdım, əlimi uzadıb üzünə toxundurdum. Tərpənmədi, sifətində cüzi bir tərpəniş hiss olunmadı. Gözlərini də gözlərimdən ayırmadı.
Əlimi üzündən çəkdim, dodaqlarıma yaxınlaşdırdım. Öpmədim…
-Əvvəl ürpənirdim, nəsə məni geri çəkirdi, canımı həyacan bürüyürdü, əlimi çəkəndən sonra isə uzun bir yolun əvvəlinə atıldığımı, bunu bir də etməli olduğumu düşünüb təəssüflənirdim.
-İstəmirdinsə etməyə bilərdin.
-İstəyirdim.
-Niyə?
-Bilmirəm..
***
Əllər.
-Əllər çox vacibdir. Düşüncədən də, fikirdən də, ideyadan da, təcrübədən də vacib. Əllərin olmadığı dünyada beynin nəyə yaradığı barədə fikirləşmisənmi?
-Bu barədə fikirləşmək ağlıma gəlməyib.
Onunla belə adi şeylərdən danışanda özümü qəribə hiss edirdim. Sanki yerimiz dəyişirdi. Məni gülmək tutdu:
-Bəs bu məsələni necə həll etmisən?
-Başlama, - dedi, amma özü də gülməyə başladı.
-Qızım balaca olanda gəlinciyini hissələrə ayırmışdı, sonra da oturub ciddi-cəhdlə yerinə yığmışdı. Çox təəccüblənmişdi. “Bəs Allah baba bizim əlimizi, qolumuzu, ayağımızı, barmaqlarımızı yerinə necə qoyub” - deyə soruşa-soruşa dururdu.
Ciddiləşdi:
-Nə cavab vermişdin?
-Sual xoşuma gəlmişdi, gülmüşdüm, amma heç nə deməmişdim.
-Heç nə?
-Yox, heç nə yox, “Allah bilir” demişdim.
-Yəni, başdan etmişdin.
-Bir növ elədir. Kimə çəkmişəm, səncə?
-Böyüyəndə yadına düşmədimi? – Sualımı qulaqardına vurdu.
-Heç unutmur, tez-tez yada salır, yenə gülürük.
-Vəssalam?
-Vəssalam. Başqa nə etməliyik axı?
-Bilmirəm, unutmayıb, amma daha maraqlı gəlmir..
-Məncı, ağıllı hərəkət edir, nəyinə lazımdır. Səndən soruşsalar cavab verə bilərdinmi?
-Yox.
***
Ürəyim sıxılıb, sıxılıb kəsilmək vaxtı çatmış ağac ürəyi boyda qalmışdı. Elə əllərim də ağac budaqlarına dönmüşdü, barmaqlarından qonan soyuqluq yavaş-yavaş qollarıma doğru axırdı. Qanıma dolan intizar damarları boyu irəlilədikcə bütün bədənini ələ keçirən həyəcan dolu qorxu çoxdan üzü ayna tutmuş gözlərimi dalğalandırmağa başlamışdı. Başımın üstündən buz kimi havanın hənirtisi hiss olunurdu. Soyuqluq üzümə toxunduqca yerə batmağa başlayan ayaqlarımı qaldırıb bircə addım atmaq istəyirdim. Heç olmasa bircə addım. Torun o üzündə cəhənnəm ocağı alışmışdı, amma istisi bir addım o tərəfdən torun bu üzünə gəlib çatmırdı.
- Əbəs yerə dartınma, - səsi qulaqlarımda əks-səda kimi səsləndi. - O od sənə sönülüdür.
Dodaqlarımı aralamaq istədim, bir-birinə yapışmışdı.
- Özünü incitmə, səni eşidirəm. İndi deyəcəksən, hara göndərmişəm səni, nədir bu yerlərin halı?
Gözlərimi yumdum, boğazıma tıxanan qəhəri zorla uddum:
"Ağlamaq istəyirəm.."
-Bilirəm.. Buna görə torun bu üzündə qalmısan. Od səni canlandırır. Canlananda ağlamağı unudursan. Olmaz.
"Niyə axı? Niyə, niyə.."
-Niyəsini sən də bilirsən. O adam ordadır, o yuxunun içindədir. Onu tap gətir.
"Heç nə bilmirsənmiş, ay bədbəxt!"
Susdu. Dünyada torun o üzündəki cəhənnəm ocağının cırtıltısından başqa səs qalmamışdı.
-Nəyi bilmirəmmiş? - Nəhayət dilləndi.
"Üşüyürəmsə nə yuxuya getməsi, heç ölə də bilməyəcəyəm.."
-Ölməyinə icazə vermərəm.
"Qəzəblənirəm"
-Olmaz! Qəzəb barədə danışma, xahiş edirəm.
"Eləsə məni geri qaytar. Sənə lazım olan yuxu burda deyil.."
-Bəs hardadır?
- Fikrimi dəyişdim, onu sənə verməyəcəyəm.. - birdəncə qəzəbləndiyimi hiss etdim, dodaqlarım aralandı, var gücümlə qışqırdım. Sonra əllərimin donu barmaqlarımın ucuna doğru çəkilib əriməyə başladı. Kəsilməyini gözləyən ağac ürəyi boyda qalmış ürəyim quş kimi çırpınıb əllərinin arasından çıxdı, torun o üzünə, cəhənnəm ocağının içinə düşdü..
***
Qışqırtıma oyandım. Əlimdən tutub dayanmışdı. Büzüşdüm.
-Üşüyürəm.
Qucaqlayıb özünə sıxmaq istədi, itələdim:
-Get.
-Sakitləş.
-Get!
Başını aşağı salıb yatağın kənarında oturdu. Əlimi qeyri-ixtiyari sinəmə sıxdım, tərpənişi hiss etdim, dərindən nəfəs aldım.
-Get. Xahiş edirəm, get. Sənin yuxun məndə deyil, gör nə zamandan bəri hər gecə, hər gecə axtarırıq? Yoxdur. Görürsən ki, yoxdur.
-Gedə bilmərəm..
Boğazıma dolan qəhər birdəncə hönkürtüyə çevrildi. Ulamağım gəlirdi. Hər şey bir-birinə qarışmışdı. Üzümü yastığa sıxıb yanıqlı-yanıqlı ağlamağa başladım.
-Gərək orda...
-Get! Cəhənnəm ol, get! Orda olmur, orda bacarmıram, mən heç zaman yuxuda ağlaya bilməmişəm. Heç zaman da bacarmayacam.
***
Bir neçə dəqiqə sonra hər şey bitməmişdisə də, unudulub getmişdi. Özümü süd gölündə hiss edirdim. Səhər qəhvəsini qarışdıra-qarışdıra bütün diqqətimi əllərimə yönəltmişdim. Onlar həqiqətən çox vacibdir. Düşüncədən də, fikirdən də, ideyadan da, təcrübədən də vacib. Qaşığı fincanın kənarına döyəcləyib nəlbəkiyə qoydum, bir az soyumasını gözləyəcəkdim. Gülümsədim, buğlanan fincana baxdım, özümü bu dəfə də çeçələ barmağımı qaynar qəhvəyə batırmaqdan saxlaya bilmədim...