Pərviz Mirzə
Şeirlər
Mən yaxşı övladam.
And içmirəm özün inan.
Zəhmini qırmamışam atamın,
Xətrinə dəyməmişəm anamın.
Mən yaxşı bəndəyəm.
And içmirəm özün inan.
Küsdürməmişəm Allahı,
Qəlbin qırmamışam bu vaxta qədər.
Mən yaxşı adamam.
And içmirəm özün inan.
Bir qarışqa da tapdalamamışam,
Mənə uzanan bütün salfetləri almışam.
Mən yaxşı... Mən yaxşı deyiləm.
And içirəm mənə inan.
Bu qədər yaxşılıq yaxşı etmir məni
Bəlkə də etdiyim yaxşılıqlar aldatdı məni...
***
Yenə bir gecə,
Ulduz parlayır səmada.
Bir yuvada ana ağlayır,
Bir komada övlad tək qalıb.
Kimsə gün doğanda olacaq toyun düşünür,
Başqa bir kimsə sabah basdıracağı ərini ağlayır.
İşıq sönən evlərdə yatanlar da var.
Sabahından bixəbər qalandı onlar.
Yad oluruq bir gecənin qaranlığında.
Xəbərimiz olmur qonşu evindən,
Qəzəbdən əsən Bakı küləyindən,
Göz yaşın göydən endirən yağışdan,
Xəbərimiz olmur boğazına ip salıb gedən yoldaşdan...
***
Kürənin Bakı olmayan küncünə gedəcəm,
Etdiyim əməlin qollarında keçinəcəm.
Köhnə xatirələrə büküləcəm kəfən əvəzi.
Arzu olub boğacam özümü
Əlimdə əmimin evindəki Bakının şəkli
Yoxa çıxacam bir göz qırpımında.
Köhnə xalçatək asılacam məzarım üstə.
Sevəcəm ağ donlu mələyi.
Şeytandan qoruyub xoşbəxt yaşayacam
Kürənin Bakı olmayan küncündə...
***
Qarşımda bir ədəd şərab
Zillənib baxıram Bakının oğluna
Tərləyib pəncərəm su axır üstündən
Yəqin mənim pəncərəm yetimdir.
Yoxdur əynini dəyişən anası
Tərləmə deyən atası.
Soyuq şəhərdə isti pəncərə.
Çatlayıb evimə dağılacaq şüşəsi.
Oturub danladım mən pəncərəni
Dedim olsan da yetim
Yazığın gəlsin özünə
Susdu danışmadı
Yəqin düşündü...
Özünə yazığın gəlsin deyən adam
Üçüncü şərabın sonuna çatıb