Yetimin komfort zonası - Aqşin Yenisey yazır...

Yetimin komfort zonası   - Aqşin Yenisey yazır...

26 Yanvar 2023 12:27 337


Dünyanın 205 milyonçu və milyarderi Davosda Dünya İqtisadi Forumunda siyasi liderlərə müraciət ünvanlayıblar ki, dünyada günü-gündən artan ifrat bərabərsizliyi önləmək üçün təcili "sərvət vergisi" tətbiq edilsin.

Milyonçular və milyarderlər yazır ki, qlobal elita Davosda "parçalanmış dünyada əməkdaşlığı” müzakirə etmək üçün toplanıb. Amma əgər bu bölünmənin əsas səbəblərinə etiraz etmirsinizsə, toplantı mənasızdır. Ədalətli iqtisadiyyat qurmaq istəyiriksə, ultrazənginlərə vergi qoymağın vaxtıdır.

Amma nə qədər ki, yetimlik ideoloji, psixoloji baxımdan milyonların komfort zonasıdır, bu iş düzəlməyəcək. Bu durum otuz il həbsxana həyatı yaşamaq kimi bir şeydir; insan məhkumluğa öyrəşdiyi, doğmalaşdığı kimi, yetimliyə, kasıblığa da öyrəşir, doğmalışır. Bir gün azadlığa buraxılan, məhkumluğunu itirən keçmiş dustaq doğmalaşdığı həbsxanaya qayıtmaq üçün necə darıxır, bəhanə axtarırsa, yetimlikdən, gücsüzlükdən özünə komfort zona yaratmış insanlar da yeni şərtlərə öyrəşməkdə eyni çətinliklə üzləşirlər.

Öyrəşdikləri ac və dinc günlərə dönmək, məsuliyyətdən uzaqlaşdıran duyğuları yenidən yaşamaq üçün bəhanələr axtarırlar. Baş verənlərin arasından aciz, məğlub olduqları günləri yada salır, o köhnə miskin duyğuları təzələyən hadisələrə köklənirlər. Aciz, məğlub günlərin xatirələrini şeirə çevirən şairlərə dönüşürlər. Yetimliklərini romantikləşdirirlər.

Dəhşətlisi isə budur ki, bu tip adamlarda günah yoxdur. Onlar üçün yazıqlıq, yetimlik sosial, əxlaqi norma idi - türklər buna "qaribanizm” deyir, - tale idi, insanı tale kimi qəbul etdiyi həyatdan ayırmaq it zülmüdür. Məcnunun öz cır-cındır divanəliyi ilə barışıb "get, ey Leyli, sən o Leyli deyilsən" dediyi məqamdır bu.

Xərabət həm də azadlığın mülküdür.

Təbiətdə bütün canlılar öz "yetimlərini", zəiflərini özləri məhv edərək növlərinin mövcudluğunu qoruyurlar; şirin yaraladığı bufalonu digər sağ qalan bufalolar buynuzlayıb onun qabağına ataraq ölümə tərk edirlər. Cəmiyyətdə din və sənət bu təbii qanunauyğunluğu qəddarlıq kimi qələmə verib güclülərdən zəifləri qorumasını tələb edir. Təbii nizam pozulduğu üçün bu dəfə insan cəmiyyətində güclülərin yaşamaq haqqı zorlanır. Məsələn, siyasi hakimiyyətlər, dini ideologiyalar zəifləri, yetimləri ətraflarına yığıb güclüləri məhv edirlər. Dərisi beş qəpiyə dəyməyən cahilin cibinə pul qoyub alimi aradan götürtdürürlər. Yaxud vələmyesir bir tamadanı televizorda Xalq şairi elan edib əsl şairləri onun ağzı ilə şərləyirlər.

Bu məqamda yetimlik anlayışını pula bağlı olan kasıblıq anlayışından fərqləndirməliyik. Pul insanın sonradan əldə etdiyi üstünlükdür. Nitsşeyə görə, yetimə, zəifə qahmar çıxmaq insanın gələcəyini, insanlığın gələcəyindən üstün tutmaqdır ki, bu da ilahiləşdirilmiş qüsurdur və təbiətdə belələri ölümlə cəzalandırılır.

Təkcə dini deyil, bütün ideologiyalar üçün yetim güc qaynağıdır. Din dayaq nöqtəsi olaraq ən günahsız, çarəsiz, yetim insanı seçir, kommunizm dayaq nöqtəsi olaraq ən yoxsul insanı önə çıxarır. Demokratiya ən hüquqsuz vətəndaşı "ortaq dəyər"ə çevirir, feminizm ən qaragünlü qadını öz bayrağının sapına keçirir və s. Çünki eqo özündən güclüyə qorxu, özündən zəifə mərhəmət adlı emosional bir bağla daha tez bağlanır.

Beləliklə, "ən axırıncılar" onları "ortaq dəyərə" çevirib kimlik qazandıran özlərinin "ən birincilərini" yaradırlar və onun simasında, əslində, özlərinə heyran olurlar.

Yetim öz yetimliyinə yad gözlərlə heyran olan eqoistdir.

Tez-tez və müxtəlif vəziyyətlərdə belə ifadələrlə qarşılaşırıq: "Xəstə cəmiyyət”, "cəmiyyət xəstədir”, "cəmiyyətin xəstəliyinin əlaməti” və s.

Yetim məhz xəstə cəmiyyətin qürur yeridir!

Ümumiyyətlə, cəmiyyətin xəstə olduğunu necə təyin etmək olar, bu xəstəliyin əlamətləri hansılardır? Bu suallara cavab vermək üçün türk sosial psixoloqu, professor Kerim Edinselin bir yazısında oxuduğum bu paraqrafa öz əlavələrimi də pərçimləyib xəstə cəmiyyətə diaqnoz qoymağa çalışacağam.

"Xroniki artan kütləvi işsizliyi özünə dərd etməyən, geniş kütlələri yoxsulluq və aclıq sərhədinin həndəvərində yaşasa da, pulu şərəf və ləyaqətin yeganə simvolu sayan, hüquqa deyil, adət-ənənəyə daha çox etimad göstərən, ictimai mühiti bir ucdan güvənsizlik, qəzəb, lirizm və qəddar inanc horrası ifraz edən, gələcəyi haqqında heç bir fikir sahibi olmayıb yalnız keçmişinin qanlı gecələrinə şam tutmaqla öyünən, təhsilinə bel bağlamayan, qadını və işçini istifadə edildikdən sonra atılacaq bir əşya kimi görən, insanları özlərinə və bir-birilərinə yadlaşaraq özləri və başqaları ilə yola gedə bilməyən, eqoizmi şəxsiyyət olmanın üstün halı kimi qəbul edən, həmrəylik duyğusunu ancaq boşboğaz şairlərin şeirlərində sevən, müasir dünyamızda əli silahlı qədim milli ənənələrini bir-birilərinə qarşı "kullanan”, karikaturik yaradıcılığı olmayan, yumor hissini yüngüllük, göz yaşlarını mənəvi ləl-cəvahirat kimi qiymətləndirən, arzularını ayıbları ilə boğan cəmiyyətlər xəstədir”.

Cəmiyyət xəstədirsə, əvvəlcə pulu onun müalicəsinə xərcləmək lazımdır. Həmid Herisçinin misrası ilə sonlandırıram yazımı: "Bayaq bir dilənçiyə pul verdim, onun dilənçiliyini bir az da çoxaltdım!”

Yetimə verilən pul, yetimliyin inkişafına qoyulan sərmayədir.

Qaynar İnfo