“Yetkin fərd” strukturu təlim-tədris fonunda

“Yetkin fərd” strukturu təlim-tədris fonunda

13:03 124

“Yetkin fərd” strukturunun təlim-tədris fonunda formalaşmasında
ailə, məktəb və dövlət modelinin sinenergetik alqoritmi

Orxan Mehmanoğlu

Xülasə

Məqalədə fərdin formalaşmasında səciyyəvi rol oynayan faktorlar təhlil olunmuşdur. Elmi, fəlsəfi, ədəbi, psixoloji və digər nəsnələrə istinad olunmaqla bilavasitə ailə, məktəb və dövlət modeli ətrafında aparılan araşdırmalar vahid uzlaşma fonunda analiz edilmiş, müqayisələr aparılmış, sinenerji (bir-birini gücləndirən, böyük uzlaşmalara sahib komponentlər) prinsiplərinin zəruriliyi qabardılmışdır. Müəllif sadalanan formasiyaların mühümlüyü ilə yanaşı onlardan yarana biləcək neqativ təzahürlərin də təhlilinə çalışmış, əyani istinadlarla isbatına cəhd etmişdir.

Açar sözlər: sinenerji, kanonik, polisentrik, kompetent, fundamental

Giriş

Kainatın dərki fonunda insanın polisentrik (çoxmərkəzli) axtarışları (yaranış səbəbi, xoşbəxt yaşamaq üçün mövcud ola biləcək standartlar, predikatı (təməl mahiyyəti) insan və təbiət olan müxtəlif elmlərin, ideyaların meydana gəlməsi və s.) elmə, kanonik (cəmiyyət tərəfindən vahid qəbul olunmuş) və teoloji anlamlara, təhsilə və digər fundamental dəyərlərə yönəlik olan zərurətləri formalaşdırmağa başladı. Yetkin fərd modelinin təmərküzləşməsi isə özlüyündə kifayət qədər geniş sərhədlərə malik kontekstləri əhatə edir. Belə ki, eramızdan əvvəl III minilliyə aid qədim Misirin ehram mətnlərində deyilir:

“Coşub dalğalanma bilgiliyinlə,
Demə ki, hər şeyin sənsən biləni.
Təkcə bilginlərdən öyüd götürmə,
Nabələd görsən də məsləhət istə.
Sənət dedikləri sərhədsiz olar,
Rəssamlıq yüksələr sənət taxtına.
Müdrik söz zümrüdtək gizlində qalar,
Dən çəkən qulun da düşər baxtına”.

(Qədim Şərq ədəbiyyatı müntəxəbatı, 2007, s. 8)

Bu qədim misraların bizə bəxş etdiyi kompetent (səbatlı) ideyalar, hər şeydən əvvəl, yetkin fərdin universium qaydalarına uyğunlaşdırmaq üçün böyük bir demoversiyadır. “Yetkinlik” nəsnəsinə sahiblənmək isə əxlaqi-mənəvi dəyərlər, rutin mahiyyətli zəhmət, ailə və məktəbin sosial-ictimai sferası, ən əsası, ustadların, müəllimlərin bəxş etdiyi elmə, bilgilərə yiyələnmək və digər şərtlənmələr fonunda mümkündür. Şübhəsiz, essensial (fərdi) yanaşma baxımından məktəb metamodeli həmişə başalanğıc cərgə və sıralarda bərqərar olmalıdır. Qədim Yunanıstanın ilk filosoflarından biri olan Anaksaqor ölüm yatağında ikən yaxınlarının onun xatirəsini necə yad etməsi barədə sualına cavabı konkret olmuşdur: “Qoy mən ölən gün məktəblilər məşğələ keçməsinlər”. (Rüstəmov, 2010, s. 62 )

Mərhum filosofun təhsil ocağına müqəddəs bir məbədin avatarı (təcəssümü) qismində yanaşması heç də təsadüfi deyil. Kamillik, özünüdərk və digər substratların (daxili birləşmələrin) başlanğıc məntəqələrindən biri də məhz təhsil ocağıdır. Şübhəsiz, sadaladığımız nəsnələr bütün sənət və ixtisas sahələrini əhatə edir. Belə ki, qədim Çinin ən böyük hərbi traktatlarından biri olan “Hərb sənəti” əsərində deyilir: “İnsanlar, adətən, ölümlərini məharətsiz olduqları işdə tapırlar, faydalı tətbiq edə bilmədikləri işlərdə məğlub olurlar. Buna görə müharibə aparılmasında ən başlıcası-təlim və təlimatdır”. ( U-Tszin, 2009, s.423 )

Çağdaş türk dünyasının qurucusu Atatürk isə təhsil və elmi təbəddülatları istənilən etnonimin mücəssəməsi səviyyəsində qətiliklə bəyan etmişdir: “İnsanlar kamil olmaq üçün bəzi şeylərə möhtacdır. Bir millət ki şəkil çəkməz, bir millət ki heykəl düzəltməz, bir millət ki bacarıq və hünər tələb edən şeyləri sevməz, etiraf etməli ki, o millətin tərəqqi yolunda yeri yoxdur”. ( Kreiser, 2022, s.288 )

Xalqımızın ümummilli lideri Heydər Əliyevin fenomenal qənaətləri isə çağdaş demokratik dövlət və vətəndaş cəmiyyətinin yaradılmasında bütünlük xüsusiyyətinə malikdir: ”Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. (bax:https://kayzen.az/blog/aforizmler)

Tədqiqat

Qnoseoloji (idraki) prizma baxımından yetkin fərd anlayışına aparacaq kifayət qədər yollar mövcuddur. Bunlardan 3 əsas formasiyanın (mərhələnin) təhlil edilməsini daha məqsədəuyğun hesab edirik.

Ailə. Fərdin formalaşaraq təşəkkül tapdığı başlanğıc mahiyyətli sosial mühitdir. Mənəvi-əxlaqi dəyərlər, elm və təhsil, xarakterik keyfiyyətlərin formalaşması, həmçinin digər nəsnələrin başlanğıc mənbəyidir. İlkin təbəddülat olaraq ailə modelinə olan subyektiv yanaşmalar aksiomatik (isbata ehtiyacı olmayan) xarakter daşıyır. Belə ki, bəşəriyyət tarixinin nəhəng ictimai-siyasi liderlərindən biri olan və Eynşteynin “gələcək nəsillərin örnək şəxsiyyəti” adlandırdığı Mahatma Qandi ailə formulasına daha həssaslıqla yanaşmış, hər evi universitet, valideynləri isə müəllim qismində dəyərləndirmişdir. Ailə mühiti və irsiyyət faktorunun insana təsiri birmənalı şəkildə elmi dəlillərlə isbatlanmış, yarana biləcək yetərsizlik və digər komplekslər fonunda patoloji amillərin qaynağı olaraq tədqiqat obyektinə çevrilmişdir. Bu yönümdən amerikali tədqiqatçı və psixoloq Daniel Goleman söyləmişdir: “Ailə həyatı- bizə ilk emosional dərsləri verən məktəbdir. Bu emosional dərslər sadəcə valideynlərin uşaqlarına bilavasitə nə dedikləri və necə davrandıqları ilə deyil, öz hisslərini idarə etmək və bir-birilə ünsiyyət qurmaq üçün istifadə etdikləri modellər vasitəsilə də verilir. Bəzi valideynlər emosional mənada istedadlı müəllimdir, bəziləri isə bacarıqsız və qəddardır”. (Goleman, 2009, s.300)

Azərbaycan elm tarixinin ən böyük mütəfəkkirlərindən biri olan Azad Mirzəcanzadə isə elmi-tədqiqat əsərlərində ailə faktorunun “fərd” anlamının inkişafına olan təsirini konkret şəkildə bütünləşdirmişdir: “İnsan xarakterinin əsası- özülü ailədə qoyulur və psixoloqlar təsdiq edirlər ki, ümumi inkişaf üçün lazım olan əqli qabiliyyətin 80 faizini adam ailədən alır”. ( Mirzəcanzadə, 2010, s. 257)

Ailə faktorunun zəruriliyini referans anlayış baxımından kifayət qədər artırmaq mümkündür və bu anlam bütün istiqamətlərdə fundamental nəsnələrdən biri olaraq qəbul edilməlidir. Hətta dövlətçilik metamodelinin uğurlu inteqrasiyasının təməl meyarlarından biri də məhz ailə anlamıdır.

Məktəb. Fərdin yetkinliyinin kompetent dəyərlərindən biridir. Polisentrik termin olaraq tərkibinə, müəllim, şagird və ya tələbə faktoru, elmi-sosial mühit və digər predikatlar (xassə və ya əlamətlər) daxildir. Qeyd etmək vacibdir ki, sadaladığımız predikatlar sistemi bir-birilə münasibətdə sinenergetik xüsusiyyətə malikdir. Fəaliyyət istiqamətləri fərqli olsalar da mahiyyətli elementləri arasında bənzəyişlər kifayət qədərdir. Substansiyasında ağır fiziki təmrin və hərbi təlimlərin başlıca rol aldığı Sparta məktəbi, astronomiya, tibb, yazı və digər elmləri tədris edən, tarixi gerçəkliyin ən sərt məktəblərindən biri olan, “uşağın qulaqları onun kürəyindədir, onu döymək lazımdır ki, eşitsin” devizi ilə fəaliyyət göstərən qədim Misir məktəbi, təxminən 900 ilə yaxın fəaliyyət göstərmiş, elmin müxtəlif təyinatlı moduslarına kompleks yanaşma baxımından tədris edən Platon akademiyası, əsasını teoloji-sxolastik ideyaların üstünlük təşkil etdiyi mədrəsələr və digər nümunələrin ümumiləşdirilmiş təhlili məhz budur: tərbiyə və təlim-tədris.

Qeyd etmək vacibdir ki, mövcud qənaətimiz özlüyündə yalnız bir müqəddəs kəlməyə istinad edir: Müəllimə. Bütövlükdə tərbiyə və təlim-tədris konyukturasının (mövcud olan real vəziyyət) əsas siması məhz elə müəllim anlayışıdır (hərbi xidmət sferasında isə bu müqəddəs peşəni bilavasitə zabit heyəti həyata keçirir). Qənaətimizin defisiti isə nominal olaraq romalı filosof və dövlət xadimi Senekanın söylədiyi nəticələrə gətirib çıxarır: “Kimin ki, müəllimi yoxdur, onun müəllimi şeytan olar”. (Talıblı, 2021, s.305)

Təhlillərimizin yekun anlamına müvafiq olaraq “məktəb” modelinin özülündə müəllim anlayışının durduğunu iqrar etmək heç də mürəkkəb bir məsələ deyil. Ümummilli liderimiz Heydər Əliyev isə müəllim anlayışının spesifik definisiyasını (əhatəli tərif və ya izahını) tamamilə ümumbəşəri bir formatda təqdim etmişdir: “Ən yüksək ad müəllimlikdir. Müəllimlik sənəti şərəfli bir sənətdir. Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. (bax: kayzen.az)

Çağdaş Türkiyə dövlətinin qurucusu Atatürkün “müəllim” anlayışına olan spesifik yanaşmasının da özünəməxsus ornamentlərə sahib olduğunu zənn edirik: “Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir. Müəllimdən, maarifçidən məhrum bir millət hələ millət adını daşımağa layiq deyildir. Ona adi bir kütlə deyilir, millət deyilmir. Bir kütlə millət ola bilmək üçün mütləq maarifçilərə, müəllimlərə möhtacdır“. ( Rüstəmov, 2010, s.668 )

Dövlət. Cəmiyyətin, millətin, ailənin təlim-tədris konyukturası fonunda yetkinləşməsində zəruri kateqoriya və normativ-hüquqi prinsiplərə malik siyasi quruluşdur. Hətta dövlət anlamının inteqrativ stadiyası belə təlim-tədris metamodelinin inkişafından asılıdır. Praqmatik nümunə olaraq Yaponiya dövlətini misal göstərmək olar. 1945-ci ildə ölkə nüvə silahının dağıdıcı poliqonuna çevrilməklə qeyd-şərtsiz təslim olaraq, az qala yer üzündən silinməklə yalnız tarix kitablarında adı xatırlanacaq bir ssenari ilə üz-üzə qaldı. Amma bütün bunlara rəğmən 1960-cı illərdən sonrakı dönəmlərdə sosial, siyasi, xüsusilə, iqtisadi reformlarla dünya arenasında bərqərar oldu. Şübhəsiz, 15 ilə yaxın müddətdə belə bir intibahın baş verməsi möcüzə kimi görünür. Amma real gerçəklik məhz bu 15 rəqəminin daxilində formalaşmışdır. Dağıdılmış infrastrukturların (yaşayış massivləri, nəqliyyat, kommunikasiya və digər restavrasiyalar) bərpası əvəzinə dövlət bütün gücünü ilk növbədə təhsil ocaqlarının yenidən qurulmasına və islahatlarına yönəltdi. Təhsil modeli bütün elementləri ilə birgə müqəddəs bir sitayişocağına, məbədgaha çevrildi və yapon xalqının əbədi inancı olaraq qəlibləşdi. Çağımızda yapon xalqının və dövlətinin konseptual uğur modeli isə hamımıza bəllidir. Yaponiyanın universal uğur modifikasiyası fonunda jurnalistinC. Kouzumiyə ünvanlanmış sualına baş nazirin dövlətçilik fonunda cavabı isə zənnimizcə, kiçik tədqiqatımızın zirvə nöqtəsidir: “Biz müəllimlərə nazirlər qədər maaş, diplomatlarda olduğu kimi mühafizə və imperatora olan qədər hörmət təsis etdik”. ( Talıblı, 2021, s. 39)


Nəticə


Təlim-tədris fonunda apardığımız təhlilləri aşağıdakı qaydada ümumiləşdirmək mümkündür:

“Yetkin fərd” anlayışının fundamental dəyərlərindən biri də məhz təlim-tədris anlayışıdır. Bu anlam bütün hallarda özünüdərk və ya özünütəkmil prosesinə yönəlməli, fərdin kamilliyə istiqamətlənmiş yolunda tərəqqinin avatarı olmalıdır. Prosesin özü isə qədim tibet ədəbiyyatında mana, buddizmdə nirvana, yapon fəlsəfəsində ikigai, islam ədəbiyyatında özünü özündən ayırmaq və ya xuşu anlayışının təməl prinsiplərindən biridir. Bu baxımdan məşhur hind filosofu Oşo söyləmişdir: “Həqiqi təhsil sizə- hər nə qədər əqdəm, mötəbər, hörmətə layiq olsa da- bütün cəfəngiyyatlardan qurtulmağa kömək edəcək. O sizə gerçəyi öyrədir. O sizə hər hansısa bir mövhumatı deyil, necə daha xoşbəxt bir şəkildə yaşamağı öyrədəcək. O sizə deyib-gülməyi öyrədəcək. O sizə yalnızca həyata hörmət etməyi öyrədəcək. O sizə mövcudluğu necə dərindən sevməyi öyrədəcək. O ancaq ağıl olmayacaq, həmçinin ürək də olacaq. Həqiqi təhsil sizə həmçinin ürəyin yollarını da öyrətməlidir. Həqiqi təhsil sizə transsendentalı öyrətməlidir. Zehin elm üçündür, ürək sənət, şeir, musiqi üçündür və transsendental isə din üçündür. Təhsil bütün bunlara xidmət etmirsə, həqiqi təhsil deyil”.( Oşo, 2019, s.176 )

Fikrimizcə təhsil ocaqları ailənin, demokratik dəyərlərə sahib dövlətin, vətəndaş cəmiyyətinin sakral məbədi olaraq qəbul edilməlidir. Çünki fərdin ailə, sosial mühit və digər fonlarda yarana biləcək neqativ təzahürlərin terapiyası məhz müəllim, pedaqoq, o cümlədən zabit (komandir) heyətinin bilavasitə funksional öhdəliyinə aiddir. Kontekstin konkret təhlili üçün yenidən Oşofəlsəfəsinə müraciətimiz daha məqsədəuyğundur: “Öyrətmək, fərddə gizli olan nə varsa, onu çəkib çıxartmaq deməkdir. Fərd çiçək açmalıdır- təhsilin əsl mənası budur”. (Oşo, 2019, s. 189)

Ölkəmizin zəngin suverenlik tarixi fonunda məhz müəllimlik peşəsi hər zaman dominantlıq xüsusiyyətinə malik olmuş, milli xarakter və etnopsixoloji dəyərlər sistemində vətənpərvərlik konsepsiyasını formalaşdırmışdır. Məhz buna görə dövlətçilik tariximizdə ərazi bütövlüyü uğrunda, o cümlədən 44 günlük vətən müharibəsi zamanında şəhid olan igidlərimiz müstəqil Azərbaycan xalqının “əbədiyyət müəllimləri”dir. Məhz şəhid və qazilərimiz bütün dünyaya sübut etdilər ki, müəllimlik təkcə kompleks təchizatlı sinif otağında, o cümlədən masa arxasında əyləşən şagird və tələbələrə dərs deməklə, elm öyrətməklə yekunlaşan bir peşə deyil. Tədris masamız döyüş səngərləri, təhsil ocağımız taktiki əməliyyatlar, əbədiyyət müəllimlərimiz isə şəhid və qazilərimizdir.

Yuxarıda sadalananların istisnası fonunda həyata keçirilən təlim-tədris proqramı isə istənilən millətin, dövlətin tədricən məhvi və süqutu üçün ən ideal metoddur. Nəticə olaraq özünüdərk, həqiqi kimliyini tanıma elementlərinə yönəlməyən təhsil və ya elm müəyyən zaman kəsiyində fərdin tədricən yeknəsək xidmətinə, neqativ təzahürlü yaşamına gətirib çıxarır. Mənəvi nihilizmin püxtələşməsi isə birmənalı şəkildə dövlət və vətəndaş cəmiyyətinin tənəzzülünə aparan yoldur. Belə olan halda tədris olunan, öyrənilən elm gerçək potensial təhlükələrdən biri hesab olunur. Qənaətimizin isbatına müvafiq olaraq dünya şöhrətli astronom, astrofizik, həmçinin astrobiologiya elminin ilk pionerlərindən biri olan Karl Saqan söyləmişdir: “Şübhəsiz, elm– iki başı olan dəyənəkdir: Onun nailiyyətləri həm rifah naminə, həm də şər üçün istifadə edilə bilər. Ancaq elmdən imtina etmək olmaz. Texnogen təhlükələr haqqında erkən xəbərdarlıqları da həmçinin elm verir...Amma mənbəyinin necə olmasından asılı olmayaraq, problemlərinizi elmdən ayırmaqla həll etmək olmaz. Bizi təhdid edən texnologiyalar və həmin hədələrin neytrallaşdırılması bir mənbədən əmələ gəlir. Onlar burun- buruna gedir“. ( Saqan, 2022, s. 331 )

Qeyd etmək vacibdir mövcud dilemmaya həssas münasibət dünyanın ən qədim dinlərindən biri olan, Azərbaycanın ədəbi-fəlsəfi tarixində xüsusi ornamentlərə malik zərdüştlükdə də əks olunmuşdur. Belə ki, Avestada deyilir: “Ey Məzda Əhura, doğruluq, uğurlu davranış və düşüncədə yararlı bildiyin bilikli adamlara öz arzularına çatmaq üçün müvəffəqiyyət əta et. Mən bilirəm ki, nicat tapmaq üçün iltimas edən sözlərin sizə təsiri vardır”. ( Avesta, 2020, s. 62 )

Hitler Almaniyasının dəhşətlərini görmüş və sonradan məktəb direktoru olmuş bir “dahi”nin (başqa cür adlandıra bilmədik) tabeçiliyində olan müəllimlərinə ünvanladığı məktub, zənnimizcə, bütün kateqoriyalı təhsil ocaqlarının giriş qapısındakı lövhələrdə həkk olunmalıdır: “Mən Nasist partiyasının insanlığa rəva gördüyü ölüm düşərgəsindən sağ qurtulanlardanam. Gözlərim ən dəhşətli hadisələrə şahid olub. Yaxşı təhsil almış mühəndislərin inşa etdiyi qaz kameraları, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, peşəkar tibb bacılarının iynələri ilə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar görmüşəm. Bu səbəbdən təhsilin hər zaman faydalı olduğuna şübhə duyuram. Sizdən istəyim, hər şeydən əvvəl şagirdlərinizə insan olmağı öyrədin”.( Hacıyev, 2016, s.95)

“Yetkin fərd” anlamının inteqrativ modusları (törəmələri) ən azından şərh etməyə çalışdığımız ailə, məktəb anlamları dövlətin idəriçilik sferasında prioritet sahə olaraq diqqətdə olmalı, daimi replikasiyalar aparılmalı, preventiv tədbirlər görülməli və ən yüksək səviyyədə nəzarətdə saxlanılmalıdır. Dövlətin, ölkənin vətəndaşlıq məfkurəsi məhz bu cür hallarda köləlik təfəkküründən, istibdad idarəçiliyindən azad olaraq vahid ideya ətrafında birləşmək imkanına sahib olur. Belə ki, yapon əsilli amerikalı filosof, tarixçi və politoloq kimi tanınan Frensis Fukuyama söyləmişdir: “Cəmiyyətin təhsil səviyyəsi artanda kölələr özlərinin köləlik halını dərk etmək imkanı qazanır, həmçinin özünün müti vəziyyətini anlayan və bu barədə düşünən digər kölələrin də ideyalarını qavramağa başlayır. Təhsil onlara insani ləyaqəti olan şəxsiyyətlər olduğunu və bu ləyaqətin tanınması naminə döyüşməyin vacibliyini öyrədir”.( Fukuyama, 2021, s.284 )

Məhz bu kontekstdə biz hər zaman xəyal etdiyimiz “utopik cəmiyyət” və ya “utopik dövlət” ibarələrinin təməl prinsiplərini qurmaq imkanına malikik. Nəhayətdə, sadalanan prinsiplərə əks yanaşma isə nəticə etibarilə dünya şöhrətli nobel mükafatçısı Pablo Nerudanın “ müqəddəs” sətirlərində daha gözəl əks olunub:

“Yavaş- yavaş ölərlər,
Səyahət etməyənlər,
Yavaş- yavaş ölərlər,
Oxumayanlar, musiqiyə qulaq asmayanlar,
Qəlbində sevgi daşımayanlar.
Yavaş- yavaş ölərlər,
Vərdişlərinə əsir olanlar,
Hər gün eyni yolu gedənlər,
Fəaliyyətinin inkişaf etdirməyən və dəyişdirməyənlər,
Paltarlarının rəngini dəyişməyə risk etməyənlər,
Bir özgəsi ilə danışmayanlar.
Yavaş- yavaş ölərlər,
Həyəcandan qaçanlar
Qırılmış qəlblərin gözlərindəki parıltını görmək istəməyənlər.
Yavaş- yavaş ölərlər,
Eşqdə və işdə bəxti gətirməyib istiqamətini dəyişməyənlər,
Xəyallarını həyata keçirmək üçün riskə getməyənlər”.

(Sekman, 2021, s. 137 )

İstifadə olunmuş ədəbiyyat:

1. Qədim Şərq ədəbiyyatı müntəxəbatı . ( 2007 ). Şərq-Qərb.
2. Rüstəmov, F. ( 2010 ). Pedaqogika tarixi ( dərslik ) . Elm və təhsil.
3. U,Tszin. ( 2009 ). Hərb sənəti ( Qədim çinin yeddi hərb qanunu ), Zəkioğlu.
4. Kreiser, K. ( 2022 ). Atatürk. Alatoran.
5. Goleman, D. ( 2019 ). Emosional zəka. Qanun .
6. Mirzəcanzadə, A. ( 2010 ). İxtisasa giriş. Neft və qaz profilli ali məktəblər üçün dərs vəsaiti. Qanun.
7. Talıblı, M. ( 2021 ). Elm- Kitab- Müəllim üçbucağı. Alatoran.
8. Osho ( 2019 ). Uşaqların kitabı. Qanun .
9. Saqan, K. ( 2022 ). Mavi nöqtə. Bəşəriyyətin kosmik gələcəyi. Qanun
10. Avesta . ( 2020 ). Qanun
11. Hacıyev, T. ( 2016 ). 60 saniyədə insanı tanıma sənəti. Profaylinq sistemi. CİBS.
12. Fukuyama, F. ( 2021 ). Tarixin sonu və sonuncu insan. Qanun.
13. Sekman, M. ( 2021 ) Hər şey beyində başlayır. Qanun.