YeniYaz.Az gənc yazar Təvəkgül Boysunarın yeni şeirlərini tədim edir.
Nizami küçəsində
Әllәrindәn tutan var bütün gözəl qızların,
Gecikmişik
bu şәhәrә,
bu küçәyә,
bu yaza.
Hamının oynadığı
Bu gənclik oyununu,
Ya çoxdan uduzmuşuq,
ya bizsiz oynayırlar.
Әllәrindәn tutan var bütün gözәl qızların.
Gecikmişik
o әllәrә,
o qızlara,
bu şәhәrә,
bu yaza...
Qürub
Günәş batır...
Tanrı köhnә qәlәmiylә
Bu günün dә sәhifәsinә,
üfüqdə bir nöqtә qoyur.
Günәş batır,
әlim çatmaz uzaqlıqda,
“Ahım yetməz” uzaqlıqda.
Arzu
Ölmək...
Mövsümlər payıza gəlmişkən,
Yazlar ayaza gəlmişkən
Dönmək üz tutduğun xam xəyallardan..
Örtmək gülüş səslərinə pəncərələri...
Ölmək,
Payız başımdaykən ölmək,
Sevda yaşımdaykən ölmək.
Xəzan yaşıl yarpaqların qanın içmişkən,
Uzaq uçan quşlar qürbət
yolun seçmişkən,
Bəmdən qopan ağrılarım zilə keçmişkən –
Ölmək.
Sevda yaşımdaykən ölmək,
Payız başımdaykən ölmək.
Payız, 2018
Keçdim bütün arzuların şirin dadından,
Sındı uçan xəyallarım şux qanadından,
Allahın da çıxar oldum daha yadından.
Gözəl günlər uşaqlıq tək uzaqda qaldı,
İsti ocaq diləklәri sazaqda qaldı,
Güllər açan gәncliyimi xәzanlar aldı.
Әl açdığım yağışlardan bir əlac varmı?
Göylər susqun çöhrәsindәn niqab açarmı?
Döndüm şanlı zirvәlәrin yarı yolundan,
Söndüm soyuq payızların bircә yelindәn,
Sındım hәyat deyilәnin ağır әlindәn.
Yıxıldığım küçәlәrdәn bir keçәn yoxmu?
Çökdü dizlәr, qapıları bir açan yoxmu?
Payız, 2019
Bu küçәnin döngәsindә bir az gözlәmәyim var,
Bir az durub gözlәmәk ki, yollarıma kim çıxar.
Ölmәk,
indi
hәr arzudan
min kәrә daha gözәl,
Bahar getmiş, güllәr solmuş, addımlar xәzәl.
Ölüm varsa son ucunda bütün yolların,
Köçәn quşlar qürbәtlәrdә nәyi axtarır?
Sussa yellәr,
donsa günәş batdığı yerdә,
Payız olsa quşların da çatdığı yerdә...
Yanır çox-çox uzaqlarda sarı işıqlar,
Elә bil ki,
Evlәrә dә payızlar dolar.
Bahar keçdi, nәğmә yenә yarımçıq qaldı,
Nә ağrılar gedәr oldu,
Nә yaralar sağaldı.
Baş qoyduğum sәcdәlәr dә
Qaçdı alnımdan,
Keçməz oldu dualarım göy qapısından.
...Bu küçәnin döngәsindә bir az gözlәmәyim var,
Bir az durub gözlәmәk ki, yollarıma kim çıxar...
Pəncərəmdə bir pişik
Pәncәrәmdә bir pişik,
Ağzın açıb yalvarır öz dilindә,
Amma mәnim yorğunluğum,
onun aclığından ağır,
Pәncәrәdәn o yandasa aram-aram payız yağır,
Payız yağır yarpaq-yarpaq,
Payız yağır yağış-yağış.
Günlər keçir..
Gəncliyimi addım-addım məndən qoparıb,
Pəncərəmdə pişik də var, payız da var,
Yağış da var, yarpaq da,
Əlim yetmir nə pişiyə, nə payıza,
Nə yağışa, nə yarpağa.
Dünya döndü bir dövrә dә Günəşinin başına,
Payız çatdı bir yağışla gözümüzün yaşına.
Pәncәrәmdә bir pişik,
Ağzın açıb yalvarır öz dilindә,
Amma mәnim yorğunluğum,
onun aclığından ağır,
Pәncәrәdәn o yandasa aram-aram payız yağır,
Nərimanov parkında
Siz şahmat oynayın qaranlığacan
Mən alnımı qoyub masanın üstə,
Küləyin səsinə qulaq asacam,
Gülüşən, qışqıran o uşaqlara,
Yolların tozuna qulaq asacam.
Siz şahmat oynayın payıza qədər,
Mən alnımı qoyub masanın üstə
Əsən əlinizə qulaq asacam...
İndi yaşınız çox, ömrünüz azdır,
Atlar, fillər hürkür qırışınızdan,
Çox da ki, günəş var, çox da ki, yazdır,
Soyuq qarlar yağır baxışınızdan.
Siz şahmat oynayın ölümə qədər,
Mənsə öz ömrümün axırınacan
Alnım masa üstdə, gözüm yumulu,
Ötüşən illərə qulaq asacam
Keçən fəsillərə qulaq asacam.
27 yaşın şeiri
Bir il də artırdıq ömrün oxunmuş səhifələrinə.
Çevirdik maraqsız romanların sıxıcı səhifələri kimi.
Bir fəsil də xəzanlarını çəkdi küçələrimizdən,
Sürüyüb yorğun-yorğun apardı harasa.
Bir qışın da qarını yorğan kimi qatlayıb qoyduq kənara.
Neyləmək?
Açmaqmı yenə əllərimizi göylərə sarı?
Əyilməkmi dizlərə söykəyib ovucları?
Qoymaqmı yazılmış alnımızı qupquru döşəməyə?
Başqa yol yox, həyat kimi ağırlığı çiyinlərdən atmaq üçün,
Başqa yol yox
Bu günlərdən sabahlara,
Sabahlardan sonralara
Sağ ümidlə çatmaq üçün.
Dörd arı yeşiyi qaldı həyətdə
Dörd arı yeşiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
Arılar qısılıb biri-birinə,
Üşüyüb içəri girən soyuqdan,
Qorxub səs-küyündən boranın, qarın,
Sakit görə-görə donmaqlarını,
Andılar günəşli yaz günlərini,
Çiçəkdən-çiçəyə qonmaqlarını.
İndi yanlarında ballı pətəklər.
Çöldə ağ-ağ yağan soyuq çiçəklər.
Hardansa səs gəlir yaddaşlarına,
O səs deyir, yenə bahar olacaq,
Yenə uçacaqsız dağlar üstündən,
Uçacaqsız yenə yollardan keçib,
Bağçalar üstündən, bağlar üstündən.
Dörd arı yeşiyi qaldı həyətdə,
Qaldı qar altında, külək altında.
Sentyabr, 2017
İndi payız gələr, sonra qış gələr,
Ağaclar hər axşam bir az soyunub,
Axırda bir qarlı qış gecəsində,
Ağappaq yorğanın altına girər.
Biz baxarıq susa-susa pəncərələrdən,
Kimsə yada düşər andıqca hərdən,
Çəkilməz sevdanın havası sərdən.
Biz susarıq baxa-baxa pəncərələrdən.
Xatırlamalar
Dodaqların dodağımın yadından çıxıb.
Əllərimin əllərində, tellərində gəzişməyi,
Bahar başlayan vaxtlarda işıqlı pəncərələrin
Otaqlara doluşmağı,
Çiçəklərin açılmağı, soluşmağı.
Hər görəndə əyilərək
Telindəki ətirlərdən,
Saçlarının keçmiş rəngin soruşmağım,
Sənin uzaq öpüşlərin,
Kədərlərin,
İlıq-ilıq gülüşlərin
İndi məndən milyon illər uzaqda qalmış,
Sanki heç olmamış, sanki xəyalmış.
Qış, 2017
Qorxuram qar yağa, qar yağa,
Əsən ürəyimə yağa,
Titrəyən əlimə yağa.
Azmış yollarıma yağa.
Qar yağa, qorxuram, qar yağa,
Bir səhər başlayıb yağa,
Bir axşam başlayıb yağa.
Göylərdən üzülə-üzülə,
Küləklərdən keçə-keçə,
Şəhər-şəhər, küçə-küçə,
Qar yağa, qorxuram, qar yağa.
Adamlar danışalar,
Ekranlar göstərələr,
Pərdəsini örtdüyüm pəncərələr də,
Təzədən pərdəsini çəkib qırağa,
Qar göstərə mənə - ağappaq qarlar.
Altında gizlənsəm yorğanımın da,
Qara yuxuma da qarlar girələr,
Qorxuram qar yağa, qar yağa,
Halsız qollarıma yağa,
Azmış yollarıma yağa.
Qar yağa qorxuram, qar yağa.
***
Yağışla qurtardı bu çərşənbələr,
Yanmadı dərdimiz Novruz odunda,
Yığıb qəm-kədəri sönük tonqallar,
Sabaha saxladı yenə yadında.
***
Saqi, əllərində badə görmədim,
Hansı əsrlərdə yerlərə saldın?
Fələk döndərdikcə çarxını qan-qan,
Səndəmi, ey sadə, heyrətdə qaldın?
***
Nə o sevdayla gülənlər bizə bir çarə idi,
Nə də ki, dərdimiz əvvəl belə biçarə idi.
Görən ah çəkdi bizim cismimizə, canımıza,
Çün o gördükləri başdan-ayağa yarə idi.
Və biz Eyyub da deyildik, bizə Haqq yardım edə,
Çün bizim yollarımız cənnətə yox, narə idi.
Eşqi göylər yetirir, qaçma bu tənhalıqdan,
O sevənlər kim idi? Bir qəmə avarə idi.
Yenə yetdi qələmindən bizə bir misra payı,
Yoxsa boş qəlbimizin hər yanı min parə idi.
Nə təvəkkül edər oldun sənə dərman verənə,
Nə o nankor ürəyin gerçəyə nəzzarə idi.