Yusif Yusifzadə
Bütün sevgi tarixçələri bir-birinə oxşayır. Həvəslə başlayır, inadla davam edir və kədərlə bitir. Ürəyinin və hisslərinin qədrini bilən adamlar əbəs yerə məhəbbət dalanlarında itmirlər. Onlar həyatı tanımaq üçün, yaşadım demək üçün könüllərini insanlara açırlar, qəlblərinə qonaq etdikləri adamlarla səxavətli davranırlar. Beləcə, onlar sevirlər. Hər şey başlayır. Həvəslə inadla və kədərlə.
***
Dəli Tahirə əzəldən qəsəbəmizdə yaşayırdı. Başına o qədər şey gəlmişdi, saçı başı ağarmışdı. Üz gözündəki qırışlar ilan qurbağa yazılara oxşayırdı. Yanaqları düppədüz idi, çənəsini isə elə bil əzib yox çıxarmışdılar, gözləri dərin çuxurlara düşmüşdü, boynu incəlib uzulmuşdu, bircə dodaqları bizim dodaqlarımıza oxşayırdı. Yəni, insan dodağına oxşayırdı, dəli dodağına yox. Dəli Tahirə qəsəbəmizin əsas yolunda qərənfillər satılan evin qarşısında geniş həyəti olan köhnə taxta evdə qalırdı. Evinin pəncərələri divarlarından çox idi. Pəncərələrin yarısında pərdə, Dəli Tahirənin də kimsədən gizlini yox idi. Həvəsin olsa və utanmasan dəli Tahirənin evində nələr elədiyini pərdəsiz pəncərələrdən baxıb görə bilərdin. Onun həyətində “zvanok” cinsi bir it hərrənirdi. İtin əlindən alaqapıya yaxın düşmək olmurdu. Elə ki, alaqapıdan keçdin, o saat it səsini atırdı başına, dəli Tahirə çıxana kimi hürürdü. Düzdü, səni dişləməzdi, qorxuda bilməzdi, amma yenə də itin belə şüvən salmağı adam bezdirirdi. Tahirə isə gecdən gecə pəncərələrin birindən boylanıb,
-“ay it!” – çəmkirərdi.
Dəli Tahirənin evinin çölündə “butkasi” vardı. “Butkanın” üstünə kirilcə çörək yazılmışdı. Qəsəbimizin adamları dünyanın düz vaxtında çörəyi ordan alırdı. Sovet irsi tamamilə dağılandan sonra, üstünə kirilcə çörək yazılmış butka da bağlandı. Onu heç dəmiralan da gəlib aparmadı. Tahirə özündə xoşbəxt günlərin xatirələrini saxlayan “butkanı” su qiymətinə satmaq istəmədi. “Butka” qaldı çöldə, günəşin altından qızdı, üstünə yağan qarla sərinlədi. Kirilcə yazılmış çörək sözü də silinib getmədi.
Dəli tahirə hərdən “butkasına” baxıb,
-“heyif o günlərdən”- köks ötürürdü.
Birinci sinifə gedəndə hər gün dəli Tahirənin evinin qabağından keçirdim. Anam yolumuzu qəsdən ordan salırdı. Yazda dəli Tahirəni dilə tutmaq, danışdırmaqdan yana qapısını döyüb qızılgül istəyirdi. Bizim həyətdə də qızılgüllər bitirdi bəlkə də dəli Tahirənin güllərindən daha ətirli, daha qırmızı idi bizimkilər. Anam həftədə bir dəfə dəli Tahirəni danışdırmaq üçün qapısını döyürdü. O, da sevincək qapıya çıxır, itinə rusca söyüş söyür, həyətinin ən gözəl güllünü dərib anama verib, şəstlə,
-“mənim güllərimə çatan olmaz”- deyirdi. Anam gülləri qəddar ibtidai sinif müəllimimə aparırdı.
Dəli Tahirə həyasız adam idi, tez-tez qonşularla qovğaya çıxırdı. Dalaşanda gözü səyirir, dili topuq vurur, ağzına gələni deyirdi. Heç kim onun qarğışlarına tuş gəlmək istəmirdi. Əsəbləşəndə gözü heç kimi görmürdü. Bütün əziz insanlarını torpağa tapşıran qocanı sakitləşdirən tapılmırdı. Bütün günü söyür, yorulub əldən düşəndə də evinə girib yatırdı. Gərək bu söyüşkən arvadın qılığına girəydin, ondan nəsə istəyəydin, görərdi ki, qoca yaşında da kiməsə lazımdı. Hamı kimidi, dəli deyil, adi adamdı. Qərənfil satan kişi onun çəmini tapmışdı. Dəli Tahirənın gözü səyirib dili topuq vuranda tez bir dəstə qərənfili qocanın qupquru əlinə tutuşdurub,
- “Bunların saplarını təmizlə, sıfariş gəlib yuxarıdan, kimsə ölüsünü ziyarətə gedəcək amandı, səliqəli ol. Adımız sanımız var, axı”, deyirdi.
Tahirə o dəqiqə işə girişib,
-“Tərtəmiz eləyəcəm, görərsən”- həyacanla cavab verirdi. Ona yaraşmayan nurani ağbircək obrazına bürünürdü.
Qəsəbəmizdə hava bir az sərinləyən kimi ağbaş qoca kimanoya keçərdi. Elə bil canı daşdan idi. Üşümürdü. Ayağına corab geyinmirdi, ömürbillah yaylıq bağlamazdı. Çəkələkdən başqa ayaqlarını bir şeyə salmazdı. Boynu boğazı gün kimi ortada idi, tərtəmiz kürəyi, ağappaq qolları adamın gözünü alırdı. Bu arvadın sinəsi və cinsiyyət orqanı olmasa yəqin ki lüt gəzərdi. Martın əvvəlində soyunmağa başlayan qocaya “indidən yayı gətirmisən” dəyən tapılardı.
-“Mənim canım bərkdi”- onlara göz süzdürərdi Tahirə.
Sovet İttifaqı dağılandan sonra, dəli Tahirə havada qalmışdı. Bilmirdi necə dolansın. Çörək “butkası” təzə bazar rəqabətinə tab gətirmədi. O qədər çox dükan, market açıldı ki, Tahirənin bir adamlıq "butkasında" satılan çörəyə müştəri qalmadı.
Bir gün isə Tahirənin qapısı döyüldü. Qapının yenə mənim anam döydü, dəli Tahirənin “zvanoku” çalındı. O, həyətə düşdü. Anam ondan nar istədi. Qoca çaşdı. Gedib iki dənə nar qopartdı. Anam bir kilo istədiyini dedi, qiymətini soruşdu.
-“Bir məmməd”- Tahirə qəfildən cavab verdi.
Anam Rəsulzadənin eybəcər siması həkk olunmuş əskinası onun cızılmış ovucuna basdı.
Dəli Tahirə oldu nar satan arvad. Anam onu yaxşı reklam elədi. Tahirə tək canı üçün narlardan bəs deyincə pul qazandı. Çörək butkası, onun nisgili yaddan çıxdı. Tahirə heyvərəliyin daşını atdı. Bir azca da mehribanlaşdı. Yaşamağa davam elədi.
***
Dəli Tahirənin evinin qabağında izdiham var idi. Həyətində balaca yas çadırı qurulmuşdu. Ağlayan yox idi, uşaqlar ora bura qaçışır, cavan oğlanlar samovar qalayıb, çay daşıyırıdı, gənc qızlar gülab səpirdi, ötkəm arvadlar quru-quru ağı deyirdi, ağsaqqallar boz baş gözləyirdi. Dəli Tahirə ölmüşdü. Bəs bu ehsanı kim verirdi?
İlk dəfə dəli Tahirənin həyətinə tək girirəm. “Zvanok” adamlardan qaçıb gizlənib. Tahirənin evinin ətrafında dolanıram. Maraqlıdır, qoca qarı geniş həyətə vaxt ayırıb baxırdımı,bilmək istəyirəm. Ətraf tər-təmizdi. Evinin arxasında balaca bir baxçası varmış, nar ağaclarını, qızılgül kollarını görürəm. Həyətdə kimsə yer şumlayır. Yerşümlayanın yanına gedirəm. Çatıb deyirəm ki,
-“Tahirə yaxşı arvad idi. Allah ona rəhmət eləsin. Mənim anam onun köhnə dostudur. İndi xəbərimiz olub, bir azdan baş sağlığına gələr özü də. Sizi burda gördüm deyə soruşuram, olar mi bir qızılgül dərim?”
Yerşumlayan beli yerə atdı. Ağzından nəfəs alıb, burnundan verdi. Dodaqları yarpaq kimi əsdi. İki əli qanad kimi kürəyində qoşalaşdı. Heç nə demədi ancaq mən onu eşitdim.
“Tahirəni 1962ci ildə şəhərdə tələbə olanda tanımışam. İlahi, necə gözəl idi! Əlləri körpə əli kimi, qolları tərtəmiz, ipincə, ayaqları sütün təkin dümdüz, sinəsi alma kimi yupyumru, gözləri ceyran gözü, saçları gur şəlalə, dodaqları püstə. Onu “şamaxinkada” gördüm. Ağlıma nə verdisə kölgə kimi arxasınca düşdüm, əlacım olsa sancaq olub yaxasına sancılardım. Xəfiyyə kimi güddüm onu. Gəlib evini tapdım, bildim ki qoca nənəsi ilə yaşayır. Tələsmədim. Dedim cavanam, bir özümü düzəldim, cibim pul görsün. Elçi də göndərərəm. Bir sözümə bənd deyilmi, anam atam. Həmin gün qayıtdım şəhərə. Səhər açıldı. Birdən ağlım başıma gəldi, axı mən o qızı harda görə bilərdim bir də, heç adını da öyrənmədim, gərək hər dəfə evinə gedim? Belə yaxşı düşməz, kənd yeridi. Bir çıxar mitilimə vurar. Başladım düşünməyə. Dərsə də getmədim. Axşam tərəfi bir çarə qıldım. Gəldim bura. Qapını döydüm. Açan olmadı. Tərslik eləmədim. Cavan uşaqdım, məni nə qorxuda bilərdi? Hasarı aşıb o üzə düşdüm. Daha bəlli idi ki, evdə kimsə yoxdu. Özümü verdim ağaclığa kürəyimi qucaqlayıb yatdım. Axşam düşdü, qaranlıq məni yatızdırdı. Sabah oldu, günəş məni ayıltdı. Quşların nəğməsi, güllərin ətri, uşaqların qışqırığı, yəni yazın sevinci məni oyanmağa, qalxmağa tələsdirdi. Bir az həyətdə gəzişdim. Ürəyim az qalsın yerindən çıxacaqdı. Vəziyyəti indi dərk edə bilirdim. Tanımadığım adamın həyətində idim. Gəlib məni görsələr nə deyərdim. Tahirənin nənəsi qancıq bir arvad olsa, tumanını başına keçirib, “uçasqovu” çağırsa nə deyə bilərdim ki? Hansı əsasla müdafiə edə bilərdim özümü?
Başım qazana döndü. Hasara yaxınlaşıb o üzə aşdım. Çıxıb getdim. O gün elə bil kişiləşdim. Tahirəgilin həyətindəki gecəyarısı məni dəyişdirdi.
Tahirəni yenə gördüm, həmin yerdə. Yaxınlaşdım. Ürəyimi ona açdım. Görünür, məhəbbət dastanları, eşq macəraları ona yaman təsir etmişdi. Onu sevdiyimə, ilk görüşdə eşq düşdüyümə inandı. Sevdik bir birimizi. Bir sevgi tarixçəsi başladı, gəl görəsən, ikinci dəfə doğulmuş kimi yaşadıq. Məhəbbətin sərhədi hardadısa ora getdik. Sevginin hər dalanına burulduq, eşqi bir birimizə öyrətdik, bir birimizdə sevməyi öyrəndik. Lakin, bitdi. Niyə bitdi? Danışmaq mənim üçün çətindi. Danışdıqca sinəm deşilir. Sonda, biz ayrıldıq. Onu son görüşdə dodaqlarından öpdüm.
Ölüm xəbərini eşidən də heç nə hiss eləmədim. Durub gəldim bura. İllər əvvəl üstündən aşıb keçdiyim hasarın taybatay açıq darvazasını görəndə təptəzə bir hiss yaşadım. Bədənim top kimi boşaldı. Əlim,qolum balacalaşdı, kişiləşdiyim bu həyətdə qəfildən körpə uşaq oldum. Uşaq yaddaşı isə ildirm kimidi qəfil çaxır və hər şeyi işıqlandırır və yada salır.
Özümü Tahirənin tələbə yoldaşı kimi təqdim elədim. Cənazəyə baxdım. Tahirə zamanın bütün əzablarını dərisinə hopdurmuşdu. Gözləri özündən əvvəl məzara girmişdi, yanaqları, çənəsi yerə batmışdı. Saçları uçub getmişdi. Onun sısqa qollarını əlimə alanda gözlərim doldu. Amma onda ağlamadım. Tahirənin dodaqlarını görəndə ağladım. Bu əsl məhəbbətin izi imiş. Bədənində məhəbbəti hiss etdiyi yeganə yer ora imiş, çünki, onun dodaqlarını həqiqi məhəbbətlə öpmüşdüm.”
Mən o adamdan bunları eşitdim. Yerşumlayan adam sualıma cavab vermədi. Beli yerdən götürüb, uzaqlaşdı, adamların arasına qarışdı. Mən də evə qayıtdım.