"Yüz ilin kişisi", Ədəbiyyat-adam
Bahəddin Həzi
Yazıçı Seyran Səxavətdən yaşca kiçik bir şəhərdə, bir parkın içində xudmani "Poeziya evi" var. Evin "sahibi" də kim olsa, yaxşıdır?! İbrahim İlyaslı. "...Necəsən, zalım, necəsən?!" Tanıdınız.
Soyuq xəncər kimi kəsir. Özümü bu evin qapısından içəridə görmək üçün tələsirəm. Və üşüyə-üşüyə də bir yazıçı dostumun çoxdankı yumorlu cümləsini xatırlayıram: "Dədə, sən Allah, bir ora bax, gör, nə yazılıb! "Ayaqqabı evi". Mənim başımı daldalamağa bir damım yoxdur, kirayədə sürünürəm, amma ayaqqabının evi var".
Mən isə o gün həmin o "Poeziya evi"nə gəlmişdim. Evin qonağına qonaq idim. Ayaqqabının evi olmasa da olar, poeziyanın evi olmalı!
Deyirik ha: "Sözümün evi var". Bax, o misal. "Sözümün canı var" mənasında. Poeziyanın hər ürəkdə evi onsuz da var. Bir də o ürəkləri bir dam altına toplayan evi olmasınmı?!
Bilmirəm, doğru-dürüst bir cümlə qura bildimmi?!
"Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" deyir Seyran Səxavət.
Heç dəyişməyib ki! Elə həmin Seyran Səxavətdir. Oxuduqca tanıdığımız, tanıdıqca sevdiyimiz...
Şüar adamı deyil, bilirəm. Ancaq yenə deyəcəm: keçmişdə bir şüar vardı: "Bütün dünyanın proletarları, birləşin!".
Bunu bir az dəyişmək istəsəydim, deyərdim: "Bütün dünyanın intellektualları, dərdləşin!"
"Dərdləşmək - görüşüb, ya toplaşıb öz şəxsi dərdlərini bölüşmək deyil təkcə. Dərdləşmək - birləşib dünyanın dərdini birlikdə çəkməkdir. Onda bayaqkı şüarı belə də deyə bilərik: bütün dünya intellektualları, birləşin!
Bəzən ziyalılarla intellektualları bir-birindən ayırıb qarşı-qarşıya qoyurlar. Əslində isə mənə görə ziyalılıq insanın intellektual qeyrət damarıdır.
"İntellektual qeyrət". Belə ifadə, bilmirəm, yerinə düşürmü?! Ümumiyyətlə, varmı?! Başqa nə cür ifadə edim, onu da bilmirəm.
Bildiyim, ya da anladığım budur ki, Seyran Səxavətin zəngin intellektuallığı olmasaydı, ona "ziyalı" da deməzdik axı.
Böyüklərimizdən biri ziyalıya yaxşı tərif verib: "Ziyalı öz işində, sənətində avtoritet olan, yenilik gətirmiş, öz məktəbini yaratmış və öz vətəndaş mövqeyi olan şəxsiyyətdir".
Yox, bu, təkcə tərif deyil.
Və... tərif heç deyil. Elə gerçəyin özüdür ki var. Necə deyim: konstatasiya!
"Avtoritet" kəlməsini, nə yazıq ki, daha çox öz qavrayışımızın çirkli aynasından kriminal çalarda görürük. Ancaq avtoritet olmaq hər şeydən əvvəl özün olmaqdır.
Seyran Səxavət Yağlıvənddə orta məktəbi oxuyub, Bakıda ali məktəbi. Şərqşünaslığı bitirib. Deyirlər: "Şahla plov yemirəm ki, bığım bulaşar".
Şərqşünas şair bığ saxlamadığından İranda rahatca şahla plov da yeyib. Bir sözlə, kənd, şəhər və...Həyat məktəblərini keçib. Və öz məktəbini yaradıb.
Axır, vətəndaşlığı, vətəndaş mövqeyi var. O qədər adam tanıyırıq, kağız üzərində vətəndaşdır, ancaq mövqeyi yoxdur; ağzını açıb bir kəlmə haqq söz desə, elə bil canı çıxar. Başqa bir yazımda da yazmışdım: hamının şəxsiyyət vəsiqəsi var, ancaq elələri də olur, vəsiqəsi var, şəxsiyyəti...yoxdur.
Seyran Səxavətə isə heç bir vəsiqə verməsən də şəxsiyyətdir. Yazıçılar Birliyinin üzvüdür, amma olmasaydı da, elə yenə özü təkbaşına indiki boyda yazıçı olardı. "Xalq yazıçısı" fəxri adını ala bilməsə də, onsuz da çoxdandır, adı xalqın fəxri olan yazıçıdır. Bir qələm adamınınki öz adı, imzası həm də onun öz tituludur, qıraqdan nə ad, ya titul verdilər, ya vermədilər, önəmli deyil. Məgər Borxes Argentinanın, ya Saramaqo Portuqaliyanın xalq yazıçısıdır?! Yoxsa Fellini İtaliyanın əməkdar incəsənət xadimidir?!
Bu yaxınlarda Seyran Səxavətin və mənim bir məşhur eloğlumuz köçüb getdi aramızdan. Soyadını az qala unutmuşduq. Dədə Süleyman kimi daha çox tanınırdı. "Xalq artisti" deyildi. Çünki o adı almaq üçün bəlli mənada ARTİSTLİK etmədi. Süleyman kimi gəldi, Dədə kimi getdi.
İnsan öz adını özü yaratsa yaxşıdır. Nəticədə axı ömrü boyu o adı özü daşıyır. Bilir ki, ata-anası qoyduğu adı bir də cilalayıb, parladıb, nurlandırıb, qoyub getməlidir.
Seyran Səxavət də belə edib. Belə yaşayır. Və öz torpağı, xalqı üçün canını unuducaq qədər həqiqətpərəstdir. Fransız siyasətinin prinsipsiz kardinalı Taleyranın "postulatı"nın əksinə olaraq fikirlərini dilinin arxasında gizlətmir. Bəzəkli sözlərin ardında daldalanmır. Kiminsə kölgəsində kölgələnmir; işığı da özünündür, kölgəsi də.
Gizlətməyə bir sirri də yoxdur. Nəyi necə varsa, necə görürsə, elə də deyir.
Bəziləri olur axı: bayaq dediyim kimi, özünü dilinin arxasında gizlətmək üçün dilini əyir-bükür, əzir-büzür. Bir də baxırsan ki, dili dolaşıq düşüb.
Seyran Səxavətin isə dolaşıq işlə işi yoxdur. Sumqayıtda oxucularına dedi: "Bu, Seyran Səxavətlə görüş deyil e, Seyran Səxavətin sizinlə görüşüdür. Nə sualınız var, verin".
Sual versinlər də, nə soruşsunlar?! Adamın gizlətməyə çalışdığı bir sirri ola, dolaşıq bir əməli ola, soruşasan: "Filan sözü niyə belə dediniz? Filan hərəkəti niyə belə elədiniz?"
Nə soruşmaq istəyirsən, hamısını yazıb. Romanlarında, povestlərində, hekayələrində...
Hekayələr də hekayədir ha!
Yox, öyrəşmişik, Mopassan belə hekayə ustasıdır, O'Henri-filan... Vallah-billah, məsələn, Fəxri Uğurludur hekayə ustası. Ondan da qabaqda Seyran Səxavət var. Fəxrinin xətrinə dəyməz yəqin.
Məmməd İsmayıl demişkən:
Bir adam yol gedir bizdən qabaqda,
Hələ bir adam da bizdən sonra var.
Seyran Səxavət bizdən qabaqda gedən kişilərdəndir; işlədikcə parlayan, parladıqca işləyən bir kotana oxşayır. Yox, hamını o əkməyib. Hər kəsi atası əkib, anası doğub. "Becərən" isə... Seyran Səxavət kimi Ədəbiyyat-Adamlardır.
...Bir meyvəni dərərsən, qaldıqca vaxtı keçər, çürüyər, dadını-tamını itirər. Bu kişi isə yaşadıqca sözünün ətri, dadı-tamı çoxalır. Seyran Səxavət, bəli, köhnə kişilərdəndir; amma 76 yaşı var deyə yox! O, elə 26, 36, 46... yaşlarında da köhnə kişi olub, ancaq yaşlandıqca köhnələn kişilərdən olmayıb. Dediyi kimi, indi də özünü ruhən qırx yaşlarda hiss edir. Qoç bürcündən olan yazıçı dünyanın hər cür Sözü ilə əlləşib, Dünyanın hər üzü ilə qoç kimi döyüşüb. Üzü üzlər görsə də, öz sifətini, Sözünün cövhərini həmişə qoruyub saxlayıb. Bir də onu yaşadan içindən gələn və qaynağı heç qurumayan yumorudur.
Sitat:
"Sosial Müdafiə Fondunun sədri mənə deyir, iki min adam müraciət edib, əlillik dərəcəsi istəyir. Ona dedim ki, əslində əlillərin sayı qat-qat çoxdur; yumor hissi olmayan hər kəsə əlillik düşür".
Budur Seyran Səxavətin özünün və sözünün fərqi: yumor hissi olmayan hər kəs şikəstdir.
Bu, dünyanın ən sağlam həqiqətidir. Yumoru olmayanın başqa nə duyusu ola bilər?!
Anası rus olan qəşəng məktəbli qıza elə şagird yaşlarında şeir qoşan şair bunu, bilirsiniz, necə təsvir elədi! Bu uzaq, bir az da ağrılı xatirəni necə yumorla danışdısa.. Heyran qaldım. Dedi: ""Mən", "səni", "sevirəm" sözlərinin rusca tərcüməsini öyrəndim. Sonra da qızın qarşısını kəsib elə birbaşa dedim: "Я тебя люблю". O da cavabında dedi: "Net!" Və getdi. Təsəvvür edin də, Yağlıvənddə ot tayasının yanında qıza rusca deyirəm: "Mən səni sevirəm".
Belə koloritli hekayədən necə ləzzət almayasan?!
Və o saf yeniyetmə sevgisi, ya da vurğunluğu, heyranlığı (adına nə deyirsinizsə, bilmirəm artıq), görəsən, o zaman Füzulinin Yağlıvənd kəndində heyvandarlığın inkişafına necə təsir eləmişdi?! O tayadan ot yeyən iri və ya xırda, fərqi yoxdu, hər cür buynuzlu heyvanların ətinə, südünə necə hopmuşdu?! Heyvanlar da ekstra eşqə düşüb hər ildəkindən daha artıq bala vermişdimi?!
Və...bir də balaca qızcığaz yeniyetmə Seyranın eşqinə "net", yəni "yox" deməsəydi, onu sevgidə yanıldıb yandırmasaydılar, Seyran Səxavətin o dillər əzbəri "İlk məhəbbət-son məhəbbət" şeiri də yaranmazdı yəqin.
...İndi gənc, qəşəng qızlar onun yanına gəlir. Hazırkı bioloji 76 yaşında Yazıçılar Birliyində məsləhətçi işləyən Seyran Səxavət ədəbiyyatın "həddi-buluğa çatmayan", yeniyetmə işvəkarlarına "yox" deyir.
Yox, o mənada yox!
Sitat:
"Anar məni məsləhətçi təyin eləyib. İşim-gücüm ona-buna məsləhət verməkdir. Bir də görürsən, cavan, gözəl qızlar gəlir. Baxırsan, yazdığı bir şey deyil. Onlara deyirəm: "Sizin xətrinizi çox istəyirəm, amma Ədəbiyyatı sizdən də çox istəyirəm".
Bəli, budur!
Seyran Səxavət bu saat Ədəbiyyatın "gömrük postunda" oturub, zərərli, zəhərli malları (sözün hər mənasında) Söz səltənətinin sərhədlərindən içəri buraxmır.
Düzdür, başqa postlarda başqaları başqa yollarla bəlkə keçər. Bəlkəsiz də. Qaçalmalçılıq təkcə "gödəniyyət"də deyil, mədəniyyətdə də var. Nə yazıq ki! Bəzən də olur: dəyərli qələmləri qırmağa çalışırlar, zərərli tullantılar "ədəbi gömrük"dən içəri sızır.
Bir zamanlar Seyran Səxavətin də qələmini qırmağa həvəslənmişdilər.
Sözün yox, Sözçülüyün xadimləri, talant qısırları, fikir xədimləri Seyran Səxavətin Sözünü - yolunu kəsməyə çox çalışmışdılar. Bəlkə də o üzdəndir ki, danışanda sözünün kəsilməsinə dözümü yoxdur: "Sözümü kəsəndə elə bil başımı kəsirlər".
Bu bioloji yaşında da eynilə cavanlığındakı kimi coşqulu, dəli-doludur. Həminki estetik zövqü, həminki yaradıcı şövqü necə var, eləcə yerindədir.
Seyran Səxavət bir dağ çayıdır; mənbəyindən qopub və bu dünyanın Sözünü qabağına qatıb öz mənsəbinə - Əbədiyyət adlı okeana doğru aparır. Qayalara çırpa-çırpa, daşlardan süzə-süzə aparır. Ona görə Seyran Səxavətin aydan arı-sudan duru ədəbiyyatında yaralı-dərdli, amma ipək kimi də yumşaq, zərif sözləri çoxdur. Onun şəxsi və yaradıcı "mən"i həmişə "Qaçhaqaç"dadır. Dünya bu kişinin əyninə dar gəlir; bu "Dar köynək"də onu fiziki olaraq diri, ədəbi olaraq iri saxlayan ürəyinin genişliyidir. Zamanında düşmən sarıdan "korluq çəkməyən" yazıçı deyir: "Dostlardan çox yarımışam". Özü də dostluğu da, böyüklüyü də, yeri gələndə böyüklərinin qarşısında sözün şirin mənasında kiçikliyi də yaxşı bacarır.
Seyran Səxavət mərhum, dəyərli şair, tərcüməçi Qasım Qasımzadəyə zəng edir və Türkiyədə xəstəxanada müalicə alan o böyük kişidən hal-əhval tutur.
Qasım müəllim söhbətdən xoşhal olur, deyir:
- Seyran, sənin bu zəngin ömrümü elə bil on gün uzatdı.
- Qasım müəllim, onda mən hər on gündən bir zəng edim, ömrün uzana-uzana getsin.
- Yox, Seyran, yox. O, bir dəfə olur.
Heyf ki, Qasım Qasımzadəni itirmişik. Amma bu yazım, görəsən, Seyran Səxavətin ömrünü neçə gün uzadacaq?! Əgər uzadacaqsa...
Ancaq bu yazı, deyəsən, çox uzandı...
P.S. Sumqayıt Regional Mədəniyyət İdarəsi sağ olsun! "Onlar bir incidir" layihəsini sevdik. Seyran Səxavət layihənin birincisiydi; oxucularla ilk görüş onunkuydu.
Hə, bir də...
Azca da həsəd aparmalı görüş oldu, vallah! Nə gizlədim!
"Nekroloq" günümə qədər "Daş evlər"imdə 76 yaşıma qədər "Seçilməmiş əsərlər" yazsam, bəlkə bir gün məni də "Yüz ilin kişisi" kimi bu "Poeziya evi"nin həzin aurasında ağırlayarlar. Və oxucularıma deyərdim: "Nə istəyirsiniz, soruşun..."
"525-ci qəzet"
22.12.2022