Mirzə kişi əvvəllər möhkəm yatardı. Özü demiş, top atsaydılar oyanmazdı. Daş kimi yatardı. İndi oğlu gecə bayıra çıxanda həmin an oyanır. Fərqli ayaq səslərindən bilir ki, hərəkət edən kimdir. Yuxusu ərşə çəkilir, səhərəcən yata bilmir.
Mirzənin oğlu İkinci Qarabağ Müharibəsinin qəhrəman döyüşçülərindəndir. Vətənin işğal olunmuş ərazilərini güclü dövlətlərin vassalı olan nankor qonşularımızdan azad edərkən ağır yaralanıb. Sağ ayağı dizdən aşağı amputasiya edilib, protezlə əvəzlənib.
Mirzə məhz bu fərqli ayaq səslərinin sayəsində 30 illik həsrətdən sonra doğma kəndini ziyarət edə bilmişdi.
Fərqli ayaq səslərində cəngi sədaları, marş ahəngi və “Koroğlu uvertürası”na bənzər harmonik savaş melodiyası var.
O ayaqlar oyanmağımız üçün yox, doğma torpaqlarımızda qorxmadan rahat yatmağımız üçün fərqli səslənir.
İki əsrlik bir müddətlə ilk dəfə itirilmiş torpaqlarımızı geri alan ayaq səsləri qulaqlarımızda əbədi həkk olunacaq zəfər simfoniyasıdır. Çaykovski simfoniyalarından da orjinal. Bu simfoniya orkestr üçün yazılmış bir-birindən sürət və ahənginə görə fərqlənən musiqi əsəri kimi bəstəkarın yaradıcı təxəyyülünün məhsulu deyil. Zəfər simfoniyası insan təxəyyülündən yox, insan cəsarətindən yaranıb və qazi ayaqlarının bəstələrdi əsərdir.
Bu təbii musiqinin sədaları altında Birləşmiş Millətlər Təşkilatının otuz il icra olunmayan qətnamələri icra olundu, ATƏT-in ikili standartlarla yanaşılan yarı-yarımçıq vasitəçilik missiyası tamamlandı.
Müqəddəs şəhid qanıyla Vətən torpağına çəkilən üçrəngli bayrağımız bir qərinəyə yaxın həsrətdən sonra yenə doğma səmasında dalğalandı.
Bütöv bir bədəndən bir əzanı qırıb qoparmağa çalışdılar. Qırdılar, ancaq qopara bilmədilər. Sınıq-sınıq olmuş qolumuz sarındı. Tez bir zamanda bərpa ediləcək. Öncəkindən də sağlam və işlək olacaq.
Yağı istilasından azad olunmuş şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz tez bir zamanda öz doğma Azərbaycanına "adaptasiya" edəcək. Dağıdılmışların yerində bütün infrastruktura malik yeni ağıllı şəhərlər və kəndlər salınacaq.
Mirzə kişini hər gecə oyadan səbəbin dəyərini cüzi də olsa anlatmağa çalışdım. O, necə xoşbəxt insandır ki, hər gün belə bir simfoniyanı dinləyir. Milyonların canlı dinləmək istədiyi bir simfoniyanı!